İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramı açıqlanıb 

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramı açıqlanıb 
10 sentyabr 2019
# 14:20

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında bir sıra yeniliklər olacaq.

Kulis.az xəbər verir ki, ikinci ildir təşkil olunan festival çərçivəsində Bakıda və şairin doğulduğu Şamaxıda 30-dək tədbir keçiriləcək.

Festivalda bu il ilk dəfə Nəsiminin seçilmiş qəzəlinə bir sıra tədqiqatçı və şeir bilicisi öz şərhini verəcək, həmin təfsirlərin müzakirəsi olacaq. “Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm” qəzəlinə Azərbaycan, Rusiya, İran, Türkiyə və Misirdən 10-dan çox müəllif öz təhlillərini təqdim edəcək. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şairlər, alimlər və filosoflar mühazirələrlə çıxış edəcəklər. Rusiyalı psixoloq Aleksey Sıtnikov, ABŞ-dan olan tədqiqatçı Alan Qodlas, italiyalı şair David Rondoni, Azərbaycan əsilli, Böyük Britaniyada yaşayan filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə keçmişə və müasir dövrə aid müxtəlif nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar. Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess və Böyük Britaniyada yaşayan tədqiqatçı, azərbaycanlı Orxan Mirqasımovun Nəsimi və hürufilik haqda kitabları təqdim ediləcək.

Builki festivalda kino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına layiq görülmüş filmlərin nümayişi olacaq. Finlandiyalı rejissor Aki Kaurisməkinin “Ümidin o biri üzü” filmində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması əksini tapıb.

Silsilə tədbirlər çərçivəsində sentyabrın 28-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı da start götürəcək.

Nəsimi festivalı çərçivəsində bu il həm də uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının iştirakı ilə “Ümidin yaradılması” sosial-mədəni layihəsi həyata keçiriləcək. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb. Bu köynəklərin festival çərçivəsində nümayişi və satışı təşkil olunacaq. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.

Festival günlərində Bakı və Şamaxıda bir sıra sərgilər də olacaq: sentyabrın 28-də Bakıda Şirvanşahlar sarayında açılacaq “İrfani sirlər” sərgisində Azərbaycan, Türkiyə, Fransa və Özbəkistandan olan 10 rəssam və heykəltəraşın əsərləri nümayiş etdiriləcək. Saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan video art, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim olunacaq.

Sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumu, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda isə VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq.

Qala qəsəbəsində istifadəsiz sənaye anbarının divarları üzərində işlənmiş rəsm əsərlərindən ibarət “Danışan divarlar” incəsənət layihəsinin ictimai təqdimatı olacaq. Bu layihə çərçivəsində Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların “urban/street art” (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunacaq.

Festival çərçivəsində Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılacaq. Rəssamın məşhur “Ölümsüzlük otağı” (“Ölümsüzlük odası”) əsəri də ekspozisiyada nümayiş olunacaq. Oktyabrın 1-də açılışı olacaq sərgi 2020-ci il martın 31-dək davam edəcək.

Şamaxı rayonunda isə “Şamaxı antologiyası” (1468, Britaniya Muzeyi, London) əlyazmasına dair sərgi açılacaq. XV əsrdə Şamaxının mədəni mərkəz olduğunu, burada yüksək kitab mədəniyyətinin mövcudluğunu nümayiş etdirən bu şeir məcmusu Azərbaycan miniatür sənətinin ən gözəl incilərindəndir. Əlyazmadakı miniatürlər sərgidə müxtəlif üsul və texnikalarla təqdim olunacaq.

Şamaxıda, həmçinin İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olacaq. Yüngül metal hissəciklərdən hazırlanan əsərin müəllifi rəssam Rəşad Ələkbərovdur.

Nəsimi Festivalı çərçivəsində bir sıra elan olunmuş müsabiqələrin nəticələri də açıqlanacaq: Azərbaycan Milli Xalça Muzeyinin söz ustadına həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi xalça eskizləri nümayiş olunacaq. Həmçinin Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsinin gənc şairlər arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxşı poetik əsər müsabiqəsinin nəticələri açıqlanacaq.

Festival çərçivəsində müxtəlif ölkələrin incəsənət xadimləri və qruplarının ifasında mənəviyyat axtarışlarını, dinlər və mədəniyyətlərarası dialoqu tərənnüm edən musiqi proqramları və tamaşalar da təqdim olunacaq. Bu proqramlarda ayrı-ayrı dövrlərə aid ruhani və müasir musiqi nümunələri səslənəcək, fiziki imkanları məhdud insanların sağlam şəxslərlə bərabərlik və birgəliyinin ifadəsi olan rəqsləri nümayiş etdiriləcək.

Festival çərçivəsində Almaniyanın “Horizonte” ansamblı, Əfqanıstanın “Zəhra” Orkestri, Kanadanın “Klara Furey” rəqs qrupu, Böyük Britaniyanın “Candoco” və “Lost Dog” rəqs qrupları, Estoniyanın “Tallin Oğlanlar Xoru”, İsrailin “Dudu Tassa & the Kuwaitis” qrupu maraqlı proqramlar təqdim edəcək.

Sentyabrın 29-da Şamaxının Meysəri kəndində Xalq artisti Nəzakət Teymurova Nəsimi poeziyası əsasında muğamlardan ibarət proqramla çıxış edəcək.

Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında isə Azərbaycanın tanınmış caz musiqiçisi Salman Qəmbərovun “Səmimi dialoqlar” layihəsi çərçivəsində Fransadan Mişel Qodar (serpent ifaçısı), Almaniyadan Marqrit Buxberger (barokko repertuarlı müğənni) və çinli Vu Vey (şenq ifaçısı) ilə birgə ifaları təqdim olunacaq.

Festival çərçivəsində sentyabrın 30-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində səhnələşdirilmiş poeziya axşamı keçiriləcək.

Həmin gün Opera və Balet Teatrında isə Çinin Anhui əyalətinin Huicin Teatrının təqdimatında “İztirablı könül” tamaşası nümayiş olunacaq. Ənənəvi XVIII əsr üslubunda olan tamaşa özündə teatr sənəti və musiqi, eləcə də akrobatika və pantomim elemetlərini birləşdirir.

Festivalın bağlanış mərasimi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Proqramda Azərbaycan incəsənət xadimləri, həmçinin ABŞ, Türkiyə, İran, İordaniya və Mərakeşdən ənənəvi musiqi ifaçıları iştirak edəcəklər.

Qeyd edək ki, festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır və ilk dəfə 2018-ci ildə keçirilib.

Budəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

# 2406 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #