Yetim Eyvaz: “Dedim, xala, öz ərinə gücün çatmır, məni danlayırsan?”

Yetim Eyvaz: “Dedim, xala, öz ərinə gücün çatmır, məni danlayırsan?”
19 fevral 2016
# 08:30

Kulisin Yeməli Söhbət layihəsinin qonağı tanınmış şair Yetim Eyvazdır. Şairlə paytaxtda yerləşən kafelərin birində görüşüb söhbətləşdik.

- Şair, necəsiz?

- Şükür allaha, yaxşıyam. Nə qabaqda gedirəm, nə də arxada. Ortada gedirəm. Elə ortabab da yaşayıram. Bu yaxınlarda əməliyyat olunmuşdum. İndi yaxşıyam. Həkim mənə dedi ki, içmə. Dedim, doktor, mən necə içməyim. Ömür boyu camaata demişəm ki, “pənco-pənco vurasan gərək”. İndi mən camaata necə deyim ki, pəhriz saxlayın. Alnıma nə yazılıbsa onu da yaşayacam.

- Yeməklə aranız necədir?

- Bizim rayonun şah yeməyi küftə-bozbaşdır. Mən özüm Allah verəndən yeyirəm. Amma o qədər də çox yeyən deyiləm. Qışda xəmir xörəklərini, yayda toyuq, pomidor çığırtmasını xoşlayıram. Sosiska-kolbasa ilə aram yoxdur. Deyirlər, bu sosiska halaldır. Mənə çatmır ki, sosiska-kolbasa nə vaxtdan halal olub. Bunun adını Azərbaycan dilində qoya bilməmişik. Rus necə deyirsə biz də elə deyirik. Mən qorxuram ki, bizim unumuz da haram olsun. Özüm bütün yeməkləri bişirə bilirəm. Bir gün gəlin Qalaaltına (yaşadığı Siyəzən rayonunun Qalaaltı kəndini nəzərdə tutur – red.) sizə yaxşı yeməklər bişirim. Belə danışmaqla izah edə bilmirəm.

- Təbiət qoynunda yeyib-içməklə aranız necədir?

- Mən çox xoşbəxt bir kənddə yaşayıram. Təzə yol çəkiblər. Bizim orda obyektlər var idi. Hamısı söküldü. Gəlib dedilər ki, sökülməlidir. Dedim, baş üstə. Hökumətlə hökumətlik eləməyəcəm ki. Amma bircə xahişim var, manqalla şiş qalsın. Traktor sürəni, fəhlələri çağırdım. Dedim, sizinlə pənco- pənco vuracam. Bir quzu cəmdəyi qalmışdı soyuducuda. Onu şişə çəkib fəhlələrlə yeyib içdim. Bunların müdirləri gəlib çıxdı. Türk idi. Dedi, niyə içirsiz. Dedim, ay qardaş, saat 7-yə 20 dəqiqə işləyib. Sizin iş 20 dəqiqədir qurtarıb. Qoy araqlarını içsinlər. Dedi, abi. Dedim, beş ildi burdasan, hələ bizim dilimizi öyrənməmisən. Otur sən də iç.

- Sizcə, arağı necə içmək lazımdır?

- Nizaminin bir misrası var. Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. 2 litrdən artıq su içmək mümkün deyil. Mən şeirimdə deyirəm ki, artıq yeyiləndə pomidor da haramdır. Dünyanın ən böyük loğmanı İbn Sinadır. İbn Sina deyir, o şeyi iç ki, bu yandan baxanda o yanı görünsün. Bunu bir araqda görürsən, bir də suda. Ona görə, araq içirəm. İnsan var ki, arağı suyla içir. Mən ömrüm boyu arağı mineral sularla içmişəm. Canımın qədrin bilmirəm. İndi də altın çəkirəm.

- Dieta saxlayırsız?

- Mənim dünyada 2 şeydən acığım gəlir. Biri kosmetika, biri də dieta. Bizim Reyhan Müslümova adlı gözəl bir müğənnimiz var idi. Türk qardaşlarımız buralara təzə-təzə gələndə bunun bədənində piyləri əməliyyatla götürmək istədilər. Amma alınmadı. Reyhan xanım əməliyyatdan sağ çıxmadı. İndi ona Xırdalan qəbiristanlığında 1 milyonluq heykəl qoyublar. Mən ordan keçəndə ona salavat çevirirəm. Öz-özümə deyirəm, ay bacı, sənə lazım idi? Sən nə qədər kökəlsən də “Toppuş” bacıdan kök olmayacaqdın ki.

- Son vaxtlar efirdə görünmürsüz.

- Efir mənlik deyil. Mənim üçün efir, xalqıma küçədə baxmaqdır.

- Xalqa baxanda nə görürsünüz?

- Açığı o qədər də yaxşı görünmür. Mən bu gün Bakıda ürəkdən gülən adam görmürəm. Bu gün Azərbaycanda olan insanların 92 faizi qır qazanında yanacaq. Amma xalqımız yavaş-yavaş dinə qayıdır. Mən özüm içki içən olsam da, Ramazan və Məhərrəm ayında içki içmirəm. Amma biz Kərbəla düzündə ölənləri yad etsək də, bizim uğurumuzda ölən şəhidlərimizi unuduruq. Hər ay Şəhidlər Xiyabanını ziyarət edirəm. Orda mənim dostlarım uyuyur.

Siyəzəndən Bakıya avtobusla gəlirdim. Gördüm bir yaşlı qadın mindi. Avtobusda cavanlara dedim ki, durun, yer verin. Mənə dedilər, bilet alıb avtobusa minmişik. Ayaq üstə Bakıya necə gedək? Dedim, siz 1 saat yarım ayaq üstə durmursuz, amma əsgərlər saatlarla Murovdağda postda dururlar.

Avtobusda baş verən hadisələrdən birini də danışım. Rayonlardan birindən Bakıya gəlirdim. Gördüm arxada oturan cavan uşaqlardan biri qışqırdı ki, tapdım. Dedim, a bala, nə tapdın? Dedi, krossvordda yazılıb ki, atın ayaqqabısı, biz də tapdıq, nal imiş. Dedim, bala, ata nal tapmısız e, xal tapmamısız.

- Şeirlərlə bağlı xanım oxucular zəng vurur?

- Əlbəttə. O gün gecə bir qız zəng vurub ki, şair, Bakıya yağış yağır. Dedim cəhənnəmə yağsın, neynəyim, gəlim yağışı dayandırım? Mən yağış şeirinə bir əlavə eləmişəm.

Yağ ay yağış

Hara yağırsan yağginən

Amma Sabirabada yağmaginən

Yağanda da az yağginən

Sən yağırsan Kür də daşır

Uçur gedir bəndlərimiz

Su altında xaraba qalır kəndlərimiz

Yenə evsiz qalır mənim gözəl qardaşlarım

Çadırlarda, mağaralarda çürüyürlər

Yağ ay yağış

Elimizə obamıza yağginən sən

Siyəzənə, Dəvəçiyə, Qubamıza yağginənsən

Ürəkdəki yaramıza yağginən sən

Sənə qurban olum Sabirabada yağmaginən

Yağanda da az yağginən

Bəzən xanım oxucular Qalaaltına da gəlib çıxır. Oturub söhbətləşib, Allah verəndən yeyib-içirik.

Məhəbbət söhbəti bir vaxtlar mod düşmüşdü. “Məni gör nə günə saldı məhəbbət” adlı şeirim var idi. Bunlara sübut etmək istədim ki, burda hansı məhəbbətdən söhbət gedə bilər?

Bu dünyada çox quyular qazılıb

Bu dünyada çox talelər pozulub

Məhəbbətdən gecə-gündüz

Fərhad Şirinə görə Fərhad olubdu

Bu gün dilimizdə bir ad olubdu

Dərindən düşün həyatın sonun

Odur yazılan gözəl, pozulmaz qanun

Leyli olmasaydı kim idi Məcnun

Bu gün dilimizdə bir ad olubdu

Fərhad Şirinə görə Fərhad olubdu

Od tutub əlimdə yanır bu qələm

Ciyərlər bağlayıb eyləyib vərəm

Əsli olmasaydı kim idi Kərəm

Oduna yananda fəryad olubdu

Fərhad Şirinə görə Fərhad olubdu

Sənin tarixin budur. Bunların içində heç kim qovuşmayıb. Ona görə, məhəbbət yoxdur.

- Kitabla aranız necədir?

- Mən dahilərin kitablarının hamısını, Nizami, Füzuli, Bayron, Şekspir, Sədi, Ömər Xəyyam, Şəhriyar, Səməd Vurğun, Əliağa Vahid, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Məmməd Arazı oxumuşam. Mikayıl Müşfiq mənim yerlimdir. Allah ona rəhmət eləsin. Heç qəbrinin yeri də bilinmir. Məmməd Arazın bu misraları heç vaxt yadımdan çıxmır.

Bir taleyin oyununda cütlənmiş zərik

Yüz il qoşa atılsaq da qoşa düşmərik

Bir zərrənin işığına milyonlar şərik

Dünya sənin, dünya mənim, dünya heç kimin.

Bəxtiyar Vahabzadədən bir bənd deyim

Yaşamaq yanmaqdır yanasan gərək

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa yaşamır demək

Onun da həyatı yanmağındadır.

Ramiz Rövşəni də əzbər bilirəm. Amma ondan heç nə deməyəcəm. Çünki buna ehtiyac yoxdur. Ramiz sözün deyib. Mən onu gözəl tanıyıram. Onunla telefonla danışırıq. Amma hələ üzbəüz oturmamışıq. Bəli, şair odur. Mən onların qabağında özümə şair deməyə utanıram. Xalqım məni çox istəyir. Hər yerindən duran şair olsaydı, onda Azərbaycanda adam qalmazdı.

Sizə bir az da kinodan danışım. Bu günə qədər altı Azərbaycan kinosuna baxmışam. “Arşın Mal Alan”, “O olmasın bu olsun”, “Arxadan vurulan zərbə”, “Görüş”. Bu filmlərdən xoşum gəlir. “Görüş” filmində Azərbaycanın iç üzünü çıxardıb qoyublar ortalığa. Mən Mirzə Ələkbər Sabirin “Millət necə tarac olur olsun, nə işim var” şeirinə nəzirə yazmışam.

Sənə min rəhmət Mirzə Ələkbər

Bu millət hələ də ayılmayıbdı

Millət sayırdılar avam millətlər

Bu isə millət kimi sayılmayıbdır.

Hərə özü üçün imarət qurub

Deyəsən, oxundan çıxıbdı dövran

Nadya, Vadya başda oturub

Yenə süpürgəsi qara Tükəzban

Puç olub, ay dədə, neçə arzular

Axşamı düşməmiş günümüz batdı

Deyirdin səs salma yatanlar durar

Yatanlar durdu, duranlar yatdı.

Bu gün manatı tanımayan oğlanların qapısında 6 dənə “CİP” var.

Mənim deputata yazdığım bir şeir var. Bu seçiləndə deyirdi ki, asfalt çəkdirəcəm, küçələrin hamısı işıqlı olacaq. Amma mən həmin deputatı 18 ildir görmürəm. Oturub bu deputata şeir yazdım. O şeir heç yerdə çıxmayıb. İstəyirəm elə sizə deyim.

Sənin kabinetin, katibən də var

Çöldə qara rəngli Mersedesində

Mənimsə içimi yeyir dərd, qubar

Boğulub qalmışam qəm pərdəsində

Səni xalqın seçib, xalqa vəkilsən

Xalqından uzaqsan bu gün beş ağac

Gör kimlər üçün göylər tökürsən

Səni seçənlərsə çörəyə möhtac

Milləti qoymusuz bu gün araya

Çatan yoxdur qardaş, dərdə haraya

Baxıram araldan baxıram sənə

Həyətin dönübdü avtobazaya.

Azalt surətini bir az da yavaş

Qarşıda keçilməz dağ olacaqdı

Mən bez geyinirəm, sənsə al qumaş

Narahat olma, kəfənimiz ağ olacaqdı.

Bu gün qəzet oxuyurdum. İlhamə Quliyevadan yazmışdılar. Belə işlər vallah ayıbdır. Televiziyadan bu cür davaları yığışdırmaq lazımdır. İlhamə xanım Elza Seyidcahandan 1 milyon istəyir. Elzanın 1 milyonu yoxdu axı. Onun 1 milyonu olsaydı deputat seçilərdidə. İlhamə Quliyeva vaxtı ilə gözəl muğənni olub. Mənim onun atasına, anasına hörmətim var. Mən onun atasına, anasına qulaq asanda İlhamə balaca uşaq idi. İki gündən sonra gəlib məni də məhkəməyə verəcək.

Nə vaxt televizora baxıram müğənnilər ordadı. Bunların evi-eşiyi yoxdur? Geyinib-kecinib, efirdə oxuyurlar. Sonra deyirlər ki, geyimimə görə filankəsə minnətdaram. Kişsiən get əyninə paltar al geyin də.

- Toylarla aranız necədir?

- İndiki toylar heç vaxt o vaxtki, toylara çatmaz. İndi toylar sintezatorlar olur. Bu dəqiqə toyda əsas fiqur sintezatordur. Sintezatorla gəlin gətirirlər. Belə olmaz. Mənim toyda Alim Qasımovla duetim olub. Təsadüfən bir toya getmişdim. Mən şeir dedim, o da muğam oxudu. Mən şeir deyən yerdə muğənni gəlib mahnı oxuya bilməz. Mən qəbul edə bilmirəm.

Bu yaxınlarda Manaf Ağayevlə birgə şeir demişəm. Mən şeir demişəm, onlar oxuyub. Mənim şeir deməyim Manafa ləzzət eləmişdi.

- Toylarda başınıza gələn maraqlı əhvalatlardan danışardınız.

- Toylarda o qədər maraqlı işlər olub ki. Rayonlardan birinə məni toya çağırmışdılar. Demək, səhnəyə yaxın bir stulda 7-8 nəfər yaşlı adam oturmuşdu. Həmin stulda oturan bütün kişilər içirdi, bir nəfərdən başqa. O yetim də içmək istəyirdi. Amma əlin hər badəyə uzadanda arvadı əlindən vururdu. Həmin adam məndən xahiş elədi ki, şair, ”pənco-pənco” şeirində de də. O şeir də belə bir yer var.

Sağında, solunda tar kaman ilə,

Ya da gözəl, qəşəng bir canan ilə ,

Ürəkdən gülüncə vurasan gərək.

Mən şeiri deyib qurtarandan sonra bu əlində içi dolu iki badədə araq gətirdi. Arağı içdik. Sonra bu ağsaqqal gedib arvadının üzündən öpdü. Bəlkə heç 50 ildir arvadını öpmür. Həmin bu yaşlı qadın mənə dedi ki, ay oğul, bu nədir oxudun? Gərək araqdan oxuyaydın? Başqa şeydən oxu da? Dedim, ay xala, öz ərinə gücün çatmır, məni niyə danlayırsan?

- Sonda nəsə demək istəyirsiz?

- Mən bunu şeirlə demək istəyirəm.

Bir sözüm var deyirəm sənə

Vallah getməliyəm salamat qalın

Mən də bir şairəm qulaq as mənə

Vallah getməliyəm salamat qalın

Gəldim gördüm sizin gözəl halınızı

Açdız mənə qanadınıznan qolunuzu

Qalaaltında gözləyəcəm yolunuzu

Atam, mən gedirəm salamat qalın

Sevmişəm mən nə qədər ürək

Allah hamımıza özü olsun kömək

Bir gün balanın toyuna gələk

Atam, mən gedirəm salamat qalın

# 5177 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #