[b]Sözün dalınca gedən oğlan – Zakir Fəxrinin 70 yaşı[/b]

[b]Sözün dalınca gedən oğlan – Zakir Fəxrinin 70 yaşı[/b]
19 mart 2018
# 12:55

Kulis.az Nəriman Əbdülrəhmanlının “Zakir Fəxri: sözün rəngli adamı” yazısını təqdim edir.

Qırx ildi tanıdığım şair-tərcüməçi, bənzərsiz söz adamı Zakir Fəxrinin düz yetmiş yaşı tamam olur...

İnanmaq çətindi, amma fakt qarşısında da acizik...

Son dörd ildə bir idarədə - Nazirlər Kabineti yanında Tərcümə mərkəzində işlədiyimizdən, iş günləri, demək, olar hər gün görürəm, özünü görməsəm belə, coşqun danışığını, şaqraq gülüşünü eşidirən, bəzən pilləkənləri tələsik qalxdığı, ya endiyi məqamda qarşılaşırıq. İllər, qismətinə düşən ağrılar, yeri doldurulmaz itkilər saçını ağardıb, gözlərinin dərinliklərindəki kədəri daha da qatılaşdırıb, amma coşqunluğunu, həyat sevgisini zərrə qədər də olsun, əksiltməyib, çeviklikdə, cəldlikdə qırxyaşlılara belə meydan oxuyur. Gündə, ən azı, on kilometr piyada gəzir, ekoloji təmiz yeməklərə üstünlük verir, deyib-gülməyindən, duzlu-məzəli söhbətlərdən qalmır, görünür, özü demiş, “dünyadakı qəribliyini” bu cür ört-basdır eləməyə çalışır.

Zakir Fəxri ilk dəfə rastlaşdığım vaxtlardan yaddaşımda rəngli, daha doğrusu, sözə və ədəbi aləmə rəng gətirən, olduğu yerin ab-havasını dəyişən adam kimi qalıb...

Bu cür söz adamları olmasaydı, ədəbi aləm həddən artıq cansıxıcı görünərdi...

Bir anlığa təsəvvür eləyin ki, ədəbi mühitimizdə Əli Kərim, Hüseyn Arif, Vidadi Məmmədov, Aydın Məmmədov, Natiq Səfərov... olmayıb, onda Söz Məkanının nələr itirdiyini düşünmək belə ağırdı...

Zakir Fəxrini də beləcə, Söz Məkanının nəfəsliklərindən biri sayıram, səhv eləmədiyimə də zərrə qədər şübhəm yoxdu...

***

Zakir Fəxri ali texniki təhsil alıb...

Hərdən fikirləşirəm, ixtisasının arxasınca getsəydi, şübhəsiz, çevikliyi, işgüzarlığı sayəsində maddi cəhətdən daha yaxşı təmin olunardı, yaradıcı adamların çəkdikləri iztirablara tuş gəlməzdi...

Amma müsahibələrindən birində dediyi kimi, ədəbiyyata “acığa” gəlib, hecada-əruzda meydan sulayanlara onlardan heç də pis yazmadığını sübut eləmək istəyib. “Əruzu bilməyə-bilməyə əruzu yazmışam, - deyir. - İçim muğamla dolu olub. Yazdığım əruzun səviyyəsi heç də başqa əruzlardan aşağı olmurdu”. Yəqin, onda elə bilirmiş, meydana girəcək, özünü sübut eləyəcək, alqışlar qazanacaq, sonra qaliblərsayaq başını dik tutub öz işinin dalınca gedəcək. Amma SÖZÜN SEHRİni, güman ki, nəzərə almayıbmış...

Zakir Fəxri o vaxtdan meydanda qaldı, maddiyyatı unudub Sözün dalınca getdi, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə (Bayatlı Önər) səfində öz yerini tutdu, çörəyini də qələmilə qazanmağa başladı. “O vaxt yazdıqlarıma baxıram və görürəm ki, onlarda maddilik yoxdu, üsyan var. – İndi belə deyir. - Elə başa düşürəm, yaradıcılığımda mən bütün insanlığın şeirini yaza bildim”.

Zakir Fəxrini şəxsən 80-ci ilin ortalarından – “Ulduz” jurnalında işlədiyi vaxtlardan tanımışam. O vaxt ədəbiyyata yenicə ayaq açan, çap olunmaq arzusuyla alışıb-yanan istedadlı cavanların pənah yerlərindən biriydi, ora üz tutanlar ümid eləyirdilər ki, Vaqifə, ya da Zakirə rast gələcək, yazdıqlarını oxuculara çatdırmaq üçün fürsət yaranacaq.

Zakir Fəxri sonralar Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi sədrinin müavini, şöbə müdiri, “Xəzər” jurnalı baş redaktorunun müavini kimi, rəhmətlik Aydın Məmmədov və sonralar Afaq Məsudla çalışdı. Yolumuz da elə 2004-cü ildə Afaq Məsud jurnalın nəşrini yenidən bərpa eləyəndə kəsişdi. Zakir Fəxrinin o qurumun ən çətin günlərində belə Afaq xanımı tək qoymadığının, jurnalı yaşatmaq üçün əlindən gələni əsirgəmədiyinin şahidi oldum...

***

Zakir Fəxri, ən azı, 45 illik yaradıcılıq ömründə çap olunmağa kifayət qədər imkanı ola-ola yazdıqlarını tələm-tələsik oxuculara çatdırmağa çalışmayıb. Hər halda, “Qalmaz belə, qalmaz dünya...” və “Rekviyem” ("Xatirə çiçəyi", "Bir ömrün tarixi", “Qara Məhəmməd, Qara Məlik və mən”, Dustaqxanadan dustaqxanaya” bədii-publisistik kitabları da var) poetik toplularını oxumuşam, hətta birinci kitabı çapa hazırlamışam.

Təbii ki, oxuduğum şeirləri heç də ədəbiyyata “acığa” gələn adamın şeirlərinə oxşamır, daha çox gəldiyi bu dünyanı əxz eləməyə can atan insanın yaşantılarını ifadə eləyir:

...Yolumu sarpdim, deyəsən,
Bu dünyaya azıb gəldim.
Göy üzü dərddən çatladı,
Qoşulub bir damla suya
Mən o çatdan sızıb gəldim...

Bəs Ağdamda doğulmuş, yeniyetməliyini Yevlaxda keçirmiş, taleyin yoluna Bakıda düşmüş, maddiyyatı buraxıb Sözün arxasınca gedən o oğlan kim idi, bu dünyada nə axtarırdı:

...Üzünә, gözünә saçı dağılmış,

taxtı viran olmuş, tacı dağılmış

Qonur göz, qara qaş, bir qara oğlan

Dolaşar dünyanı, gәzәr biçarә

axtarar, dәrdlərə tapammaz çarә...

“Dünyanı dolaşıb dərdlərinə çarə axtaran” həmin oğlan sonralar ədəbiyyatın, əslində, nə demək olduğunu da dərk elədi: “Ədəbiyyat, həmçinin, yazıçılıq və şairli Allahın yaratdığı ən böyük missiyadır. – Artıq dünyada yetərincə görüb-götürmüş Zakir Fəxri deyir. - Gördüyün dünyanı təmizləyib poetik dillə yazırsan… Ədəbiyyat budur. Ədəbiyyatsız dövlət heç bir yerə gedə bilməz. Gözəl-gözəl saraylar, binalar, ancaq düşüncəli başlar olmayanda sonra bir qəpiyə belə dəyməz”.

Bəlkə, elə buna görə də Zakir Fəxri həmişə arzuladığı dünyanın axtarır:

…Torpağında ah göyərər,

Hər atılan ox göyərər.

Dönməsən, günah göyərər,

Dünya, qayıt dünyamıza.

Axtardığını tapa bilməyəndə də, elə bil, hamıdan, hər şeydən küsür, ilkinliyə, saflığa, ana beşiyinə qayıtmağı arzulayır:

…kimsə səsləməz məni

bu darısqallıqdan

bir hovur çıxam eşiyə,

Qaytar, ana, qaytar məni beşiyə…

Amma bu dünyaya gələn bütün adamlar kimi, Zakir Fəxri də olumun və ölümün sirrini çözməyə, insanın bu dünyadakı missiyasını dərk eləməyə can atır:

…Gəzirəm dörd bir tərəfi

Bilmirəm, yolum haradı?

Çəkir məni sirr tərəfi…

Ölümü gördüm, deyəsən,

Görəsən, ölüm haradı?

Söz adamı kimi, özünün missiyasını isə artıq çoxdan müəyyənləşdirib: “Mən ədəbiyyatı həmişə İlahi bir qüvvəylə bağlayıram. Allahın verdiyi və elmin-düşüncənin inkişaf etdirdiyi İlahi qüvvə. Bütün ömrümü sufiliyi sevməklə keçirmişəm. Bu, mənim kredomdu”.

***

Zakir Fəxri yaradıcılıq duyumunu həmişə ovxarlı saxlamağa çalışan söz adamıdı…

“Rekviyem“ əsəri ilə çağdaş ədəbiyyatımızda ilk dəfə romanla poemanın sintezini yaradıb…

Hazırda yeni kitabını çapa hazırlayır. “Yeganə amalım insanlara qaranlıqlardan işığa aparan yolları göstərməkdi, - deyir. - Həmişə buna çalışmışam. İndi də bu yolda addımlayıram. Elə üzərində çalışdığım kitabın adı da “Qaranlıqdan işığa“ adlanır”…

Tərcümə Mərkəzinin nəşrlərindən olan “Bəşəri poeziya” toplusuna daxil edilmiş dünya poetik xəzinəsinin görkəmli simalarının şeirlərini orijinaldan sətri tərcümələr əsasında Azərbaycan dilinə çevirib. “Bu kitab mənim üçün bir mətləbi aydın etdi ki, bütün böyük şairlər, onların metafizik düşüncələri eyni bir yerdən, eyni mənbədən qaynaqlanır, - deyir. - Qədimdən bəri dünyaya sülhü, barışı, sevgini, dünyadan heç bir umacağı olmayan şairlər, yazıçılar gətirib. Ədəbiyyat – dözüm və sevgi, mərhəmət və barış deməkdi”.

Sufizmlə ciddi maraqlanır, sufi mütəfəkkirlərin və şairlərin əsərlərini oxuyur, düşüncələrinin süzgəcindən keçirir, Həqiqət mərtəbəsinə çatmağa can atır: ““Hər şey sözdən yarandı. Söz Allahla qoşaydı. Allahı söz, sözü Allah yaratdı”. Bu sətirlər müqəddəs “İncil”dəndir. Bu müqəddəs kitab da, sözün Allahla insan arasında körpü olduğunu bildirir. Allaha ucalan dualar sözdən yaranır, insanlar arasında ünsiyyət sözlə qurulur”.

Bütün bunlar 70 illik ömrün həqiqətlərdi...

Ömrün mübarək, Zakir Fəxri!

19 mart 2017

# 2612 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #