Kulis.az Cavanşir Yusiflinin “Azərbaycan hekayəsi” məqaləsini təqdim edir.
Bu yazıda Azərbaycan hekayəsinin keçmiş və gələcəyindən yox, özündən bəhs ediləcək. Yəni bu hekayə təkcə kök, budaqlar, yarpaqlar və tumurcuqlar deyil, torpaq və sudur, dünyanın sərhədlərsiz duruma gəldiyi, təfəkkürün (fantaziyanın-!) sınır tanımadığı bir dövrdə süjet qurma modelləri, kompozisiya həlli, cürbəcür modellərdən istifadə edilə bilər, ancaq həmin torpaqda, həmin nəqletmə müstəvisi və gözləntisinin özünü göstərməsi və tanıtması ilkin şərtdir. Bu deyilənlər, bir sözlə, kompozisiya identifikasiyası olmadıqda (necə ki, sintaksis dilin kimə məxsus olduğunu bildirir-!) bizə doğma olan, lap elə dilimizdən çıxan sonsuz sayda pritça və məsəllərdən istifadə etsən də, həmin hekayə (gözlənti-!) alınmayacaq. Bizim hekayə belə başlayır. "Xəyalınızda hər iki tərəfi hündür tut ağacları, yemişan və böyürtkən kolları olan, bir tərəfindən arx axan 7-8 kilometr uzunluğunda yarı asfalt, yarı torpaq kəndə aparan yol təsəvvür edin. Etdinizmi? İndi o yolla üzü kəndə sarı addımlayan, kitab-dəftərlə dolu çantası çiynindən asılmış 27-28 yaşlı bir müəllim təsəvvür edin. O gənc müəllim səhər saat 6-da oyanıb, bir dilim yağ və əncir mürəbbəsi sürtülmüş çörəyini yeyib, bir stəkan şirin çayını içib həmin o yola çıxırdı. Yola çıxırdı ki, həmin kəndin uşaqlarına yazmaq, oxumaq, fikirləşmək öyrətsin. Məktəbə çatana kimi isə özü çox fikirləşirdi və fikirləşmək onun yolunu elə qısaldırdı ki, məktəbə vaxtından yarım saat əvvəl çatırdı. Hətta bəzən məktəb direktorundan tez çatırdı".
Azər Musaoğlunun "Müəllim" hekayəsi quruluş etibarilə mürəkkəb deyil, bir hadisənin, necə deyərlər, bütövləşməsi prosesi izlənilir, olaylar bir məqamdan sonra bir-birinə sarılaraq, bir-birinin üstündən aşaraq irəliləyir, müəllif təhkiyəsi ilə mətn boyu susulan mətləblərin "sürəti" çalpaşıq düşəcəyi anda ani və çox güman ki, aldadıcı ayrılma baş verir, bu üsul mətləbin növbəti pasajda daha dərindən çözülməsinə meydan açır. Hadisələrin təhkiyə boyunca qurulan torundan baxdıqda (buna şərti olaraq "narratoloji tor" deyək) bu coğrafiyada, ucqar kəndlərdə, həm də yad mədəni mühitlə qonşuluqda artıq kök salmış zehniyyətdən irəli gələn ziddiyyət - olar-olmaz tandemi sadəcə, rəsm edilir, bu "ağ-qara" görüntüdə bir nəfər hamıya qarşı döyüşür, döyülür, təhqir edilir, ancaq inadından əl çəkmir. 27-28 yaşlı müəllimin həyatında VAXT müəyyənləşdirici amildir, o, hər işini vaxtında görmüş, vaxtında instituta qəbul olunmuş, bütün kitabları onları oxumalı olduğu zamanda mütaliə etmişdir, ancaq vaxtında evlənməmişdir. Belə bir "kənaraçıxma" əvvəlcə adama qəribə gəlir, sonradan bunu onun əsas qüsuru kimi üzünə vurduqda söz və ifadədən kəndin dərinlərdəki həyatının bir elementi üzə çıxır. Belə ki, onun bu qüsuru hekayənin əvvəlindən sonunadək müxtəlif pasajlara səpələnmiş yol metaforası ilə kəsişir. Səhər düz altıda yuxudan oyanır, çörəyini yeyir, kitab-dəftərini götürüb yola düzəlir. Hər bir pasajda yolun əvvəlki, ilk abzasdakı təsvirindən nələrsə əksilir, qırılır və bu hekayə strukturuna yeni detal və əşyaların daxil olması ilə müşayiət edilir. Məsələn, velosiped və skuter, çətir və sair və ilaxır... Təhkiyənin bu detallardan izlənməsi maraqlı süjet dönüşlərinin meydana gəlməsinə, kompozisiya elementlərinin mətləb üzərində "gərginləşib açılmasına" şərait yaradır. Hər şey əvvəldən sonadək daxilə qətrə-qətrə süzülən təəssüratlardan yaranıb-formalaşır, hər müəllifin adi cizgilərlə rəsm etdiyi yol metaforasından görünür, hətta eşidilməsə də sözü açılan qeybətlər də bu metaforanın təhkiyə boyu inkişafında bir-bir yada düşür, çünki bu yol təkcə gedilmək, məktəbə çatmaq üçün yox, həm də düşünmək üçündür.
Azər Musaoğlunun təhkiyəsi digər hekayələrində olduğu kimi (məsələn, "Bənövşəyi adam"), burda da sakitdir, adamlar hərəkət edir, nəsə deyir, nəsə düşünürlər, ancaq bir məqamda anlayırsan ki, danışan təhkiyə məkanına gətirilən əşyalarmış. "Bənövşəyi adam" hekayəsində ortada olsa da, gözlərdən gizli tutulan əşyalar var. Bir də utandığından onlardan xilas olmaq istəyən adam. İnsanın bir müddət həmin "utanca" görə susması hansı məqamdasa batan səslərin küy şəklində, daha sonra isə qışqırıq formasında zahirə çıxmasına səbəb olur. "Müəllim" hekayəsində də təhkiyəni diqqətlə izləyən, hər nöqtəsinə bələd olan bir susan adam var, bu adam baş verən olaylara ürəyində reaksiya göstərir, onun səsi ən aşağı tonda olduğundan eşidilmir, çünki o, həm də qabaqcadan müəllimin döyüləcəyini, qanına qəltan ediləcəyini bilir, o, hətta müəllimin nə qədər vicdanlı olsa da, adi bir münasibətdən (şagirdlərdən biri ona etiraf məktubu yazır) ilişir, vicdan əzabı çəkir, ancaq özünü toparlayıb qıza bir yolla cavab yazır. Yad mühitlə qonşuluqda mühafizəkarlıq deyilən anlayış artıq "öz sərhədini" keçib, başqa bir şeyə, çox qorxulu bir nəsnəyə çevrilib.
Hansısa komitəyə şikayət səhnəsi var. Kənd icmasının üzvləri yığışıb kəndə, uşaqlara bu qədər içdən yaxşılıq edən müəllimdən şikayətə gəlir. Birinci səhnədə tərcüməçini öz aralarından seçirlər. Bu tərcüməçi belə bir eybi yad millətin qarşısında deməkdən çəkinir, məsələni öz sözləriylə anladır. İkinci halda tərcüməçi yad mədəni mühitdən seçilir. Komitə sədri müəllimi çağırıb təklif edir ki, bəlkə başqa bir məktəbə getsin? Amma müəllim öz sözündən dönmür. Məsələ burasındadır ki, insanların göz bəbəkləri kimi əsrlər boyu qoruduğu dəyərlər zamanla dəyərdən düşmüş, yad mədəni mühitlə müqayisədə içinə, öz sərhədlərinə sıxılaraq inkişafdan qalmışdır. Bu mühit çıxış yolu kimi, yəni özünü qorumaq naminə yad mədəni mühitlə əlaqələri kəsmiş, özünə qapılmış və bir sistem kimi hər nöqtəsi əsəblə yoğrulmuşdur. Eyni zamanda kimsə, hardansa gəlib köhnə bazara təzə nırx qoymaq istədikdə, onunla da bu cür davranır, danışmır, salamını almır və dalınca qeybət edirlər. "Payız və qış fəsli o qədər yolu piyada getmək əziyyətli olduğu üçün gənc müəllim özünə çətir və velosiped aldı.
Buna şagirdlərdən başqa hamı güldü. Ona "kişi çətir götürməz", "kişi velosiped sürməz", - deyə lağ edirdilər. Kəndin ağsaqqal, ağbirçəklərindən cavanlarına, məktəbin müəllimlərinə kimi hamı onun çətirinə və velosipedinə lağ edib gülürdü. O isə bunları vecinə almır, cavab vermirdi. Hətta kəndin yazmaq, oxumaq bilməyən, gününü çayxanalarda keçirən cavanları bir neçə dəfə onun velosipedinin təkərlərini deşmiş, yolda qabağını kəsib çətirlə, velosipedlə məktəbə gəlməməsini demişdilər. O isə yenə də heç nəyi vecinə almır, rahatlığı üçün daha yeni şeylərdən istifadə edirdi. Məsələn, yağışlar başlayanda velosipeddə geyinmək üçün özünə su keçirməyən plaş aldı, əlləri rahat olsun deyə, başa geyinilən çətir aldı. Bu, kənd camaatını daha da qıcıqlandırır, kəndin maşınlı cavanları yağışlı günlərdə onun yanından maşınla sürətlə keçib gölməçə suyu ilə isladırdılar".
Ən qorxulu cəhət odur ki, hamının içində gizlətdiyi qüsurlar, mühafizəkarlığın illər boyu insanın içini ağırlaşdırıb pasa bürüməsi məhz kəndə ayaq açan yeniliyin təsiri ilə üzə çıxmış, hamı yuxudan hövlnak ayılmışdır. İndi onların nəzərində nəhəng və sarsılmaz bir tikilinin məhz özülü təhlükə altındadır, güclü axınla gələn sular bu özülü uçura bilər. Müəllim, əslində, şagirdlərə çox şey öyrətmir, onların qəlbinə sevgi toxumlarını əkir, dünyanın nə qədər maraqlı olduğunu göstərir, elə ilk gündən uşaqlarla dost olur, onlara oxuduqları və baxdıqları hər şeyin içindən bir damcı da olsa sevgi götürməyi, hər şeyi dərindən hiss etməyi öyrədir. Demək, "sonra şagirdlər gənc müəllimlərinə həmrəylik göstərərək yağışlı günlərdə çətir götürməyə başladılar. Hətta imkanı olanlar velosiped alıb məktəbə velosipedlə gəlirdilər. Oğlanların çətir götürməsini, qızların velosiped sürməsini müəllimlər də qəbul edə bilmirdilər və uşaqların mənəviyyatını "pozduğuna" görə təhsil nazirliyinə şikayət etdilər. Nazirliyin araşdırmalarından sonra gənc müəllimin işi yüksək dəyərləndirildi və nümunə olsun deyə maaşı artırıldı. Bundan sonra hamı susmağa başladı. Müəllimlər onunla danışmır, kənd camaatı salamına cavab vermirdi. O isə öz işini günü-gündən daha yaxşı görməyə çalışır, şagirdlərə yeni-yeni kitablar gətirir, yeni-yeni biliklər öyrədirdi".
Bir hekayəlik əhvalat, əslində, çox uzundu, burda bu hekayə bitsə də, yol bitmir, gedir, həmin müəllimin və yetişdirdiyi insanların ayaq səslərini gözləyir...
"Ədəbiyyat qəzeti"