Facebookun 10 tipi SİZ HANSINDANSIZ?

Facebookun 10 tipi SİZ HANSINDANSIZ?
27 aprel 2015
# 12:21

Kulis sosial şəbəkələrdəki 10 tip insanı təqdim edir.

Sakitlər: Onlar Facebookun toyuna-yasına qarışmazlar. Profillərinə öz şəkillərinin əvəzinə uşaq şəkilləri qoyar, tanımadıqları adamları dostluğa qəbul etməzlər. Qohumlarınız, tanışlarınız arasında mütləq belə istifadəçi var. Onların statuslarında ictimai bir şey olmaz, qardaşı qızlarının şəklini paylaşıb “Ay Allah, nə qəşəngdi” yazarlar. Bəzən də komik video, ya da təbiət şəkilləri paylaşarlar. Heç kimə ziyanları dəyməz.

Ergenler: Facebookda onları ergen adlandırırlar. Oxuduqları hansısa kitabın, baxdıqları hansısa filmin təsiri ilə profilləri öz adlarına açmazlar. Misal üçün Holden Koldfild adıyla açarlar. Elə bilərlər ki, onlardan başqa heç kim nə kitab oxuyub, nə Amerikanın sirlərini bilir, nə də kimsə illüzionistləri tanıyır. Hamıya dərs keçməyə çalışar, mübahisələrin bir yerində bitib söhbətə mənasız bir yön verməyə çalışarlar. Gəncliyini gözəl yaşamış insanlar onları anlayar, fikir verməz, lakin hər şeyi ciddiyə alan ortayaşlılar onları mübahisəyə çəkər.

40 və ondan daha yuxarı yaşlardakı Facebook istifadəçiləri: Onlar Facebooka dəhşətli dərəcədə ciddi yanaşırlar. Onlar üçün Facebook Elmlər Akademiyasının konfransı kimi bir şeydir. Heç zaman gülməz, zarafat eləməzlər. Hardasa siyasətlə, tarixlə, dinlə bağlı bir status görsələr onun altına girib qabaqlarındakı kitablardan iri cümlələri köçürdərlər. Hər şeyə çox ciddi yanaşarlar. Bəzən, nəvələrinin şəkillərini paylaşar, ancaq o zaman bir az relaks görünərlər.

Şəkilçilər: Onlar Facebookdan İnstagram kimi istifadə edirlər. Doğrudur, son dövrlərdə İnstagramın populyarlaşması ilə əlaqədar ora keçiblər, lakin Facebookla əlaqələrini saxlayırlar. Bu adamlar paylaşdıqları şəkillərə aid cümlələrdən başqa heç nə yazmazlar. Hə, bir də bu insanlar olduqları yeri etiketləməyi əsla unutmazlar.

Eşq ağrıları: Hər şey elə Facebookda başlayır. Eşqin ilk əsintiləri, sonra qızın könlünə girmək cəhdləri, divara qoyulan mahnılar, statuslarda Mövlanə və Füzulinin çoxalması. Qızın əmisi qızına yazdığı ad günü təbrikinin like edilməsi. Eşqin etirafı. Rədd cavabıdırsa onda Mövlana gedər, yerinə Cem Adrian gələr. “Mən çox xoşbəxtəm” görüntüsü yaratmaq üçün hər şey edilər. On nəfərlik selfie çəkilər və eşq acısı çəkən hamıdan artıq gülümsəməyə çalışar. Cavab “hə”dirsə onda da birgə şəkillər, “aşkım”la başlayan cümlələr… “gülücük, gülücük, gülücükler”

Ofis facebookçuları: Qıraqdan baxan elə bilər ki, bu adamın ofisdən başqa həyatı yoxdur. Ofisdə stolunda şəkil çəkdirərlər, iş yoldaşları ilə selfie. Yazdıqları da ancaq ofisdə baş verən əhvalatlardan ibarətdir. Sanki bu ofis işi onlara verilmiş ilahi bir missiyadır. Onların hər şəklində mütləq bir bilgisayar və stol görünür.

İnboxçular: Onların Zaman tuneli ilə işləri olmaz. Status yazmaz, şəkil paylaşmazlar. Bəzən şəkillərin altına nəsə yazarlar. Bu şərhlər də inboxa keçmək üçün bəhanədir. Məlumdur ki, inboxda da Amerikanın Yaxın Şərq siyasəti haqda danışmazlar. Məqsədləri çox sadədir. Bu tiplər arasında kişilər mütləq üstünlük təşkil edir.

Əcnəbilər: Bu insanlar nəyə görəsə rus, ya da ingiliscə status yazarlar. Dostluqlarına baxsan nə bir ingilis var, nə də rus. Nəyə görə belə edirlər? Bu mürəkkəb prosesdir. İngiliscə yazmaq üçün lüğətdən istifadə edənlər, ya da dostlardan yardım alanlar var. Məqsəd yoxdur. Düşmən məni alverdə görsün misalı kimi, ingilis dilində yazan görünsünlər. Ən ifratları isə Ramazan və Novruz təbriklərini də ingiliscə yazar.

Darıxanlar: Hava gözəldir, darıxır, yağış yağıb, darıxır, qar düşüb, darıxır. Sevgilisi var, darıxır, sevgili gedir darıxır, sevgiliyə xəyanət edəndə də darıxır... Pulu var, darıxır, kasıbçılıqdı, darıxır. İşi var, işdə darıxır, işsizdir, evdə darıxır. Tək olanda da darıxır, dostlarla bir yerdə olanda da darıxır. Və bütün bu darıxmaqlıqları Facebooka yazır.

Xoruzlar: Hər səhər “Sabahın xeyir” deyənlər. Bu onların müqəddəs vəzifəsidir. Onlar bu statusu ictimai məsuliyyət kimi dərk edər və heç bir zaman bizi “Sabahın xeyir”siz qoymazlar.

# 1867 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #