Onların başına gələn MARAQLI ƏHVALATLAR

<b>Onların başına gələn <span style="color:red;">MARAQLI ƏHVALATLAR </b>
5 may 2017
# 09:00

Serb yazıçısı Milorod Paviç deyir ki, maraqlı əhvalatlar onları maraqlı danışan adamların başına gəlir. O əhvalat tez-tez yada düşür, müxtəlif məclislərdə söylənir, dildən-dilə, ağızdan-ağıza keçir.

Kulis.az sənət adamlarının maraqlı əhvalatlarını təqdim edir.

Seyran Səxavət

(yazıçı)

- Dünyanın gözəl vaxtları idi. Onda Yusif Səmədoğlu “Ulduz” jurnalının baş redaktoruydu, mən də nəsr şöbəsinin müdiri işləyirdim. Bütün ədəbi cameyə bilir ki, biz Yusif Səmədoğlu ilə çox yaxın olmuşuq. Həyatımda tanıdığım ən rahat adam idi. Bizə o qədər azadlıq vermişdi ki, adam o azadlıqdan sui-istifadə etmək belə istəmirdi. Günlərin birində “Sovetskiy pisatel” nəşriyyatından mənə teleqram gəldi. Yazılmışdı ki, Seyran, təcili gəl Moskvaya, müəllif kimi qol çək, kitabın gedir çapa. Mən də Yusif Səmədoğlunu axtardım, tapa bilmədim. Axırı, getdim Moskvaya, Fadeyev adına Mərkəzi Ədiblər Evinə. Gördüm ki, Yusif orda öz xanımı ilə oturub, məni də görəndə dedi, Seyran, gəl, gəl. Sonra zarafatla əlavə elədi ki, mən oraları sənə tapşırıram. Guya ora baza-zaddır? Soruşdu ki, bəs sən niyə gəlmisən buralara? Vəziyyəti izah elədim, dedim, kitabım çıxıb, qol çəkməyə gəlmişəm. Təbrik elədi. Mən də dedim ki, eşitdim Moskvadasınız. Gəldim bura icazə almağa ki, Moskvaya gəlim yoxsa, yox. Gülüşdük. Yusif də qayıtdı ki, gəlmişkən bir-iki həftə də qalaq burda, Bakıda nə var e...

Əli İsa Cabbarov

(resissor)

- Məhəllənin böyük uşaqları (3-cü, ya da 4-cü sinifdə oxuyurdular) məhəllədən 100 metr aralı təndir çörəyi almağa getmişdilər. Məni də apardılar. 5 yaşlı uşaq üçün məhəllədən 100 metr aralı getmək Amerikaya səyahət kimi bir şeydir. Burda əməlli sərgüzəşt də vardı. Odunla qalanmış təndir, dağlı arvadı, növbə və çox dadlı isti çörək. Gəldim evə dedim, dəxli yoxdur, evdə çörək var, yoxsa yox, tez olun 3 manatımı verin, gedib təndir alacam. Dava-dalaşdan sonra pulu alıb getdim təndirxanaya. 3-5 adamlıq növbə vardı. Növbədə özümü böyüklərə tay hiss edirdim. Növbəm çatdı, 3 manatı uzatdım. Sanki nağıllardan köçüb gəlmiş qoca nənə üzümə baxıb soruşdu: “Oğlum, qəzetdən-zaddan heç nə gətirməmisən?” Dedim, yox. “Onda, gəla” - deyib dəmir maşa ilə təndirdən çörəyi götürüb mənə verdi. Xoşbəxtliyimə təqribən iki dəqiqədən sonra son qoyuldu. Çörək əllərimi yandırmağa başladı. Amma bu problem deyildi, problem başqa idi. Mənə öyrətmişdilər ki, çörəyi nəinki yerə atmaq olmaz, üstəlik yerə düşən çörəyi götürüb öpməli, gözünün üstünə qoyub hündür yerə qoymalısan. Zülm həm də onda idi ki, isti çörək əldə başladı paralanmağa. Əvvəlcə dörd yerə, sonra o dörd tikə də başladı yarıya paralanmağa. Tikə-tikə olmuş çörək parçalarını bir-bir yerdən götürür, öpüb gözümə qoyurdum. Heç bir tikəsini yerə düşməyə qoymurdum. Artıq ağlayırdım və yanımdan keçən adamlar mənə baxıb gülürdü. Bir təhər ağlaya-ağlaya çörək tikələrini gətirib çıxardım həyətə. İkinci mərtəbəyə qalxmağa halım yox idi. Başladım ağrıdan qışqırmağa və ağlamağa:

- Mama, mama... Çörək əlimi yandırır...

- Yandırır at yerə də.

- Ay sizi belə-belə olmuşlar (bizim məhəllədə 5 yaşlı uşaqların söyüş söyməsi normal idi), siz mənə nöş öyrətmisiz ki, çörəyi yerə atmaq olmaz, ay sizi belə-belə olasuz...

Və söyüşün biri bir qəpik. Sərgüzəşt barmaqlarda əmələ gələn suluqlarla davam etdi. Suluqlara baxırdım və keçirdiyim yarıqorxu, yarımaraqla bir az da fəxr edirdim ki, barmaqlarımda suluq var ee, sizdə yoxdu. Bu hiss indi də yadımda qalıb.

Rəbiqə Nazimqızı

(şair)

- Xalamgilin çox zəngin kitabxanası vardı. Rəhmətlik ərindən qalmışdı. Qızları o kitabları çox qoruyurdular. Ora tez-tez gedirdim, hər dəfə kitabları qarışdırdığım üçün məni danlayırdılar. Bəzən evə oxumağa gətirirdim. Sonra uşaqlar ailə qurdu, evlər dəyişdi. Bir gün o kitablar yanğında yandı. Çox pis oldum, uşaqlığım yadıma düşdü. Bir neçə il əvvəl kitabxanamda təmizlik işləri aparanda Füzulinin nəfis tərtibatda, illüstrasiyalı “Leyli və Məcnun”una gözüm sataşdı. Alıb oxuyub, qaytarmamışdım. İçərisində atasının öz imzasıyla yazdığı "Əliyev Məmmədin şəxsi kitabxanasından" sözləri vardı. Kitabı xalam qızına verəndə kövrəldi. Dedi, kaş bütün kitabları beləcə "oğurlayaydın".

Fehruz Şəmiyev

(rejissor)

Image result for fehruz şamıyev

- Tələbə vaxtı hansısa məsləylə bağlı professor Nizaməddin Şəmsizadənin kafedrasında laborantlarla nəyisə müzakirə edirdik. Birdən qapı açıldı və bir tələbə başın içəri salıb soruşdu:

- Abbas Mirzə Şərifzadə hələ gəlməyib?

Azərbaycan teatr tarixindən məruzələr dinləyən tələbə Şəmsizadə ilə Şərifzadəni qarışdırmışdı.

Səbuhi Məmmədli

(jurnalist)

- 2012-ci ilin avqustunda APA Holdinq tərəfindən Suriyaya ezam olunmuşum. Həmin vaxt Şanlı Urfanın Akçakala keçid məntəqəsindən Suriyaya keçməliydim. Türkiyə sərhədini keçib neytral əraziyə çatdım. Bu vaxt məlum oldu ki, qarşı tərəfdə yəni Suriya sərhədində keçid məntəqəsi Bəşər Əsədin, hökumət qüvvələrinin əlindədir. O isə ölkəsinə jurnalistlərin gəlməsini arzulamırdı. Buna görə də məcburən təxminən 250 km aralıda yerləşən Kilis şəhərinə, Öncüpinar keçid məntəqəsinə getdim. Öncüpinarda bir qədər dincəlmək qərarına gəldim. Yerli lokantaların birində qıyıqgöz bir qadın diqqətimi çəkdi. Məlum oldu ki, yapondur, jurnalistdir. Adı da Mika. Çox şən, gülərüz bir qadın idi. Lahmacunu da çox sevirdi. Bibərdən ağzı yansa da əl çəkmirdi.

Mika Suriyaya gedirdi və haradasa, necəsə kirayələdiyi mühafizəçiləri gözləyirdi. Mühafizəçilər gəldilər. Biz də elə onunla sərhədi keçdik. Türkcə qırıq-qırıq danışırdı, amma bir-birimizi anlayırdıq. Sərhədi keçəndən sonra ayrı-ayrı maşınlarda Azaza şəhərinə gəldik. Əsəd bu şəhəri təzə bombalamışdı. Hətta uçqun altında meyitləri yığmamışdılar. Üfunət baş alıb gedirdi. Burada Mika bəndənizdən fərqli, dəbilqədə, zirehli jiletdə hərəkət edirdi. Yəni onun jurnalist fəaliyyəti üçün bütün təhlükəsizlik tədbirləri görülmüşdü. Axşam məlum oldu ki, o, Hələbə gedir. Mən səhəri Türkiyəyə döndüm. Avqustun 20-də artıq Bakıdaydım. Elə səhər işə gələndə ilk oxuduğum xəbərlərdən biri bu idi: yapon jurnalist Mika Yamamoto Hələbdə öldürülüb. Bir neçə gün özümə gələ bilmədim.

Şərif Ağayar

(yazıçı)

- Füzuli alınan il qardaşımla Haramıdan Ağcabədiyə mal-qaramızı gətirirdik. Laçından bizimlə gələn itimizi avşar itləri boğdu. O çox yaxşı it idi. Bizimlə uşaq kimi oynayır, quyruğunu bulayıb üstümüzə sırmanır, yaltaqlanırdı! Darıxmağa qoymurdu bizi... Onun yanında heç kimdən və heç nədən qorxmurduq həm də! Güclü, zəhmli və məğrur idi. Üstünə çoxlu it töküldü deyə yordular, əldən saldılar. Mən və qardaşım yaşca balaca idik, itimizə kömək edə bilmədik. Qohumlardan yanımızda heç kim yox idi. Uzaqdan baxan adamlar isə haya gəlməyə ərindilər. İtimiz ağır yaralandı və “Qara su” qobusunun qamışlığına sürünüb başını yerə qoydu. Bizdən küsmüşdü. Üzümüzə baxmırdı. Durub dalımızca gəlmək istəmirdi. İstəsə də gələ bilməzdi. Hava da qaralırdı. Biz onu qoyub getməyə məcbur idik. Birdən qardaşım əlacsızcasına hönkürdü. Mən ağlaya bilmədim deyə çox sarsıldım. Müharibənin təpiyini bu qədər ağır hiss eləməmişdim. Hətta kəndimiz alınanda da!

# 1312 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #