Burdan gedən adamlar geri qayıtmır – Reportaj

Burdan gedən adamlar geri qayıtmır – Reportaj
23 iyul 2019
# 08:57

Kulis.az Oğuz Ayvazın "Azərbaycan" nəşriyyatından yazdığı reportajı təqdim edir.

Bakı Dövlət Universitetinin arxasından keçib gedən Mətbuat prospekti enli çaya bənzəyir. Bu çayın “axıb” Yasamal qəbiristanlığına yaxınlaşdığı yerdə, sağda hündür bir bina var. Yəqin, təsəvvürünüzdə canlandı. Azərbaycan Nəşriyyatını deyirəm.

İçəri əlini-qolunu sallaya-sallaya girə bilməzsən. Tanışın, yaxud jurnalist vəsiqən olmasa polis səni içəri buraxmaz.

Bizim avantajımız ikidir: həm tanışımız, həm vəsiqəmiz var! Üstəlik, polislərin də çoxunu tanıyırıq.

İçəri keçirik.

Burdakı liftlərin çoxu işləmir. Gah o biri liftə tərəf gedirsən, gah bu birinə. Hansı açıldı-açıldı...

Yay olduğundan adamlar xeyli azalıb.

Elə bil keçmişə səyahət edirik. Sovetin 80-ci illərinə düşürük. Pillələrlə yuxarı qalxıram. Adamlar tələsə-tələsə aşağı düşür. Nəşriyyatın atmosferinə qapılmaq istəyirsənsə mütləq dəhlizlərdə gəzişməlisən.

Dəhlizdə, parketlərdən birinə ayağım ilişir. Eynəkli dazbaş, saqqalı adam öskürərək dillənir:

- Ehtiyatlı ol, oğlum...

Köhnə parketlərin üstündə yavaş-yavaş addımlayıram. İlahi, nə qədər qəzet adı var burda! Barmağımı dişləyirəm, nə qədər savadlı adamın içindəyəm deyə düşünürəm. Bir qapı diqqətimi çəkir. Adsızdır. Adsız da qapı olar heç? Nəşriyyat kimi yerdə özü də...

Qapını itələyib açıram. İçəridə gözəl bir qız klaviaturanı taqqıldadır.

- Bura qəzet deyil?

- Sizə nə lazımdı?

- Yazımı çap eləmək istəyirdim. Kimə yaxınlaşım?

- Görmürsünüz, burda məndən başqa heç kim yoxdu?

- Bağışlayın...

Qadın məni bir azca süzüb, deyəsən yumşalır:

- Mən dizaynerəm, bir saata yaxınlaşarsınız, sizə kömək edərlər.

Gözəl qız üzünü çevirib klavişini döyəcləyir.

- Təşəkkürlər!

Gülümsünüb qapını örtürəm.

Hər yerdən nimdaşlıq qoxusu gəlir. Ya da belə deyək: Sovetin qoxusu. Sanki bura elə o dövrdə qalıb. Zaman keçib üstündən, ancaq bu yer elə həmənki kimi dəyişməz şəkildə gözümüzün qabağındadır.

Yadıma düşür, ilk dəfə məni bura atam gətirmişdi. Dumanlı yaddaşımı qurdalayıram. Yalnız qəzet qoxusu, parketlər beynimin bir küncündə işıqlanır. Elə işıq demişdim ki, nəşriyyat zülmət qaranlığa büründü.

- Yenə söndü işıqlar?

- Yazımı yaddaşa vurmadım e...

Adamlar bir-bir qapılardan çıxır, donquldanır. Barmaqlarda yarımçıq siqaretlər görünür. Nəşriyyatın hər küncündə-bucağında siqaret çəkən adamlar görmək olar. Burda siqaret azadlığı var. Qaranlıq dəhlizlərdə ayaq səsləri və pıçapıçlar eşidilir. Dəhlizi o biri dünyaya bənzədirəm. Sirat körpüsündə basabasdır. İnsanlar cənnətə düşmək üçün növbədədirlər. Bir-birlərini az qala didişdirmək istəyirlər. Qurduğum xəyali dünyadan çıxıram. Yanıma yaxınlaşan keçmiş iş yoldaşım qaranlıqda gülümsünür. Gülüşü işıqsızdı.

- Nə əcəb bura gəlmisən?

- Darıxdım.

- Burdan gedən adamlar qayıtmır.

- Gedək, gəzək...

Əlimdəki alışqanın fənəri ilə qapılara yazılmış qəzet adlarına baxıram:

“Əsrin qəzeti”, “Haqqın sədası”, “Həqiqətin səsi”, “Ulu məkan”, “Ayna”, “Kamal”, “Arif söhbəti”, “İdrak”, “Sahil”, “Sözçü”... Saymaqla bitməz. Xüsusilə də Azərbaycan kəlməsi ilə başlayan adlar: “Azərbaycan naminə”, “Azərbaycan uğrunda”, “Azərbaycan müəllimi”, “Azərbaycan – doğma diyar”, “Azərbaycan mayası nur, qayəsi...” Qəfl işıqlar yanır. Qəzet adları parıldayır...

Yuxarı mərtəbələrdə gəzişirəm. Nə adını, nə ünvanını göstərmək istəmədiyim bir qəzet redaksiyasının qapısını taqqıldadıram. Redaksiya deyəndə ağlınıza böyük bir yer gəlməsin, tabut darlığında bir otaq. İçəridə iri eynəkli, pırpız saçlı bir kişi oturmuşdu. Yanında ağ vərəqə tez-tez nəsə yazan küt sifətli oğlan məni görüb dikəldi.

- Buyurun nə lazımdı?

- Mən şairəm, şeirlərimi sizin qəzetdə dərc elətdirmək istəyirəm...

- O işi mən bilmərəm. Gərək siz...

- Bəs kim edə...

- Filankəs müəllim gəlsin, sizə xəbər verərik...

Küt sifətli oğlanın üzündə kədər də vardı. Pırpız saçlı, eynəkli adam da onun kimi ümidsiz, ölü adamtək dişlərini bərk-bərk sıxmışdı. Bir kəlmə də demədən susurdu. Sağollaşıb, cırıldayan qapını örtdüm.

Nəşriyyatın həyətinə düşüb siqaret yandırıram. Tüstüsündə xadimə bir qız canlanır. Burada işlədiyim vaxtlarda yorğun üzü ilə qarşılaşırdım. Əlində süpürgəsi gözünü uzaqlara zilləyir, fikirli-fikirli boşluğa baxırdı. Onu nağıllar aləmindəki kasıb qıza bənzədirdim. Bir padşah olmalıdır ki, onu yanına çağırsın. Könül sevәn göyçәk olar dünyada.

“Azərbaycan” Nəşriyyatında gəzə-gəzə “Ədalət” qəzetində işlədiyim zamanlar yadıma düşür... Bir dəfə işdən tez çıxmaq istəyirdim. Kompüterimi söndürüb, kurtkamı geyinib çıxırdım ki, birdən müdirlə üz-üzə gəldik. Tez kompüterin qarşısında oturub, guya işləyirmiş kimi mişkanı tıkladım. Müdir bunu görüb mənə yaxınlaşıdı, gördü ki, onu aldatmaq istəyirəm. Gülüb keçdi. İş yoldaşlarım isə şaqqanaq çəkib güldülər.

Bir gün isə səhər vaxtlarında Aqil Abbasa üzümü tutub dedim:

- Müəllim, belə iş olar, milli komanda bir oyun uduzub, bir oyun heç-heçə edib, oyunçuların hərəsinə beş min manat mükafat veriblər.

- Veriblər-veriblər də, istəyiblər ki, ruhdan düşməsinlər.

- Pul olanda milli ruh olmur, gərək pulunu verməyəsən ki, milli ruh yüksəlsin, yaxşı çalışsınlar.

- Oğuz, oğlum, sənin milli ruhunu və yaxşı çalışmağını stimullaşdırmaq üçün iki ay maaş verməyəcəm!

Yadıma düşür, qəzetdə bir hekayəm çap olunmuşdu. Redaksiyaya zəng gəldi. Dedilər, səninlə danışmaq istəyirlər. Telefonu qulağıma yaxınlaşdıran kimi donquldanan kişi səsi eşidildi. Söyüşün biri bir qəpikdən. İlk dəfə yazdığım hekayəyə söyüş və təhqir eşidirdim. Ürkmüşdüm. Axşamüstü Aqil Abbas zəng elədi. Elə bildim, o da məni söyəcək. Ancaq hekayəyə görə təşəkkür etdi.

Nəşriyyatın bir də bufeti var. Günorta olmamış adamlar acır və yeməyə tələsirlər. Bəzən yer tapmaq çətin olur. Üç-dörd yazıçı-şair badə qaldırıb ən gözəl günlərinə, arzularına içirlər. Onların üzündəki ifadədən başa düşülür ki, bu adamların həyatları ruhən çoxdan başa çatıb. Özlərini tapdıqları yeganə yer nəşriyyatdır. Nəşriyyat olmasa, yəqin, məhv olub gedərdilər.

Bufetdə ən çox görülən adamlardan biri də şair Vəli Xramçaylıdır. Kimdən soruşsan ki, Vəli hardadı, deyəcək, bufetdə araq içir. Vəli gözəl şairdi. Məni görəndə həmişə üzündə güllər açır. Vəli əmi deyirəm ona. Doğma adamlar kimi görüşür insanlarla. Vəli Xramçaylı bufetin atributudur. Onsuz bufet yarımçıq qalar.

Hə, bir də Anar müəllim. O da bufetin simvollarından biridir. Bizə həmişə maraqlı əhvalatlar danışardı... Amma onu bu dəfə nəsə görmədim. Yəqin kiməsə yemək aparmağa gedib...

Bufetdən çıxıb yuxarı dırmaşıram. Elə bilirsiniz burda qəzet-jurnallardan savayı heç nə yoxdu?! Yanılırsınız. Burda kompüter təmirçisi, diş həkimi, fəhlə, ərzaq satan, hələ yaxşı gəzsəniz bağban da var. Nəşriyyat rəngli, bir o qədər də hüznlü, nostalgiya ilə dolu məkandır. Bəzən elə adamlar çıxır qarşıma, çaş-baş qalıram. 80-ci illərin saçı, trapes şalvar, sadə pencəkli adamlar burda çoxdur.

Bəzən isə nəşriyyatı ucu-bucağı görünməyən qəbiristanlığa bənzədirəm. Sanki adamlar məzarlarından çıxıb çıxıb, ətrafda gəzişirlər, zombi misalı. Ancaq zərərsiz zombilər.

Nəşriyyatı geridə qoyuram. Xadimə süpürgəyə söykənib dincəlir. Keçmiş günlərin işığı üzündə yanıb sönür...

# 2733 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

10:21 13 dekabr 2024
# # #