Üzeyir Hacıbəyov: “...Müsavatçıların quldurluğu dövründə...”

Üzeyir Hacıbəyov: “...Müsavatçıların quldurluğu dövründə...”
29 dekabr 2013
# 13:14

Kulis.Az Üzeyir Hacıbəyovun Hüseyn Ərəblinski haqda yazdığı “Ərəblinski – teatr tariximizdə unudulmaz sənətkardır” məqaləsini təqdim edir.

Azərbaycanda teatr sənətinin doğuluşunda görkəmli rol oynayan simalardan biri Hüseyn Ərəblinskidir. 1906-cı ildə Sarabski (Hüseynqulu Sarabski – red.) ilə bir yerdə Ərəblinski ilə ilk dəfə tanış olduğum günləri yaxşı xatırlayıram. Ərəblinski o zaman teatr tamaşaları göstərən bir qrup təşəbbüsçülər – həvəskarlar ilə bir yerdə oynayırdı. Ərəblinski hələ o vaxt həvəskarlar arasında özünün aktyorluq sənətinə bəslədiyi tükənməz arzusu, səmimiyyəti, coşqunluğu ilə başqalarından çox fərqlənir və yüksəkdə dururdu.

O, məşqlərdə də özünü səhnədə olduğu kimi hiss edirdi, rolunun xüsusiyyətlərini bütün incəliklərinə qədər yaşayırdı, tamaşaçının fikrini, duyğusunu məharətlə öz əlinə alırdı.

Ərəblinski səhnə fəaliyyətinə başladığı gündən əsl sənətkar – professional aktyor olmaq üçün möhkəm bir istiqamət tutmuşdu. O, sənət aləmində qorxmaz və cəsur idi. Qara qüvvələrin, çar satraplarının, ruhanilərin hər cür müqavimətinə baxmayaraq Ərəblinski Azərbaycanda möhkəm aktyor kollektivinə malik olan doğma teatr yaratmaq uğrunda mübarizədə ruhdan düşməyən, yorulmaq bilməyən bir enerji ilə çalışan, hər çətinliyə sinə gərən, bu yolda büdrəməyən bir qəhrəman idi. O, öz sənətinin bütün varlığı ilə sevir və onu hər şeydən yüksək tuturdu.

Hüseyn Ərəblinski ilə tanışlığımızda onun özünə məxsus bəyənilməli bir xüsusiyyəti heç vaxt mənim yadımdan çıxmır: bu, onun öyrənmək talantı, həssaslığı və öyrətmək bacarığı idi. O, başlıca olaraq xalqdan və o dövrdəki rus artistlərindən öyrənirdi. Ərəblinski Bakıda ən yaxşı rus artistləri ilə yaxın əlaqə saxlayırdı, onlardan öyrənər və öz həvəskar yoldaşlarına öyrədərdi.

Ərəblinski aktyor üçün kulturalı olmağı ən yüksək tələb sayırdı. Bu işdə o başqalarına nümunə idi. Ehtiyac və yoxsulluq içində yaşamasına baxmayaraq, yeməyindən kəsib təmiz geyinər, zahiri görkəminə fikir verərdi. O, təmiz və səliqəli geyinməklə də camaatda aktyora – sənətkara qarşı yaxşı təsir oyadır və onların rəğbətini qazanırdı.

Demək olar ki, o vaxt birinci olaraq bığını qırxdıran Ərəblinski idi. Qüvvətli aktyor – sənətkar olmaq üçün qızğın arzu ilə çalışan Ərəblinski tez yüksəldi, professional artist oldu və həvəskarlar dərnəyində həm artist və həm də rejissor sifəti ilə işləməyə başladı.

Ərəblinski “Hamlet”, “Otello”, “Ağa Məhəmməd Şah Qacar” kimi əsərlərin tamaşaya qoyulmasının təşkilatçısı, təşəbbüsçüsü olduğu kimi, Hamlet, Otello, Ağa Məhəmməd Şah Qacar rollarını böyük ustalıqla oynamış və doğru obraz yaratmışdır. Ərəblinskidən sonra gələn artistlər bu obrazları yaratmaqda yalnız onun yolunu davam etdirmiş və beləliklə inkişaf etmişlər.

Yaxşı yadımdadır. 1916 – 1917-ci illərdə biz Ərəblinskini opera teatrımızın rejissorluğuna çağırdıq. O, öldürüldüyü günədək bizimlə birlikdə işlədi, opera təşkilatımızın rejissoru oldu. Opera artistləri yetişməsində, onların yüksəlişində Ərəblinskinin fədakarlığı olduqca böyükdür və unudulmazdır.

Ərəblinski “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarında rejissor olardı. Mən onun rejissor dərslərində çox iştirak edər və artistlərlə söhbətinə qulaq asardım. Doğrudan da Ərəblinski insanı heyrətə salan və sevindirən bacarığa malik idi. O, bu operettalarda artistlərin yerli tipləri qüvvətli, inandırıcı ifa etməsinə çox dərindən fikir verərdi, hər tipi yaratmaqda düzgün mühakimə yürüdərdi.

Hər artistə təklikdə yanaşar, hər bir hərəkəti dəfələrlə təkrar edər və öyrədərdi. O zaman gənc artistlərdə öz talantlarını inkişaf etdirmək üçün bir durğunluq vardı. Qaranlıq mühit onlara təsir edirdi. Lakin Ərəblinski artistlərə qayğılı, mehribancasına kömək edər, onlara təkan verərdi. O, talantları üzə çıxarır, tanıtdırır, inkişaf etdirir və artistlərdə öz qüvvələrinə möhkəm inam yaradırdı.

Hüseyn Ərəblinskinin teatr sənəti aləmində məharəti belə idi. Revolyusiyadan qabaq teatr tariximizə ötəri bir nəzər saldıqda Ərəblinskinin teatr sənətinin hər sahəsində - istər özünün qabiliyyətli aktyor olması, artistlər tərbiyə etməsi və istərsə rejissorluqda ustalığı ilə nə qədər böyük əməklər sərf etdiyi göz qarşısında canlanır.

Acı keçmişdə, qaranlıq mühitdə böyük sənətkar Ərəblinskini qiymətləndirən olmadı. Kütbeyin ağalar, milyonerlər, ruhanilər... Ərəblinski kimi sənətkarları nəinki qiymətləndirmir, hətta onları daima ölümlə təhdid edir, sıxışdırırdılar. Ərəblinski də nadanlıq və avamlıq qurbanı oldu. Onun öldürülməsi böyük bir faciə idi. Bu cür faciə təkcə Ərəblinskinin başına gəlmədi. Çar satraplarının ağalığı və müsavatçıların quldurluğu dövründə əməkçi xalqımız özünün çox qiymətli adamlarını itirdi.

Çox ümidlər verən Ərəblinski revolyusiyadan sonra yaşasaydı, öz talantını qat – qat inkişaf etdirmək üçün geniş imkan tapar və səhnəmizə çox xeyir verərdi.

Biz Ərəblinskinin öldürülməsinin 20 illiyini qeyd edir və belə bir sənətkarın sıramızda olmamasına ürəkdən acıyırıqsa, lakin onun sənət sahəsində böyük ümidlərinin, arzularının, diləklərinin yalnız Sovet hökuməti illərində, Lenin milli siyasəti sayəsində bütünlüklə doğrulduğunu, Azərbaycan teatrının, incəsənətinin çiçək kimi açdığını, inkişaf etdiyini gördükcə fərəhlənir və iftixar edirik...

# 6421 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #