Nəzir puluna qonaqlıq – MƏZƏLİ ƏHVALATLAR

Nəzir puluna qonaqlıq – <span style="color:red;">MƏZƏLİ ƏHVALATLAR
28 fevral 2017
# 09:00

Kulis.az professor İlham Rəhimlinin sənət adamları barədə toplayıb işlədiyi məzəli əhvalatları təqdim edir.

Dırnaqların manikürlü idi

Məhərrəm Bədirzadə 13-14 yaşlarından televiziyanın müxtəlif xarakterli uşaq verilişlərində iştirak edirdi. Çevik, hazırcavab və bacarıqlı olduğu üçün uşaq tamaşalarında ona kiçik rollar da verirdilər. O vaxtlar da kinodan başqa bütün verilişlər efirə canlı gedirdi.

Növbəti dəfə Məhərrəmi «Mən-mən Səlim» səhnəciyinə çağırırlar. Bədii mətnə görə Səlim çox dəcəldir, məktəbdə intizamı tez-tez pozur, dərslərini yaxşı oxumur. Həm də lovğadır, elə hey «Mən, mən» deyir. Buna görə də onu «Mən-mən Səlim» deyə, çağırırlar.

Səlim dəcəlliyi ilə yanaşı, həm də istedadlıdır, yaxşı pianino çalır. Bir pərdəli səhnəciyin sonunda guya Səlim əlaçı şagirdlərin, müəllim kollektivinin köməyi ilə islah olunur. Sinif rəhbəri olan müəlliməsinin xahişi ilə o, şagird dostları üçün pianinoda bir musiqi çalır.

Bir neçə gün dalbadal məşq olur. Nəhayət, verilişin efir vaxtı gəlib çatır. Məhərrəm pianinonun arxasında əyləşib və uşaqlar da onu dövrələyiblər. Məhərrəmin sifəti görünür və guya o, pianino çalır. Rejissor Fikrət Qaradağlı əvvəldən dönə-dönə Məhərrəmə tapşırır:

– Sən başını aşağı sal, guya çala-çala pianinonun dillərinə baxırsan. Amma əlini dillərə vurma, səs çıxar. Sənin əvəzinə ayrı adam çalacaq.

Məhərrəm özündən razılıqla deyir:

– Fikrət müəllim, arxayın olun, birinci dəfə deyil ki.

Nəhayət, canlı veriliş başlayır. Əvvəlki səhnələr oynanılır. Səlimin pianino çaldığı epizod gəlib çatır. Studiyanın digər küncündə əsl pianinoçu xanım çalır və efirə də onun ifası gedir. İfaçının özü isə efirdə görünmür. Efirdə Səlim – Məhərrəm və uşaqlar görünür.

Veriliş qurtarır. Məhərrəm tez məhləyə gəlir ki, yoldaşlarının yanında bir az qürrələnsin. Əvvəldən də onlara xəbərdarlıq etmişdi ki, filan saatda televizora baxarsınız, pianino çalacam. Gələndə görür ki, tay-tuşları Mirzə Fətəli ilə Tolstoy küçələrinin tinində dayanıb onu gözləyirlər. Dostları bir-bir Məhərrəmi təbrik edir. Xülasə, Məhərrəm məhlədə bir xeyli lovğalanıb, özünü öyüb gəlir evə. İçəri girən kimi anasından soruşurr:

– Məmə, baxdın televizora?

Anası mehribanlıqla:

– Baxdım. Sağ ol, yaxşıydı.

Məhərrəm bir az da coşur:

– Gördün də necə pianino çaldım.

Anası gülümsəyir:

– Gördüm, əla çalırdın... amma dırnaqlarını nahaq manikürləmişdin...

Məhərrəm pərt olur.

Sən demə idarəetmə pultunda əyləşən rejissor Fikrət Qaradağlı istəyir çalğıçının, yəni Məhərrəmin barmaqlarını da göstərsin. Bu, lap inandırıcı olar. Ancaq bilir ki, Məhərrəm heç barmaqlarını dillərə toxundurmur. Fikirləşir ki, xanımın da barmaqları Məhərrəminki kimi nərmənazikdir. Mikrofonla qulaqcıq taxan 3-cü kameranın operatoruna deyib ki, ifaçının barmaqlarını iri planda versin. Operator da onun tapşırığını yerinə yetirib. Beləcə, Fikrət arada iki-üç dəfə həmin barmaqları efirdə göstərib. Ancaq tələskənlikdənmi, ya nədənsə fikir verməyib ki, pianinoçu qızın dillərin üstündə gəzən barmaqlarının dırnaqları manikürlüdür...

10 manat nəzir deyirəm

Məşhur televiziya rejissoru Məhərrəm Bədirzadə 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olur. O, yeddinci sinifdən Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi xalq teatrının üzvü olmuşdu. Hazırlıqlı olduğuna görə də İnstituta əla qiymətlərlə qəbul edilmişdi.

Birinci kursun qış sessiyasında Məhərrəm altı imtahanın beşindən «əla» qiymət alır. Son imtahan ədəbiyyatdan idi. Seminar vaxtı o, bu dərsi deyən Sadıq müəllimlə bir balaca sözləşmişdi. Ədəbiyyat imtahanı başlayır. Sinif nümayəndəsi jurnal siyahısı üzrə uşaqları növbəylə içəri dəvət edir. Növbə Məhərrəmə çatır. O, içəri keçir, bilet çəkib əyləşir. Bir azdan Sadıq müəllim ondan soruşur:

– Bədirzadə, hazırsan?

Məhərrəm qalxır ayağa:

– Bəli, Sadıq müəllim.

– Onda gəl cavab ver.

Məhərrəm gəlib oturur Sadıq müəllimin qarşısındakı partada. Bir-bir sualların cavablarını danışır.

Sadıq müəllim görür ki, Məhərrəm əla hazırlaşıb. Ancaq ona «əla» yazmaq istəmir. Qiymətini aşağı salmaq üçün suallar verir. Məhərrəm sualın birində çaşır. Sadıq müəllim deyir:

– Bala, pis hazırlaşmamısan. İstəyirdim sənə «əla» yazım, ona görə suallar verirdim. Suallara cavabın xoşuma gəlmədi. Əlim gəlməsə də, sənə «yaxşı» verirəm.

Məhərrəm özündən çıxır:

– Sadıq müəllim, biletimə əla cavab verdim də. Qiymətimi niyə kəsirsiniz?

Sadıq müəllim:

– Ay oğul, sənə başa saldım də…

Danışa-danışa imtahan vərəqinə və sonra da onun məqbul kitabçasına o dövrün qayda-qanuna əsasən, «yaxşı», yən 4 yazır. Məqbul kitabçasını örtüb yüngülcə atır mizin üstünə. Laqeydliklə:

– Gedə bilərsən. - üzünü sinif nümayəndəsinə tutur - Kimin növbəsidi, çağır gəlsin.

Məhərrəm gəlir rektor Rahib Hüseynovun qəbuluna. Xeyli gözləyəndən sonra kabinetdəkilər çıxırlar və rektor onu qəbul edir. Bədirzadə əhvalatı olduğu kimi danışır.

Rahib müəllim diqqətlə qulaq asıb deyir:

– Komissiya ilə imtahan təşkil edəcəm. «Əla»ya cavab verə bilməsən sənə «kafi» (üç) yazacaqlar.

Razısan?

Məhərrəm ötkəmliklə:

– Razıyam, Rahib müəllim.

Onun ötkəm cavabı rektorun xoşuna gəlir. Yanvar ayının sonlarında sessiya başa çatır. Ayın axırında komissiya ilə imtahan təşkil edilir. Məhərrəm dərnək dostları, «Ögey ana» filmindəki İsmayıl rolu ilə məşhurlaşan Ceyhun Mirzəyevlə və gələcəyin aktyoru Nizami Kazımovla gəlirlər instituta. Məhərrəmi içəri çağırırlar. O, əlini göyə qaldırıb deyir:

– Ay Allah, özün mənə kömək ol. Əgər bu imtahandan «əla» alsam təqaüdümü alanda Təzəpir məscidinə gedib, qabağıma çıxan birinci dilənçiyə 10 manat nəzir verəcəm.

Bunu deyib, keçir içəri. O vaxtın da on manatı dəyərinə görə indinin 100 manatı kimi idi. Bir azdan Məhərrəm gülə-gülə çıxır.

Ceyhun tez soruşur:

– Necə oldu?

Məhərrəm fəxrlə cavab verir:

– «Əla» aldım.

Ceyhun da, Nizami də onu təbrik edirlər.

Tətil başlayır. Günlər keçir, o vaxtın qayda-qanununa əsasən, fevralın 7-də ikinci semestrin dərsləri başlayır. Hər ayın 25-də təqaüd verilirdi. Məhərrəm həmin gün gəlir xəzinədar İsmayıl kişinin otağının qabağına. Növbədə beş-on tələbə varmış. Bir az gözləyir və növbəsi çatanda pulu alıb aşağı düşür. Görür ki, Ceyhunla Nizami qapının ağzında dayanıblar. Onu deyim ki, Nizamidə bir az cüvəllağılıq vardı. Yeyib-içmək üçün qəribə-qəribə oyunlar, fırıldaqlar fikirləşirdi. Məhərrəm gülümsünərək soruşur:

– Sizdən xeyir ola?

Nizami cavab verir:

Söz vermişdin ki, təqaüd alanda Təzəpir məscidinə gəlib 10 manat nəzir verəcəksən?

Məhərrəm:

– Söz vermişdim.

Nizami:

– Aldın təqaüdü?

Məhərrəm:

– Aldım.

Nizami:

– Gəlmişik ki, məscidə birlikdə gedək.

Yön alırlar Təzəpirə tərəf. Nizaminin sıx qıvrım saçları vardı və yay-qış heç vaxt kepka qoymazdı. Məhərrəm təəccüblə Nizaminin başındakı nimdaş kepkaya baxır.

– Xeyir ola, Nizami, kepka qoymusan? Səndən çıxmayan iş.

Nizami laqeydliklə:

– Qoymuşam da…

– Bəs niyə it günündədi? Lap qırçı kepkasına oxşayır.

Ceyhun gülür:

– Elə Nizami də qırçı kimi bir şeydi.

Məscidə çataçatda Nizami soruşur:

– Məhərrəm, nəziri mütləq qabağına çıxan birinci dilənçiyə verəcəksən?

Məhərrəm:

– Əlbəttə, söz vermişəm.

Nizami:

– Kişi kimi sözünün üstündə durursan?

Məhərrəm:

– Alə, həri də. Day nə qədər sual verirsən, bəsdi də…

Gəlb çatırlar Təzəpirin aşağı darvazasının beş-on addımlığına. Qəfildən Nizami qabağa keçir, axsaya-axsaya, əlləri əsə-əsə birinci pilləkənə çatır. Pilləkənlərdə sıra ilə düzülmüş dilənçilərin yanında birinci dayanır. Əsə-əsə, guya zorla yerə oturub papağını qoyur qabağına. Məhərrəmlə Ceyhun ona yaxınlaşanda ağlaya-ağlaya yalvarır:

– Sizi and verirəm o cavan canınıza. Kimsəsiz, yetim, şikəst adamam. Mənə bir nəzir verin.

Məhərrəm çaşıb qalır. Baxır Ceyhunun üzünə. Ceyhun yavaşca deyir:

– Söz vermisən, bu da sənə birinci dilənçi. Çıxart onluğu.

Məhərrəm öz-özünə fikirləşir ki, bu yəqin Nizaminin növbəti hoqqasıdır. Sakitcə qırmızı onluğu cibindən çıxarıb atır Nizaminin papağına. Ceyhun onun qolundan dartır və dönürlər geri. Onlar darvazadan çıxıb sağa burulanda Nizami də ayağa qalxıb axsaya-axsaya, əsə-əsə, «Allah köməyiniz olsun» deyə-deyə onların dalınca gedir. Pilləkəndə ondan sonra dayanmış dilənçi

Nizaminin dalınca deyinir:

– Mərdümazar köpəkoğlu, haradan gəlib çıxdı…

Nizami də darvazadan çıxanda sağa dönüb gülə-gülə yaxınlaşır Məhərrəmlə Ceyhuna. Məhərrəm nəsə demək istəyir. Nizami ona aman vermir, üzünü Cehuna tutur:

– Ceka, sənə dedim alınacaq. Gördün ki. Bu oldu əla! Getdik «Novbahar»a, nəzir puluynan. Məhərrəmin «əla»sını yumağa…

Yazıçı aktyorun bığını qoparıb qaçdı

Məhərrəm Bədirzadə “Azdrama” truppasını necə aldatdı?

Səyavuş Aslan maşinisti ağacla niyə döydü?

# 2171 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #