Bakıda görmək istədiyim heykəllər - Bəhram Bağırzadə yazır...

Bakıda görmək istədiyim heykəllər - <span style="color:red;">Bəhram Bağırzadə yazır...
11 yanvar 2018
# 17:03

Kulis.az Bəhram Bağırzadənin vesti.az saytında yayımlanan “Bakıda görmək istədiyim heykəllər” yazısın Azərbaycan dilində təqdim edir.

Məqalələrimdən birində Bakıda və dünyanın digər şəhərlərində görməyi arzuladığım abidələr haqqında yazmışam. Bu, ideyalarımı bölüşdüyüm ikinci və ümid edirəm ki, sonuncu məqaləm olmayacaq. Əgər istedadlı Azərbaycan memarları onlardan heç olmasa müəyyən qədərini həyata keçirsələr, xalqımın tarixi yaddaşında kiçik bir yaradıcı iş görmüş olduğuma görə sevinərəm.

İlk növbədə müstəqil Azərbaycanın paytaxtında siyasi xadim, tarixçi, bir sıra tarixi əsərlərin müəllifi, naşir, Azərbaycan, İran, Türkiyə, Avropanın bir sıra qəzetlərində redaktor, jurnalist, yazıçı və tərcüməçi olmuş Məmməd Əmin Rəsulzadənin heykəlini görmək istərdim.

Məmməd Əmin Rəsulzadənin başlıca xidməti siyasi fəaliyyəti olub. O, azərbaycanlıların gələcəyi haqqında belə yazırdı: “Dilimiz türk dilidir, milliyyətimiz türkdür. Bizim birinci məqsədimiz türk ədəbiyyatının, türk incəsənətinin, türk tarixinin və türk mədəniyyətinin müstəqilliyini qoruyub saxlamaqdır. Parlaq türk mədəniyyəti bizim müqəddəs məqsədimiz, bizim parlaq bələdçi ulduzumuzdur”. “Müsavat” partiyası, “Açıq söz” qəzetinin nəşri, Azərbaycan xalqının azadlğı uğrunda uzun illər apardığı mübarizə və əlbəttə ki, həyatının ən böyük əməli, işi – Demokratik Azərbaycan Respublikasını yaratması Rəsulzadənin siyasi nailiyyətləri sırasındadır. Müstəqillik ideyaları əsasında yaradılan hökumət qısa zaman ərzində böyük işlər gördü: Azərbaycanda ordu yaradıldı, hökumət sosial sahədə islahatlar keçirməyə başladı, kəndlilərə torpaq vermək haqqında qanun işlənildi, fəhlələrin haqlarının qorunması ilə bağlı ölçülər götürüldü, təhsil sahəsində islahatlar aparıldı, orta və ali təhsil ocaqları yaradıldı, həmçinin respublikanın qanunları əsasında Azrəbaycanın dövlət dili türk dili elan olundu.

Artıq bir neçə dəfə Azərbaycan vətənpərvəri və messenantı Hacı Zeynəlabdin Tağıyevin heykəlinin qoyulması üçün təklif irəli sürmüşəm! Böyük məmnumiyyətlə bunu dəfələrlə etməyə hazıram. Azərbaycan xalqının tarixində onun şəxsiyyətinin rolu o qədər böyükdür ki, Bakıda o gözəl həmyerlimizin heykəlini qoymağı, biz özümüz üçün fəxr hesab etməliyik.

Vaqif Mustafazadə... O, qısa ömrü ərzində müxtəlif caz kompozisiyaları yaradan və yaradıclığında Şərqlə Qərbi birləşdirməyə müvəffəq olmaqla caz musiqisində əsl inqilab edən dahi musiqiçi idi. Onun musiqi irsi bizim milli musiqi mədəniyyətimizin dəyərli hissəsinə çevilmişdir. Və biz onun heykəlini ucaltmalıyıq. Bu bizim sadəcə borcumuzdur.

Səttar Bəhlulzadə – dahi Azərbaycan rəssamı və ümumiyyətlə dahi insan əbədi olaraq bizim xatirimizdə xeyirxahlığı, səxavətli ilə qalıb...

Bu gün bu Azərbaycan rəssamının yaradıcılığı fransız impressionistlərinin yaradıcılığı ilə müqayisə olunur. Tənqidçilər qeyd edirlər ki, Bəhlulzadənin əsərlərinin özünə xas, tez tanınan üslubu var. Bu da onu nəinki Azərbaycan və Sovet İttifaqında, həm də bütün dünyada tanıdır. Çünki Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqariya, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa və dünyanın başqa ölkələrində keçirilən sərgilərdə onun əsərləri sərgilənmişdi. UNESCO Baş Assambleyasının 34-cü sessiyasında 2008-2009-cu illərdə Səttar Bəhlulzadənin yüzillik yubilyenin keçirilməsi barədə qərar qəbul edilmişdi. Qazandğı dünya şöhrətinə baxmayaraq, o, ömrünün sonuna qədər vətəninə sadiq qalmışdı...

Rus tənqidçilərindən biri rəssam haqqındakı təəssüratlarını bu cür ifadə etmişdir: “Səttar bütün Azərbaycanı gəzir, Azərbaycanın güllərini toplayır, Azərbaycanın bulaqlarından su içir, Azərbaycanın havasını udur və öz Azərbaycanını hamıya hədiyyə edirdi. Bütün dünyaya hədiyyə edirdi. Azərbaycanı orda bir dostun olduğuna görə sevmək olar. Azərbaycanı dənizinə, meyvələrinə, şərabına, gözəl qızlarına görə sevmək olar... Səttar Bəhlulzadənin rəsmlərinə baxıb Azərbaycanı sevməmək mümkün deyil!” Mənə elə gəlir ki, Azərbaycanın böyük rəssamına sevgimizi bildirərək, Bakıda heykəlini ucaltmalıyıq.

Bu gün Azərbaycanın paytaxtında Azərbaycanın qadınına çox az heykəl ucaldılıb. Və mən istərdim ki, Azərbaycanın paytaxtında dünyada, həqiqətən də, analoqu olmayan qayınana obrazına heykəl qoyulsun. Axı bizim qayınana obrazını mükəmməl yaradan Nəsibə xanım Zeynalova kimi dahi aktrisamız var.

Bu payız Lütfi-zadə dünyasını dəyişdi. O, riyaziyyat, kibernetika, informatika və hesablama texnikasının inkişaf tarixində yeni epoxa açan “Qeyri-səlis nəzəriyyə”nin yaradcısı, dahi alim idi. Bu gün onun nəzəriyyəsi elmdə, texnikada, dünyada yüzlərlə, minlərlə texnologiyaların sistem və avadanlıqlarının texnologiyasında – paltaryuyan maşınlardan tutmuş avtomotik idarəetməyə qədər hər şeydə istifadə olunur.

Professor Lütfi-Zadə 200-dən çox elmi məqalənin müəllifi, 70-dən çox elmi jurnalın redaksiya heyənin üzvü, 25-dən çox ölkənin prestijli universitetlərinin fəxri doktoru adına layiq görülmüş, Koreya, Bolqariya, Polşa, Finlandiya, Azərbaycan və ABŞ-ın elmlər akademiyalarının üzvü olmuşdur. Dahi azərbaycanlı alim vətəndə dəfn olunmağı vəsiyyət etmişdi. Biz Azərbaycan vətəndaşları ona heykəl qoymaqla həmyerlimizə öz ehtiramımızı bildirə bilərik. O heykəl bizim şəhərimizi nəinki bəzəyəcək, həm də ölkəmizin nəhəng elm potensialının simvoluna çevriləcək!

Elmi mövzunun davamı kimi Bakıda SSRİ Elmlər Akademiyasının akademiki, fizika üzrə 1962-ci il Nobel mükafatı laureatı, Maks Planka adına medal, Fritz London, Lenin və üç Dövlət mükafatı almış, London kral cəmiyyətinin xarici, ABŞ Milli Elmlər Akademiyasının, Niderland kral elmlər akademiyasının, Amerika İncəsənət və Elm Akademiyasının, Fransa fizika cəmiyyətinin və London fizika cəmiyyətinin üzvü, əslən bakılı olan fizik Lev Landauya da heykəl ucaldılmasını təklif edirəm.

Azərbaycan tarixən tolerant ölkə olub. Burada sülh və dostluq şəraitində müxtəlif xalqların nümayaəndləri yaşayıb, inkişaf etmişlər. Bu sırada yəhudilər də var. Və onların içində öz ölkəsini bütün dünyaya tanıdanlar da var. Onlardan biri Lev Landau idi. Düşünürəm ki, dahi fizikin heykəlinin layihəsi İsrail və Azərbaycanın qarşılıqlı işi ola bilər. Və bu da iki qardaş xalq arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə səbəb olar.

Həmçinin, Azərbaycan elm cəmiyyətinə hər il Landau adına Beynəlxalq Simpoziumun keçirilməsi, Azərbaycanda dəqiq elmləri öyrənən ən yaxşı tələbələrinə Landau mükafatı, Landau təqaüdü verilməsi ideyasını təklif etmək istərdim. Əminəm ki, Bakıda doğulub böyümüş Landaunun adına görə bu simpoziuma fizika, riyaziyyat və başqa elm sahələrinin ən tanınmış alimləri toplaşacaq və Bakı dünyanın elm mərkəzlərindən birinə çevriləcək!

Gözəl, müasir Bakını məşhur bakılı, dahi violonçelist, pianoçu, dirijor, Qremmi mükafatının beşqat laureatı, Sovet İttifaqının ən yüksək mükafatlarını qazanmış Mstislav Rostropoviçin heyakəli olamadan təsəvvür etmək mükün deyil. Düşünürəm ki, Rostropoviçin heykəli Tahir Salahovun məşhur rəsminin stilində qoyulmalıdır. Əsər dahi musiqiçinin xarakter və plastikasını çox dəqiqliklə ifadə edir. Bəlkə də elə heykəli Tahir Salahovla birlikdə hazırlamaq olar. Və onu musiqiçinin adını daşıdığı küçədə və yaxud da Bakının təzəcə yenilənmiş hissəsində – “Qış bulvarı”nda qoymaq olar.

Əziz oxucular, Aleksandr Dümanı sizə tanıtmağa ehtiyac varmı? Əlbəttə, yox. Axı Azərbaycan uşaqları onun romanları ilə böyüyüb. Vətənə sevgi və şücaəti əsərlərində çox gözəl ifadə edən Düma qafqazlılara fransız şarmı gətirdi və bu, bizim kişilərin qəlbində qaldı. Təxminən iki əsr əvvəl Aleksandr Düma Azərbaycana böyük səfər etmiş, kitabında bu ölkənin müdrikliyini, qədim tarixini təsvir etmişdir. Və mən istərdim ki, bütün dünyada tanınan və sevilən fransız yazıçısının heykəli Bakı küçələrindən birində qoyulsun. Həmin dövrdə Bakıda olmuş və şəhərimizin təsvirlərini yaratmış insana ehtiramımız olardı bu. Təklif edirəm ki, Dümanın heykəli Fransayla müştərək şəkildə hazırlansın və Fransanın əlamətdar günlərindən birində açılışı edilsin. Əminəm ki, heykəlin açılışı dünya Kütləvi İnformasiya Vasitələri üçün çox gözəl informasiya olardı.

Bəzən memar olmadığıma təəssüflənirəm, lakin memarlığa sevgi daim qəlbimdə yaşayır və mən məlumat məkanımın böyük bir hissəsini bu sənətə həsr edirəm. Görkəmli Azərbaycan rəssamlarına abidə qoyulması ideyasını qaldırmağım birinci dəfə deyil, lakin bu dəfə üç polyak memarına Jozef Qoslavskiyə, Jozef Ploşkoya və Peterburq Rəssamlıq Akademiyasının məzunu, əslən şamaxılı Yevgeni Skibinskiyə həsr olunan abidənin ideyası haqqında danışmaq istəyirəm. Bu, həmin memarların tikdiyi binaların kiçik bir siyahısıdır:

Qoslavskiy – Qorçakov küçəsində (indiki Tağıyev, 4) Tağıyev sarayı, Nikolayevski (indiki İstiqlaliyyət, 7) küçəsində üçmərtəbəli yaşayış evi, Poçt küçəsində (indiki Tağıyev, 70) ikimərtəbəli yaşayış evi, Mərdəkan kəndində Tağıyevin mülkü, Zığ kəndində Tağıyevin tekstil fabriki, “Tarqovı” küçəsində (indiki Nizami) imperator texniki cəmiyyətinin Bakı şöbəsinin binası, Merkuryevski küçəsində (indiki Azərbaycan prospekti, 8) Tağıyev Teatrının binası, Bakı Şəhər Dumasının binası, (indi Bakı şəhər İcra Hakimiyyəti yerləşir), Nikolayevski küçəsində (indiki İstiqlaliyyət, 8) müsəlman qız məktəbinin binası, yeri gəlmişkən, Azərbaycan Demokratik Respublikasının parlamenti 1918-1920- ci illərdə bu binada yerləşib.

Ploşko - “İsmailliyyə” binası, Telefonnı küçəsindəki (indiki 28 may küçəsi) yaşayış evləri, Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsi, Murtuza Muxtarovun qotik üslublu sarayı, Şamaxınski küçəsində (indiki Cabbarlı 12) Hacıyevin mülkü, Qorçakovskiy küçəsində (indiki Tağıyev, 13) “Yeni Avropa” otelinin altı mərtəbəli binası.

Skibinskiy - həmçinin Bakının memarlıq simasına böyük töhfələr verdi – Ağa-Bala Quliyevin Fars küçəsindəki (indiki Muxtarov küçəsi, 24) mülkü (indi burada Memarlar İttifaqının binası yerləşir). 1883-cü ildə Bakı Dəmiryolu Vağzalının yaranmasında da iştirak etmişdi.

Bu abidə layihəsi Polşa-Azərbaycanın birgə işi ola bilər, açılışı isə Polşanın bayram günlərindən birində etmək olar.

Azərbaycan neftçilərinə abidə... Ölkəmiz neft çıxarılmasında ən parlaq lider və lokomotiv olub. Neft çıxarılması işində fəxrlə danışdığımız “ilk”lər məhz Azərbaycanda yaradılıb, icad olunub, tikilib və qurulub. 150 il ərzində ölkəmizin iqtisadiyyatı neftin sayəsində inkişaf edib, buna görə də mən istərdim ki, Azərbaycan neftçilərinə olan minnətdarlığımızı böyük monumental abidə şəklində əbədiləşdirək. Bütün dünyaya göstərək ki, bu qəhrəman insanlar necə hörmətə layiqdirlər.

Yeri gəlmişkən, bu abidəni böyük əzələli proletariatın təsviri kimi sosrealizm üslubunda hazırlamaq lazım deyil! Gəlin nəsə avanqard, müasir və dünya ölkələrində olmayan bir şey düşünək! Bizim neftçilərimiz, xüsusən işinin üstündə həlak olan neftçilərimiz belə bir heykəli haqq edirlər, axı, hətta neft sənayesinin müasir texnologiyalarla həyata keçirildiyi günümüzdə də neft hasilatı insanlardan əvvəlki kimi böyük cəsurluq tələb edir!

Birinci hissənin sonunda istərdim ki, bizim şəhərimizdə, qəhrəman Bakıda, işçi-döyüşçü şəhərdə 1941-1945-ci illərdə böyük Vətən müharibəsində həlak olan azərbaycanlılara abidə qoyulsun. Azərbaycan faşizmə qarşı vuruşan və cəbhəyə getmiş 600 min insandan 300 mininin həyatını qələbə uğrunda vermiş qalib ölkədir. Əhalisi 3 milyon olan bir respublika öz kişilərinin onda birini dünyanı şərdən xilas etmək üçün qurban verdi! Mənim hər iki babam döyüşüblər və Berlinədək gedib çıxıblar və mənim nəinki bir nəvə və bir kişi kimi, həm də bir vətəndaş kimi vəzifəm Avropa ölkələrini faşizmdən xilas edən ata-babalarımızın xatirəsini əbədiləşdirməkdir!

İndi isə, ikinci hissədə, mən Avropada, ABŞ-da və dünyanın başqa ölkələrində görkəmli azərbaycanlıların heykəllərinin qoyulması mövzusunda bir neçə ideya təklif etmək istəyirəm.

Parisdə və yaxud, Fransanın digər bir şəhərində İkinci dünya müharibəsinin qəhrəmanı, Fransa Müqavimət Hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılova heykəl qoymağı təklif edirəm.

Əhmədiyyə ağır yaralanandan, əsir düşüb konslagerə göndəriləndən sonra Fransanın balaca bir şəhərinə göndərilib. 1942-ci ildə baş tutan qaçışdan sonra Əhmədiyyə partizan dəstələrinə qoşulur və Fransanın Haron bölgəsində 4-cü eskadra korpusunun döyüşçülərindən biri olur. Əhmədiyyənin qəhrəmanlıqları general Şarl de Qollun qulağına çatır, o, bu azərbaycanlı gəncin cəsurluğuna elə heyran olur ki, onu müharibə illərində ən yüksək mükafatlarla – Hərbi Xaç, Könüllü xidmətə görə Xaç, Fransanın hərbi medalı və Fransanın Fəxri legionu ordeni ilə təltif edir. Sonuncu orden Əhmədiyyə Cəbrayılova Fransanın hərbi paradında öndə, generallarla bir sırada getmək üstünlüyü verir! Sovet ordusunda bu ordendən yalnız Əhmədiyyədə və general Jukovda var idi!

Müharibə bitdikdən sonra Əhmədiyyə Fransada qalıb prezident dəftərxanasında, Fransa prezidenti Şarl de Qollun yanında işləyir. Əhmədiyyə, ya da Fransada çağırıldığı kimi Əhməd Mişel Müqavimət Veteranları İttifaqının ən hörmətli üzvlərindən idi. Dijon şəhərində onun adını zavoda vermişdilər! Lakin 1951-ci ildə Əhməd Mişel vətənə, Azərbaycana, Şəkidə yerləşən öz doğma kəndi Oxuda dönmək qərarına gəlir. Onu Fransada saxlamaq üçün nə qədər dilə tuturlar, hətta amerikalılar ona ABŞ-da iş təklif edirlər, Fransa hökuməti isə ona adı verilən zavoda rəhbərlik etməyi təklif edir. Lakin Əhmədiyyə qərarını dəyişmir və general de Qoll vidalaşanda əməkdaşına fəxri bilet təqdim edir – bütün nəqliyyat vasitələri ilə Fransa ərazisində gəzmək hüququ verən bilet! Bu imtiyaz yalnız bir adamda - respublika prezidentində var idi!

Lakin ölkəyə qayıdan kimi Əhmədiyyəni 10 illik Sibirə sürgünə məhkum edirlər... “Cəzasını” çəkəndən sonra o, Şəkiyə qayıdıb aqronomluqla məşğul olur. 30 il qəhrəman öz döyüş yoldaşları ilə ünsiyyətdə ola bilmir, yalnız Şarl de Qol Sovet İttifaqına gələndən sonra Əhmədiyyəyə generalın dəvətini qəbul edib Fransaya baş çəkməyə icazə verirlər. Bu gedişdə Şarl de Qoll onun şərəfinə ziyafət təşkil edir və şam yeməyində tost deyir: “Fransa heç bir zaman sovet əsgərinin cəsurluğunu unutmayacaq!”

Mehdi Hüseynzadə, əfsanəvi Mixaylo... Bu gənc azərbaycanlı Yuqoslaviya və İtaliya ərazisində partizan hərəkatında iştirak etməklə öz Vətəninə şöhrət qazandırdı. Palmiro Tolyatti xatirəsini əbədiləşdirmək üçün xüsusi xidmət orqanlarına Mixaylonun döyüş bioqrafiyasını dəqiqləşdirməyi əmr edən Stalinə onun qəhrəmanlıqları haqda heyranlıqla danışırdı. Stalinin özünün göstərişinə baxmayaraq, Mehdi Hüseynzadə barədə məlumatlar yalnız 1957-ci ildə yığılıb tamamlandı və bundan sonra Mixayloya ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. Mehdi Hüseynzadə o qədər qəhrəmanlıqlar edib ki, Mixaylonu indiyədək minnətdarlıqla xatırlayan Sloveniyada heykəlinin qoyulmasını haqq edir!

Müslim Maqomayev - bizim heyrətamiz ifaçımız, qeyri-adi qəlbi olan insan... Moskvada bizim görkəmli həmvətənimizin heykəli artıq var. Lakin Rusiyada onu milyonlarla rusiyalı sevir və mən Azərbaycanla Rusiyanın birgə müsabiqə elan etməyini və Rusiya Federasiyası ərazisində bu böyük ifaçıya daha bir abidə qoymaq üçün şəhər seçməyi təklif edirəm.

Üzeyir Hacıbəyov... Musiqi irsi bütün dünyanı heyrətə salan böyük Azərbaycan bəstəkarı! Öz musiqi təhsilini Üzeyir bəy əvvəlcə Moskvada, sonra Sankt-Peterburqda konservatoriyada alıb. Mən dahi Azərbaycan bəstəkarının obrazını əbədiləşdirməyi və bu şəhərlərdən birində ona abidə qoyulmasını təklif edirəm. Qoy turistlər əyani olaraq görsünlər ki, biz azərbaycanlılar musiqi dahimizə, böyük Üzeyir Hacıbəyliyə sevgi və hörmətlə yanaşırıq.

Elə çox istəyirəm ki, bakılılar və Azərbaycanın bütün şəhərlərinin sakinləri, çoxsaylı turistlər, Azərbaycana baş çəkən idmançılar, musiqiçilər, alimlər, siyasətçilər mənim ölkəmdə bunu görsünlər: Biz qədim və çox müasir ölkəyik, biz öz tarixinə qürur və hörmətlə yanaşan qeyri-adi dərəcədə qonaqpərvər və inanılmaz dərəcədə səxavətli xalqıq və ölkəmizdə Azərbaycanın görkəmli sakinlərinə nə qədər çox abidə olarsa, ölkəmizin həyatı bir o qədər maraqlı olar, o, dünyanın nəzərində tolerantlıq, dostluq və səmimilik simvoluna çevrilər! Bir azərbaycanlı kimi bunu çox istəyirəm!

Tərcümə etdilər: Aliyə və Xanım Aydın

# 1526 dəfə oxunub

Oxşar xəbərlər

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
# # #