Toyuna da getmədim, yasına da... – Samirə Əşrəf yazır...

Toyuna da getmədim, yasına da... – <span style="color:red;">Samirə Əşrəf yazır...
2 aprel 2019
# 16:12

Kulis.az Samirə Əşrəfin “Göyərən otlar...” adlı yazısını təqdim edir.

Yolu tutub gedirəm. Gün hələ səhər yuxusundan ayılmayıb. Havanın rəngi eyni ilə sənin məsləhət gördüyün filmlərdəki kimi tünd-göy, açıq bənövşəyi fonları xatırladır.

Bura, bu marşruta qədər necə gəlib çıxdığımı xatırlamıram. Bircə o yadımdadır ki, sənin ölüm xəbərini düz qırx gün əvvəl səhər vaxtı kiminsə profilindəki paylaşımdan oxudum. Bir neçə dəqiqə nə baş verdiyini anlamağa, oxuduğum sözlərin həqiqiliyini və ya yalan olduğunu kəsdirməyə sərf etdim. Ardınca dəhşətli dərəcədə ağlamaq istəyi, bunu heç cür bacara bilməməyin əzabını yaşadım. Sonrakı bu qırx gündə əlbəttə ki, göz yaşı borclarımı artıqlaması ilə ödədim.

Elə ilk andan qarşıma çıxan ilk ortaq dostdan səni xəbər aldım. Necə oldu, nə baş verdi? Hələ ölməməliydi axı, hələ yenicə evlənmişdi, çox cavan idi, dünyanı gəzib dolaşmaq istəyi, arzuları sinəsindən aşıb daşırdı. Sinəsindən...

O, sinədə döyünən ürəkdə yüzlərlə arzuların xəyalını qururdu, gerçəkləşdirə bildiklərini gerçəkləşdirir, bilmədiklərini isə elə ürəyində dəfn edirdi.

Necə ki, yazıçı ola bilmək, film çəkmək, rejissor diplomunu universitetdən təhvil almaq kimi istəklərinin üstündən həmişəlik xətt çəkmişdi.

Səhhətini xəbər almağı xoşlamazdı. Soruşanda yaxşıyam, dərmanlarımı da atıram deyirdi. Sən demə valerian, pişikotu, melisa tərkibli dərmanlar ürəyinə məlhəm ola bilmədi.

İndi bu yol məni hara aparır deyə hərdən başımı sağa-sola çevirirəm. Ətrafda heç kim yoxdur. Sanki hər şey yuxudur. Bəlkə doğurdan da yuxudur. Axı bu qədər uzunluqda kimsiz, kimsəsiz yol olmaz!

Ötüb keçən bu qırx gün ərzində az qala hər gün evinizə gəlmək, qapınızın kandarına bağlanan qara qadın örpəyinin altından keçmək, həyətdə əkdiyin bənövşəyi zanbaqların, rəngbərəng qızılgüllərin düyünçələrindən qalxan ətri sinəmə çəkmək, mağarın başından vurulmuş ən gözəl rəsminə baxmaq, sonra göz yaşlarımı yaxamdan asdığım yaylığın kənarı ilə silmək istədim. Ancaq bacarmadım. Toyuna gələ bilmədimsə, yasına necə gəlim? Çətin olur əziz insanların bir də heç vaxt olmayacağı yerlərə baş çəkmək, onların əl izlərini divarların rəngində, qapıların dəstəyində, masaların üzərində görmək.

Deyirlər, hər şey bir anda, qəfildən, gözlənilmədən baş verib. Bir saniyənin içərisində ürəyini tutmusan və...

Həkimlər sənə çatana qədər, sən o dünyaya çatmısan. Həmin anda yanında olan adamlar indi bir ömür boyu o anı necə unutsunlar? Onların bütün həyatı sənin bir anınla zədələnib artıq. Ətrafındakı insanlar, doğmaların, yaxınların, dostların, hamımız, elə sən özün də həmişə bu andan qorxduq. İçimizdə həmişə bu qorxu ilə gəzib dolandıq. Bilirdik ki, hələ cavan da olsa ürəyin bir dəfə sənə xəyanət edib. Ürəyinin növbəti xəyanəti amansız oldu.

Bəlkə də ona görə hərdən dostlarını acılayırdın, heç kimin səni çox, ürəkdən sevməyini istəmirdin, özün də heç kimə çox bağlanmırdın. Tez-tez zarafata salıb, xəstə, narahat adamam deyirdin.

Kinonu çox sevirdin, kinonu sevənləri də. Kino sevgisi, duyumu olan insanlar bir başqadır deyirdin. Hə, bir də gürcü musiqisinə qəribə məhəbbətin vardı. İndi bir vaxtlar bizə məsləhət gördüyün hər filmdə, hər musiqidə yaşayırsan.

Üst-üstə yığılan bu qarmaqarışıq yaslı-yaralı düşüncələr yaddaşımı narahat etdikcə yol da uzanır, hava isə açılmaq bilmir, eləcə alatoranlıqdır...

Ananı, əjdaha adlandırdığın qadını düşünürəm. Nə edir indi o qadın? Əzrayılın qarasına nə qədər qarğış edir, sənə necə layla çalıb, nə cür ağı deyir, necə dözür sənsizliyə? Hər kəsdən çox o qadını sevirdin. Sənə yaxşı tərbiyə verdiyinə, dünya qədər azadlıq bəxş etdiyinə görə anana vurğun idin. Bəstəboy, sarıbəniz, yorğun baxışlı, səninlə nəfəs alan qadın sənə verdiyi azadlığa görə indi peşmançılıq çəkirmi? Axı sən həmin azadlığın hüdudlarını dağıtdın, həmin azadlığın havası ilə baş götürüb bu dünyadan o dünyaya getdin.

Bayaqdan düşüncələrimə yoldaşlıq edən yol da qəfildən bitir. Özümü ucsuz-bucaqsız məzarlıqda görürəm. Sənin məzarını axtarıram. Necə tapım? Ətrafda kimsə yoxdur. Bir mənəm, bir də dilsiz-ağızsız qəbirlər. Uzaqdan bir qaraltı sezirəm. Deyəsən ya molla, ya da məzarlıq gözətçisidir. Yaşlı, üz gözünə saqqal daraşmış qoca mənə yaxınlaşır...

- Kimi axtarırsan bala?

- Bir oğlanı.

- Adı?

Necə deyim, hansı formada izah edim? Sənə ölmüş deməyə dilim gəlmir axı...

- Kamran.

- Soyadı?

- Su.

- Su?

- ...

- Təzədir?

- ...

- Təzələr bax, o tərəfdədir, lap girəcəkdə...

Qocanın əlinin tuşladığı səmtə baxıram. Uzaqdan da olsa sənin məzarını tapıram. Külək vurduqca yeri yenicə sulanmış məzarının üzərindəki qırmızı ipək, sənin cavanlıq rəmzin dalğalanmağa başlayır...

Sonra təngnəfəslik basır sinəmi. Üstünə səpilən qərənfillərə, düzülən bənövşələrə, məzarından göyərən otlara yaxın düşə bilməyəcəyimi anlayıram.

İlahi, biz elə bilirdik ki, öləndən sonra heç otlar da göyərməz. Amma göyərirmiş.

Bayram səmənisini məzarın üzərində göyərtmisən. Onların belinə ananın, bacının göz yaşlarında islanmış qızılgül ləçəklərindən kəmər də taxmısan.

Qaçdıqca qaçıram, qəbrində göyərən otların qoxusundan uzaqlaşıram. Məzarlıqda qalan qocanın səsi də arxamca qaçır...

Ayılıram. Hər şey olduğu kimidir. Bu gün sənin qırxındır. Üstünə qalaqlanan torpaqlar bu qırx gündə bir az da bərkiyib, bir az da daşlaşıb. Amma sən hər zaman qəlbimdə kövrək xasiyyətli, təmiz ürəkli, utanan kimi baxışlarını aşağı endirən, uzun kirpiklərinin kölgəsinə sığınan doğma insan, əziz dost kimi qalacaqsan.

# 5932 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
#
#
# # #