Mən necə kafir oldum - Mirmehdi Ağaoğlu yazır...

 Mən necə kafir oldum - Mirmehdi Ağaoğlu yazır...
18 iyun 2019
# 17:27

Kulis.az yazıçı Mirmehdi Ağaoğlunun “Kafir” yazısını təqdim edir.

Sol qolum axıra kimi sola burulmur. Heç axıra kimi bükülmür də.

Uşaq vaxtı məşq eləyən zaman hasarın başından təpəsi üstə yıxılmışdım.

Həkim allahümidinə gipsə salıb. Əyri olmağından ehtiyat edirmiş. Sonra elə hey deyirdi ki, gətirin əməliyyat edək, atamgil razı olmadılar. Gips açılanda dedilər, “tok”a vermək lazımdır, ona da aparan olmadı, qolum əyri bitişdi.

Üstündən bir neçə il keçəndən sonra, hardasa 13-14 yaşım olanda rayona getmişdik. Kənddə bir pir vardı. Təzə ortaya çıxmışdı. Pir olanda nolar, yeni açılan məkan idi deyə hamı marağa düşüb gəlirdi. Elə nənəmgilin qonşuluğundaydı. Nənəm dedi, bu pirdən çox şəfa tapan olur, əlil arabasında gələn yeriyə-yeriyə gedir, kor gəlir, gözləri açılır, xəstə gəlir, sağlam gedir. Mirmehdini də aparaq qoy orda bir-iki saat yatsın, o dəqiqə qolu düzələcək.

Mənim anam belə şeylərə inanandır. Şəkk gətirməz, pirlərin də nəzirini kəsməz. Hər dəfə “Bibi-Heybət”dən keçəndə maşın gedə-gedə qəpiyi pəncərədən nəzir qutusu səmtə elə tolazlayır, heç bir basketbolçu topu səbətə o cür atammaz. Nə vaxt din haqqında irəli-geri çərənləsəm, deyər, kafir-kafir danışma.

Atam yanımızda olsaydı pirə getməyə qoymazdı. Dinə hədsiz bağlı olsa da belə şeyləri qəbul eləmir. Heç həkimlərə də inanmaz. Elə ona görə o vaxt qolumu əməliyyatla düzəltmək söhbəti çıxanda həkimə aparmağa etiraz eləmişdi, sonra toka verdirməyə də qoymamışdı. Demişdi, bunlar pul hərisidi, apararıq uşağın qolunu sındırıb daha betər günə salarlar. Qolum da dirsəkdən, oynağın düz qığırdaq yerindən qırılmışdı deyə əlləşdirmək təhlükəli idi. Atam fikirləşirdi ki, həkim qəsdən pis bitişdirib. Ki, sonra təzədən sındırıb əməliyyat eləsin.

Açığı mən özüm də ağlım kəsməyə başlayandan pirə zada bir az lağlağı yanaşırdım. Amma anamın təkidindən boyun qaçıra bilmədim. Həm də içimdə maraq baş qaldırmışdı, görüm bunun axırı necə olacaq?

Nənəmlə anam məni yanlarına salıb apardılar pirə. Pirin sahibəsi biləndə ki, seyidəm, üstəlik filan ağır seyidin nəvəsiyəm, lap sevincək oldu, dedi cəddi peyğəmbər özü uşağa kömək olacaq, yatıb-duran kimi qolu düzələcək. Heç qolumu gipsə salan həkim belə əmin danışmamışdı, Qaloş piri haqqı!

Pir təzə tikilmişdi. Daha doğrusu qadının evinin pir olan otağı təzə təmir olunmuşdu. Divarlarının suvağından bilinirdi. Təzə çəkilən suvağın üstü adətən ərp bağlayır. Bu pirin divarları da bu cür duz bağlayıb fərqli şəkillər almışdı. Qadın ərpdən yaranmış şəkilləri göstərib deyirdi, bu buluddu, bu Həzrət Abbasdı, buludun arasında, atın belində, bu biri İmam Hüseyndi, əlində qılınc, o biri filankəsdi. Doğrusu, diqqətlə baxanda nəyəsə oxşatmaq olurdu da. Amma mən uşaq vaxtından qurbanolduqlarımın söhbəti ilə böyüdüyümdən qadının sözləri mənə əsər eləmirdi, gülməli gəlirdi. Danışdığı əhvalatlar, hədislər də alayarımçıq idi, hiss olunurdu ki, ağızdan-ağıza eşidib. Zalımın balası, qohumlarımı mənə tanıdırdı. Yekə çıxmasın, din söhbətində Allahşükürə dərs deyərdim, o ki qaldı bu qadın ola. Belə söhbətlər uşaq-muşağa keçərdi, mənə yox.

