Atilla İlhanın xanımı: “Ona şair kimi maraq göstərmədim”

Atilla İlhanın xanımı: “Ona şair kimi maraq göstərmədim”
23 yanvar 2017
# 14:23

Kulis.Az “Qafqazinfo”ya istinadən Türkiyənin dünyaca məşhur şairlərindən Atilla İlhanın həyat yoldaşı Biket İlhanın yazar Sevim Dabağa verdiyi “Portağallı likör” adlı müsahibəsini təqdim edir.

- Ən əvvəldən başlayıb danışa bilərsinizmi ki, həyat yoldaşınız Atilla İlhanı necə və harada tanımısınız?

- İzmirə getmək üçün hər gün Karşıyakadan mindiyim gəmidə əvvəllər heç vaxt rast olmadığım bir adamı görürdüm. Başında şapka, boynunda şərf sahildə gəzinir, dodağının altında nəsə mızıldanırdı. Gəmiyə minəndə “bu nə qəribə adamdı” deyə düşünür və ona göz qoyurdum. Öz aləmində, bəzən əlindəki kağıza nəsə qeyd edən, dodağının altında danışan bu adam diqqətimi çəkirdi.

1965-ci ildə İzmir Konakda Namik Kamal adına Liseydə ingilis dili müəlliməsi işləyirdim. Bir gün liseydən qayıdanda yenə onunla gəmidə rastlaşdıq. Çatıb düşdük. Eyni səmtə doğru yön aldıq. Bu kiminsə dalınca düşmək deyildi, amma bir az ona oxşayırdı. Bizim evə az qalmış o başqa küçəyə döndü, ta ardınca gedə bilmədim. Çingiz İlhan və Nərmin İlhanla üzbəüz yaşayırdılar. Məhəllədə hamı bir-birini tanıyırdı, amma onların münasibəti bir az fərqli idi. Onlar xətrimi istəyir, daim mənimlə maraqlanırdılar. Nərmin bacı da Namik Kamal adına Liseydə riyaziyyat müəlliməsi idi. Mənə “Məktəbdə ingilis dili müəllimi yoxdur, işləmək istəyərsən?” təklifini elədi və onunla eyni liseydə işləməyə başladım.

Bir gün Nərmin bacı məni evinə dəvət elədi. Getdim. İçəri girəndə Karşıyaka limanındakı şapkalı, dodağının altında mızıldanan həmin adam orda idi. Nərmin bacı “Atilla İlhan – Çingizin böyük qardaşıdı” deyib bizi tanış eləyəndə Atilla İlhan nə desə yaxşıdır: “Gəmidən tanışıq”. Heç mənə maraq göstərdiyinin, baxdığının fərqində olmamışdım. İyirmi yaşında, ətrafındakı adamların maraq göstərdiyi bir qız idim. “Niyə bu adamın diqqətini çəkə bilmirəm” deyə özümə acığım tuturdu. Atilla “gəmidən tanışıq” deyəndə mənə ləzzət elədi. Sonralar Nərmin bacının dediyinə görə, mən gəmidə Atillanı görməmişdən əvvəl o mənə baxırmış. Tez-tez soruşurmuş: “Bu qız nişanlısından haçan ayrılacaq?” Elə ilk tanış olan gün xeyli söhbət elədik. Mənə dedi: “Siz nişanlı imişsiniz, eşidəndə çox təəccüb elədim. Hələ çox gəncsiniz, indidən ailə qurmağınızın nə mənası var? Məncə, hələ görə biləcəyiniz yaxşı işlər irəlidədir. Həyatın bərkinə-boşuna düşməmisiniz, qərarınız haqqında bir də düşünməlisiniz deyəndə beynim çöndü. Onsuz da, ailə qurmaq ürəyimcə deyildi, nişanlımdan ayrıldım. Atilla ilə münasibətimiz yarandı. Evlərimiz yaxın idi. Atilla isə bir küçə aşağıda anası ilə qalırdı.

- İzmirdə eyni məhəllədə qaldığınız illərdən əvvəlki dövrə nəzər salaq, bir az özünüz haqqında danışa bilərsinizmi?

- İzmirdə anadan olmuşam. Atam da, babam da zabit idilər. Atam hərbi hava qüvvələrində pilot, babam çavuş idi. Atam Cumaovasındakı hərbi hava limanında işləyirdi. 1945-ci ildə hərbi şəhərcikdə dünyaya gəlmişəm. Atamın təyinatını şərqə veriblər, o vaxt şərq çibanı epidemiyası yayıldığına görə nənəm məni valideynlərimə verməyib. Valideynlərim məni qoyub gedəndə üç aylıq olmuşam. Dörd yaşımda qayıtdılar. O ərəfədə anam qardaşımı dünyaya gətirəcəkdi. Nənəm məni onlara vermək istəmədi. Beləcə, mən də Atillanın evinə gəlin köçənə qədər nənə-babamla bir yerdə yaşadım.

- Necə nişanlandınız?

- Hələ təzə-təzə münasibətimiz yarananda, Atilla dedi ki, sən hələ çox gəncsən, mənimsə qırx yaşım var. Xeyli qadın olub həyatımda. Bəzən mənim, bəzən də onların ucbatından problemlər yarandı. Heç biri ilə ailə qurmadım. Düşündüm ki, ailə qurmaq mənlik deyil, ona görə də izdivaca cəsarət eləmədim. Bizə tez-tez gəlib-gedirsən, haqqımızda hərə bir söz danışacaq. Yaxşı fikirləş. Evlənsəydik daha yaxşı olardı, ancaq mən ailə qura bilmərəm. Mən də cavab verdim ki, bura səninlə ailə qurmaq üçün gəlib-getmirəm, bu fikir heç vaxt ağlıma gəlməyib. Belə şərtləşdik, amma nəticə biz düşündüyümüz kimi davam etmədi. Münasibətlərimiz bizdən asılı olmadan daha fərqli yönə istiqamətləndi. Bir-birimizə daha da yaxınlaşmışdıq. Anası ailə qursan “mən də toyunu görərəm” deyib iki ayağını bir başmağa dirəmişdi. Bir gün yenə anası bu mövzuda söhbət edərkən Atilla ona deyib: “Biket artıq bu evə çox gəlib-gedir. Əgər istəyirsənsə iki üzük al, camaat arasında söz-söhbət yaranmasın”. Kimsə babama deyib ki, sənin nəvən o kommunist ilə sevgilidi. Babam da həmin adamın ağzının payını verib: “Mən nəvəmə inanıram, o neylədiyini yaxşı bilir”.

Bir gün həyətlərində oturmuşduq. Atillayla qızğın söhbət edirdik. Söhbətlərimiz başladısa qurtarmaq bilmirdi. Anası yanımıza gəldi, əlində də qutu. Qutunun içindən üzük çıxardıb Atillaya uzatdı. O da üzüyü barmağıma taxdı. O biri üzüyü də mənə verdi. Atilla neyləmişdisə mən də elə elədim, – üzüyü onun barmağına taxdım. Söhbətinə ara vermədi. Mən də atmosferi pozmadım. Anası məəttəl qalmışdı. Üzüklər belə sürpriz oldu. Sonralar anası mənə gileylənirdi ki, oğlumun “qabiliyyətinə” bələdəm, amma heç olmasa sən ayağa qalxıb əlimi öpəydin. Üzük taxdım, sizi nişanladım.

- Bəs ailə həyatı?

- Üzük məsələsindən bir müddət sonra mənə dedi: “Bir yerdə yaşasaq, yaxud evlənsək, maddi problemləri həll etmək üçün sabit gəlir lazımdı”. Mən də cavabında belə dedim: “Mənim üçün pul o qədər də vacib deyil, amma ac qalmaq da istəmərəm”. Bu sözüm ona yer eləmişdi, həmişə xatırladırdı, bəzi yazılarında və mənə ünvanladığı məktublarda bu fikrimi misal çəkirdi. “Bir-birimizi sevsək də, hər şeyə real yanaşmaq lazımdı. Sən gənc olsan da bu reallığı çox yaxşı diqqətə çatdırdın” yazmışdı.

Nişanlanandan sonra gəmiyə birgə minərdik. Alsancakda Reyhan Şirniyyat evində görüşər, portağallı likör və qəhvə içərdik. O günlərdə Atilla dedi: “İstanbula gedib bir müddət Çolpanla qalım. Daha yaxşı iş tapsam, evlənib ora köçərik”. “Bunun üçün ora getməyə ehtiyac yoxdur” dedimsə də, “sənin sözün yadımdan çıxmır, “ac qalmaq istəmirəm” demişdin. Gedib bir bəxtimi sınayım” cavabını aldım.

1967-ci ildə İzmirdən İstanbula yollandı. Bir ay ərzində ssenari yazmaq üçün kino çəkən şirkətlərin yiyələriylə görüşdü. Bir məktubunda yazırdı: “Gəldim bura, amma İstanbul məni düşündüyüm kimi qarşılamadı. Ürəyim sıxılır burda. Əvvəllər sevdiyim bu şəhər mənə niyə belə təsir bağışladı? Deyəsən, sən yanımda olmadığına görə belədi. İzmirə qayıdıram”. Və qayıtdı. Həmin vaxt ona “Demokrat İzmir” qəzetindən iş təklif elədilər. Həm redaktor işləyəcək, həm də yazı yazacaqdı.

Image result for Attila ilhan

1968-ci ilin yanvarında, Karşıyakada, anasının qaldığı evdə ailə həyatı qurduq. Nikah məmuru Atillanın evinə dəvət olunmuşdu. Mənim nikah şahidim Kənan Gəmiçigil onun şahidi babam idi.

O gün göydən yağışı elə bil səhəngdən tökürdülər. Pəncərədən küçəyə baxırdım. “Kim gələcək, necə olacaq, görəsən, məni Çingiz bəy gəlib aparacaq” sualların düşünüb maraqla gözləyirdim. Evimiz həyətin ortasında tikilmişdi. Pəncərədən həyət görünürdü. Bir də gördüm ki, Atilla həyətə girdi. Evə tərəf gəlib zəngi basdı. Qapını babam açmışdı. Babama əsgər salamı vermişdi. Özünəxas üslubuyla “Cənab polkovnik, nəvənizi aparmağa gəlmişəm” demişdi.

1973-cü ildə Ankaraya getdik. Ankara kollecində təhsil aldığıma görə oralara nabələd deyildim. Orda köhnə dostlarım vardı. Atilla “Bilgi” nəşriyyatında işləməyə başladı. Buğday Küçəsində Süleyman Dəmirəllə qonşu olduq, 1981-ci ilə qədər orda yaşadıq. Orda da müəllimlik edirdim. 1981-ci ildə İstanbula köçdük. 1987-ci ilə qədər Maçkadakı evdə yaşadıq. Boşandıq, ancaq bir-birimizdən əl çəkmədik. Atilla ölənə qədər dostluğumuz davam elədi. Hələ də evindəki hər şey mən necə sahmanla yerləşdirmişəmsə, elə də qalır. Evinin açarlarından biri həmişə məndə olurdu.

– Niyə boşanmaq istədiniz?

– Daha bu məsələ ilə bağlı danışmaq istəmirəm desəm, səhv başa düşəcəklər. Hər şey qaydasında idi. Bir-birimizə olan münasibətimizdə soyuqluq yox idi. Atilla ailə qurmamışdan əvvəl mənə dedi ki, övladı olmasını istəmir. Qadağa qoymadı, amma bu onun üçün vacib məsələ idi. Təkcə uşaq yox, ev, maşın almayacam, ənənəvi ailə münasibətləri mənlik deyil... dedi. Atilla üçün bu şərtlər çox təbii idi. Çünki o boş durmaq istəmədi. İşləmək, yazıb-yaratmaq istədi.

- Atilla İlhan həssas insan idi?

- Bəli. Həm də Atilla çox məsuliyyətli insan idi. Mən də elə idim. Əgər Atillanın uşağı olsaydı, günün çox hissəsini onunla keçirərdi. Nəticədə Türkiyəyə, dünyaya yadigar qoyub getdiyi əsərlərin bəlkə də bir qismi yazılmazdı. Hamı ata ola bilər, amma hamı Atilla İlhan ola bilməz. Uşaq istəməməyini də başa düşürəm. Nə ürəyimdə, nə də üzünə qarşı onu bu məsələyə görə ittiham eləməmişəm. Təzə-təzə birgə yaşayanda məndə analıq hissi demək olar yox idi. Bəzən ona deyirdim ki, səndən ayrılmaq çətindir, ancaq mənim də analıq hissim var. Ona heç vaxt “qoy uşağımız olsun” demədim, “ayrılaq mənim öz həyatım olsun” dedim. 1986-ci ildə ayrılmaq qərarına gəldik.

İndi bir qızım var, valideyn olmaq, doğurdan da, gözəl hissdir. Bu hiss, insanın həyatına öz təbii təsirini göstərir. Ana olmaq tamam başqa şeydi.

- Ayrılmaq hər ikinizin qərarı idi?

