Gecə zənglərinin sahibi - İlham Tumas

Gecə zənglərinin sahibi - İlham Tumas
19 oktyabr 2016
# 11:55

Mintac Elsevər

Ancaq sən!..

Unudulmaq yaxşı deyil dostum, heç yaxşı deyil. Sevgisinə gəbərdiyin insanların yaddaşından silinirsən, ömrün boyu səsinə can dediklərinin nəinki ürəyində hətta yaddaşının çürümüş bir küncündə belə qalmırsan.

O qədər unudulursan ki, bir gün artıq unudulmağın yox, unudulmamağın əzabını yaşayırsan. İstəyirsən ki, hamı səni unutsun!.. Küçədəki səfil, sahibsiz itlər qədər laqeydlik girdabında qalmaq sənə daha çox ləzzət verir. Nəyi pisdi ki? Artıq kimsənin səni incitməyəcəyini, kimsənin səndən hansısa gözləntisi olmayacağını, bəlkə də tanrının belə qınağından, qəzəbindən uzaq olacağını düşünürsən. Pis deyil məncə. Ölənəcən qapazlanmaqdan ki, yaxşıdı...

Amma...

Amma hər şey gecənin bir aləmində bir can dostunun sənə gələn zəngiylə yenidən dəyişir. Və əgər bu gecə yarıları zəngi tez-tez, bəzən də hər gün olursa, onda elə o bircə dostunun da zəngindən asılı qalıb adam kimi yaşamağa məcbur olursan. “Sənin qadan alım ay Mintac, yenə sənə zəng elədim. Neynim e bu qədər adamın içində ancaq sənə zəng eləmək istədim...” Bax elə o sehirli məqamdaca hamının səni unutmağını istədiyin halda o dostunun səni unutmadığına sevinirsən, hələ də kiməsə lazım olduğunu hiss edirsən. Çox axmaq hissdi bu hiss eləmək. Elədinmi, qalırsan əlində yesir...

Gecə yarısı zənglərinin sahibi sənsən, İlham Tumas! Zənglərə cavab verənsə mən. Nə sən düzələn deyilsən, nə də mən dostum... Bu gün doğum günündü. Yalandan deməyəcəm ki, doğulmana sevinirəm. Ən azından çəkdiyin əzablara, yaşadığın və heç vaxt da bitməyəcək ağrılara görə. Fəqət bir halda ki, doğulmusan, artıq bunu dəyişməyim mümkün deyil. Sadəcə varlığına, mənim dostum olduğuna görə xoşbəxtəm.

Sən tanıdığım, sevdiyim və güvəndiyim çox az insanlardan birisən. Sən o adamsan ki, dünyanı ayağına sərib əvəzində əlinə balta versələr ki, Mintacın boynuna endir, endirməzsən, bilirəm! Elə başqalarının da.

Sən o adamsan ki, külli-aləm xoşbəxtlikdən sərməst olunca, uzaqdan eşitdiyin torpaq iniltisinə göynərsən. Yəni sən elə adam kimi adamsan İlham Tumas!..

Nə qədər ki, gecə yarı zənglərin gələcək mən də xoşbəxt olacam. Nə qədər ki, gecə yarı zənglərin gələcək yaşamağa çətin də olsa davam edəcəm.

Bir gün zəngin gəlməyəndə isə ya sən olmayacaqsan, ya da mən...

Zəngin gəlsin, İlham Tumas!

# 2115 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər