Millət vəkili: “Kimisə həbs edəndə Səməd Vurğun susurdu”

<b><span style="color:red;">Millət vəkili:  “Kimisə həbs edəndə Səməd Vurğun susurdu”</b>
26 iyul 2017
# 09:56

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Kulis.az saytına müsahibəsində mərhum xalq şairi, Azərbaycan poeziyasının incilərindən olan və şeirlərinin estetik təravəti günümüzə qədər gəlib çatan dahi Səməd Vurğunla bağlı təhqiramiz ifadələrə yol verib. Sherg.az müsahibənin həmin hissəsini təqdim edir:

- Səməd Vurğunu sevmirsiniz?

- Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır. Nə qədər də adam satıb. Camaatın beyninə soxublar onu, indiyə qədər də çıxmır ordan. "Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır? Mən bunu başa düşə bilərəm. Onda bu cür axmaq-axmaq şeylər var. Adamların beyninə yeridiblər. Küçə də veriblər adına, böyük heykəl də qoyublar. Ondan qat-qat güclü, səmimi və doğru şairlərimiz əzab-əziyyət içində ölüb. Hüseyn Cavid, Müşfiq... Ancaq indi istəyirəm müasir ədəbiyyatdan danışım. Bizdə qadın poeziyası əmələ gəlib. Onları oxuyuram və sevirəm.

Şübhəsiz ki, bu fikirlər Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Doğrudur , düşmən dəyirmanına su töküb işə salanlar Azərbaycanın böyük ədibinin ləkələnməsinə sevinərək məlum "düşüncə"yə haqq qazandırıb. Amma milli şüur, milli təfəkkür və milli ruha söykənən ziyalılar, ictimaiyyət və ədəbiyyat xadimləri, millət vəkilləri buna etirazlarını ifadə ediblər.

Elə tanınmış nasir, publisist, millət vəkili Elmira Axundova da bu hala etiraz edib:

"Ümummilli lider Heydər Əliyev hakimiyyətə yeni gəlmişdi. Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla, tarixçilərlə görüşdü. Həmin görüşdə dedi ki, Süleyman Rüstəm Kommunist partiyasını, Səməd Vurğun isə Lenini tərənnüm edirdi. İndi onların yaradıcılığını inkar etməliyik ? Səməd Vurğunun "Azərbaycan" kimi şeiri, Süleyman Rüstəmin Cənubi Azərbaycan şeirləri var. Təsəvvür edin ki, o vaxt S.Rüstəm, S.Vurğun və R.Rza da güllələnib, indi Azərbaycan ədəbiyyatının aqibəti necə olacaqdı ? Azərbaycan ədəbiyyatı kimlərlə yadda qalacaqdı? Başqa bir misal gətirim: Rusiya ədəbiyyatının ən böyük və görkəmli nümayəndəsi olan Mixail Bulqakovun da Stalin haqqında pyesi vardı. Onlar belə əsərləri yazmağa məcbur idi. Səməd Vurğun komsomol haqqında, Lenin haqqında bu şeirləri yazmasa idi, ölkəmiz, təbiətimiz və Respubikamızla bağlı şeirləri yaza bilməzdi. Hər bir şairə , yazıçıya indiki kontektsdən yanaşmaq düzgün deyil. Biz o dövrü yaşasaydıq, belə danışmazdıq. İndi bunları demək çox asandır".

H.Hacızadənin "Səməd Vurğun bir necə adamı satıb " fikirlərinə diqqət çəkən E.Axundova bunları deyib:

"Uzun illər Azərbaycan Yazıçılar Birliyində (AYB) çalışan, uzun illərdir Arxivlərdə işləyən biri kimi tam məsuliyyətimlə deyirəm ki, Səməd Vurğun heç kimi satmayıb. Mirzə İbrahimov və Səməd Vurğun heç kimi satmayıb. Bunu bilin! Onlar heç kimlə bağlı danos yazmayıblar. Ola bilsin ki, kimisə həbs edəndə onlar susurdular, amma bu, başqa məsələdir. S. Vurğun Yazıçılar Birliyinin birinci katibi idi, amma o, susurdu. Bəlkə kimisə xilas etməyə cəhdlər edirdi. Biz bunları bilmirik. Həmin dönəm çox ağır illər idi. Əlbəttə, kimisə müdafiə edə bilərdi. Bəlkə də müdafiə edib. Bütün hallarda tam məsuliyyətimlə deyirəm ki, arxivlərdə Səməd Vurğunun , Mirzə İbrahimovun kiminsə haqqında donosu yoxdur".

Xanım millət vəkili onu da əlavə edib ki, Səməd Vurğun mədəniyyətimizin tarixidir:

"S.Vurğun, Mirzə İbrahimov, S. Rüstəm, Süleyman Rəhimov və başqalarının yaradıcılığını dolğun şəkildə görməliyik. Bütün ziddiyyətləri ilə, onların kommunist partiyasına, Lenin , Stalin hökumətinə olan münasibəti ilə qəbul etməliyik. Biz onların zəif və güclü cəhətlərini görürük. Amma biz obyektiv olmalıyıq. S.Vurğunun Azərbaycan ədəbiyyatına verdiyi töhvələrə nəzər yetirməliyik. Onun Azərbaycan ədəbiyyatına görkəmli şəxsiyyət kimi yaradıcılığına diqqət etməliyik. Bu məsələ ətrafında düşünməliyk".

S.Vurğuna qoyulan heykələ gəlincə, xanım deputat deyib ki, S.Vurğun sovet dövründə əsas simalardan biri idi:

"Səməd Vurğun ədəbiyyatımızın generalı idi. S.Vurğunun dostu SSRİ Yazıçılar İttifaqının birinci katibi Aleksandr Fadeyev də özünü güllələdi. S.Vurğun isə 50 yaşında xərçəngdən dünyasını dəyişdi. Bunların əsas səbəbi o idi ki, onlar cəllad bir quruluşa qulluq etdiklərini anladılar. Buna görə də onlar çox böyük mənəvi əzab çəkiblər. İndi durub onları təftiş etməyin heç bir mənası yoxdur. Düzdü, ola bilsin zəif şeirləri də olsun. Biz o böyük şairi niyə təhqir etməliyik ? Onlar həmin quruluşa inanırdılar. Biz də inanırdıq. Bu, bizim mədəniyyətimizdir. S.Vurğun mədəniyyətimizin ən işıqlı və istedadlı simalarından biri idi. Onun istedadını nə H.Hacızadə, nə də başqası inkar edə bilər. Kimsə deyə bilməz ki, S.Vurğun istedadsız şair idi. O, çox istedadlı şair idi. Kiminsə ona damğa vurmağa haqqı yoxdur. Səhvlər isə hamısında olub. Bununla belə S.Vurğunu öz yeri, Hüseyn Cavid və Mikayıl Müşfiqin öz yeri, öz qiyməti var. Sağ olsun, dahi liderimiz Heydər Əliyev hər kəsə öz layiqli yerini, qiymətini verdi. M.Müşfiqin də heykəli var, Hüsyen Cavidin də, Səməd Vurğunun da... Bunun nəyi pisdir ki ? Tarixi təftiş etmək lazım deyil. Tarixi anlamaq, başa düşmək lazımdır, amma təftiş etmək olmaz!". /sherg.az/

# 1782 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #