Yazıçılar  “Əli və Nino”ya od püskürdü MÖVQELƏR

Yazıçılar  “Əli və Nino”ya od püskürdü <span style="color:red;">MÖVQELƏR
29 may 2015
# 14:06

“Əli və Nino”nun Qan Turalının yeni çap edilmiş “Doqquz hekayə” kitabı satmaqdan imtina etməsi ədəbi ictimaiyyətdə sərt reaksiyalara səbəb olub. Kulis yazıçıların məsələyə münasibətini təqdim edir.

Etimad Başkeçid: “Əli və Nino”nun fəaliyyəti ilə bağlı ötənlərdə “Bazar olsun” adlı bir yazı yazmışdım. Dünən məlum hadisələrdən sonra onu “Kulis”in arxivindən çıxarıb, yenidən öz Facebook səhifəmə yerləşdirdim…

Zirəddin Rzayev kimi öncəgörlüyə iddia etmirəm, amma “Əli və Nino”nun axırda gəlib, qazanc tanrısı Mammonun əsiri olacağını əvvəlcədən təxmin etmişdim. Hələ Qan Turalı səslənən imzadır, öz oxucu kütləsi var, bu mağazalar şəbəkəsinin başqalarına qarşı necə davrandığını bilmək üçün güclü fantaziya tələb olunmur.

“Əli və Nino” şəxsi biznes-proyektdir, burasını başa düşdük. O zaman, əgər bu, sahiblərin sırf biznes marağına xidmət edirsə, ƏDV-dən şikayətlənmələr, mənəvi dəyər kimi kitaba istinadən sahəyə hansısa güzəştlər barədə danışmaq nəyə lazımdır?

Yalan-doğru, oxuduğumuz xəbərlərdən məlum olur ki, Bakıda yalnız əcnəbilərə xidmət edən, azərbaycanlıları içəri girməyə qoymayan iaşə və əyləncə məkanları var. “Əli və Nino”nun da onların sırasında olmağını heç istəməzdim.

Əsəd Cahangir: Düzü, mən "Əli və Nino"ya satış üçün kitab verməmişəm. Çünki hələ hamı Nigar Köçərli şamının ətrafına pərvanə kimi fırlananda nədənsə onunla hər hansı işgüzar əlaqədən uzaq durmağa çalışırdım. Azərbaycan dilində ingilis aksenti ilə danışan bu xanımın "milli təəssübkeşliyi", ədəbiyyata paraşütlə qəfil düşən bu qadının bədii sözə "havadarlığı" mənə saxta gəlirdi. Hiss edirdim ki, bütün bu ədəbiyyat oyunlarının arxasında nəsə başqa məkrli məqsədlər gizlənir. Onun MKM rəhbəri kimi təxribatçı fəaliyyəti göstərdi ki, intuisiyam məni aldatmayıb.

Odur ki, kitabımı satış üçün onun mağazasına verə bilməzdim. Bu hətta ağlımın ucundan belə keçməyib. Onun mağazalarından kitab almaq vərdişim də yoxdur. Əvvəla, bu mağazalarda kitabların qiyməti digər mağazalarla müqayisədə çox bahadır. İkincisi isə Nigar Köçərlinin antimilli, amerikanpərəst, təxribatçı mövqeyi məni "Əli və Nino"ya yaxın getməyə qoymayıb.

Nigar Köçərlinin Qan Turalı və bu qəbildən olan digər yazıçıların kitablarını satmaqdan imtina etməsi ilə bağlı məni bir sual maraqlandırır. Bəyəm, ədəbiyyatda çıxardığı MKM komediyası müqabilində xarici transmilli şirkətlərdən aldığı külli miqdarda pullar Nigar Köçərliyə azlıq edir ki, o Azərbaycanın ən kasıb təbəqəsi olan şair-yazıçıların son qəpik-quruşlarını da əllərindən almaq istəyir? Məncə, bu sadəcə maskadır. Özünün xaricdən kifayət qədər güclü maliyyə dəstəyi aldığını gizlətmək məqsədi güdən bir maska.

Bütün yazıçıları özünün MKM-i və "Əli və Nino"su ilə birlikdə Nigar Köçərlini boykot etməyə çağırıram. Məncə, nə onun müsabiqəsinə roman, nə də onun mağazasına kitab vermək lazım deyil!

Eyni münasibəti Nigar Köçərli ilə birləşib kitab satışı üzrəində monopoliya yaratmaq istəyən qanundankənar "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğluna da göstərmək lazımdır. Şahbaz unutmamalıdır ki, cəmi bir neçə ay öncə o, maliyyə məsələləri ilə bağlı səlahiyyətli orqanlar tərəfindən kəskin təzyiqlərə məruz qalanda onu dəstəkləyənlər Nigar Köçərlinin rəflərində kitabına yer tapılmayan yerli müəlliflər idi.

Hörmətli yazarlar, biz bu məsələdə öz aramızda olan bütün fikir qarşıdurmalarını unutmalı və bir hədəfə vurmalıyıq: "Azərbaycanın bütün yazarları birləşin!"

Qismət: “Əli və Nino” dükanlar şəbəkəsinin sahibəsi Nigar xanım Köçərli elə düşünməsin ki, biz kitab dükanlarının bir saatın içində butiklərə, kafelərə çevrildiyi, yayım və satış şəbəkəsinin heç fosil şəklində də qalmadığı bir ölkədə onun öz zərif çiyinlərini kitab dükanı açmaq kimi müqəddəs bir işin altına verməsinin qiymətini və əhəmiyyətini dərk etmirik.

Bu öz yerində, amma Nigar xanımdan ricamız həm də odur ki, maddi gəlir götürdü-götürmədi, bizi axmaq yerinə qoymasın. Mən bütün məsuliyyətimlə və ilk dəfədi bu qədər əminliklə, çox da yüksək səslə deyirəm ki, bu ölkədə kitabın həqiqətən nə olduğunu bilən iki-üç adam varsa, biri mənəm. Bilmədiyimi danışmaram, “Əli və Nino” dükanlarında çalışanların kitab haqqında elementar təsəvvürü yoxdur. “Yer yoxdu” bəhanəsi çox gülməlidir, deməli dükanda rus dilində mininci dərəcəli belletristika nümunələrinə, ingilis dilində dünya klassiklərinə ayırmaq üçün o boyda rəflər yer var, amma bu ölkənin vətəndaşı olan, kitabdan danışan, yazan, müsahibə verən, görüş keçirən müəllifə yer yoxdu, eləmi?! Necə olur ki, “Qanun”un çap elədiyi yerli müəlliflərə dükanlarınızda tezcə yer tapılır, amma müəllif kitabını başqa yerdə çap etdiribsə, sizin 30-40 faizlik vicdansız komisyon istəyinizlə razılaşmırsa, pis adam olur, hə? Xeyir ola, mən oturub 3-4 ilə kitab yazmalıyam, gözümün nuru getməlidi, yuxusuz gecələr keçirməliyəm, amma hansısa dükan durduğu yerdəcə filan qədər qazanmalıdır. O banklar da olur ha, sənin plastik kartın hansı bankdadırsa, o şirkətin bankomatlarından pul çəkəndə az faiz tutulur, başqasından çəkəndə çox çıxırlar. Nigar xanım, həqiqi kitabsevər bankir məntiqi ilə düşünməz.

Söz açılmışkən bunu da deyim, Türkiyədən gətirdiyiniz kitabların qiymətində də göz görə-görə adamları aldadırsınız, ya da lirənin manatla fərqini bilmirsiz. Məsələn, qiyməti 30 yeni türk lirəsi olan kitabın qiyməti bizim pulla təxminən 11-12 manat olmalıdır, tutaq ki, üstünə 1-2 manat da dükanın xeyrini gəldik, maksimum 14-15 manat. Sizdə 30 lirəlik kitablar 28-29 manatdır.

Nigar xanım, lütfən açıqsözlü olun, çıxıb hər şeyi olduğu kimi deyin, söz verirəm sizə çex peçenyesi alacam.

Könül Həsənqulu: Hər ay "Əli və Nino" mağazasından azı beş-altı kitab alıram. Bir oxucu kimi bura çox sevdiyim məkandır, fəqət yazıçı olaraq mağazanın yerli ədəbiyyatın ən tanınmış yazıçılarına bu qeyri-prinsipial münasibətini, etinasızlığını şiddətlə qınayıram. Əgər müasir Azərbaycan ədəbiyyatının oxucu kütləsinə təqdim olunmasına ölkədə ən geniş yayılmış mağaza şəbəkələrinin heç deyilsə biri xidmət etmirsə, bu zaman ədəbiyyatımızın işıqlı gələcəyi haqda bütün ümidlər alt-üst olub gedir. Kitab ticarəti tək maddi deyil, həm də ali(!) prinsiplər üzərində qurulmalıdır, bəli, məhz ali prinsiplər üzərində...

Kitab ticarəti tək sahibkara deyil, eyni zamanda cəmiyyətə xidmət etməlidir. Sorğu aparsaq, antik, klassik, SSRİ ədəbiyyatının köhnə nəşrləri hər beş evdən birində var zatən, ancaq diri ədəbiyyat – müasir Azərbaycan ədəbiyyatı öz dövründəcə itib-batmaqdadır.

Bu durumda müvafiq dövlət orqanlarından məhz Azərbaycan ədəbiyyatının ölkədə (bölgələr daxil) təbliğatına xidmət göstərəcək alternativ kitab mağazası açmasını uyğun görürəm və bunu səbirsizliklə gözləyirəm. Düşünürəm ki, yazıçılarımız imza toplamaqla, bu tələbatı qarşılamaq üçün dövlətə müraciət edə bilər. Mütləq bir çıxış yolu tapmaq lazımdır.

Cəlil Cavanşir: Son hadisə onu göstərdi ki, Azərbaycanda kitab bazarının maraqları, istəkləri tamam başqadır. İllərdir müşahidə etdiyimiz həqiqətləri deməyə həya etmişik. Çünki qarşı tərəfin doğrudan da bizə yandığını, ədəbiyyatımızı və kitabımızı təbliğ etdiyini düşünmüşük. İnsafən, kitab təbliğatında və kitab ticarətində Nigar Köçərlinin peşəkarlığına söz ola bilməz. Amma ədəbiyyatımızın təbliği ilə bağlı cəhdlərində qeyri-peşəkarlığı, bacarıqsızlığı hiss olunur.

Məsələn 2 il olar ki, "Dinlər, təriqətlər, peyğəmbərlər" adlı araşdırma kitabımı mağazanın anbarına təhvil verib, müqavilə bağlamışam. Ondan sonra kitabdan xəbərim yoxdur. Yəni mənə heç bir məlumat verməyiblər. Daha bir vacib məqam. İllərdir kitablarımız bu və ya digər nəşriyyatlarda çap olunur, müxtəlif qiymətlərə satılır, müxtəlif aksiyalarda, endirimlərdə iştirak edir. Zaman-zaman bu aksiyalarda şəxsən iştirak etmişəm, kitablarımı kifayət qədər yaxşı reklam etmişəm. Amma heç bir kitabımdan konkret pul qazanmamışam. Əksinə, dostlara imkansız oxuculara hədiyyə etmək üçün öz kitablarımı şəxsi hesabıma almağa məcbur olmuşam.

Mən bütün qələm dostlarımı bu məsələdə həmrəy olmağa çağırıram. Nəşriyyatların çap etdiyi kitablar bizə xeyir vermirsə, biz təbliğ olunmuruqsa, mağazalar bizim kitabları satmaqdan imtina edirsə, biz də inhisarçıları baykot etməliyik. Ümid edirəm ki, bu dəfə həmrəy olmağı bacaracağıq. Necə ki, hansısa kitab mağazasına, nəşriyyatlara basqı, təzyiq olanda həmrəylik göstərib, onları müdafiə etmişik. İndi özümüzün dəstəyə və həmrəyliyə ehtiyacımız var.

Dilqəm Əhməd: Qan Turalı ilə bağlı hadisə daha öncə bir neçə həmkarımızın, qismən də mənim başıma gəlib. “Əli və Nino” mağazasının 3-4 il öncə yazıçılarımıza olan münasibəti ilə indiki münasibəti arasında yerlə-göy qədər fərq var.

Mənim xatirimdədir, ilk kitabım çıxanda mağaza 120 ədəd, ikinci kitabımda isə cəmi 45 ədəd götürmüşdü. Amma mən ötən il mağaza ilə yekun haqq-hesabı bitirmək, satılmayan kitablarımı götürmək, satılanların qonorarını almaq üçün anbarlarına gedəndə kədərli durumla qarşılaşdım. Çünki mağazalarda kitablarımın olmadığını görəndə, kifayət qədər satıldığını düşünürdüm. Sən demə, kitablarımın böyük hissəsi mağazanın anbarına hansı klyokda vermişəmsə, o cür də bir küncə atılıbmış. Mağaza sayına uyğun olaraq paylaşılmayıbmış. Əgər kitablar bütün mağazalara paylaşılmayacaqsa, daha niyə kitab təhvil alınırdı?

Bu 3-4 il əvvəl bizə qarşı olan “xoş” münasibət idi.

2013-cü ilin sonlarında isə xeyli maraqlı kitab layihələrim olduğu üçün yayın evi qurmaq istədim. İlk kitab kimi də Əlisa Nicatın “Ehram” romanını çap etdim. Həmin ərəfədə “Qanun” nəşriyyatı da Əlisa Nicatın “Artakserks” romanını çap elədi. “Əli və Nino” mağazasına üz tutduğumda zahiri görkəmindən, alıcı ilə davranışından ömrü boyu kitab oxumadığı anlaşılan gənc oğlan müəllifin adına baxıb dodaqlarını büzdü və “beş ədəd ver, baxarıq, satılsa istəyərik”.

Halbuki, həmin vaxt “Əli və Nino”nun 45-dən çox satış məntəqəsi vardı. Hər mağazaya bir kitab belə düşmürdü. Mağazaya çatan kitabın isə görünməyən bir yerə atılacağı da aydın idi. Maraq xatirinə mağazaları gəzdim və “Qanun”un çap etdiyi Əlisa Nicat romanından hər mağazada 20 ədəd olduğunu gördüm. Beləliklə, mağazalara kitab paylamaq çətinliyi ilə üz-üzə qalıb bu işdən birdəfəlik vaz keçdim. Əlisa Nicat kimi ömrünün 50 ilini Azərbaycan ədəbiyyatına, dünya fəlsəfəsinə həsr edən yazıçının, fəxri fəlsəfə doktorunun kitabı bu mağazada satıla bilmirsə, görəsən həmin mağaza hansı kitabları satır?

Növbəti çıxan kitablarımdan isə ümumiyyətlə bu mağazaya verməməyi qərara aldım.

Məsələnin, digər tərəfinə gəlikdə. “Əli və Nino” mağazalarının sahibi var. Digər bizneslə məşğul olan hər kəs kimi hansı məhsulu satıb, hansını satmamağa ancaq özü qərar verə bilər. Yəni, qısacası, deyə bilərlər ki, mağaza bizimdir, özümüz bilərik, satmırıq.

Amma önəmli bir məsələ var. Kitabla kartofun fərqi olmalıdır axı. Kitab biznesində olan bir insan həmçinin kitab anlayışına hörmət etməli, xüsusən də bu ölkənin yazıçılarına birmənalı dəstək olmalıdır. İndi “Bozun əlli çaları” çox satılır deyə, mağazanı başdan-ayağa bozlaşdırmaqmı gərəkdir? Əgər sizlər 18 faiz vergi məsələsinə gəldikdə, dövlətdən “kitab ali dəyərdir” deyib güzəşt istəyirsinizsə, o zaman həmin ali dəyərə, konkret bu məsələdə “Doqquz hekayə”yə qarşı belə münasibət sərgiləməyə mənəvi haqqı haradan əldə edirsiniz?

Əgər vergi üzərinizə çökəndə “kitaba basqı var” deyib, Azərbaycan yazıçılarından mədəd umursunuzsa və onlar sizə sosial şəbəkədə bu dəstəyi verirlərsə, o zaman Azərbaycan yazıçısının kitabını satmağa gələndə niyə anındaca maddi maraqlarınız üzə çıxır?

Əgər siz sırf biznes marağınızı güdür, bazarda monopoliya yaradıb, “özümüz bilərik, haqqımız” çatır anlayışı ilə davranırsınızsa, bizlərin də haqqı var ki, bu monopoliyaya “dur” deyək, mağazaları “boykot” edək.

Cavid Zeynallı: Azərbaycanda kitaba və yazıçıya münasibət bəllidir. İnsanlar oxumaq, kitaba pul xərcləmək istəmir. Üstəgəl, kitab mağazalarının sayı hədsiz azdır, regionlarda vəziyyət ümumiyyətlə biabırçıdır. Bu cür vəziyyətdə biz "Əli və Nino" mağazasının açılmağına, şəbəkə kimi formalaşmağına sevindik. Amma "Əli və Nino"nun kitaba bu cür münasibət göstərməyi, Azərbaycan yazıçısı üçün yaxşı heç nə vəd eləmir. Mağazada yer olmaya bilər, hansısa problemlər doğrudan da ola bilər, amma cəmi 100-120 səhifəlik kitaba “yer olmaması” inandırıcı görünmür. Üstəlik, kitabın müəllifi imzası tanınan biridirsə. Üstəlik, təcrübədə həmin müəllifin kitabının ötən illərdə ən çox satılan kitablar siyahısında birinci olmasıdırsa. Və nəhayət, həmin müəllif kitabın və yazıçıların təbliği ilə məşğul olursa, ədəbi prosesin gündəmdə saxlanılmasına xidmət edirsə. “Əli və Nino” bu münasibəti qalaq-qalaq kitablar yazan uğursuz şairlərə göstərsə, başa düşülər ki, həmin kitablar satılmır, yer tutur, mane olur. Amma vəziyyət bu cür deyilsə, deməli, düşünməyə dəyər.

Emin Piri: "Əli və Nino" mağazalar şəbəkəsinin Qan Turalıya qarşı bu addımını nəinki tək adı çəkilən müəllifə, ümumilikdə ədəbi camiəyə, oxuculara, bütünlükdə gənc yazarlara qarşı hörmətsizlik sayıram. Təbii ki, hər zaman bazar iqtisadiyyatı deyə bunun üzərindən keçmək olardı. Amma bu mağazalar şəbəkəsinin təkcə Qan Turalıya yox, digər müəlliflərə də bu cür yanaşması, bunu ardıcıl davam etdirməsinin adı möhtəkirlik və monopoliyadır. Bu əməli həyata keçirənlərin isə kitab təbliğatı adıyla məşğul olduğunu iddia etmələri isə kitab adına utanc verici bir haldır.

Nə deyib imtina etmək olar? Qan Turalının kifayət qədər cəmiyyət içində tanınmış imzası və öz oxucu kütləsi var. Yaxşı yazıçı adını qazanmaq və reklam olunmaq üçün hökmən də Nigar Köçərlinin bayrağı altındanmı keçmək lazımdır? Kitab satışına görə müəlliflərə qoyduqları rüsumlar ağlagəlməz dərəcədə biabırçılıqdır. Bu cür faiz istismarını heç banklar da həyata keçirmir.

Burada itirən isə yalnız "Əli və Nino" olacaq. Həm müəllif, həm də oxucuları özündən uzaq salmaqla.

Hesab edirəm ki, bu cür hallarda bütün yazarlar və oxucular Turalın digər yerlərdə keçirilən kitab təqdimatlarına gəlməlidir. Bu gün ona qarşı belə yanaşılırsa sabah digər yazara qarşı da o cür davranıla bilər.

“Əli və Nino”ya qarşı əsl cavabı isə oxucular verməlidir. Digər kitab mağazalarını seçməklə...

# 1354 dəfə oxunub

Oxşar xəbərlər

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

12:00 8 dekabr 2024
Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirildi

21:57 7 dekabr 2024
Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

Ulucay Akifin yeni kitabının təqdimatı olub - Foto

21:49 7 dekabr 2024
Qasım bəy Zakirdən üzü bu yana - Cavanşir Yusifli

Qasım bəy Zakirdən üzü bu yana - Cavanşir Yusifli

15:00 7 dekabr 2024
Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

12:30 7 dekabr 2024
"Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları

"Tehrana elə bir izahat göndərmişəm ki..." - Axundzadənin Mirzə Yusif xanla yazışmaları

12:00 7 dekabr 2024
# # #