“Türkologiya” jurnalının nəzdində yaradılan seminarın ilk toplantısı olub

“Türkologiya” jurnalının nəzdində yaradılan seminarın ilk toplantısı olub
17 noyabr 2016
# 13:13

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə keçirilən Birinci Türkoloji Qurultayın 90 illik yubiley tədbirləri çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın nüfuzlu türkoloq alimləri AMEA Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının redaksiyasında jurnalın baş redaktoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə yaradılan seminarın ilk toplantısı olub.

Görüşdə Qazi Universiteti Türk dili və ədəbiyyatı bölümü başqanı Ahmet Bican Ercilasun, İstanbul Universitetinin Türk dili və ədəbiyyatı bölüm başqanı Osman Fikri Sərtqaya, professor Ayşegül Sərtqaya, Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Türk Dünyası Araşdırmaları Mərkəzinin direktoru Fikrət Türkmən, türkoloq alimlər Nesrin Bayraktar, Dilek Eren, Binnur Eren, Mustafa Samet Kumanlı, AMEA Humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli, AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, AMEA Dilçilik İnstitutnun Türk Dilləri şöbəsinin müdiri Aygül Hacıyeva, Bakı Dövlət Universitetinin professorları Ramiz Əsgər, Elbrus Əzizov və başqaları iştirak edib.

Seminara həmçinin Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və Odlar Yurdu Universitetlərinin SABAH qrupunun üzvləri olan tələbələr də qatılıb.

İlk seminar-məşğələ akademik Kamal Abdullayevin moderatorluğu ilə baş tutub.

Akademik Kamal Abdulla qonaqları salamlayaraq onların Bakıdakı gənc türkoloqlarla görüşünü təşkil etməsindən məmnunluq duyduğunu bildirib: “Türkiyə, Özbəkistan, Tatarıstan, Qazaxıstan, Özbəkistandan bizə qonaq gələn bütün alimləri salamlayıram. Düşünürəm ki, yeni nəsil daha şanslıdır, bu gənclər çox xoşbəxtdirlər, çünki onların yaşında bizə öz ustadlarımızı, dünyaca məşhur alimləri bir yerdə görmək nəsib olmadı, ancaq əsərlərini oxumağa çalışdıq. Tələbəlik illərimizdə önümüzdə dəmir hasar çəkilmişdi və o hasar imkan vermirdi ki, türk alimləri o zaman SSRİ adlanan bir ölkəyə gəlsinlər, yaxud burdan başqa ölkəyə gedib türkoloqlarla görüşsünlər. Yaşlı nəsil bunu yaxşı xatırlayar, əgər belə bir görüş baş versəydi də, bu son dərəcə nadir, son dərəcə fövqəladə hadisə hesab olunurdu.

“Türkologiya” jurnalının nəzdində yaradılan bu seminarın əsas məqsədi türkologiya elminin nailiyyət və problemlərini görkəmli türkoloqların birgə iştirakı müzakirə etmək, gənc türkoloqları bu elmin canlı əfsanələri ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdən ibarətdir.

Biz seminarı bu qüvvələrlə, sabah bunlara qatılan başqa qüvvələrlə davam etdirməyi, sözügedən dərginin konfrans, dəyirmi masa şəklində əlavələrini dərc etməyi də düşünürük. O əlavələri bizim seminarın üzvləri müəyyənləşdirəcəklər. Bu, hansısa türkoloji problemin araşdırılması, yaxud da türkologiyanın hansısa sahəsi ilə bağlı mövzunun öyrənilməsi ola bilər. Bu seminarın əhəmiyyəti həm də ondadır ki, burada elm və təhsilin qarşılıqlı vəhdəti öz əksini tapacaq. Bununla bağlı biz həm başqa ölkələrdən dostlarımızı dəvət edə biləcəyik, həm də Azərbaycan universitetlərinin alimləri ilə əməkdaşlığı davam etdirəcəyik. Çalışacağıq ki, bu seminarlar ancaq öyrənmə məqsədli olmaqla qalmayıb, eyni zamanda türkoloji sahədə yeni ideyaları ortaya atan və müdafiə edə bilən ciddi elmi qüvvəyə çevrilsin. Bunun üçün biz əlimizdən gələni etməyə hazırıq”.

Osman Fikri Sərtqaya çıxışında görkəmli türkoloq alimlər Əhməd Cəfəroğlu və Muharrem Erginlə olan tanışlıq tarixçəsini, türkologiya sahəsinin böyük biliciləri ilə bağlı xatirələrini seminar iştirakçıları ilə bölüşüb. Alim türkoloji sahədə ən mühüm nəşrlərdən olan keçmiş “Sovetskaya türkologiya” jurnalının xələfi olan “Türkologiya “ dərgisinin nəşri tarixi, əhəmiyyəti və türkoloji düşüncənin formalaşmasına verdiyi töhfələrdən söz açıb. Alim həmin dərginin bütün saylarını ardıcıllıqla yığıb saxladığını diqqətə çatdırdı: “ Əziz gənclər, bilirsinizmi bu xatirələri niyə danışdım? Mənim kimi olmağınızı, “Türkologiya” dərgisinin hər nömrəsinə sarılmağınızı, bu qiymətli irsə sahib çıxmağınızı arzulayıram. Yazın-pozun, dostlarınızı bu dərgiyə gətirin, həm özünüz, həm də yoldaşlarınız bu doğma ab-havanı hiss etsin. Bu şəkildə çoxalıb arta bilərik”.

Teymur Kərimli bu günlərin çox önəmli olduğunu və Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Əhməd Bican Ercilasun seminarın önəmini belə ifadə edib: “ Mən ilk dəfə burda bir dərginin seminar təşkil etdiyini gördüm. Dərginin seminar təşkil etmək ideyasının müəllifi yalnız Kamal Abdulla kimi təşkilatçı zehniyyətə sahib alim ola bilərdi. Bu, dərgi üçün çox əhəmiyyətlidir, yəni, dərgi öz ətrafında mədəniyyət çevrəsi yaradır. Bu seminarlara qatılmaq gənclər üçün fövqəladə önəmlidir. İnanıram ki, azərbaycanlı alimlərlə birgə “Türkologiya” jurnalının nəzdində yaradılan seminarda, bizim hamımızı bir araya yığan türkologiya kəlməsinin işığında bir cəmiyyət yaradaraq bu sahədəki bir çox mövzulara aydınlıq gətirəcəyik, bir çox problemləri çözməyi bacaracağıq. Düşünürəm ki, soy-kökümüzü mütləq öyrənəlim, amma tarixdəki türklər kimi dünyaya, xüsusilə də dünya elminə açıq olmağımız əsas şərtdir”.

Türkoloq alim Ayşəgül Sərtqaya bu seminarın təşkili təşəbbüsünü irəli sürən akademik Kamal Abdullanın öngörümə və fərqli düşüncəyə sahib olduğunun göstəricisi kimi dəyərləndirib. Alim araşdırma mövzusu olan uyğur əlifbası, dili və ədəbiyyatı ilə bağlı fikirlərini bölüşüb.

9 Eylül Universitetinin müəllimi Gülmira Kuruoğlu çalışdığı psixolinqvistika və neyrolinqvistika sahəsi ilə bağlı mülahizələrini toplantı iştirakçılarının diqqətinə çatdırıb və bu sahədə türkologiya ilə bağlantısı olan məqalələrlə jurnalla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Professor Fikrət Türkmən türkologiya sahəsində toplanmış bilik və təcrübənin gələcək nəslə ötürülməsi baxımından seminarın təşkilini yüksək qiymətləndirib və bu işin uğurla davam edəcəyinə ümidvar olduğunu qeyd edib. Alim türkologiyanın əsas vəzifəsini türk düşüncə formasının dünyanı qəbul etmə şəkli kimi səciyyələndirib və türk dastanlarındakı folklor elementləri ilə bağlı məruzə edib.

Toplantıda növbəti seminarın mövzusu olaraq Əhməd Bican Ercilasunun “Başlanğıcdan iyirminci əsrə - Türk dil tarixi” kitabının müzakirəsinin aparılması nəzərdə tutulub.

Seminarın sonunda türkoloq alimlər tələbələri maraqlandıran sualları cavablandırıblar.

Sevinc Mürvətqızı

# 1344 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
# # #