İntiqam Qasımzadə: “Onlar vicdanını itirib” – Müsahibə

İntiqam Qasımzadə: “Onlar vicdanını itirib” – Müsahibə
24 oktyabr 2019
# 17:30

Kulis.az “Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə ilə tənqidçi Nərgiz Cabbarlının söhbətinin davamını təqdim edir.

əvvəli burda

- Razıyam sizinlə. Amma şura yaradılması o zaman effekt verə bilər ki, obyektiv fəaliyyət göstərsin. Həm də ora toplaşan adamlar həqiqi mənada dəyər verəcək insanlar olsunlar. Amma iş orasındadır ki, bizdə şura yaradıb bəzən dəxli olmayan adamları ora salırlar...

- Vicdanı olmalıdır bu insanların.

- Vicdandan başqa, dəyərləndirmək üçün savadı, bədii zövqü, musiqi zövqü olmalıdır. Amma bəzən haqqı olmayan adamların bədii şuralara seçildiyini görürük.

- Bilirsiniz, əvvəllər belə hallara təsadüfdən-təsadüfə rast gəlirdin. Yerində olmayan şura üzvü də avtoritetdən çəkinirdi. Məsələn, Niyazi, Rəsul Rza kimilərindən. Yadıma düşmüşkən, bir məsələni də burada xatırlatmaq istəyirəm. O zamanlar “Azərbaycan” jurnalında çap olunmayan əsəri “Azərnəşr”, dövlət nəşriyyatı çap etmirdi. Deyirdi, “qıl körpüsündən keç, sonra”. Komitə var idi, Yazıçılar İttifaqı çap olunmalı əsərləri ora təqdim edirdi. Yazıçılar İttifaqının işi bax, o zaman daha yaxşı görünürdü. İttifaq bir siyahı verirdi, onlar baxırdılar, sonra Mərkəzi Komitə baxırdı. Beləliklə, yazıçı hiss edirdi ki, kitab çıxarmaq, əsər yazmaq ciddi məsələdir. Müşfiqin sözü olmasın, “Şairəm söyləyir yerindən duran, adamın üzündə həya gərəkdir”. Bir də vicdan məsələsi var. Mən özüm bir neçə dəfə münsiflər heyətinin üzvü olmuşam. Bu yaxınlarda bizim baş redaktor müavini Südabə xanımla söhbətimdə dedim ki, bundan sonra müsabiqələrə dəvət etsələr, getməyəcəyəm. Bəhanə edəcəyəm ki, özümü pis hiss edirəm...

- Səbəb?

- Ona görə ki, münsiflərə seçilənlərin bəziləri şəxsiyyət kimi vicdanını itirib, nəyə xidmət etdiyini çox cılız başa düşür. Dosta xidmət, hərə öz tanıdığını, dostunu irəli çəkir... Məsələn, hekayə müsabiqəsidir, biz, həqiqətən də, burada istedadlara yer verməliyik, amma bunu eləmək əvəzinə... “filankəsin heç bir mükafatı yoxdur, gəlin ona verək” sözünü eşidirik. Əşşi, almayıb, ona görə ki, onun yazıları layiq deyil mükafata... Yaxud kimsə keçmişdə yaxşı yazıçı olub, indi yaşlaşıb, yaxşı əsər ortaya qoya bilmir, amma bizdən biri keçmiş xidmətlərinə görə onun adını mükafat alanlar sırasına əlavə etmək istəyir... Mənə elə gəlir ki, belə olmaz, bu, qətiyyən düzgün deyil.

- Əslində, sizin kimi adamların bu prosesdən kənarlaşması müəyyən adamların orda yer tapmasına, özünə yer etməsinə səbəb olur.

- Elədir, amma mən etiraz üçün başqa yol görmürəm. Təəssüf ki, gözləmədiyim adamlardan da belə münasibət müşahidə etmişəm. Çox inandığım adamlar var ki, onların heç vaxt vicdanlarına xilaf getməyəcəyini zənn edirdim, amma liberallıq etdiklərini görürəm. Beləliklə, yaxşı, maraqlı əsərlər qıraqda qalır. Keçmiş xidmətlərinə görə hansısa bir yazıçının tərif dolu bir hekayəsi müsabiqədən keçir. Halbuki, münsiflərdə oturan bəziləri kifayət qədər nüfuzlu yoldaşlardı. Fikirləşirdim ki, onlar daha prinsipial olmalıdırlar. Amma, əfsus.

- Bayaq Şərifin adını çəkdiniz. Onun yaradıcılığını, dediyinizə görə, mərhələ-mərhələ izləmisiniz. Başqa kimin adını çəkə bilərsiniz? “Müstəqillik illəri o şairi, o nasiri bizim ədəbiyyatımıza qazandırdı” deyə?

- Varisin “Metamarfoza”, “Sonuncu mogikan” əsərlərini, hekayələrini qeyd edə bilərəm. Maraqlı yazıçıdır. Xüsusilə onda bəyəndiyim bir məqamı qeyd etmək istəyirəm: Varis, Yazıçılar İttifaqına elə də çox gəlib-getmir, hər halda, mən görməmişəm. Birliyin rəhbərlərinin gözünə görünməklə, səhər-axşam onların arasında olmaqla özünə nüfuz qazansın - belə işlər görmür. O, bu yolu tutmayıb. Sadəcə, çox işləyir.

- Bəs, Vaqif Səmədoğludan, Salamdan bu yana dəst-xətt göstərən, cığır açan hansısa şair imzası...

- Adını deyirsən, amma təəssüf, çox təəssüf ki, Salamın imzasına son illər az rast gəlirik. İnana bilmirəm ki, yazmasın. O, gur axan çay idi.

- Bəli, nəinki gur axan çay, öz üslubu ilə çoxlarını təsirinə salmış bir şair idi. Amma özü az-az görünsə də, onun üslubunu davam etdirənlərin sayı artmaqdadır.

- Bilirsiniz, Yazıçılar Birliyində, onun ədəbi orqanlarında uzun illərdir ki, istedada qarşı diqqət olub, bu gün də var. Hər halda, “Azərbaycan” jurnalında çalışdığım illərdə mən belə görmüşəm. Mənim yadımdan heç çıxmaz, neçə illər əvvəl Salamın yaradıcılıq gecəsi rayonda keçirilirdi; Anar və bir çox yazıçılarımız yığışıb böyük bir həvəslə o tədbirə getmişdilər.

- Bəli, o zaman mən Yazıçılar Birliyində çalışırdım, gənc yazarların kitabları çap edildi və kitab çapının çətin olduğu dövrdə bir çox istedadlı insanın - Fəxri Uğurlunun, Orxan Fikrətoğlunun, Akif Əhmədgilin... kitabları çıxdı.

- Fəxri Uğurlu demişkən. O da çox uğurlu yazıçıdır. Amma yazmır. Niyə daxili mədəniyyəti, ləyaqət hissi olan bu insanlar yazmırlar və yaxud az yazırlar?! Bu, doğrudan da, maraqlı məsələdir... Görünür, bugünkü ədəbi mühitdə elə adamlar özlərini tapa bilmirlər və kənara çəkilirlər. Bilirsiniz mən bunu nə ilə müqayisə edirəm? İlk gənclik illərində rəqs meydançalarına gedərdik. Deyərdim, hə, bu rəqsdən sonra mütləq oynayacağam. Amma heç vaxt o mühitə alışa bilmədim. İllərlə mən orada heç bir qızla rəqs etmədim. Daha doğrusu, cürət etmədim buna. Özümü o mühitdə tapa bilmədim. Bunlar da, görünür, özlərini bu mühitdə tapa bilmirlər. Salamın da ola bilər, problemi budur. Dostlarla söhbətlərdən görürəm ki, onda da bir bədbinlik, tərki-dünyalıq yaranıb. Sanki hər şeydən küsüb, inciyib.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə

- İstedadlı yaradıcı insanların bir çoxu kimi.

- Məsələn, Vaqif Səmədoğlunun adını çəkdiniz. O, üzdə olmurdu, az çap olunurdu. Amma yazırdı, çox da sevilirdi.

- Şəxsiyyətcə də maraqlı insan idi.

- Mən bu yaxınlarda Vaqifin şeirlərini bir də oxudum, illərinə baxdım. Gördüm ki, bizdə ikinci Vaqif yoxdur. Vaqif həm məhəbbət şairidir; hisslərin, duyğuların orijinal ifadəsini görürük onun şeirlərində, həm də çox kəskin, güclü siyasi motivli şeirləri, eləcə də həyat fəlsəfəsi var. Düşüncə və ovqat baxımından hər cür şeir görmək olur onun yaradıcılığında.

- İfadə baxımından da orijinal şairdir.

- Bəli. Mənim ən çox sevdiyim şairlərdən biri də Ramiz Rövşəndir. Onun poeziyası elə bil “Rast” muğamıdır və daim həmin “Rast”ın içindədir. Amma Vaqif “Rast”dan çıxır. Bir də görürsən ki, olur estrada mahnısı, ya da caz improvizasiyası.

- Fərqli ladlarda gəzişə bilir.

- Elədir. Amma Ramiz Rövşən bir ləngərdədir; ağır və sərt. Bir məcradadır, ordan çıxmır.

- Belə başa düşdüm ki, Musa Yaqub, Məmməd İsmayıl, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif Cəbrayılzadə, Salam, Aqşin... Onlardan bu yana şeirlər çox yazılır... Yaxşı şairlər, yaxşı imzalar var... Amma konkret xətti olan...

- Tam oturuşmuşu yoxdur...

- Bəs elə bir imza göstərə bilərsinizmi ki, poeziyada konkret bir yol açacağını düşünəsiniz?

- Var. Amma, Nərgiz xanım, ad çəkmək müşkül məsələdir. Bu gün çox cəlbedici görünən sabah unudula bilər. Münəccimlik etmək istəməzdim.

- İntiqam müəllim, mən öz təcrübəmdə bir şeyin şahidi oldum: siz cəsarətli redaktorsunuz. Çünki elə şeylər oldu ki, bəlkə, Yazıçılar Birliyinin mövqeyini, hansısa şəxsiyyətlərin, təsir gücünə malik adamların mövqeyini nəzərə alaraq başqa redaktor verməzdi, amma siz verdiniz.

- Mən bunu əsla qəhrəmanlıq-zad saymıram, amma mənim üçün heç bir tabu yoxdur: İstedadlı qələm adamı buyursun, gəlsin, gözümüz üstə yeri var. Mən redaktoram, böyük bir yazıçı olmasam da, naşirəm və özümü tam azad hesab edirəm. Belə böyümüşəm, belə tərbiyə olunmuşam.

- Amma reallıq var, İntiqam müəllim. Məsələn, təzyiqlərə məruz qalmısınızmı belə bir məsələ ilə bağlı?

- Yox. Mənim bəxtim onda gətirib ki, Yazıçılar Birliyinin sədri Anardır. Ona görə yox ki, o mənim dostumdur və onu çox istəyirəm. Bəlkə də, elə buna görə Anarı çox istəyirəm. O, bizim yaradıcılıq baxımından işimizə müdaxilə etmir - yəni təzyiq göstərmək mənasında... Halbuki, “Azərbaycan” jurnalı Yazıçılar Birliyinin orqanıdır. Anara qarşı haqsız olan, şəxsi münasibətləri alınmayan yazıçılar var. Onlarla belə ad saya bilərəm ki, əsəri bu jurnalda dərc olunub. Düzdür, başa düşürəm ki, “Azərbaycan” jurnalı tarixi, ənənələri olan mətbu orqandır. Burada Azərbaycan mədəniyyətinə və ədəbi fikrinə xidmət edən böyük insanlar işləyiblər. Və biz də hər şeydən yüksəkdə məhz bunu tutmalıyıq, buna xidmət etməliyik. İnanın, mən şəxsən zəhləm gedən adamın yazısını belə, “bəh-bəh”lə verə bilən redaktoram. Hətta sonra “bu adam əclafdır, amma kişi yazıb da”, - dediyim məqamlar da olub. Əgər sən bunu etməyi bacarmırsansa, deməli, redaktor deyilsən. Mən sevirəm bu işi. Başqasının yazısından zövq almağı bacarıram.

- Mən öz təcrübəmdən deyim. Məsələn, Nizaməddin Şəmsizadə ilə müsahibədə bəzi məqamlar var idi ki, onun özü də “bunu İntiqam, yəqin ki, verməyəcək”, - dedi. Amma düşündüyümüzün əksinə oldu.

- (Gülür) Görünür, təzyiq mənim vecimə deyil. Düzdür, müəyyən adamlar belə məqamlardan istifadə edib altdan-altdan əleyhimə nəsə edirlər. Məsələn, burada bir işçi var idi, xaricdən adıma gələn dəvət məktublarını götürüb gizlədirdi, mən sonra xəbər tutdum. Bəlkə, onun kimi yenə də kimlərsə gizlində nəsə edir. Amma yenə də deyirəm, belə şeylərə əhəmiyyət vermirəm. Mən sizin o cəsarətli dediyiniz məsələləri tərəziyə qoyuram, əgər danışan adam haqlıdırsa, deməli, fikir getməlidir. Sadəcə, bəzən o fikrin çox rahat, kobudluq etmədən deyilməsini təmin etmək lazım gəlir. Ədəbiyyat elə ona görədir ki, cəmiyyətdə olan naqisliklərdən yazsın. Müəyyən sahədə olan çatışmazlıqlar deyilməlidir. Yazıçı cəmiyyətin idarəedicisi, tərbiyəedicisidir. Bircə Azərbaycan bayrağına, Prezidentinə, rəmzlərimizə qarşı kobudluq etmək olmaz. O cümlədən - insanın şərəf və ləyaqətinə.

- Romanlarla bağlı yazanda bir məsələ diqqətimi çəkir. Yeri gəldiyi üçün sizdən də soruşum. Yazıçı cəmiyyətin neqativ cəhətlərini, çatışmazlıqlarını verməlidir. Amma bizim nəsrə bu neqativlik yalnız simvolik təsvirlə gəlir. Poeziyada cəmiyyətin ağrısı, sosial durumu var. Amma müasir insanın psixologiyası, azadlığın var olduğu, həm də haradasa olmadığı bir cəmiyyətdə yaşamı; müəyyən tabuların götürüldüyü, eyni zamanda da müəyyən tabuların qoyulduğu bir cəmiyyətdə mövcud reallıq ədəbiyyatımızda görünmür.

- Mən də görmürəm.

- Səbəb?

- Gəlin birlikdə araşdıraq. Müstəqillik illərinin başlanğıcından bu günə qədər keçən dövrdə siyasi quruluş, sosial münasibətlər dəyişib. İndi təyyarələri olan insanlar var, amma bir zamanlar “Volqa” alandan haqq-hesab istəyirdilər. Bu münasibətlərdə həmin təyyarəsi olan insanlarla işləyənlərin kapitalistlərə münasibəti, psixologiyası tamam dəyişib. Bu araşdırılmalıdır, bunun əksini görməliyik ədəbiyyatda. Kapitalist var, qazanmaq üçün çoxlu cinayətlərə əl atır və bu, təkcə bizim ölkədə yox, bütün dünyada belədir. Qabaqlar bədii mətnlərdə fəhlənin psixologiyası ilə rəhbərin psixologiyası araşdırılırdı. Amma müasir ədəbiyyatda biz dəyişmiş cəmiyyətin içini, burada mövcud münasibətləri, yaranan cinayətləri, onun mexanizmini, ifşasını görmürük. Bilirsiniz, niyə? Həyatı dərindən-dərinə öyrənmək lazımdır. Yaraların, irinlərin səbəbini bilməlidir yazıçı. Yazıçı isə onları bilmir.

- Bəlkə yazmaqdan qorxur?

- Həm də qorxur. Bunu yazmaq üçün yazıçı gərək bütün bunların anatomiyasını öyrənsin. Dediyiniz insanların psixologiyasını bilsin. Həmin qəddar, zalım sahibkarın içində bir zərif duyğu varsa, onu da görməyi, yazmağı bacarsın. Bu, çox mürəkkəb bir prosesdir. Yazıçı həyatı öyrənməlidir. Şablon da olsa, belədir. Mən Rusiyada bir yazıçı tanıyırdım: Topol. O dəmiryolçulardan əsər yazmaq üçün iki il bələdçi işləmişdi. Rusiyanın ucqar yerlərinə gedən qatarlarda çalışmışdı.

- Yaxşı bir əsərmi yazdı?

Ardı var

# 3792 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
#
#
# # #