Yazıçılarımız sırğa taxarmı? - SORĞU

Yazıçılarımız sırğa taxarmı? - <span style="color:red;">SORĞU
16 mart 2016
# 09:00

Şekspirin də sırğalı bir rəsmi var. Onun dövründə sırğa taxmaq cəsarətli addım idi. Bəs bizim yazarlar Şekspir kimi dəb və fərqli görünmək naminə sırğa taxardımı?

Kulis bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Aqşin Yenisey: “Birincisi, Şeksprin zamanında istər Şərqdə, istərsə də Qərbdə kişilər sırğa taxırdılar. Şeksprin Otellosunun qulağında at nalı boyda sırğa var idi. İkincisi, guya bizim hər yarağımız düzəlib, qalıb saqqal darağımız. Sırğa taxsaq nə dəyişəcək, taxmasaq nə dəyişəcək?”

Cəlil Cavanşir: “Macərapərəst və bohem həyatı sevən biri olaraq mən heç də Şekspirdən geri qalmamışam. Heç vaxt dəb arxasınca qaçmasam da, özünəməxsus geyim tərzim, saç düzümüm, qeyri-adi aksessuarlarım olub. Sırğa da taxmışam, saç da uzatmışam. Fərqli görünməkdən heç vaxt çəkinməmişəm, əksinə bundan zövq almışam. Uzun saçlarım, saqqalım, sırğam, aksessuarlarım diqqət mərkəzində olub. Hətta “şortik” geyinməyimə, saç uzatmağıma, sırğa taxmağıma ilişənlər, söz atanlar olub. Bu barədə yazı da yazıblar. Hətta sırğa taxdığım üçün təhqir edən də olub. Di gəl ki, bütün bunlar mənim vecimə deyil. Bütün bunları təkcə fərqli görünmək xatirinə etməmişəm. Hamı kimi görünməkdən bezdiyim üçün, zövqümcə olduğu üçün belə etmişəm. Rəngarəng geyinən, kütlədən seçilən, komplekssiz insanları sevirəm. Xüsusilə nəfəsi kəsilənə qədər özünü qalstukla boğan, qapqara geyinib dik-dik gəzən qələm adamlarını sevmirəm. Hazırda rayonda yaşayıram və rayonumuzda mənim stilimdə saqqal saxlayan ikinci adam olmadığı üçün diqqət mərkəzindəyəm. Düzdür, uzun müddətdir sırğa taxmıram, amma görünüşcə, istifadə etdiyim aksessuarlar səbəbindən həmyerlilərimdən kəskin fərqlənirəm. Ürəyim istədiyi kimi rahat geyinməyi, istədiyim formada saqqal saxlamağı sevirəm. Yəni bununla bağlı azacıq da olsa kompleksim yoxdur. İnsanlar bu rahatlığa alışmalıdır. İndiyə qədər geyimimlə, görünüşümlə dəb arxasınca qaçmamışam, geyimim, görünüşüm, aksessuarlarım sırf ürəyimcə olduğu üçün seçilib. Amma dəb üçün, fərqli görünmək üçün də bu addımı atmaqdan çəkinmərəm. Gələcəkdə hər iki qulağıma sırğa taxmağı, çoxlu tatoo və pirsinq etməyi düşünürəm”.

Ömər Xəyyam: “Saqqal saxlamağıma səbəb Fidel Kastrodu. Hələ o vaxt çox da dəb deyildi saqqal. İndi şəhərdə çoxunda var. Onun kimi kepka da qoyurdum. Sonralar orqanıma çevrildi bu mərət. İndi onsuz qala bilmirəm; əl kimi, ayaq kimi bir şeydir.

Məsələ o ki, kütləvi qınağa tuş gəlirdim, görüşəndə qohumlarıma əl uzadırdım çəkilirdilər. Amma bütün bu "çətinlik"lərə baxmayaraq mübarizə apardım və qalib gəldim.

Qafadan boş adam sırğa taxmaz. Mümkün deyil. Lap homoseksual olsun, ya da çilingər. İçində qəribəlik olan, kütlədən olmayan biri.

Kütləvi olan hər şey bayağıdır, hamı kimi qara pencək, qara ayaqqabı geyinməkdənsə, bu boz kütləyə rəngarənlik verən sırğalılar daha gözəl deyilmi? Demirəm ki, hər kəs sırğa taxsın, amma taxan insanlar əl-əlbət fərqli olanlardı.

Bu barədə düşünməmişəm, amma daxilən ehtiyac duysam sırğa taxaram, lap iki qulağıma da...

Hə, bir də bu məsələ var, fərqliliyin əlaməti olsun, dəb olaraq taxılsın fərq etməz, əsas olan mahiyyətdir. Mənim elə qohumlarım var ki, onlara astroid daşından sırğa taxsan belə, yenə çobandılar.