Hətta arada qadının sözünü kəsib nəsə sual vermək istədim. Ancaq anam qolumdan elə çimdik götürdü, sözüm ağzımda qaldı. Anam çoxbilmişliyimə bələddi.

Nəsə, məni yatırdılar "palata-pir"ə. Divarın dibində, nalçaların üstünə sərələndim. "Xəstə"nin yanına heç kəsi buraxmaq olmazdı, ya nə idisə iki saat o otaqda tək qaldım. Anamgil "rüsum-nəzir"i ödəyib getdilər. Dedim axı, pir nənəmgilin qonşuluğundaydı. Yəqin fikirləşiblər ki, uşaq yuxudan ayılanda görəcək qolu düzəlib, sevincək qaçacaq evə. Onlar da bu möcüzəni görüb ana-bala bir-birlərinə sarılıb hönkürəcəklər. Yəni tipik “Samanyolu” kanalı dizisi...

Denən, orda mənim gözümə bir çimdik yuxu getdimi? Yox. Elə bil qəlbimə şeytan girmişdi (anam da sonra belə deyəcəkdi). Nə qədər elədim yata bilmədim. Gözlərimi bərk-bərk yumurdum, yenə xeyri olmurdu. Çox istəyirdim ki, divardakı təsvirlər qadının dediyi o qurbanolduqlarıma çevrilsin, girsin yuxuma. Onları görüm. Həqiqətən onları görmək istəyirdim, necə olsa qohumlarımdırlar. Amma şübhə içimi gəmirirdi. Belə şeyə inanmırdım. Hətta özüm-özümə kənardan baxıb gülürdüm. Bir ara istədim şitliyimə salıb o təsvirləri redaktə edim. Məsələn, Əbəlfəzin qələm qollarını pozum. Doğrusu pozmalı bir şey də yox idi, üfürsəydin ərp sovrulub dağılacaqdı. Amma deyəsən eləmədim.

Həmin gün mən o pirdə yata bilmədim. İlan vuran yatdı, mən yatmadım.

Evə gələndə qonşunun piri haqqında ağzıma gələni danışdım. Nənəmlə anam üstümə düşüb məni danladılar. Dedilər, şəkk gətirmisən, səmimi qəlbdən inanmamısan, ona görə qolun düzəlməyib.

Bəli, mən inana bilməmişdim. Nənəmgil düz deyirdilər. Amma bir şeyə də inanıram ki, insan nəyəsə səmimi qəlbdən inansa o şey yerinə yetər. Çünki kəramət pirdə deyil, kəramət insanın qəlbindədi, özünütəlqin bacarığındadı. Bəlkə mən də inansaydım qolum düzələrdi, amma inanmırdım, özümdən asılı deyildi.

O vaxtdan məndə çox şey dəyişməyib. Yenə də inanmıram. Bəlkə kimsə deyər ki, qolun kimi qəlbin də şikəstdi, ona görə inanmırsan. Olsun. Amma düşünürəm ki, inananların da inancına toxunmaq olmaz. Qoy mənim qolum kimi necə bitibsə, elə o cür də getsin. Ola bilsin, kimsə o pirdə yatandan sonra savab tapıb. Pirin gücünə yox, inancının gücünə. Nə demək olar. Əgər kimlərsə savab tapıbsa, nə əla, xoş onların halına.

O pirin axırı noldu bilmirəm. Deyəsən daha əvvəlki gücü qalmayıb. Ərp üzərində qurulan səltənətin ömrü uzun olmaz. Gərək arxasında güclü əfsanə, hekayə dayansın. Yalnız hekayəsi güclü olanlar ayaqda qala bilirlər.

Qolumsa elə əvvəlki kimidir. Bunu deyəsən yazının əvvəlində demişdim. Onu da demişdim ki, anam belə şeylərə inanandı. Bəlkə bu yazını da oxuyub deyəcək ki, yenə kafir-kafir danışdı.

# 4187 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #