Xoşbəxtlik haqqında düşüncələr QAN TURALI

Xoşbəxtlik haqqında düşüncələr <span style="color:red;">QAN TURALI
7 yanvar 2016
# 13:26

Yazıma “Azərbaycanda bir kabus yayılmaqdadır, mutsuzluq kabusu” sözləri ilə başlasam güman eləmirəm ki, bu bizim həyatımıza verilmiş şişirdilmiş qiymət ola. Biz sadəcə olaraq mutsuzuq, bunu hər gün, hər yerdə eşidirik, görürük və tez-tez öz-özümüzə təkrar da edirik.

Sadə bir məntiqi mühakimə yürütsək mutsuz insanlar xoşbəxtliyin nə olduğunu dəqiq qavraya bilməyən insanlardır. Onlar xoşbəxtliyi ayrı yerlərdə təsəvvür edirlər, amma ayrı yerlərdə yaşayan insanlar da onlar kimi mutsuzdurlar. Bir fərq yoxdur. Kasıblar xoşbəxtliyi zənginlikdə görürlər, qəribədir ki, zənginlər də kasıblıqda xoşbəxtlik axtarırlar. “Azacıq aşım, ağrımaz başım” misalında olduğu kimi.

Pulun birbaşa xoşbəxtliyə təsiri ilə bağlı deyilənlər isə sadəcə mifdir. Misal üçün, hamımız intiharın mutsuzluqla bağlı şey olduğunu bilirik. Xoşbəxtliyindən özünü öldürən insan görmüsünüzmü? Ən yüksək həyat səviyyəsi olan Skandinaviya ölkələrinin həm də intihar birincisi olduğunu necə izah edə bilərik ki?

Çoxdan bir pritça oxumuşdum. İki adam yol gedir, birinin cibində iki dinar olur, digərinin isə cibi boşdur. Pullu adam gecə tez-tez ayılıb cibini yoxlayır, yolda hər zaman üçün mümkün olan quldur hücumlarından qorxur. Axırda onun bu narahatlıqlarına dözə bilməyən cibiboş gecə onun pullarını gizlicə götürüb quyuya atır. Varlı bunun səbəbini soruşanda isə o belə deyir: “O pullar sənə rahatlıq vermirdi, mən səni rahatlıq verdim. İndi rahatca yata, asudə yaşaya bilərsən”.

Kasıblıqla bağlı belə bir pritça danışmağa yəqin ehtiyac yoxdur. Kasıb insanın öz mutsuzluğunun səbəbini zənginlikdə axtarması, lakin zəngin olduğu barədə mifləri hamımız eşitmişik. Misal üçün, əhalisinin ancaq bir faizinin yüksək təmin olunmuş olduğu Türkiyədə serialların 99 faizi məhz kübar həyatından bəhs edir. Varlıların həyatı kasıblar üçün həmişə maraqlıdır və bu seriallar da onların bəzənmiş xəyallarının təzahürü kimi maraqlıdır, nəinki kinofakt kimi. Bu serialların, kübar evlərində göstərilən ailə dramalarının isə tamaşaçılara heç bir aiddiyyatı olmur. Bu seriallarda yoxsullar isə varlı həyatına can atan insanlar kimi göstərilir, eynilə həyatda olduğu kimi.

Əslində bütün bu məsələlərin kökündə insanın mövcud olduğu, içində olduğu vəziyyətlə barışmaması dayanır. İnsan heç bir zaman içində olduğu vəziyyəti ideal hesab etmir, ondan narazılığını bildirir. Dindarların tez-tez işlətdiyi “İnsan nankor varlıqdır” sözləri bu mənada həqiqət kimi səslənir, zira insanların gözü daim başqalarının xoşbəxtliyindədir. Misal üçün, parıltılı həyat yaşayan aktyorların həyatı onlara cazibədar görünür. Televizya, kütləvi informasiya vasitələri bu xəbərləri yaymaqla əslində öz aləmlərində insanları xoşbəxtliyə səsləyir, əslində isə insanları mutsuzluq daddırır.

Mütəxəssislər deyir ki, beynin sağ yarımkürəsi indi ilə, sol isə keçmiş və gələcəklə məşğuldur. Beyninin sol yarımkürəsində bir damar qırılmış beyin mütəxəssisi olan qadın on beş milyon insanın izlədiyi TED çıxışında həyatında heç zaman olmadığı qədər xoşbəxt olduğunu deyir. Eyni hissləri əməliyyat zamanı narkoz halında olan dostum da mənimlə bölüşmüşdü. Demək, insanın indiyə fikir verməyib gələcək barədə narahatlıqlara qapılması, ya da keçmişin ona əzab verməsi fiziolojik bir hadisədir və insanların da çoxu məhz bu səbəbdən mutsuzluqlarını elan edirlər.

“The Here And Now”-Burda və indi. Bizə nə qədər uzaq bir kəlmədir. Çünki bizim təfəkkürümüz çox-çox uzaqlarda cövlan edir.

Mən burda, Nazımın ölümündən bir az qabaq yazdığı o məşhur misranı xatırlatmaq istəyirəm: “Hatıralarımdan şikayetçi değilim”. Bu doğrudan da müdriklikdir, ruhani bir rahatlıqdır. Və eləcə də insanın gələcəklə bağlı narahat olması da məncə xalis şəkildə patolojik bir hadisədir. Gələcəkdə nəyin necə olacağını heç kim kəsdirə bilməz, hər şey çox gözəl də ola bilər, çox pis də. Ən pisi isə budur ki, biz gələcək qorxularımız üçün bu günün rahatlığını qurban veririk. Gələcəyin yaxşı olub-olmayacağı məchulu qarşısında bu günün məlum azadlığını da, rahatlığını da itiririk. Bu məncə insan irqinin ən problematik tərəfidir. Eləcə də travmatik.

İnsan beyni insanın ən az öyrənilən orqanıdır və bu da beyinin spesifik mürəkkəbliyi ilə bağlıdır. Hələ universitetdə oxuyarkən fəlsəfə professorumuz deyirdi ki, poeziyada ürəklə bağlı deyilənlər hamısı yalandır, sevgi də, nifrət də beyin fəaliyyəti ilə bağlı prosesdir. Amma biz çox zaman öz hisslərimizin arxasına getməklə sanki ürəyin hər şeyin səbəbkarı olduğunu düşünürük, lakin bizim bu mövzuda danışacağımız orqan beynimizdir. Biz mutlu olmaq üçün doğru düşünməyi öyrənməliyik. Bütün məsələ bundan ibarətdir.

İngilis filosofu Frensis Bekon insan idrakı qarşısındakı maneələrdən danışır və bu maneələri “idollar” adlandırırdı. Bu idollardan biri də teatr idoluydu, yəni insanlar ordan-burdan eşitdikləri, oxuduqları onlara həqiqəti qavramaqda mane olur. Həqiqi bir fikirlə qarşılaşdıqda onlar bu fikrə müqavimət göstərirlər. Bekonun bu fikrini Quranda da rast gəlmək olur. Quranda iyirmidən artıq peyğəmbərin hekayəsi verilib, bu peyğəmbərlər gəlib öz dinlərini təbliğ etdikdə eyni reaksiya ilə qarşılaşırlar: “Biz babalarımızdan bunu görməmişdik”. Bəli, babasını həyatda görməyən insan belə beynində babasının düşüncələri kök salıb və bu düşüncələr onlara yeni fikirləri qavramaqda maneə törədir.

Bura qədər yazdıqlarım tamamilə mücərrəd də görünə bilər, lakin konkret misalla insan təfəkkürünü necə absurd mühakimələr çıxartdığını və önyarqılara necə asan təslim olduğunu göstərə bilərəm. Amerikada XIX əsrdə quldarlıq qanuni bir şey idi, hətta qaçan qullara yardım edən bəyazlar da ağır şəkildə cəzalandırılması ilə bağlı qanun qəbul edilmişdi. Həmin qanunu etiraz səsini ucaldan amerikalı qadın yazıçı Biçer Stou “Tom dayının daxması” romanı ilə məşhurlaşdı. O dövrün insanları üçün quldarlıq tamamilə normal bir şey sayılırdı. Kimsə desəydi ki, qulların da hüquqları var, ona gülərdilər. Rusiyada təhkimçilik hüququ 1861-ci ildə ləğv edilmədimi? Hegelin məşhur sözlərini xatırlayaq: “Sağlam zəka Kopernikə qədər Günəşin yer ətrafında fırlandığını düşünürdü”. (Sağlam zəka dedikdə Hegel dühaları yox, sadə insanları nəzərdə tutur, hərçənd elə dühalar da bu cür düşünürdü. Hətta bu gün bizim Elmlər Akademiyamızda da bu cür düşünən insanlar var). Bu gün quldarlıq bizə tamamilə qeyri-insani bir davranış kimi gəlir, lakin yaxın zamanlara qədər bu qanunla qorunan bir şey idi. Qadınların səsvermə hüququ sizcə mübahisəli bir məsələ ola bilərmi? Lakin ingilis filosofu Bertran Rassel İngiltərədə qadınlara səsvermə hüququnun verilməsi uğrunda aparılan mübarizəyə qoşulmuşdu. Bu X əsrin söhbəti deyil, XX əsrin məsələsidir.

Qazaxlar at yeyir, çinlilər it, biz isə inək yeyirik. Hindistanda isə inək müqəddəs bir heyvandır. İndi biz bu millətlərin hərəsindən bir adamı götürüb onlar arasında “Nəyi yemək olmaz” mövzusunda müzakirə açsaq ortaya çıxacaq nəticəni təsəvvür edə bilirsinimi? Bu gün bütün toplumlar üçün utanc sayılan insest bir zamanlar bir çox toplumlar üçün adi bir şey sayılmırdımı? Hamı öz həqiqətini müdafiə edəcək, digərini isə günahlandıracaq. Biz eşitdiyimiz hekayələrin təsiri altında yaşayırıq və o hekayələrin gerçəkliyə nə qədər uyğun olub-olmaması isə bizi çox maraqlandırmır. Ya da belə deyək, çox azımızı maraqlandırır.

Dünyada mənsubları milyardlarla ölçülən üç din var. Lakin bu üç milyardın neçə faizi öz dinini araşdırdıqdan sonra qəbul edib? Axı gerçək tamamilə başqadır, buddist bir ailədə doğulan uşaq buddist, xristian ailədə doğulan uşaq xristian olur. Din dəyişmək hüququmuz var, lakin millət dəyişdirmək hüququmuz yoxdur. Lakin gəl, gör ki, bizə anadan verilən bu milli mənsubiyyət uğrunda bəşəriyyət nə qədər bəlalara sürüklənib, irqçilik görüb, “ari” irqlər tanıyıb, müharibələrə meydan olub. Demək istədiyim odur ki, biz əslində hekayələr dinləyirik və o hekayələrin nə qədər doğru olub-olmadığını belə təhlil etmirik. Balaca uşaqlar “Mənim atam hamıdan güclüdür” deyən kimi biz də öz dinimizi, öz millətimizi, fikrimizi hamıdan üstün hesab edirik. Kor-koranə şəkildə, uşaqsayağı təfəkkürümüz həm özümüzü, həm də bəşəriyyəti bədbəxt edir və mutluluqdan uzaqlaşdırır. İndi bir sual ortaya çıxır. Bu məsələnin mutluluğa nə dəxli var?

Bəli, burda bir zəruri izahatı verməliyik. Məsələ bundadır ki, kor-koranə qəbul etdiyimiz bu həqiqətlər sayəsində biz dünyanı çox fərqli görürük. Bir anda yalanlar dünyasına keçirik. Və biz yalanlarla yaşayırıq. Yalanlarla yaşayıb xoşbəxt olmaq olarmı? Hər şeydən önəmlisi, beynimiz bu yalan diyarında yaşayırsa onda o gerçəyi necə görəcək? Beyin doğru çalışmırsa biz xoşbəxtliyə necə çatacağıq? Qəzetlərdən oxuyuram, deyir şokolad yeməklə insan xoşbəxt olur. İndi biz də bu qovğada şokolad yeməkləmi xoşbəxt olaq? Xoşbəxtlik üçün bizim başqa imkanımız yoxdurmu? Doğrudanmı beynimiz ancaq şokalad yeməklə mutluluğa çatacaq? Bu elmi baxımdan şokoladın faydası gerçək kimi dura da bilər, lakin şokolad firmalarının reklamı üçün daha uyğun bir variantıdr, nəinki beynimizin daha gerçək işləməsi və onun həqiqəti daha aydın dərk etməsi üçün.

Beynimizin sol yarımkürəsinin funksiyalarını bu mənada xatırlatmaq yerinə düşür. Bizim beynimiz cürəbəcürə mühakimələrlə, gələcəyə yönəlik təxminlərlə, qəliz fikirlərlə doludur və bu mənada biz bu günü yaşaya bilmirik. Biz özümüzə, öz xoşbəxtliyimizə zərrə qədər də aidiyyatı olmayan fikirlərlə boğuşuruq. Şiə sünni ilə boğuşur ki, taxta Əli çıxmalıydı. Protestant katoliklə boğuşur, molla sufi ilə boğuşur. Amerika Rusiya ilə, şəhərli kəndli ilə boğuşur. Allahın varlığı ateizmlə boğuşur. Taksi şoferi Rusiya siyasətiylə boğuşur. Türkcü deyir ki, dünya Turan olmalıdır, islamçı deyir ki, dünya Məhəmməd ümməti olmalıdır. Anlayışlarla düşünürük, anlayışlarla yaşayırıq. “Qulliverin səyahəti” romanında yumurtanı aşağıdan, yoxsa yuxıdan sındırmaq üçün sözləri çəp gəlib vuruşan dövlətləri xatırlayaq.Yumurta yeməyən vegeterian üçün bu mübahisə necə də mənasızdır. Və bu mənasızlıq bizim həyatımızın əsas qaydasına çevrilibdir. Bu anlayışlar bizi həqiqətdən uzaqlaşdıraa bildiyi qədər də uzaqlaşdırır. Sonra deyirik ki, niyə xoşbəxt ola bilmirik.

Avstriya filosofu Lüdviq Vitgenşteynin tələbəlik zamanlarımdan vurğunuyam. Altı illik fəlsəfə təhsilim ərzində Vitgenşteynlə tanış olduqdan sonra bütün filosoflar bir-bir gözümdən düşdü, kiçildi, balacalaşdı. Onların qatili bu Vyana yəhudisindən başqası deyildi. Vitgenştyen başqa filosoflar kimi özlərindən əvvəlkilərlə konfliktə girmədi, dava salmadı. O sadəcə olaraq dedi ki, sizin dediklərinizin hamısı yalandır. O, idealistinə də, materialistinə də savaş açdı. Skeptikini də sevmədi, aqnostikini də bəyənmədi. Müəllimi Rasselə də qarşı çıxdı. Sadəcə olaraq dedi ki, bizim haqqında mübahisə açdığımız anlayışların özü mabahisəlidir. Vitgenşteyn küçə insanına, sağlam düşüncə adlandırdığı sadə insana appelyasiya edirdi və o vurğulayırdı ki, filosofların böyük həvəslə müzakirə etdiyi problemlərin heç biri həqiqətdə mövcud deyildir və uydurulmuş anlayışlardır. Bu konteksdə Vitgenşteynin məşhur bir frazasını xatırladıram: “Haqqında danışılması mümkün olmayan şeylər haqqında susmalı”. Başa düşənə Vitgenşteyni anlamaq üçün bu söz də bəsdi.

Bizim günümüzə bax: Ancaq elə haqqında danışılması mümkün olmayan şeylər haqda danışırıq. Vitgenşteynlə tanışlığımdan on il sonra zen fəlsəfəsi ilə tanış oldum. Yeri gəlmişkən, mən Vitgentşeyn və zen haqqında fəlsəfə sözünü tamamilə dekartvari mənada işlədirəm, o mənada ki, onların düşüncəsi fəlsəfə deyil, Rene Dekart isə deyərdi ki, (İndi deməsin) fəlsəfənin tənqid edilməsinin özü də fəlsəfədir.

Zen buddizmin davamıydı və Buddadan Allahın varlığı haqda soruluşanda o cavab vermişdi ki, Allahın varlığı haqda düşünmək səni aydınlanmadan, nurlanmadan uzaq salacaq. Söhbət burda birbaşa Allahın varlığı haqqında ontolojik və epistemolojik mübahisələrdən getmir, Budda da, zen də metafizikaya qarşı idilər. Onlar aydın şəkildə göstərirdilər ki, insan beyninin bir hissəsini işlətməlidir, hansı hissədə ki, o xoşbəxt olur, nirvanaya çatır və azad olur. Misal üçün, gəlib zen müdrikinə aydınlanmaq istədiyini bildirən bir insana müdrik deyirdi ki, günorta nə yemisən? O da düyü yediyini deyəndə müdrik cavab verdirdi: Onda get boşqabını yu. Adam ordaca nirvanaya çatırdı. Daha doğrusu satoriyə, zen nirvanası satori adlanır. Görün nə qədər sadədir. Amma eyni dərəcədə mürəkkəbdir, zira Balaxanı zibiliyinə dönmüş beynimizi təmizləmək üçün nə qədər əziyyət çəkmək lazımdır. Beynimiz bu dəqiqə Avgi tövlələri kimidir, bir Herakl lazımdır ki, çayları bura töküb bizi asudəliyə çıxartsın.

Yazının əvvəlində beyninin bir hissəsinin fəaliyyəti məhdudlaşmış bir qadın haqqında danışmışdıq. Özü də beyin mütəxəssisi olan o qadın çox xoşbəxt olduğunu deyirdi.

Mayakovski intihar edəndə Marina Svetayeva yazmışdı: “O, həmişə sağa güllə atardı/Qəfil birdən sola çaxdı gülləni”. Sağa deyəndə o sağ yönümlü ideoloqları nəzərdə tuturdu. İndi gərək biz də Mayakovskidən nümunə götürüb sola güllə ataq, amma sol tərəfdə yerləşən ürəyimizə yox, beynimizə...

O beyin ki, bizi rəqəmlərlə yorur, kreditin vaxtını xatırladır, keçənləri xatırladır, məntiqi mühakimələr yürüdür, bəşəriyyətin xilasından danışır, Amerikanın Yaxın Şərq siyasətini təhlil edir. Onsuz yaşamaq mümkünsüzdür, etiraf edək. Lakin o həyatımızda bu qədər böyük bir yerə də layiq deyil. Gəlin, elə etiraf etmişkən, bunu da etiraf edək.

Böyük Usta bir şeirində yazır: “Yaşamın dışında ve ötesinde hiç bir şeyi düşünmeden/İşinin adı yaşamak olucak”. Yaşamaq elə xoşbəxtlikdir. Yaşamağın xaricində heç bir şey düşünmədən yaşamaq. Yaşamaqdan başqa hər şeyin mənasız olduğu bu dünyada yaşamaq elə qəhrəmanlıqdır. Kasıb olduğumuza, varlı olduğumuza baxmadan diqqəti ancaq özümüzə verək. Bizə nə İŞİD-in taleyindən? Bizə nə dünyanın axırından? Bizim beynimiz bizi xoşbəxt etmək üçün proqramlanıb. Biz sadəcə xoşbəxt yaşamalıyıq. Xoşbəxt olmaq üçün hər şeyi etməliyik. Beynimizi ancaq bu yöndə çalışdırmalayıq. Bizim xoşbəxtliyimiz üçün faydası olmayan şeylərə baş qoşmamalıyıq. Bizə deyilən yalanlara inanmamalıyıq. Hər şeyi təhlil etməliyik, ancaq özümüzü anlamaq naminə, mutlu olmaq naminə. Həqiqət naminə.

Ağlın yolu isə həmişə birdir. Aralarında on minlərlə kilometr fərq olan Budda və Vitgenşteyn bu həqiqətə gəlir. Sufilər hər şeydən təcrid edilib ancaq öz rahatlıqlarına qapılırlar.

Mutluluq bizim ən böyük hüququmuzdur! Davamız isə mutluluğa çatmaq yolunda bizə maneə yaradan hər cür cəhalət, xürafat, nadanlıqlarladır.

# 2230 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #