“Əvvəlki kimi homoseksual rolu oynaya bilmirəm” MÜSAHİBƏ

“Əvvəlki kimi homoseksual rolu oynaya bilmirəm” <span style="color:red;">MÜSAHİBƏ
10 dekabr 2015
# 09:00

Ayxan Ayvaz

Xatirələr bəzi adamların yaddaşında ayaq üstə durub, öz keçmişinə boylanır, heç vaxt unutmur yaşadıqlarını. Yaşının az olmasına baxmayaraq, həyatla lap tezdən çarpışırsan. Azərbaycanın ən gənc fotoqrafı və Oda Teatrının aktyoru Nihad Qulamzadə də həyatla, insanlarla erkəndən tanış olub. İnsan həyatda bəzən bir neçə ömür yaşamağa cəhd göstərir. Nihad həyatı səhnəyə gətirib rola girir, ya da gördüklərini fotoaparatı ilə kadra alır. Onun rola girmədiyi rollar var, çəkmədiyi fotolar isə özünün həyatıdır.

Uşaq rolu və uşaqlıq fotosu

“Zavağzalni”də keçib uşaqlığı Nihadın. Heç vaxt oyuncaqları olmayıb. Baxçada bütün uşaqlar oyuncaqlarla oynayır, o isə qarışqalarla. Onların yuvasını dağıdırmış, sonra vicdan əzabı çəkirmiş, gedib çörək tapıb ovur, qarışqalara verirmiş ki, onu bağışlasınlar. Qarışqa olmaq onun üçün dözülməz və əzablı görünürdü. Qorxurdu ki, birdən cizgi filmlərindəki kimi qarışqaya çevrilər. Dostları çox az olub. Qızlarla arası yaxşı imiş amma. Onlarla “evcik-evcik” oynayırmış. Bir dəfə qız dostu yemək adı ilə yarpaqları bir-birinə qatıb üstünə də su əlavə edibmiş. Çox iyrənc qoxuyurmuş. O “yeməyi” iyləyəndən sonra bu oyunun da başını buraxıb. Muraz adlı dostu ilə həmişə köhnə “Qarabağ” mehmanxanasına gedirmişlər. Çoxlu maşınlar dayanarmış qarşısında. Orda yaşayan insanlara baxıb həsəd aparırlarmış. O böyük, varlı mehmanxananın altında da bomjlar yaşayırmış. O bomjlar da Nihadgilə həsəd aparırmış. Yəqin ki, yenidən uşaq olmaq istəyirmişlər, saf uşaq.

Beş yaşı tamam olurmuş, evdə də kasıbçılıq. Ata-anasının gözlərinə baxır, gözləyirmiş ki, axşam qonaqların gələcəyini deyəcəklər: “Atam gəldi, çağırdı məni mətbəxə. Kiçik bir radiomuz var idi. Anam, bacım, qardaşım, hamımız yığıldıq onun ətrafına. Birdən aparıcı mənim adımı çəkdi. Nihad dedi, Nihat yox, Nihad. Eynən belə dedi: “Bu gün Nihad balamızın 5 yaşı tamam olur, atası və anası onu təbrik edir, öpür. Ona çoxlu hədiyyələr, istədiyi şirniyyatlardan alıblar. Böyük oğlan olsun”. Çox sevindim. Axı mənə heç vaxt hədiyyə alınmamışdı. İnanırdım ki, axşam çoxlu hədiyyələrim, istədiyim şirniyyatlar olacaq. Axşam oldu. Bacımla qardaşım yatmışdı. Amma mən ümidlə gözləyirdim. Qapı açıldı, sevinərək qaçdım qapıya. Atamın əllərinə baxdım. Sadəcə balaca bir sellofan var idi. Hardasa yarım kiloluq pirojna. Çox pis oldum. Amma valideynlərimin də mənə necə təəssüflə baxdıqlarını gördüm. Onların yerinə özüm utandım. Nifrət elədim ad günümə. Nə vaxt ad günüm olsa, bu hadisə yadıma düşür”.

Ayrılıq fotosu

- Biz ailə olaraq bir-birimizə çox bağlı idik. Elə indidə eləyik. Atamla anamı çox sevirəm. Bəlkə də ayrılmaları daha yaxşı olub deyə düşünürəm bəzən. Valideynlərimlə çox səmimiyəm. Hər ikisi valideyndən əlavə mənə dostdurlar. Atam mənə çox şey öyrədib. Hətta ən önəmli şeyləri, yaşamağın yollarını öyrədib mənə. Ayrılmaları mənə, qardaş və bacıma nə qədər pis təsir etsə də, sonradan düşünürsən ki, belə də olmalıymış. Başqa cür təsəvvür eləmək olmur artıq.

Ata-anası Nihad dünyaya gəlməmişdən qabaq ayrılmaq istəyiblər. Evliliklərindən beş il sonra heç yola getməyiblər. Anası abort etmək istəyib Nihadı, amma son anda qohum-qonşu onu bu fikrindən daşındırıb: “Anamın hamilə olması ayrılmalarına mane olub. Yenidən xoşbəxt ailə kimi yaşayıblar. Amma bu xoşbəxtlik altı il davam edib. Uşaq vaxtı evimizin yanında bir şokolad sexi var idi, oranın pəncərəsindən karopka ilə şokolad oğurlayırdıq. Hamısını da özümüz yeyirdik. İstəyirdim anamın ad günündə birini oğurlayıb anama hədiyyə edim. Amma ona kimi ayrıldılar, bu sürprizi edə bilmədim. Anam rayona getmişdi. Uzun müddət heç onun üzünü görmürdüm. Az qala unudacaqdım. Atam anamla olan şəkilləri cırırdı. Həmin vaxt anamın cırılmış şəklini tapdım. Sadəcə baş hissəsi qalmışdı. Onu atamdan gizlin götürüb qoydum balışımın altına. Hər iki valideynim ola-ola ikisindən də məhrum idim. Heç birini tam hiss edə bilmirdim. İndi anlayıram ki, ana və ata birlikdə olanda əsl valideyn sevgisini duyursan. Ayrı-ayrı alınmır, qardaş. O vaxtlar ayrılığa daha pis baxırdılar. Hərə bir söz deyirdi. Digər uşaqlar həmişə bunu üzümə vururdu. O vaxtlar cəmiyyətdən uzaqlaşmağa çalışırdım. Ailə söhbəti gələndə, dəyişdirdim mövzunu”.

Qaqaş rolu

İncəsənətə uşaqlıqdan marağı olub. Rəssam olmaq istəyirmiş. Qohumlarının şəkillərinə baxıb onların portret rəsmlərini çəkirmiş. Yaxşı da alınırmış. Qardaşı “Bənövşə” uşaq xoruna gedirmiş, əla səsi var imiş. Bir müddət sonra Nihad da qoşulub ona: “Qardaşımla mən xorda ən zil səsə malik uşaqlar idik. Əfsər Cavanşirov idi müəlliminiz. Xora gedəndə cəmiyyətlə yavaş-yavaş uyğunlaşmağa başladım. Hər həftə AzTv-də kollektiv olaraq çıxış edirdik. O zamanların tərbiyəsiz uşağı məktəbdə məşhur olmuşdu. (gülür.) Sonra musiqi məktəbinə getdim, skripka aləti üzrə. Sonra da qaboy nəfəs alətinə getdim. Məktəbdə tamaşalar qurur, oynayırdım. İlk dəfə məktəb səhnəsinə çıxmışam. “Qaraca qız” əsərini oynayırdıq. Mən Hüseynqulu ağa idim. Ədəbiyyat dərnəyinin də aktiv üzvü idim. Sonralar məktəblərarası keçirilən KVN komandasına qoşuldum. Birinci yerə çıxdıq. Məktəbdə hörmətim var idi. Bütün tədbirlərdə çıxış edirdim, şeir deyirdim. Tədbirlərin təşkilatçısı olurdum. Hətta məktəb qəzetini də mən hazırlayırdım. Amma ailədə baş verən problemlər buna mane oldu. Tükənirdim. Valideynlərimlə bir yerdə qalırdıq, amma ikisindən də məhrum idim. Eyni evdə qalasan, amma valideyn həsrətində olasan. Amma onu deyim ki, məni sevirlər”.

- Sonra nə oldu?

- Get-gedə hər şeydən soyudum. Bənövşə xorundan, musiqi məktəbindən, ədəbiyyat dərnəyindən çıxdım. Qəribə olsa da, mən ərgənliyimi 10-12 yaş arası yaşamışam. Bir az böyüdüm. Başladı avaraçılıq. Məktəbdə davamiyyətim pisləşdi, davalarım çoxaldı. Qız sevdim, onun dərdinə düşdüm. 4-cü sinifdə rus sektorunda oxuyan bir qıza aşiq oldum. Sadəcə 8-ci sinifdə oxuyanda ona yaxınlaşıb salam verə bilmişdim. 6 il davam elədi. Qarşılıqsız. Gözümün qabağında başqalarını sevirdi. Dərslərin tez bitməsini istəyirdim ki, onu görüm. İlk davalarım elə ona görə olub. Adi davalar yox. Hay-küylü. Belə-belə qoşuldum “qaqalara”. Onlar kimi təsbəh fırlatmırdım, beş barmaq gəzdirmirdim. Geyimim onlar kimi deyildi. Amma onların etdiyi söhbətləri edirdim. Necə oldusa, mənə çox insan hörmət etməyə başladı. 13 yaşım olanda adi bir davama görə 50-60 nəfər yığılmışdı. Çoxunu tanımırdım. Deyirdilər, Nihadın davasına gəlmişik. Hörmət sahibi idim. Heç özüm də bilmirəm niyə. Əvvəllər xoşum gəlirdi. Hamı məndən çəkinirdi. Özümdən böyüklər mənlə çox ehtiyatlı danışırdılar. Baxma da “Zavağzalni”də böyüyəndə belə olur. – gülür.

- Belə biri olduğuna adamın inanmağı gəlmir.

- Hə, - gülümsünür, - sonralar bezdim bu söz-söhbətdən. Valideynlərim ayrılanda qonşular mənə tərbiyəsiz deyirdilər. Söz vermişdim ki, belə olmayacam. Özümə dedim ki, Nihad, sən belə olmamalısan. Sən gələcəkdə elə bir adam olmalısan ki, sənə tərbiyəsiz deyən qonşular, qohumlar bu sözlərinə görə peşman olsun. Bir dəfəlik uzaqlaşdım davadan-söhbətdən. Bütün dalaşdığım uşaqlarla da barışdım. Aramı yaxşı elədim. Sonra başladım yenidən yaradıcılıqla məşğul olmağa. Yavaş-yavaş. Tələsmədən. Tələsmədən də deyirəm, amma əslində çox tələsmişəm. Yaşım azdı, dönüb arxama baxıram ki, nə qədər şeylər yaşamışam, etmişəm. Bu yaşda bu qədər şey çoxdu.

“Homoseksual rolu ilə bacarmıram”

- Aktyorluq da ağır yükdür.

- Hə, elədir, amma on iki yaşımda məktəblərarası keçirilən “Şən və hazırcavablar klubu”nun üzvü idim. Kiçik səhnəciklər hazırlayırdıq və ayda bir dəfə “Aktyorlar evi”ndə çıxış edirdik. Bir dəfə bu yarışmanın qalibi olmuşduq. Elə o vaxtdan teatrla məşğul olmaq istədim - daha ciddi teatrla. 2013-cü ildə məni yeni fəaliyyətə başlayan teatr qrupuna dəvət etdilər. Burada teatrla bağlı müxtəlif şeylər öyrənirdik. Sonra Oda Teatrı yarandı və beləcə teatr həyatım başladı. Bu sahədə İlqar Cahangir, İmam Həsənov, Elmin Bədəlov, Niyaz İlyasoğlu və Könül Şahbazova mənə dəstək olublar. Ən azından bir şey öyrədiblər.

- Maraqlıdır. Aktyor kimi ilk dəfə səni Oda Teatrında homoseksual rolunda gördük… - gülürəm.

- Bu barədə çox danışmışam. Hiss edirəm ki, daha əvvəlki kimi homoseksual rolunu oynaya bilmirəm. Alınmır daha. Məncə, başqa aktyorun öhdəsinə verilməlidi.

- “Stop” tamaşasında oynadın uzun müddətdən sonra.

- Hə, o rolda da “çurban” eləyiblər. – gülürük.

“Çılpaq qızın bədəni mənim üçün kadrdır”

- Həm də fotoqrafsan…

- Mənim üçün fotoqrafiya böyük sənətdi. Fotoqrafiyanın sonu yoxdur. Aparatın dilini bilməklə bu sənəti öyrənmiş hesab oluna bilməzsən. Kadrı çəkmək hər şey demək deyil. Kadrı hiss eləmək, duymaq lazımdır. İnsanların adi gözlə gördüyünü sən fərqli rakursdan görməlisən. Bu o demək deyil ki, əyil və ya yerə uzanıb çək. Bu tamam başqa şeydir.

- Fotoqraflar yaman çoxalıb. Hara baxırsan, hərənin əlində bir aparat…

- Bu sənətə çoxları gəlir. Qoy gəlsinlər. Qız tutmaq istəyirlər, işimiz yoxdur, tutsunlar. Sənət onu ürəkdən sevməyəni istənilən halda özündən uzaq tutur. Mən bu sənətə çox hörmət edirəm. Qızlar isə vecimə deyil.

- Yaxşı da, heç qız şəkli çəkməmisən? – gülürəm.

- Çəkmişəm, amma mənim üçün işim vacibdir. Əgər bu sənətin hesabına beynimdən qızla tanış olmaq kimi bir fikir keçsə bir də əlimə fotoaparat almaram. Xarakterimə görə yox, əlimdə tutduğum fotoaparata görə hansısa qızın məndən xoşu gəlirsə, düşünürəm ki, o qız xaraktersizin böyüyüdür. Bir neçə dəfə çılpaq qız fotoları çəkmişəm. İnsanlar soruşur ki, o qızlarla aranda nə isə olub? Qarşımda duran çılpaq qızın bədəni mənim üçün sadəcə kadrdır. O an sadəcə olaraq gözəl bir kadr haqqında düşünürəm. Amma düzünü deyim sonradan fotolara baxanda ehtiraslanıram, amma heç vaxt bunu həmin qızlara demirəm. – gülür. - Ola bilər indi bunu dediklərimi oxuyurlar. Üzrlü hesab eləsinlər. Bəlkə də onlarlıq məsələ deyil, özüm işimdən ehtiraslanıram.

Sonra belə bir əhvalat danışır:

“Bir dəfə bir qızla tanış oldum, məndən xoşu gəldiyini dedi. Danışırdıq bir neçə gün. Mənlə münasibət qurmaq istəyirdi. Yəni mən də belə düşünürdüm. Bir gün yazdı ki, çılpaq fotolarımı çək. Hələ sevgili olmamışdıq deyə razılaşmadım. Səbəbini soruşdu, dedim ki, çılpaq qadın çəkəndən sonra onunla heç cürə münasibətdə ola bilmirəm. Yəni qızı seçim qarşısında qoydum. Ya çılpaq çəkəcəkdim, sağollaşacaqdıq, ya da ki, normal münasibət quracaqdıq. Həqiqətən özümü istifadə etmiş kimi hiss edirəm belə olan halda. Bunu da qəbul edə bilmərəm. Mən yaxşı kadrlar dərdindəyəm, əgər bu işin hesabına kimləsə münasibət qururamsa, özümü çox pis hiss edərəm. Lap istəyir dünyanın ən gözəl qızı olsun, amma yenə də ürəyimdə xal qalır. Mən də xalı uşaqlıqdan sevmirəm. Qız sonda yazdı ki, fotosessiya qalsın, mən səni seçirəm. - gülür. - Hər nəysə, fotoqrafiya tək qadın bədənindən ibarət deyil. Əslində bu söhbətlər mənim üçün həm ciddi, həm də bir o qədər qeyri-ciddidir. Ümumiyyətlə, qadınlardan belə çox danışdığımız üçün əsəbiləşdim. Bəsdir.

- Yaxşı. Yaradıcı adamsan, yaradıcı adamlar bir az eqoist, özünü bəyənmiş olur. Səndə də belədir? İnsanlarla necə ünsiyyət qurursan?

- Bəzən deyirlər ki, çox adamla yola getmirsən, çoxunu xoşu gəlmir səndən. Uşaq vaxtından tək olmağa öyrəşmişəm, təkcə böyük qardaşım Nicatla vaxt keçirirdim. Çox az hallarda dostlarım olurdu. İndidə elədir. Ətrafımda çalışıram az insan olsun. Ona görə də digərlərinə qarşı elə bir münasibət yaradıram ki, çox da yaxın olmayaq. Çox tanış olması yaxşıdır, amma dost yox. Dost az olar. Mən də hiss edirəm ki, çoxunun məndən xoşu gəlmir. Deyirlər, kobuddur, yerini bilmir, elədir-belədir. Amma mən insanların belə düşünməsi üçün heç nə eləməmişəm. Çalışıram hamıyla mehriban olum, amma çox yaxın olmayım. Vallah heç kimə ziyanım yoxdu. Sadəcə olaraq, kimə qarşı nə düşünürəmsə, onu də deyirəm. Ən azından hiss elətdirirəm. Məncə bu yaxşıdır. Süni gülümsəməkdənsə, xoş sözlərdənsə, belə yaxşıdır. Olur ki, bəzən kiminsə haqqında danışıram, sonra həmin adamla rastlaşanda onun özünə də deyirəm ki, filankəsə sənin haqqında belə demişəm. Əgər buna görədirsə, qoy olsun elə. Həmişə istəmirəm ki, mənə yaxın insanlara bacardığım qədər kömək edim. Əlimdən nə gəlirsə. Etmişəm də, amma axırda onlarda mənə nifrət edib, haqqımda neqativ şeylər danışıblar. Bir də bəzən olur məndən yaşca böyüklər mənim gördüyüm işlərə qarşı paxıllıq ediblər, ona görə onların daxilində də mənə qarşı neqativ fikir formalaşır. Amma bütün bunlara baxmayaraq, insan tanımağı sevən adamam. Çalışıram vaxtım olduğu müddətdə fərqli insanlar tanıyım. Qız və ya oğlan fərqi yoxdur. Onlarla ünsiyyətdə oluram. Onları özüm üçün kəşf etməyə çalışıram. Sosial şəbəkədə dostluğumda iki mindən çox insan var. Onun 90%-i qiyabi də olsa tanıyıram. İnsan tanımaq hobbidir. Bu mənim şəxsi inkişafıma böyük təsir göstərir.

Amma təəssüf ki, bizimkilər bunu bacarmır. Oğlanla ünsiyyət qurursan, özünü “açıb-buraxır”, bir az keçir başlayır söyüşlə danışmağa, sözün əsl mənasında özünü yaxın hiss edir. Qızla da danışırsan, elə bilir ki, onunla sevgili olmaq istəyirsən. Hələ gedib rəfiqələrinə danışan da var ki, Nihad mənə girişir. Necəsən?” yazıb mənə (Gülür).

Danışdığım qızlardan biri mənə çox dəhşətli bir şey danışmışdı. Deməli, qız rəfiqəsinin evində qalıb, iki oğlan, iki qız olublar. Rəfiqəsi ilə bir oğlan sevgili imiş. Digər oğlan da həmin bu qıza girişmək istəyirmiş. Qızın da bu oğlandan xoşu gəlməyib. Hər dəfə onun baxışlarını belə kobud şəkildə rədd edirmiş. Oyun oynayıblar, elə olub ki, oğlan rəqs edib. Oğlanın tər qoxusu qıza ölən atasının qoxusunu xatırladıb. Ondan sonra həmin oğlanla sevişməyə başlayıb. Çox dəhşətli bir söhbətdir. Bax belə hadisələri öz-özünə öyrənmək olmur. Gərək insanları tanıyasan, onlarla dərdləşəsən, eybi yox onlar sənə nifrət eləsə belə .

- İndi nə ilə məşğulsan?

- Yaxın zamanlarda bir filmin çəkilişlərinə başlayacam. Bəzi boşluqlar var ona görə tələsmirəm. Həmdə maliyyə dəstəyi lazımdır. Onu deyim ki, indi bunu oxuyanlar deyəcək ki, bir-iki foto çəkib, indi də film çəkir kişinin oğlu (Gülür). - Amma yaxşı olacağına əminəm.

# 2787 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
# # #