Təbiətə körpü çəkən şair - Musa Yaqubun evindən Reportaj

Təbiətə körpü çəkən şair - Musa Yaqubun evindən Reportaj
1 iyun 2019
# 12:40

Kulis.az Orxan Həsənin Musa Yaquba “Xalq şairi” adının verildiyi gündən reportajı təqdim edir:

Biz - dörd yoldaş İçərişəhər metrosunun önündə görüşdük. Səhərin üzü təzə ağarır, şəhərin geniş küçələrində qorxulu bir kimsəsizlik dolaşırdı.

Musa Yaqubu yoluxub hal-əhval tutmaq və artkaspi.az ədəbiyyat və mədəniyyət saytı üçün video-veriliş hazırlamaq üçün günlərdir üç iş yoldaşı – Fərid Hüseyn, Rəvan Cavid və mən hazırlıq işləri görürdük. Təxirə düşən, hər dəfə ya bir problem, ya da iş üzündən həftədən həftəyə köçən səfərimizə nəhayət dəqiqələr qalmışdı. Mən bunu, saatıma baxanda hiss elədim. Ayxan Ayvaz da bizə yol yoldaşı idi...

Başımı qaldırmışdım ki, Sabir bağında süpürgəçinin küçə süpürə-süpürə qabağına qatıb apardığı xəzəllərin xışıltısı gəldi qulağıma. Elə bil, süpürgə deyildi əlindəki, fırçaydı və süpürə-süpürə, yəni fırçasını yerdə gəzdirə-gəzdirə parkın rəngini dəyişirdi. Bu əşsiz mənzərəyə baxa-baxa hiss elədim: deyəsən, təbiətin şeirlərində ürək kimi çırpındığı şairlə – Musa Yaqubla görüşümüz elə burdan – Sabir bağından başlayıb.

Küləkli, yuxulu bir yaz səhəri. Dörd yoldaş olub yola düzəldik. Sən demə, səfərimizdə Musa Yaqubun Avstriyada yaşayan nəvəsi Nərgiz xanım da iştirak edəcəkmiş. O, bizə sonradan qoşuldu. Maşının səsi ütülü asfaltda yayılan kimi, birdən yollar uzanmağa başladı. Və yollar uzanıb-uzanıb düz İsmayıllıya, Buynuz kəndinəcən dartıldı. Nərgiz xanımla tezcə isinişib söhbəti Musa Yaqubun şeirlərindən saldıq. Və onda qərar tutduq ki, şeirin dünyasında hamı bir-birinə qohumdur. Yol boyu Musa Yaqubun şeirlərini oxuduqca, sanki, dünyanın görünməz, mənəvi telləri ilə bir-birimizə bağlanıb şairin görüşünə bütöv çıxdıq.

Bakıdan İsmayıllıya aparan yolda əvvəl-əvvəl əyri-üyrü səhralıqları arxada qoyduq. Ətrafda bir-bir, iki-bir görünən işıq dirəklərindən savayı, bir də yovşanlıqlar gözə dəyirdi. Yol nişanlarına bənzəyən yovşanlıqların əyri-üyrü budaqlarını izləyə-izləyə sarı təpəlikləri qalxır, səmada gəzişən təkəmseyrək buludların hərəkətini izləyirdik. Söhbətin ortasında Rəvan Cavid şəhadət barmağını tozlu pəncərədən sarı səhralığa uzadıb dedi:

- Ona bax e, işıq dirəkləri "Bənövşə-bənövşə” oynayırlar.

Baxdım. Doğrudan da, yanaşı işıq dirəkləri, elə bil, əl-ələ tutmuşdular və özlərindən bir qədər irəlidəki işıq dirəkləri ilə elə tən dayanmışdılar ki, sanki, indicə aralarından biri qaça-qaça gəlib birləşmiş əllərin arasına vuracaqdı özünü. Sonra bilmirəm nə olacaqdı.

İşıq dirəklərinin oyunlarını arxada qoyduq. Musa Yaquba yaxınlaşdıqca, ətraf yaşıllaşır, dağlar dikəlib qalxdıqca, dərələr dərinləşirdi. Yollar meşənin bağrını yarıb keçsə də, ağacların yarpaqlı budaqları yolların üstündə, havada qovuşurdu və yəqin ki, səmadan baxanda təbiətdən qeyri bir şey görünmürdü. Görünən, bircə, nəhayətsiz yaşıllıq idi.

Dağların arası ilə spiral kimi burula-burula axan yollar gördük və o yolların izinə düşüb, nəhayət, İsmayıllıya çatdıq. Maşın dayandı. Biz düşdük.

- Qızım, Nərgiz xoş gəlmisən!

Kişinin qolları qanad kimi açıldı və kişi bir anlıq Nərgiz xanımı öz qollarının arasında gizlədi. O, Nərgiz xanımın dayısı idi və Nərgizi gördüyündən olduqca xoşbəxtdir. Nərgiz xanım iri əllərin sevgi məhbəsindən xilas olduqdan sonra həmin əllər çevrilib salam oldu və bir-bir əllərimizdə gəzdi, xoş gəldin eləyib bizi içəri ötürdü.

Musa Yaqubu o vaxt gördüm. İlahi, qırışlar tor olub sifətini tutmuşdu!

Çınqıl daşlar darvazadan ta Musa Yaqubun ayağınacan sürünüb kiçik çayda qurtarırdı. Darvazadan içəri həyətdə adamlar gözə dəydirdi. Çay içə-içə söhbətləşən adamlar Musa Yaqubun başına məşəl başına yığışan kimi yığışmışdılar. Sanki, İsmayıllının bu sərin havasında canından-ruhundan neçə odu-alovu keçirib bu günə şüşə kimi şəffaf gələn şairin istisində qızınırdılar. Nərgiz xanım hamımızdan qabaqda gedib Musa dədə ilə görüşmüş, hələ zarafat da eləmişdi:

- Tanıdın məni, dədə?

- Səni unutmaq olar?

Fərid Hüseyn irəli çıxıb Musa Yaqbunun əlini sıxdı, əyilib üzündən öpdü. Hiss elədim ki, Musa dədə də Fərid Hüseynə cavab vermək üçün astaca dikəlmək istədi, ancaq gücü çatmadı. Bu vaxt üzündə heyrətamiz bir qüssə peyda oldu Musa dədənin və tezcə də bu qüssə silinib itdi. Çünki, Fərid Hüseyndən sonra biz də əyilib onun üzündən öpdük, əlini sıxdıq. Bu vaxt Musa Yaqubun puçurlaşmış, yorğun dodaqlarından çıxan o sözləri eşitdik:

- Qızım, qonaqlarımıza çay gətir!

Masanın üstündə konfetlər, yarımçıq çay stəkanları, qənd qabı və bir də əmziyi vardı. Birdən gözlərim masanın üzərində tərpənməz duran əmziyə ilişdi. Alıb baxdım əmziyə. Kimindi bu? Niyə indi burdadır? Yəqin, qonaq-qaradan kiminsə uşağınındı, unudulub burda qalıb. Əvvəl-əvvəl belə düşündüm, sonra qəfil bir uşaq səsi kəsdi söhbətimizi. Bu uşaq Musa Yaqubun nəticəsi idi. Onun da adı Musadır. Biz Buynuzda qaldığımız iki gün müddətində bu balaca əllərin, balaca ayaqların, balaca gözlərin yiyəsinə Balaca Musa Yaqub dedik.

Balaca Musa Yaqubun atasının adı Ayxan idi. Görünür, atasından başqa qucağa getmir. Bircə, sevdiyi adamların alnından ta çənəsinəcən sığal çəkir. Hə, vallah sığal. Balaca, toppuş əllərini uzadır və bir də görürsən, o balaca, toppuş əllər alnından başlayıb qaşlarının arasından, burnunun üstündən, dodaqlarından keçib çənəndə qurtardı və səni lap çox sevərsə, bu, bir neçə dəfə təkrar olundu.

Yuxudan oynanan uşağı dədəsinin yanına gətirirdi. Deyəsən, əmziyin yoxluğunu hiss edib ağlayırdı. Balaca Musa Yaqub Böyük Musa Yaqubu görən kimi o saat səsi kəsildi və qolunu uzadıb şairin sifətinə büsbütün sığal çəkdi. Bu vaxt Musa dədə gözlərini yumdu. Hiss elədim ki, bu dünyada balaca uşaq əllərindən böyük xoşbəxtlik ola bilməz.

İkimərtəbəli həyət evindən yaşıllığı yarıb keçən qırmızı bir körpü vardı. Mən həmin körpünü gözlərimlə "kopyalayıb” Musa Yaqubun dağınıq, qüssəli gözlərinə ötürdüm və bu ifadə də dilimdən qəfildən çıxdı:

- Musa müəllim, evdən təbiətə körpü çəkibsiniz.

Təbəssüm Musa Yaqubun yanağından başlayıb gicgahlarınacan dalğa-dalğa yayıldı və ancaq indi, hə, indi onun gözlərinə diqqətlə baxa bildim. Bu gözlərin arxasında gör kimlər yaşayırdı, kimlər!

Fərid Hüseyn bizləri təqdim elədi. Bir daha əl sıxdıq. Bu vaxt yenidən Balaca Musa Yaqubu gördüm. Qırmızı körpünün üstündən əllərini qarmaq kimi uzadıb bizi tutmaq istəyirdi.

- Sabir günlərinə getmək istəyirdim – Musa dədə söhbətə başladı – dizim tutmadı, gedə bilmədim. Lap yandım!

"Lap yandım” – bu nə ifadə idi, İlahi?! O saat yanımda gözləri parıldaya-parıldaya söhbəti dinləyən Rəvanı dümsüklədim, dedim: "Lap dəhşət”.

Fərid Hüseyn çox adamın salamını gətirmişdi. Sonra Musa dədə dedi ki, bu günlərdə Rafael Hüseynov da gəlməlidir və başladı onun haqqında danışmağa.

- Hamı təhlil edə bilər, ancaq müəllifin bundan sonra nə yazacağını bilmək, potensialının hara çatacağını təxmin eləmək bir az müşkül işdir. Rafael bunu bilir.

O danışdıqca mən əllərinə diqqət kəsilmişdim. Güzgü kimi idi Musa dədənin əlləri. O güzgü əllərdə, yəqin, hamı öz əksini görə bilərdi. Musa Yaqub səksən illik qayığın avarlarını çəkə-çəkə yonmuşdu o əlləri və yonula-yonula, adamlardan, məkanlardan, səhvlərdən düzlərdən və daha nələrdən, nələrdən keçə-keçə güzgüyə dönmüşdü.

- Ədəbiyyat çətindir. Bilirsən, niyə? Yaxşı yazmağın düsturu, qaydası yoxdur. Üç vuraq üç, bərabərdir doqquz. Amma ədəbiyyat belə şeyə baxmır. Çox çətindir e!

O danışdıqca arada səsi zəifləyir, artır. Çətinliklə danışırdı. Ancaq şeir deyəndə canındakı sonuncu güclə, sonuncu yanğı ilə sözlərə yüklənirdi, sözlər Musa Yaqubun boğazını sel bərəni dağıdan kimi dağıdıb keçirdi.

- Bu dünyaaaanın qara daşııı göyərməəəz!

Sonra deyirdi:

- Şeir şeir olacaqsa, şair əzab çəkməlidir! Şair şeirin əzab payını verməlidir!

Fərid Hüseyn soruşur:

- "İlahi, mən bu daşı götürüm, ya götürməyim”, tərəddüd şeiridir. Siz bu şeiri yazanda hansı tərəddüdləri yaşamışdınız?

Musa Yaqub qollarını dizlərində birləşdirir. Birdən ətrafındakı şeyləri süzür. Bilmirəm, bu süzməklə aramızda Fəridi axtarır, yoxsa demək istəyir ki, bu sözləri hamıya deyirəm, hamıya. Yəni diqqətlə dinləyin!

- İnsan həyatı tərəddüddən ibarətdir. Bir metrdən də atılsan, havada qalacasan, o atıldığın yer tərəddüddür. Tərəddüd insanı həmişə havada saxlayır.

Mənim gözüm o qırmızı körpüdə qalmışdı.

- Şeirlərinizdə ən çox iki obraz işlənir, dəyirman və körpü... – Fərid deyir.

- Mən daha çox körpüləri sevirəm.

Bu vaxt Musa dədənin balaca muncuq gözləri gözlərimə dikilir və sanki, zəif, hissiz gözləri ilə gözlərimdə əks olunan qırmızı körpüyə həsrətlə baxır. "O körpüyə kaş bu cavan gözlərlə baxardım” – bəlkə, içində bunu deyir, ancaq heç birimiz eşitmirik.

- Şeirlərinizdə təbiət ürək kimi döyünür. Görürsünüz, ağaclar necə yaşıldır, ancaq dörd aya, beş aya yarpaqlar xəzəl olacaq, kitab-kitab şeir də yazsan, təbiət yenə vəfasızdır – mən deyirəm.

- Təbiət vəfasız deyil, bala, bu, onun qanundur. Hər açan solmalıdır. İnsan da yarpaq kimidir. Görürsənmi o daşı – əli ilə balaca çayın o üzündəki dördküncü, iri qayanı göstərir – bax, o daşın üstündə çox badə badəyə vurmuşam, ayıq oturub kefli qalxmışam, ancaq indi danışmağa heyim yoxdur.

Deyilənə görə, Musa Yaqub gənc yaşlarında bir qıza aşiqmiş. Həmin qızın sevdasından için-için yanan Musa dədə ona şeirlər həsr edirmiş. Nəhayət günlərin bir günündə dostları bu şeirləri toplayıb hədiyyə kimi bir nüsxə kitab nəşr ediblər. Adı da belə "O insafa gəlmədi”. Həmin kitab barədə soruşanda deyir:

- O kitabı itirmişəm.

- İtməyib, Yaqut xanımdadır kitab, mən də görmüşəm - Fərid deyir.

- Yəqin, gizlədiblər məndən. Ancaq orda fövqəladə bir şeir yoxdur. Gənclik məhəbbəti...

Ardını gətirmir. Bir neçə dəqiqə hamımız susuruq. Bircə Balaca Musa Yaqubun uşaq qığıltısı eşidilir, bir də həzin-həzin axan çayın səsi.

- O günlərdə çox ağlamışam - Musa dədə bir də deyir:

- O günlərdə çox ağlamışam, Fərid. İnsanı məhəbbət qədər yandıran heç nə yoxdur! – gözləri yaşardı – elə bilirsən, dünyada bircə o qız var. Görünür, əbədi məhəbbət heç vaxt baş tutmur.

-Təkcə hiss yox, sən demə, yanında ağıl da gərəkmiş.

Bu böyük sevdanın qarşısında əllərimiz əllərimizə birləşib təzimdə dayandıq. Susduq. Susduq. Ta ki, Musa Yaqub söhbətinə davam edənəcən.

- Həyat sirdən ibarətdir. O sirri bir adam aça bilər, ancaq heç kimə deyə bilməz. Hamı bilsə, onda hamı yaxşı işləyə, hamı yaxşı yaza bilər. Hamını o sirr yaşadır, bala.

Aradan bir qədər keçir. Yenidən Balaca Musa Yaqub gəlir, hamımızın sığal payımızı verib atasının qucağında öz sevimli məkanına, qırmızı körpüyə qalxır.

Çayımızı içdik. Musa dədə titrək əlləri ilə boş stəkanları göstərir, yəni: "Uşaqların çaylarını təzələyin”.

"Zəhmət çəkməyin” – desək də, isti çayı ləzzətlə içirik.

Rəvan, Musa Yaquba ədəbi mühitdə yeni-yeni parladığı zamanlardan sual verir. Musa dədə deyir:

- Çox əziyyətlər çəkdim. Amma bilirəm, elə sizə də deyirəm, ədəbiyyatda inad lazımdır. Höcətlik yox ha. İnad. İnad! O vaxtlar mənə Məmməd Rahim köməklik göstərdi...

- Mikayıl Müşfiq haqqında donos yazan Məmməd Rahim siz gənc olanda əlinizdən tutub, yaradıcı köməyini əsirgəməyib – bunu bilmirəm kim deyir. Və hamı susur.

Hiss edirəm ki, çox danışmaq Musa dədəni yorur. O zamanında çox danışıb, çox yerdə sözünü deyib, indi danışmaq onun üçün çox çətindir. Biz şəkil çəkdirdik. Sonra Balaca Musa Yaqub – şairin nəticəsi gəlib yenidən əllərini sifətimizdə gəzdirib yoxa çıxdı. Fərid Musa müəllimlə söhbət eləməyə davam elədi, biz bir neçə dəqiqəlik aralandıq. Bu vaxt Fərid Hüseynə gənc yazar Xanım Aydın zəng edib xoş xəbəri çatdırdı və Fərid xəbərin dəqiqliyini tam müəyyənləşdirəndən, saytda dövlət başçısının Sərəncamını özü oxuyandan sonra yüksək səslə, böyük sevinclə Musa dədəni təbrik edib bu müjdəli xəbəri ona çatdırdı:

- Musa müəllim, təbrik edirəm, Sizə Xalq şairi adı veriblər – Fərdi Hüseyn qollarını açıb Musa Yaqubun zəif çiyinlərini qucaqladı və güzgü əllərindən öpüb-öpüb gözləri dolmuş kimi oldu.

Musa dədə donmuşdu. Sanki, bu xəbərin təsirindən çıxmaq üçün hələ bir neçə saniyə belə hərəkətsiz, donuq qalmalı idi. O vacib "bir neçə saniyə” keçəndən sonra Musa müəllimin gözləri doldu.

Fərid telefonundan ona Prezident İlham Əliyevin Sərəncamını da oxudu və telefonda şairə göstərdi. Musa Yaqub tam əmin oldu, çox xoşbəxt idi. Hamımız o sevincin başına toplaşdıq, şairi əhatələdik...

Biz çayımızı bitirənə qədər xəbər bütün kəndə yayılmışdı. İki saat keçmədi ki, televiziyalardan qonaqlar gəldi. Günlərlə təxirə düşən səfərimiz nəhayət ən uyğun gündə, ən ideal zamanda baş tutmuşdu. Musa Yaquba bu gözəl, şad xəbəri Fərid Hüseyn vermişdi. Hamımız bu şad xəbərdən sevincli idik. Musa dədənin oğlu gəlib atasını qucaqlayıb öpdü.

- Gözün aydın, dədə.

Sonra kişinin gözləri doldu. Həyətində o baş bu başa gedib adamlarla danışdı, zənglərə cavab verdi. Sevinməyə dəyərdi: Şairini özünün dediyi kimi: Mən həmişə deyərdim ki, payı verərlər, amma payı istəməzlər. İstəmədim də, amma verdilər, sağ olsunlar. Hər şeyi özü bilir. Özü də bu elə paydır ki, prezident payıdır, uşaq-muşaq payı deyil. Sağ olsun, var olsun”.

Ev əhlindən biri həyətin o başındakı adamı çığırdı:

- Dədənin telefonunun "zaryatkası” qurtarıb. "Zaryatka”ya qoyuram...

Yenə ortalığı uğultu bürüyür və o uğultunun arasından daha bir səs qalxır.

- Qoyma, qoyma! Sönübsə, at çarpayının üstünə, indi çox adam zəng edəcək. Sonra hamısına cavab verərik!

Mən bu uğultunun arasında Musa dədənin kiçik oğlu ilə qısa bir söhbət elədim. Gözləri yaşarmış halda dedi:

- Mən onu hər gün ölümə yola salıram, o, məni həyata.

Səfərimiz səhəri gün də davam etdi. Hava birdən pisləşir, göy guruldayır, buludların arasından boy göstərən günəş gülümsəyirdi. Dağlara baxdıqca düşünürdüm ki, elə bil, torpaq dikəlib göylərin üzündən öpmək istəyir.

"İlahi, bu daşı götürüm, ya götürməyim?”, – bu ifadə içimdə oxuna-oxuna gecəni səhər elədim. Musa Yaqubdan hazırladığımız verilişə evin həyətindən başladıq. Sal daşın yanında baş tutan birinci səhnələr olduqca maraqla keçdi. Daha sonra Musa Yaqubun otağından çəkiliş apardıq və şairin kitabları ilə tanış olduq. Otaqdakı çəkiliş bitən kimi qırmızı körpünün üzərində söhbətləşib sonrakı səhnələr haqqında düşündük.

Səhər günü Musa Yaqubun valideynlərinin və xanımının dəfn olunduğu məzarlığa getmişdik. Məzarlıq Musa Yaqubun evindən bir neçə küçə aşağıda yerləşirdi. İlk səhnəni qəbiristanlığın önündə çəkdik və ləngimədən içəri daxil olub şairin ailə üzvlərinin məzarlarını ziyarət etdik. Bizi Musa Yaqubun nəvəsi Nərgiz xanım müşayiət edirdi. Ziyarət etdiyimiz məzarlardan biri də şairin vəfalısı Zöhrə xanımın məzarı idi. Bu məzarın başında şairin həyat yoldaşına yazdığı şeirlər haqqında danışdışdıq. Burdakı çəkilişimiz bitən kimi Musa Yaqubun ata evinə üz tutduq. Biz ondan on yaş kiçik olan qardaşı qarşıladı. Əlimiz sıxıb çaya dəvət etdi. Bizim sonrakı çəkilişimiz Musa Yaqubun qardaşı ilə davam etdi. Çəkiliş gedən ərəfədə dağların arxasından dərin bir qaraltı kəndə doğru yaxınlaşmağa başladı. Yağış bir az çisləsəsə də, çox yağmadı və günəş yenidən özünü göstərdi. Çəkilişimizə davam etdik.

Biz çəkilişdə olan zaman Musa dədənin vəziyyəti pisləşmiş, xəstəxanaya aparılmışdı. Gəlib gördük ki, adamların üzündə qara yel əsir, hamının kefi təlxdir. Bircə Balaca Musa Yaqub öz uşaq qığıltısı ilə adamların üzünə sığal çəkib sevinir. Anar və Rəşad Məcid də həmin gün Musa Yaqubu təbrikə gəlmişdilər.

Şairin xəstəxanadan gəlməsini gözlədik. Mən dağa qalxıb ucsuz-bucaqsız genişliyi seyr elədim. Uzaqda dağ keçiləri görünürdü. Musa Yaqub gəlmişdi. Adamlar Musa dədənin başına yığışmışdılar.

Şairlə vidalaşıb evə qayıtmalıydıq. Birinci mərtəbədəki otağına girdik. Onu öpüb qucaqladıq. Sağollaşdıq. Oğlu yenə əlavə etdi:

- Kişidə ürək qalmayıb artıq.

Vidalaşanlar arasında Balaca Musa Yaqub da vardı. Balaca Musa Yaqub üzümüzə sığal çəkib sağollaşan zaman beynimə ildırım kimi bir cümlə düşdü:

- İlahi, bu daşı özün götür!

Eləcə, dayandım, dayandım, dayandım. Dağlar mənə kiçikliyimi hiss etdirdi. /artkaspi.az/

# 3246 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
# # #