- Atilla mənim istəyimi bilirdi. Ona dedim, əgər desən ki, səni bir daha görməyəcəyəm, onda səndən ayrıla bilmərəm. Bu halda münasibətlərimiz korlanacaq. Belə olsa daxilən sınaram, mənə yazığın gəlsin. İstəmirəm münasibətimiz tam kəsilsin. Atilla da “düz deyirsən, mən də istəmirəm” dedi. Mənim qəlbimdə analıq duyğusu hər şeydən üstün idi... Qırx yaşım var idi. İstəmədim ki, sonradan “lənətə gəlsin, niyə övladım yoxdu” deyib dizimə-başıma döyəm. Bu peşmanlığı nə mən yaşamaq istədim, nə də Atilla o günümə baiskar olmaq istədi. Öz aramızda razılaşıb, heç kəsə bildirmədən ayrıldıq. Uzun illər heç kəs bilmədi ki, ayrılmışıq.

Amma ayrılmaq hər ikimizi sarsıtmışdı. İyirmi illik gözəl münasibətimiz vardı, birdən-birə necə asan qəbul etmək olardı? Hər şey bir tərəfə, illər ərzində bir-birimizə öyrəşmişdik. Atilla deyərdi ki, “Sən mənim yanımda böyümüsən, bütün vərdişlərin, həyata baxışın mənimlə birgə formalaşıb”. Düz deyirdi. 20-40 yaş arası insanın düşüncəsinin formalaşdığı, qərarlarının yəqinləşdiyi, həyatdan nə istədiyini anladığı vacib və gözəl bir dövrdür. Həmin illərimi Atilla ilə birgə yaşadım.

- Amma hələ də “İlhan” soyadını daşıyırsınız...

- Ayrılanda dedi ki, soyadımı daşısan sevinərəm, çünki ta o sənin soyadındır. Rəsmi olmasa da, hələ də onun soyadında qalıram. Boşandıq, ancaq münasibətlərimiz davam elədi. Həyatımızda baş verən dəyişikliyi qəbul etmək elə də asan olmadı. Atilla da, mən də öyrəncəli olduğumuz vərdişlərdən gülə-oynaya əl götürə bilən adamlar deyildik. Bəlkə də buna görə belə oldu. Məsələn, İzmirdə qalandan aldığımız əşyaların üzləri köhnələndə dəyişsək də, eyni rəngdə olanından tapıb alırdıq. Belə qəribə xasiyyətimiz vardı. Atillanın bütün həyatı vərdişlər və prinsiplər üzərində qurulmuşdu.

Evdən gedəndə heç nə götürmədim özümlə. Mən dedi ki, nə istəyirsən götür. Ürəyim gəlmədi evin nizamını pozmağa. O bir söz var, deyirlər, çamadanını götürüb getdi, bax mən də elə elədim. Çünki nəyisə aparsaydım, onun boş qalan yerini görmək Atillaya pis təsir eləyərdi. Ona görə uzun müddət Maçkadaki ata evimi “talan elədim”, yəni qaldığım evdə nəyim əskik idisə ordan gətirirdim.

Hər bazar Boğaza yemək yeməyə gedirdik. İllərcə bu görüşlər davam elədi. Bəzən də Çolpana gedərdik. Çöldə görüşməyə imkan olmayanda evinə baş çəkərdim. Hər gün zəngləşərdik. Son illər hər ikimizin işi çox olduğuna görə az-az görüşürdük.

Bir-birimizlə münasibətimiz heç vaxt dəyişmədi. Ayrılandan sonra da həmişə əlaqə saxladıq. Ailəsiylə, Çingiz və Çolpan İlhanla, bacısı və qardaşının oğullarıyla bu gün də münasibətlərimiz davam edir. Anası ürəyinə salmasın deyə ayrılmağımızı həmin illərdə ona demədik. Ayrılmaq xəbərimizi eşidəndə çox pis oldu, amma mənə dedi: “Sən haqq qazandırıram, mənim oğlum uşaq istəmədi”.

- Atilla İlhanın vərdişlərinin və prinsiplərinin olması sizin həyatınıza necə təsir edirdi?

- Mənə çox rahat idi. Həyatımızda sürprizlər yox idi. O da, mən də sürprizləri sevməzdik. Səhərlər bəlli vaxtlarda oyanar, yazılarını yazardı. Gəzintiyə çıxar, görüşlərini eyni şirniyyat evlərinə və kafelərə salardı. Yemək vaxtı mütləq evə gələrdi. Saat tam birdə bəyaz süfrə salınmış masanın arxasında yemək yeyərdik. Axşamtərəfi beşdə mütləq çay içər, çayın yanında limon olardı. Axşam yeməyini də eyni vaxta yeyərdik. Bu rejim heç vaxt dəyişməzdi.

Bir gün Parisdəki dostundan məktub gəlmişdi. O qadın mənim haqqımda yazmışdı: “Məncə, çox yaxşı bir insana rast gəlmisən. Sənin maraqlı hesab etdiyin üç-dörd qadını həm görünüş, həm də insani keyfiyyətlər baxımından özündə birləşdirən xanıma bənzəyir”.

Image result for Biket İlhan

Atillanı onu necə varsa elə qəbul edib, o cür rahat həyatı ona yaşatdığımın fərqində idi. Yazılarından birində mənimlə bağlı qeyd edirdi ki: “Çox şey bilsə də, bunu heç vaxt gözə soxmayan sadə insandır”.

- Atilla İlhan şeirlərini həmişə dodağının altında mızıldayardı?

- Atilla İlhan oxucularını nəzərə alırdı. Şeiri ona görə səsli oxuyurdu ki, əzbərində necə qaldığını bilsin. Şeir oxuduğunu eşidəndə diqqəti yayınmasın deyə gözünə görünməz, iş otağıma keçərdim. Dodaqlarının niyə tərpəndiyini, nə üçün mızıldandığını bilirdim. İyirmi illik ailəlik həyatımızda da belə oldu. Çünki şeirlərini öz-özünə deyə-deyə yazardı. O mızıldanmalar həmişə davam elədi. Bir başa çap makinası arxasında şeir, roman yazdığını görməmişəm. Əvvəlcə kiçik vərəqlərə qeyd edir, sonra yazı makinasına köçürərdi. Divan ədəbiyyatını və əruz vəznini yaxşı bilirdi. Bu səbəbdən də səslər onun üçün çox vacib idi. Atilla İlhan ona görə Atilla İlhan oldu.

– Sizə ciddi təsir edən özəlliyi nədən ibarət idi?

– Ona şair Atilla İlhan kimi maraq göstərmədim. Mən onun özünə bağlanmışdım. Onu mənə sevdirən həyata münasibətiydi. Hamının problem kimi baxdığı, çətin qəbul elədiyi şeylər onun üçün vacib məsələlər deyildi. Məsələn, ondan əvvəl həyatımdakı oğlanlardan, onlarla aramızda yaşananlardan danışanda eyninə almazdı. Mən hadisələri bəzəyərək danışanda pərt olmayım deyə gülərdi. “Sən elə bilirsən ki, nələrsə yaşamışam, əslində, heç nə yaşamamısan, əzizim” deyərdi. Bizim münasibətlərimiz saf və tamam başqa idi. Mənim üçün Atilla İlhan deyilən bir adam yox idi, ancaq Atilla var idi.

– Siz də işləyirdiniz?

– Rejissor köməkçisi kimi işləyəndə, çəkiliş fasiləsində, birdən evdəki xidmətçi qadın unudar deyə, çəkiliş meydançasından qaçıb Atillanın çayına limon dilimləməyə gəlirdim. Limon məsələsi onun üçün vacib idi, mən də ona xidmət etməkdən həzz alırdım. Atillanı olduğu kimi qəbul eləyirdim. Yazmaq, işləmək vaxtından düzgün istifadə etməyə çalışırdı. Gəzir, düşünür, müəyyən vaxtlarda yazırdı. Diqqəti yayınmasın deyə ona qayğıyla yanaşırdım. Təsəvvür eləyin, o ssenari haqqında düşünəndə xanımı soruşur: “Nə bişirim nahara?” Nə eləmək, nə yemək lazımdı kimi məsələlərini onunla bölüşməzdim. Ev işlərini onu narahat etmədən görərdim.

Ailəli olanda belə işlərə vaxt itirməsin deyə, bütün bank, ödəniş hesablarını mənim adıma açdırmışdı. Boşanandan sonra hamısını öz adına keçirdim. Bank kartını verəndə dedi: “Bunu səndən başqa heç kəs eləməzdi”. Dostluğumuza inanırdı, mənə həmişə etibar edirdi. Ondan mənə qalan ən dəyərli miras onunla birgə yaşadıqlarımızdı. Ayrılmağımıza görə də peşman deyiləm. Çünki ayrılmaq səbəbimi reallaşdıra bildim: Qızımla birgə yeni həyat qurmuşam. Şükür ki, gözəl də davam edir. Ötüb-keçənlərə baxdıqca, ailə qurub bu qədər uzun müddət yaşayıb, o illərin nə qədər vacib olduğunu dərk eləmək mənim üçün çox qiymətlidir. Atillanı bir insan kimi heç vaxt itirmədim. Mən həm də çox həssas qadınam. Həssas insan üçün həqiqətlə üz-üzə dayanmaq çox çətindir. Bəzən həqiqət adama çox ağır gəlir.

Ölümündən bir müddət əvvəl onunla keçmişi xatırladıq. Dedim ki, yaxşı-pis günlərimiz olub, çox şeylər yaşamışıq. Atilla cavabında dedi: “Xeyr, səninlə hansısa günümün pis keçməsini xatırlamıram”. O sözünü unuda bilmirəm. Deyərdi ki, “Mənə münasibətini Atilla İlhan olduğuma görə formalaşdırmayan yeganə qadınsan”.

Atilla öləndən sonra bacısı və qardaşının oğlanları ilə evinə getdik. Yataq otağında, mən yatan yerin baş tərəfdəki şkafın siyirtməsini çəkəndə on doqquz il əvvəl qoyduğum əşyaların yerində olduğunu gördüm. Corablarım, kəmərim, bəzək əşyalarım hələ də dolabda idi. Ona İzmirdə olanda hördüyüm şərf, bir sözlə, hər nə vardısa qoyub getdiyim kimiydi. Mənə hələ də qaranlıq qalıb, bütün bunlar onun əl çəkə bilmədiyi vərdişlərlə, yoxsa həssaslığı ilə bağlıydı? İş otağının divarındakı şəklimi də heç vaxt çıxarmadı.

- Sizin haqqınızda nəsə yazdımı?

– Mən onu tanıyanda beş şeir kitabı, üç romanı çap olunmuşdu: “Qurdlar süfrəsi”, “Küçədəki adam” və “Zəncilər bir-birinə bənzəmir”. Mənimlə birgə yaşadığı dövrdə altı roman, altı şeir, on üç, ya on dörd xatirə və esse kitabı yazdı. O seriyanı mən kitab halına saldım. Mənə deyirdi ki, o kitabların üstünə niyə öz imzanı qoymursan? Mən də cavab verdim ki, hazıra nazir olum?

O illərdə “Kantonda üsyan”, “Ümid” və “Bazel zəngləri” romanlarını tərcümə elədi. Xoş mənim halıma ki, birgə yaşadığımız illərdə gözəl əsərlər yazıb-yaratdı. “Goreşənin payı” romanını mənə ithaf elədi. Bir də şeirlərindən birini atasına ithaf edib. Məxsusi olaraq bir adama şeir yazmazdı, amma deyərdi ki, hər şeirimdə səndən nəsə var. “Müjgana həsr olunmuş sevgi mahnısı” şeirini “səni düşünərək yazmışam” demişdi. Biz ayrılandan sonra çap olunan “O qaranlıqda biz” kitabını yazarkən hələ ayrılmamışdıq. “Kimi sevsəm sənsən”, “Ayrılıq da sevdaya aiddi” şeir kitabları da biz ayrılandan sonra işıq üzü gördü. Onun həyatının axarında olması mənim üçün çox vacib idi. Belə deyək, bir az əvvəl də dediyim kimi, həyatını asanlaşdırırdım. Bunları öhdəlik özümə saymırdım, onun rahatlığı üçün etdiklərimi zəhmət hesab eləmirdim.

Bir xatirəni bölüşüm: Ankarada yaşadığım illərdə – 1974-cü ildə “Yeni Ortam” qəzetindən Atillaya iş təklif elədilər. Gedib danışdı, mənə zəng edib dedi: “İş məsələsi alındı, İstanbula köçəcəyik”. Əlüstü yır-yığışa başladım. İstanbula gedib ev axtardım, beh ödədim. Ankaradakı evdəki bütün əşyaları qutulara yığdım. Ev elə vəziyyətdə idi ki, özüm də qala bilmirdim. O ərəfədə Atilla zəng edib “məni ütülü yazmağa məcbur edirlər, bu vəziyyətdən çox narahatam. Ancaq səni də gəlməyə həvəsləndirmişəm. Alınmasa başqa bir yerdə də iş axtaracam. Neynək, İstanbulda yaşamalıyıq” dedi. Mən də “Özünü niyə məcbur edirsən? Əgər bu məsələ bu qədər səni narahat edirsə, geri qayıt” dedim. “Nə danışırsan? İstanbulda ev kirayələmişik, Ankarada bütün əşyalarımızı yığmışıq” dedi”. “Nolsun, əzizim, ev sahibi pulu qaytarmasa behimiz batacaq, qutuları açıb, əşyaları yerbəyer edərəm”. “Doğurdan, eləyərsən?” deyə soruşdu. “Əlbəttə, edərəm, dayanma, bax elə bu saat çıx, gəl” dedim. 1981-ci ilə qədər Ankarada yaşadıq.

- Yazarların həyatı ya çox çalxantılı olur, ya da həddindən artıq qaydasında. Orta hədd yoxdurmu, şeir yazmaq üçün hökmən elə qeyri-qal lazımdır?

– Yazı-pozu əhlindən həyatı qaydasında olanlar yox dərəcəsindədir. Atillanın çılğınlığı daxili çılğınlıq idi. Bu da izahı çətin məsələdir. Qəlbində fırtınalar vardı, amma üzə vurmazdı. Ağrılarını dinməzcə çəkərdi. Bu, əslində, klassik mənada, yaşadıqlarını ədəbiyyatla əks etdirmək deyildi. Necə ki aktyor hər hansı rola girəndə onun həmin hadisəni yaşayıb-yaşaması əsas şərt deyil, əsas olan aktyorun hadisəni hiss etməsidir, Atillada da vəziyyət eyni ilə beləydi.

- Hesab edirsiniz ki, həyati məsələlərdə ondan çox şey öyrənmisiniz?

– Gərək özüm öz qiymətimi də gözardı etməyim. Mən də adi adam deyildim. O vaxt qızlar həyata başqa cür baxırdılar. Qızlar toylara, bərbəzəyə, tədbirlərə meyliydilər. Atillanı təəccübləndirən o idi ki, gənc qız olasan, belə şeylərə maraq göstərməyəsən. Həyata o cür münasibətim onun vasitəsi ilə daha da formalaşdı. Başqa üstünlüklər də qazandım. Bu saat da mən həyatdan nəsə öyrənirəm.

– Atilla İlhanla bağlı nəsə bir iş görmək planınız var?

– Onun haqqında sənədli film çəkmək fikrindəyəm. Atilla İlhanı insan kimi daha maraqlı tərəfləriylə tanıtmaq istəyirəm.

– Birgə yaradıcılıq işiniz olub heç?

– TRT-yə ssenarilər yazırdı. Kinonu çox sevir, ciddi sənət kimi qəbul edirdi. Sonra “Yeşilcam”da ssenari yazmağa başladı. Ondan əvvəl “Vətən” qəzetində filmlər haqda təhlil yazıları yazırdı. Çəkilən filmlərin çoxundan razı qalmadığını bildirir “yazdığımdan fərqli şeylər çəkirlər” deyirdi. Öz imzasıyla yazdığı ilk ssenari “Küçədəki adam” idi. Bu romanını filmə mən uyğunlaşdırdım, həm də bu film çəkilən ilk əsəri idi. “Küçədəki adam” filmini çəkəndən sonra ona az da olsa qonorar ödəmək istədim. Mənə dedi ki, deyəsən, başın xarab olub. Mənim bütün əsərlərimdə sənin zəhmətin var. Bir də mənə belə təklif eləmə. Filmi çəkdim, amma görəsən, bəyənəcəkmi deyə narahatlıq keçirirdim, kaseti götürüb evə gəldim. Mən yırğalanan kresloda, Atilla da öz yerində oturdu. Videoda filmə baxdıq. Daha doğrusu, o filmə, mən də ona baxırdım. Film qurtarandan sonra dedi: “Düzü, belə alınacağını gözləmirdim, mən fikirləşdiyimdən də yaxşıdı”. Yetmiş yaşının hədiyyəsini çox bəyənmişdi, uçmağa qanadı yox idi. Əsərləri nəzərdə tutduqları kimi canlandırılmayanda müəlliflər pəjmürdə olurlar. Müəllifin əsərinin başqası tərəfindən istifadə ediləndə ondan razı qalması çətin məsələdir. Bu çətinliyin öhdəsindən gəldiyimə görə xoşbəxt idim.

Bir gün əmisi qızı Kaya İlhan mənə zəng eləyib dedi: “Atilla İlhanı ən yaxşı sən tanıdığına görə, məncə, bütün əsərlərini sən ekranlaşdırmalısan”. Daha sonra TRT-də “Qurdlar Süfrəsi”ni çəkəndə də Kaya İlhan zəng vurub eyni fikirləri təkrarladı. Bu filmlə əlaqədar maddi və mənəvi çətinliklər çəkdim. Tənqidçilər zəhmətimə kölgə salmağa çalışdılar. Atilla mənə zəng çalıb dedi: “Bilirəm, sən indi bu şeyləri ürəyinə salırsan. Sənin pis iş görməyinə inanmıram. Mənim haqqımda da nə hədyanlar yazmışdılar, heç birinin eynimə almadım. İşimi gördüm, yazmağa davam elədim. Tənqidi yazıları diqqətlə izlədim və gördüm ki, hamısı əsassız hücumlardı. Deyə bilmirəm niyə belə elədilər. Yazılanların heç biri sənə yapışmır”. Onun qayğısını həmişə hiss eləmişəm.

– Rejissorluğa nə vaxtdan başladınız?

– İzmirdə və Ankarada təhsil alanda çəkdiyim üç foto-roman qəzetlərdə çap olunmuşdu. Səkkiz millimetrlik kamera ilə film çəkmişdik. Filmlər Almaniyada montaj olunub gəlirdi. Həvəskar filmlər idi. Selim İrelinin bizə get-gəli vardı. Bir gün Atillaya dedi ki, “Feyzi Tuna ilə bir film çəkəcəyik, ssenarisini də mən yazmışam. Biket haradasa işləyir?” soruşdu. Atilla da cavab verdi ki, “məndən niyə soruşursan, özündən soruş”. “Mən də daha əvvəl belə bir peşəkar filmdə işləməmişəm” cavabını verdim. Selim İreli dedi: “Feyzi Tuna da beş ildir film çəkmir, sən də öyrənərsən”. Türkan Şorayın baş rolda oynadığı “Seni qəlbimdə dəfn etdim” filmini çəkdik. Kino fəaliyyətimə həmin filmdə rejissor köməkçisi kimi başladım.

– Atilla İlhanın xəstə vaxtından danışa bilərsinizmi?

– 2005-ci ildə yayın əvvəllərində xəstəxanaya yerləşdirdilər. Axşam vaxtı idi, gec idi, yanına getdim. İkimiz idik. Həkimlər açıq ürək əməliyyatı eləmək istəyirdilər, icazə vermədi: “Niyə qoymursan?” soruşdum. Dedi ki, heç vaxt özümü əllətdirmərəm. Əcəlim tamamdırsa kişi kimi öləcəm. Çünki həkimlərə inanmıram. Bir şey edərlər, başqa yerimə nəsə olar. Elə yaşamaq istəmirəm. Sonra mənə dedi ki, “Əzizim, mənim ölümümə hazır ol”. “Belə sözlər danışma, sənin ölümünü görmək istəmirəm” deyəndə, qayıtdı ki, “Əvvəl-axır görəcəksən”. Mənə “yavrucuğum”, “bir tanem”, başqalarına isə “cocuğum” deyə müraciət edərdi. O gecə xəstəxanada belə cansıxıcı söhbətimiz oldu. Xəstəxanadan çıxandan sonra 2005-ci ilin yayında Kalıncada Çolpan İlhanın bağ evində görüşdük. Dedim ki, tədbirlə əlaqədar Makedoniyaya gedirəm. “Orada Mariya adlı bir tərcüməçi qız mənim şeirlərimi tərcümə edib, kitab şəklində çap etdirib, bəlkə rastına çıxdı” dedi. Makedoniyadan qayıdanda yenə bir bazar günü Kanlıcada idik. Həmin yay vəziyyəti çox da yaxşı deyildi, yorğun və zəif idi. Sonra da ölüm xəbərini eşitdim.

– Əlavə nəsə demək istəyirsiniz?

– Atilla İlhanın bu dünyada olmadığını düşünmək istəmirəm. Dərdimi danışmaq, nəsə soruşmaq və ya demək üçün yanına getmək istəyib gedə bilməyəndə, zəng etmək istəyib edə bilməyəndə... O saat bu həqiqət beynimə sıçrayır: Artıq Atilla yoxdur...

Türkiyə türkcəsindən uyğunlaşdıran: Fərid HÜSEYN

# 1381 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
# # #