İndi dinlədiyi rok janrının, bəzi filmlərin təsiri ilə sırğa taxan, döymə elətdirənlər də var ki, adlarını müasir qoyublar, amma və lakin qafa olaraq Novruzəlilərdi, onlar da zamanla özlərinə dönəcəklər. Bu müvəqqətidir. Çox az adam mənim kimi saqqalından tutub sona qədər gələ bilir. Çoxu da evlənən kimi sırğasını çıxarıb keçmişə tullayır, özünə qayıdır. Deməli, mahiyyət etibarı ilə həmin adam sırğalı vaxtında da sırğasız olub.”

Kənan Hacı: “Yazıçı niyə dəblə ayaqlaşmalıdır ki? Axı yazıçılıq üçün sırğa taxmaq vacib deyil. Yazıçı stilist deyil, sırğa taxmaq məncə, başqa stixiyaya fokuslanmış bir performansdır”.

Əsəd Qaraqaplan: “Düzü, heç bu haqda düşünməmişəm və düşündürməyib də məni. Yəni fərq eləməyib. Məncə, dəbli görünmək üçün daha maraqlı və daha başqa şeylər var. Məsələn, saç düzümü, saqqal forması, geyim və s. Amma sırğa da maraqlıdır. İçimdən gəlsəydi, əlbəttə, taxardım. Və bunu normal, sıradan bir şey kimi qəbul edirəm. Şekspir demişkən, ondan qabaq da olub sırğa taxanlar. Sufilərin, hürifilərin də, bildiyimə görə, sırğaları olub. Maraqlı bir şeydir, içindən gəlirsə, eləmək lazımdır”.

Səxavət Sahil: “Şeksprin sırğalı rəsmi mənim üçün o qədər də maraqlı deyil. Sənət varsa, əlavə şərhə və ya imicə, əşyalara ehtiyac yoxdur. O dövrdə sırğanın nə üçün taxıldığını tam dəqiqləşdirmək bir az çətindir. Sonradan mahiyyətini dəyişsə də, sırğa antik dövrlərdə müxtəlif təbəqəli insanların başqalarından seçmək üçün istifadə edilirdi. Mən fərqli görünmək haqqında fikirləşməmişəm. Məncə, fərq təbii olmalıdır, süni yaradılan fərqlər mənim üçün o qədər əhəmiyyətli deyil. Sənətkar öz sənəti ilə fərqlənməli, uğur qazanmalıdır. O ki qaldı sənətkarın sırğa taxmağına bu artıq onun şəxsi həyatıdır, onun sənətə və ya fərli görünməyə ehtiyacı yoxdur”.

Seymur Su: “Ümumiyyətlə, sırf dəb xatirinə nəyisə etmək mənə aid xüsusiyyət deyil. Görüntü məsələsində fərqlənmək istəyindən də çox uzağam. Ümumiyyətlə, kişiyə bu olar, qadına bu olmaz məsələləri çox cılız görünür və çox təəssüf ki, bizim cəhalət adlı problemimiz hətta geyimə də, xırda aksessuarlara da öz təsirini aşırı dərəcədə göstərir. Burda pis baxılacaq bir şey yoxdur, zatən sırğaya pis baxıb, onu bu qədər ictimai problemə çevirən beyinlər çox dar düşünür. İnsanların bu qədər maddi, mənəvi problemləri varkən bunları nəyə görə müzakirə etməyə bu qədər həvəsli olsunlar? Bunu edərdim, amma Şekspir kimi moda üçün yox, sırf olaraq bunu özüm istəyirəmsə”.

Nicat Həşimzadə: “Nəinki kişilərin, heç qadınların da sırğa taxmağını qəbul etmirəm. Ümumiyyətlə, zahiri görünüşə görə sağlam bədəninə zərər yetirən insanların düşüncələrini başa düşmürəm. Şekspir bəlkə də özünü pyeslərindən birinin qəhrəmanı kimi hiss etmək istəyib. Dünya ədəbiyyatı tarixində belə nümunələr çoxdur. Mütləq cavab vermək çətindir, amma yəqin ki, mən sırğa taxmazdım. Düşünürəm ki, dəb xəstə adamların təxəyyülünün məhsuludur. Bu məsələyə bir az da kapitalist maraqlar qatıb insanlarla məzələnirlər. Bəlkə Şekspir də kimlərləsə məzələnmək istəyib. Əgər bilsəm ki, sırğa taxmağım insanların əsəblərini qarışdıracaq, bu hərəkəti zövqlə edərəm. Adamların əsəblərini oynatmaq, onların xarakterini açmaq mənim üçün ən zövqlü işdir”.

# 1356 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #