Abort həkimi: “O uşaqlar yuxuma girir” - MÜSAHİBƏ

Abort həkimi: “O uşaqlar yuxuma girir”  - <span style="color:red;">MÜSAHİBƏ
21 dekabr 2015
# 13:14

Ulduzla çoxdan tanışıq. Ta uşaqlıqdan. Onda ikimiz də həkim olmaq arzusundaydıq. Ağ xalat bizim üçün o vaxtlar paklıq rəmzi idi. Sonra illər ötdü, zaman hərəmizi bir diyara atdı. Əlaqələrimiz kəsildi.

Bu yaxınlarda özəl klinikaların birinə getmişdik bacımla. Bacım hamilə idi. Həm müayinədən keçmək, həm də uşağın cinsiyyətini yoxlatmaq istəyirdi. Bizə klinikanın ən yaxşı qadın həkimi olan Ulduz xanımı məsləhət bildilər. Heç ağlıma da gəlməzdi ki, bizim Ulduzla illər sonra burda qarşılaşacağıq. Əvvəl otağa daxil olduq. O, şirin-şirin danışır, bacımı müayinə edirdi. Səsi, danışıq tərzi bir də gözləri mənə o qədər doğma gəlirdi ki, o da arabir mənə baxıb gülümsəyirdi. Sanki eyni hisslər onun da beynində oynayırdı. Bacımın şəxsiyyət vəsiqəsini alıb ünvana baxdı və gülümsəyərək mənim adımı soruşdu. Və onda biz bir-birimizi tapmış olduq. Rahat danışıb görüşmək üçün vaxt və məkan təyin etdik. Bacımı da müayinə etdi, amma uşağın cinsiyyətini hələ demədi, gələn müayinəyə saxladı.

Biz Ulduzla görüşdük, oturub həm uşaqlıqdan həm yaşadıqlarımızdan danışdıq. Ulduz məndən fərqli olaraq arzusunun və uşaqlığına verdiyi sözün arxasınca gedə bilib. Mənə çox maraqlı idi işi. Axı onun bugünkü peşəsi mənim də nə vaxtsa arzum olub.

Mən:

- Ulduz, ağ xalatda özünü necə hiss edirsən? Paklıq rəmzidir deyirdik yadındadı?

- Hə yadımdadı. Amma inan ki, əlimdə başqa sənətim olsa günü bu gün soyunub ataram bu xalatı.

- Niyə axı?

- Əvvəllər hər şey tam fərqli idi. Qəribə bir soyuqqanlılıq vardı məndə. Məsələn, abort üçün gələn anaları düşünmədən stola çıxardır, abort edib yola salırdım. Bilə-bilə ki, bir cana qıyıram, bir nəfəs doğrayıram, amma heç əlim də əsmirdi. O stol sanki qəssabın ət stolu kimi idi. Mən də qəssab. Bir insan doğrayıb yox edirdim. Mənə elə baxma, nolar. İnan ki, bu mənim üçün çox adiləşmişdi. Axı biz öyrənmişik günahı başqalarında axtarmağa. Mən də düşünürdüm ki, günahı anasınındır, mən öz işimi görürəm.

- Axı bir ana övladını niyə öldürmək istəsin? Ən çox niyə müraciət edirdilər?

- Bizim cəmiyyətin iyrənc qanunlarına görə. Bax elə bu iyrənc qanunlardır ki, neçə adamı cinayətkar, neçə ananı övlad qatili edir.

- Məsələn?

- Məsələn, biri gəlir ki, yoldaşım deyir, get yoxlat, bu dəfə də qız olsa evə gəlmə. O da gəlib yoxladırdı. Qız idisə götürtdürürdü. Deyirdi, saxlasam ərim məni öldürər. Sanki qadın özü seçir bətnindəkini. Ya da evdən xəbərsiz hamilə qalanlar olurdu. Özünü tez bizim üstümüzə atır. Bu uşağı götürün yoxsa qardaşım başımı kəsər deyir. Bilirsən, mən bir tərəfdən də özümü xilaskar kimi hiss edirdim. Sanki bir canı almaqla bir ailəni, bir gənci xilas etmiş olurdum. Bu cür absurd fikirlərlə işimə haqq qazandırırdım. Otaqdan çıxanda bizim paklıq rəmzi dediyimiz ağ xalatın üstü bir məsum körpənin qanı ilə boyanmış olurdu. Sanki qəssab otağından çıxırsan: əli bıçaqlı, üstü qanlı. Bilirsən ən pisi də odur ki, mən gördüyüm işin peşəkarı olmaqla fəxr edirdim. Bütün klinikalar məni əl-əl axtarırdı. “Ulduz xanım ilin ən yaxşı ginekoloqu” adlı neçə diplomlar almışam, neçə sertifikatlar, mükafatlar almışam. İndi onları bilirsən necə oxuyuram?

- Necə?

- “İlin ən yaxşı cocuq qatili”.

- Niyə bütün bunlar haqda keçmişdəki kimi danışırsan? Axı indi də eyni işdə çalışırsan.

- Bilirsən indi artıq iyrənirəm. Özümdən də, işimdən də. Bu işin başqa adı yoxdu, vallah. Biz ağ xalata bürünmüş uşaq qatilləriyik.

- Maraqlı nələr baş verib bəs? Hər işin bir maraqlı yönü də olmalıdır da.

- Hə o qədər olub ki.

- Danış da bu haqda. Bayaqdan doğramaqdan, öldürməkdən o qədər danışdın ki, qorxdum lap səndən. Bir az başqa tərəfini danış.

- Eh, adam öldürməyin başqa yönü var ki? Amma maraqlı hadisələrlə də çox qarşılaşmışam. Məsələn, bir ana vardı, tez-tez gəlirdi aborta, yoldaşı qız uşağı istəmirdi. Bir gün də gəldi ki, spiral qoydursun. Bu da elə bir şeydir ki, qoydurdun, daha uşağa qala bilməzsən. Aradan 7 ay keçmişdi bu qadın yenidən gəldi. Qarnı da nə boyda. Dedi, mənim nəsə xəstəliyim var. Qarnım günü-gündən şişir. Hamilə olmağım mümkün deyil, çünki spiral qoydurmuşam, özü də siz özünüz qoymusunuz. Biz bu xanımı aparata saldıq. Həqiqətən də 7 aylıq hamilə idi. Bu çox qəribə bir hal idi. Bu ayda abort da eləmək mümkün deyildi. Uşaq olmalı idi, başqa yolu yoxdu. Amma bir problem də var ki, spiral qoya-qoya uşağa qalırsa, o spiraldan uşağa nəsə zəhərlənmə-filan keçə bilər. Qadını nəzarətə aldıq. Spiralı biz qoymuşduq, məsuliyyəti də bizim üzərimizdə idi. 9 ay tamam oldu, qız dünyaya gəldi və bütün xəstəxana şokda idi. Bu həqiqətən də qeyri-adi hal idi. Sözlə ifadə etmək belə mümkünsüz. Uşaq spiralı əlinin içində tutmuşdu. Bunu hamı danışırdı. Bu həqiqətən də insanlara hayqırış idi. O uşaq sanki deyirdi, siz məni istəməsəniz də mənim bu dünyaya gəlməyə haqqım var. Bax həmin gün işimdən də, özümdən də iyrəndim. Mən bir qatil olduğumu o gün anlamışdım.

- Bəs valideynləri? Onlar nə reaksiya verdilər buna?

- O qadını hər dəfə “Qız istəmirəm” deyib aborta göndərən ərini çağırdıq otağa və göstərdik. Heç nə demədi. Dizi üstə çöküb ağladı.

- Bəs maraqlı başqa nə xatırladır sənə sənətin?

- Mənim bir xəstəm vardı. İlk uşağına hamilə qalandan mənim yanıma gəlib-gedirdi. Elə uşağı da xəstəxanamızda doğuldu. Onu evə yola salanda yoldaşı bir neçə maşın bəzəyib gəlmişdi, güllər-filan. Sanki gəlin aparırdılar. Bütün xəstəxana ondan danışırdı. Aradan bir müddət keçdi. Həmin xanımın ikinci uşağı da oldu, yenə də bizim xəstəxanada, yenə də həkimi mən idim. Bu dəfə evə yola salanda hamı o təmtərağı gözləyirdi. Amma yoldaşı tək özü maşınıyla gəlib sakitcə götürüb apardı. Tale elə gətirdi ki, üçüncü uşağı da bizdə oldu. Çıxanda yoldaşı bir taksi göndərmişdi ki, min gəl. Dördüncüdə deyib özün ordan bir avtobusa oturub gələrsən də.

- Bəs sənə desəm ki, bu söhbətimizi yazıb mediaya çıxardacam oOnda nə demək istəyərdin bizim xanımlara, həkimlərə, bəylərə?

- Sən də dəhşətsən də. İnanıram, yazarsan bunları. Amma, adımı vermə. Necə olsa da imicim var. Qoy elə bilsinlər sevərək görürəm işimi.

- Yaxşı. Nə demək istəyərsən?

- Bir gün bir qadın gəldi, çox gözəl idi. Hədsiz. Dedi mən hamiləyəm, amma bu uşağı tək böyüdə bilmərəm. Bacarmayacağam. Mənə kömək edin. Bunu nə olur-olsun götürtməliyəm. Pulunu da yanındakı oğlan ödədi. Uşağı abort edib götürdük. Qadın gedəndən sonra hamı dedi ki, ondan olan uşaq necə gözəl olardı. Çox gözəl idi, oğlan da qız da. Mən evə gəldim. Axşam yatdım. Yuxuma yaşlı bir qarı girdi. Əlimdən tutub apardı. Uşaqlar oynayan bir yamaca. Bir sarışın, ortaboy oğlan oturmuşdu, qıraqdan bunlara baxırdı. O qədər nurlu, o qədər gözəl idi ki. Adam qeyri-ixtiyari onu qucaqlayıb bağrına basmaq istəyirdi. Sonra o oğlan qalxıb mənə tərəf gəldi. Soruşdum, niyə bikefsən? Anam məni istəmir, dedi. Sonra bir qız görsətdi... Uşaqla oynayan bir qız. Dedi ki, xala, bax mən böyüyüb o qızı sevəcəkdim. O da məni. Mən həkim olacaqdım, amma adamları xilas edən həkim. Ən çox anamı sevəcəkdim. Ona həyatda məhrum olduğu bütün sevgiləri mən verəcəkdim. Mən onun bütün arzularını yerinə yetirəcəkdim. Anam əvvəl əsgər anası, sonra bir həkim anası olacaqdı. O qız var e, xala, o müəllimə olacaqdı. Mənim qədər anamı da sevəcəkdi. Anamın tək oğlu yox, həm də onun kimi bir qızı olacaqdı. Elə gözəl danışırdı ki, sanki o, danışdıqlarını mən görə bilirdim. Uşağı qucaqlayıb alnından öpdüm. Olar inşallah oğlum olar. Böyüyərsən, dediklərin hamısı bir-bir olar. “Yox, xala, heç biri olmayacaq. Çünki bu gün sən məni öldürdün. Anamla əlbir olub öldürdünüz, bütün həyatımı. Xala, bilirsən, sən məni doğrayanda elə hiss edirdim ki! Ağrını ilk sənin bıçağında duydum. Mən bir parça qan laxtası deyildim axı. Sən də bilirdin ki, mən formalaşmış bir can idim artıq. Mən bir ömür sizlərə belə qıraqdan baxacam, amma heç vaxt yaşaya bilməyəcəm” Yuxudan orda ayıldım... İndi hər dəfə abort etdirmək istəyən analara əvvəl bunu danışıram. Yenə də sonda seçimlərini özləri edir.

Ulduza zəng gəldi, təcili doğuş var idi. Söhbətimizi yarımçıq qoyub gedəsi oldu. Gələn müayinəyə bacımla yenə də mən getdim. Bacımın bir qızı var. Bilirdim ki, ikinci uşağının oğlan olmasını arzulayırlar. Ulduz bizi mehribancasına qarşıladı. Danışıb, gülə-gülə bacımı müayinə etdi, sonra uşağın cinsini yoxladı. Üzümüzə baxıb dedi, muştuluq, oğlandı. Sevinclə bacıma baxdım. Onun kefi pozulmuşdu nəsə. Yaxınlaşıb dedim:

- Axı sən elə oğlan istəyirdin. Niyə kefin pozuldu?

-Eh, qız olsaydı 10 min gələcəkdi. 10 min itirsən kefin pozulmaz?

P.S. Foto təmsilidir.

Çinarə Ömray

# 1260 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
# # #