Kim deyir ki, dünyada sevgi qalmayıb?! - GƏNCƏLİ QOCANIN HEKAYƏSİ

Kim deyir ki, dünyada sevgi qalmayıb?! - <span style="color:red;">GƏNCƏLİ QOCANIN HEKAYƏSİ
9 avqust 2016
# 11:47

O, günaşırı saat 3-də yuxudan qalxır və axşamdan hazırlanmış azuqəsini də götürərək yola çıxır. Gecənin qaranlıq, yolların buz, havanın yağışlı olmasından asılı olmayaraq, 17 ildir bir gün də olsun təxirə salmadığı bu yolun hər qarışı belə ona tanışdır. Yenə hər zamankı kimi görüşə tələsir. Axı artıq aradan bir gün keçib. Görüşünə tələsdiyi adam da çox darıxmış olmalıdır. Son vaxtlar yorğun ayaqlarına dayaq olan yeni yol yoldaşını — əsasını yerə bərk-bərk dirəyərək 5 kilometrlik yolun son məntəqəsinə, bu əsrdə yaşadığı günlərdən daha çoxunu keçirdiyi qəbiristanlıq qapısından içəriyə girir. Şəhərin ən böyük qəbiristanlığındakı qəbir daşlarının arası ilə keçərək kənardan bağı xatırladan əraziyə daxil olur və bir qadının baş daşının qarşısında dayanır.

Bura Tağı Tağıyevin son dayanacağıdır, həm günaşırı getdiyi mənzilin, həm də ömrün tamamında gedəcəyi.

Tağı kişi 1937-ci Gəncədə anadan olub və hazırda bu şəhərdə yaşayır. Özünün dediyi kimi, əgər son 17 ilə yaşamaq demək olarsa.

Belə ki, o, 1966-ci ildə Atlas Müseyib qızı ilə ailə qurub. Dörd övladı dünyaya gəlib. 1999-cu ildə 33 illik həyat yoldaşı heç bir xəstəliyi, şikayəti olmadan dünyadan köçüb. Bununla da Tağının həyatını tamamilə dəyişdirib.

Ölüm xəbərini eşidən andan onda stressdən güclü əl və baş əsməsi meydana gəlib. Əli heç bir iş tutmayıb. Könüllü olaraq 41 il çalışdığı qazlaşdırma işindən ayrılıb. Müdiriyyət nə qədər işə dəvət etsə də, o, daha heç vaxt işləyə bilməyəcəyini bildirib. Bundan sonrakı həyatını isə tam olaraq həyatdan nakam köçən həyat yoldaşının qəbiristanlıqdakı son mənzilinə qulluğa həsr edib.

Tağı kişi ömür-gün yoldaşının 40 mərasimi qurtardıqdan sonra düz 1 il 28 gün soyuğa, şaxtaya, yağışa, istiyə baxmayaraq, hər gün onun dəfn edildiyi məzarlığa gedib. Hər gün ona qulluq edib. Məzar daşını silib, ətrafını alaq otlarından təmizləyib, qəbiristanlığa gələn su xəttindən yaxınlığa su çəkib. Meyvə ağacları əkərək bağ salıb. Yalnız özündən böyük qardaşının təkidi ilə bu ziyarətləri günaşırı etməyə başlayıb.

Beləliklə, bu müddət ərzində "yaşayan sevgi əfsanəsi" rahatlığını yalnız öz nakam həyat yoldaşının son mənzilinə xidmətdə tapıb. Yolun uzunluğundan asılı olmayaraq, evdən çıxıb qəbiristanlığa gələrkən heç yorulmadığını, sanki 10 metrlik bir yol qət etdiyini deyir. Buna baxmayaraq, qəbiristanlıqdan evə getmək ona çətin olur.

"Allahın köməkliyi ilə, nə qədər canımda can var, ayağım yer tutur, hətta son nəfəsimə kimi gələcəm bura. Onsuz da mənim də son mənzilim buradır. O, mənim bir dəfə olsun sözümü yerə salmadı, qəlbimə toxunacaq söz demədi, gəlib-gedənimə qaş-qabaq eləmədi. Bəlkə də bu dediklərimi bircə dəfə etsəydi, indi cüzi də olsun özümə gəlməyim üçün əsas axtarardım. Amma tapa bilmirəm. O, ölmədi, məni öldürdü bala" — deyə Tağı kişi bildirir.

İndi Tağı kişi qəbiristanlıqda 10-dan çox meyvə növü yetişdirir. Saldığı bağda əncir, üzüm, nar, tut, şaftalı, hətta qoz ağacına kimi basdırıb.

"Bu tut ağacı həyətdə idi. Budaqları az qala aynadan içəri girirdi. Hər səhər bir nəlbəki dərib gətirirdi ki, yeməkdən qabaq yeyim. O ağacı çıxarıb gətirib indi burda basdırmışam." — deyə Tağı kişi bildirir.

Tağı kişi ağacları qəbirlərə mane olmasın deyə qəbiristanlığın dərəylə birləşdiyi ərazidə əkib. Gündəlik sulayaraq əmələ gətirib. Bütün bunlara baxmayaraq, bu meyvələrdən hələ indiyəcən bir dənəsini də evinə aparmadığını deyir.

Onlardan qəbir üstə gələnlər, qəbiristanlıq işçiləri istifadə edir. Hətta dərib aparıb evdə kompot hazırlayan, mürəbbə bişirənlər də var.

"Mən bu meyvələri yoldaşıma rəhmət oxusunlar deyə basdırmışam. Kim istəyir, doyunca istifadə etsin, bircə ağaclara ziyan vurmasınlar" — deyə o, bildirir.

Tağı kişi tək həyat yoldaşına deyil, digər dünyadan köçənlərinə də bağlı adamdır. O, öz evinin ən görünən yerində atasının və rəhmətə gedən qardaşı qızının şəklini daşa döydürərək divara vurub.

"Həmişə istəmişəm ki, ürəyimdə olduğu kimi gözümün qabağında da olsunlar, övladlarım da görsün, onları yaddan çıxarmasınlar" — deyir.

Sputnik.az

# 1181 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #