Polad Bülbüloğlunun "Gəl, ey səhər" harayı

Polad Bülbüloğlunun "Gəl, ey səhər" harayı
4 fevral 2015
# 13:03

Polad Bülbüloğlu...

1945-ci il, 4 fevral, ikinci dünya müharibəsinin başa çatmasına üç ay beş gün qalmış Şuşa şəhərində böyük müğənni, alim mədəniyyət xadimi Murtuza Məmmədovun (Bülbül) ailəsində doğuldu.

1957-ci ildə 12 yaşında “Koroğlu” operasının ilk tamaşası öncəsi səhnəyə çıxıb “ Evləri var xana-xana” xalq mahnısını hava kimi təmiz, gül kimi təravətli bir səslə ifa etdi.

1963-cü ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Qara Qarayevin sinfində dərs almağa başladı.

İlk mahnılarını 17 yaşında yazdı; “Moskva haqqında mahnı”, “Sumqayıt haqqında mahnı”, “Birinci görüş”, “Sabahın xeyir”. Sonralar yaratdığı “Zəng et”, “Şən Azərbaycan”, “Bayatı”, “Dolalay”, “Toy”, “Bakı mənim şəhərim”, “Gəl, ey səhər”, “Şeyx”, “Sən və mən” əsərləri dillərdə dolaşdı.

Bəstəkarın simfoniya, simfonik poema, simli kvartet, “Monoloqlar”, “Qəhrəmanlıq” - adlı musiqi əsərləri, estrada orkestri üçün süitalar və pyesləri dünyanın neçə-neçə nüfuzlu konsert salonlarında səsləndi.

“Kitabi Dədə-Qorqud” eposunun motivləri əsasında yazdığı “Eşq və ölüm” iki hissəli baleti bu janrda milli musiqi zirvələrindən biridir.

“İstintaq davam edir”, “Uşaqlığın son gecəsi”, “Oxuyur Müslüm Maqomayev”, “Babək”, “Mən mahnı bəstələyirəm”, “Qorxma, mən səninləyəm”, “Yol əhvalatı”, “Dolu” və başqa filmlərin musiqisi Polad Bülbüloğluna məxsusdur.

Əməkdar incəsənət xadimi (1973), Xalq artisti (1982) Polad Bülbüloğlu 17 il Azərbaycan Respublikasının mədəniyyət naziri(1989-2006), TÜRKSOY-un baş direktoru (1994-2000) olmuşdur.

Böyük yaradıcılıq yoluna və Azərbaycan xalqına göstərdiyi xidmətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu “Şərəf” ordeni ilə təltif etmişdir.

***

O, böyük Bülbül ocağının ruhu, daim yanan çırağıdır. Ötən əsrin 60-cı illərindən bu günəcən milli mədəniyyətimizin seçilmiş səhifələrini aramsız şimşək çaxışıyla işıqlandıranlardan biri də odur.

Müğənnidir, bəstəkardır, neçə-neçə mahnının, iri həcmli musiqi əsərlərinin ifaçısı, yaradıcısıdır.

Onun yazdıqları və oxuduqları başqalarına bənzəmir. Onun səhnə və ekran əsərlərinə bəstələdiyi, həyat çırpıntılarıyla dolu musiqilər dramaturq və rejissorla tamaşaçı arasına ipək yolu salır.

Azərbaycanın mədəniyyət tarixində zaman-zaman qalmaq, yeni gələn nəsillərə tükənməz enerji ötürmək üçün elə bunlar da yetərlidir.

Deyilənlərlə bərabər, o həm də ulu öndər Heydər Əliyevin yaratdığı, inkişaf etdirdiyi idarəçilik məktəbinin ən layiqli nümayəndələrindən biridir, dövlət xadimidir.

Ayrı izaha gərək yox...

Əlbəttə, söhbət Polad Bülbüloğlundan gedir.

Ən azı iki aydan bəri kütləvi informasiya vasitələri sanki bəhsə girmiş kimi Polad Bülbüloğlunun 70 yaşa çatması barədə məlumatlar yayırlar. Bu qəbildən olan xəbərlər yalnız Azərbaycan mətbuatında deyil, postsovet ölkələrinin, türk dünyasının informasiya məkanında da görsənir.

Amma hər halda, adamın inanmağı gəlmir. Adamın inanmağı gəlmir ki, milyonlarla insanın yaddaşında əbədi gənclik obrazı kimi hopub qalan Polad müəllim yetmişinə yetişib.

Nə olsun ki, onun şəxsiyyət vəsiqəsində il 1945, ay fevral, gün 4-dür...

İndi buna-hər bəstəsi, ifasıyla insanı ən azı 30 il, 40 il geriyə, ömrün yaz çağına aparan bir sənətkarın 70 yaşa yetişdiyinə kim inanar?

Əlbəttə, heç kim...

Həyatda təsadüfi heç nə olmur. Qəribədir ki, bu sətirlərin müəllifi nə zamansa Polad müəllim haqqında qələmə aldığı təəssürat yazısına belə bir ad qoymuşdu: “Gənclik nəğmələri qocalmır heç vaxt”.

Görünür, izahına ehtiyac olan hər bir hikmətli düşüncəni anlamaq üçün açar sözlərə ehtiyac var: “Gənclik”, “nəğmə”, “qocalmaq”, “vaxt”...

Bu yazı boyunca ən azı jurnalistin vəzifə borcu baxımından ustad sənətkar Polad Bülbüloğlunun publisistik obrazını məhz bu günün gözüylə təqdim etmək üçün bir çox zəruri məqamlara baş vurmaq qaçılmazdır.

Bununla belə nəzərə alaq ki, əsrimiz sürət əsri, oxucumuz sürət əsiridir. Bəlkə bu səbədən Polad Bülbüloğlu sənətinin sirrini açmağa tələsdik. Tələsdik və dedik ki, Polad Bülbüloğlu musiqisini qocalmağa qoymayan bu estetik sərvətin içindəki gənclik ruhudur. Gənclik ruhu – deməli, nikbinlik, coşğu, humanizm,hətta böyük kədəri belə bütün çilələrinin bitəcəyinə tükənməz bir ümidlə daşıyıb aparmaq istəyi onun sənətinin bədii-estetik fəlsəfəsi, leytmotividir.

***

Polad Bülbüloğlunun yaratdığı bir böyük insanlıq nəğməsi Azərbaycanda demək olar ki, hər gün səslənir. O nəğmə belə adlanır –“Gəl, ey səhər”. Əgər hansı bir günsə onu efirdə səsləndirmirlər, yenə də boşluq yaranmır, İstanbulda, Moskvada, Bakıda, Gəncədə, Lənkəranda, Qarabağda, lap elə çadır şəhərciyində, təmas xəttində, səngərdə yenə də kimsə özü-özünə, öz içində oxuyur, zümzümə eləyir o mahnını – Gəl, ey səhər…

Yadıma gəlir, təqribən 10 il öncə Polad müəllim bizim bu sevimli, doyulmaz mahnımıza yeni nəfəs verdi, klip çəkdirdi. Böyük Bülbülün yadigarı onda da axıb gedən ruzigar içində milyonlarla pərəstişkarını sevindirməyi hamıdan yaxşı bacardı. Azərbaycanın efir məkanı “Gəl, ey səhər” harayıyla doldu.

Bu nədir? Nostalgiya, yoxsa yeni bir səhər ümidi? Polad müəllim “Gəl, ey səhər” deyir, Azərbaycan səhərə bürünür. O illərdə, on yeddi il Azərbaycanın mədəniyyət naziri olan sənətkar hamıya yol acıb, özünün təbliğatına qadağa qoymuşdu. Bəlkə ona görə həm uzaqlardan, həm də sanki adamların qəlb döyüntüsü kimi yaxın bir məsafədən gələn bu haray möcüzə yaradır, eşidənləri sehrləyirdi. Budur, Polad Bülbüloğlu yenidən təşnə könüllərə sərin su kimi çilənir, ürəklərin sarı simini səsləndirir.

Onun şüşə kimi saf avazı Qobustan qayalarında cingildəyir.

Qosqoca dünyaya milyon səhər görüb. Milyon-milyon səhərlər içindən milyardlarla insan keçib.

Bəs nədən insan oğlu elə hey yeni bir səhərin sevdasıyla alışıb yanır?

Cavab birmənalıdır; çünki səhər ömrün, həyatın aydınlığı, şirinliyidir.

Polad Bülbüloğlu yeni ifasında məhz bu həqiqəti təsdiqlədiyinə görə təkrarən sevilir, o, bədii ifadənin gücü ilə insanları inandırır ki, səhərlər açılmasa dərin dəryalar quruyar, dəli mülklər dağları, səhraları belə pəncəsinə alıb uçurar.

Hər səhər yeni bir gün deməkdir. İnsan öz qəlbini səhərə açır. Səhər böyük əməllərin, böyük işlərin başlanğıc nöqtəsidir.

Bu dəfə o bizi nəinki gəncliyə, hətta bir az da irəli, müqəddəs beşiyə qədər aparır. Poladın nəğmələri Azərbaycan xalqının gözəllik arzusudur. Bəlkə də millətimiz heç zaman xoşbəxtliyə Polad Bülbüloğlunun nəğmələrindəki qədər yaxın olmayıb.

Gəl ey səhər... ümid nəğməsi... qəribədir, o nəğmənin sinirlərindən dərin bir qüssə də axıb gedir. İlahi, bu ki həm də dünəndir!

***

Polad Bülbüloğlu sənətini milyonlara sevdirən sirrin kökü də dünəndədir...

Hər bir istedadlı insan gələcəkdə böyük bir şəxsiyyət, yaxud yaradıcı bir fərd kimi yetişirsə, o müəyyən bir məktubdan keçir, ustadlardan dərs alır. Bunu nəzərə alaraq mən nə zamansa Polad müəllimə belə bir sual verdim:

- Polad müəllim, nədənsə sizin səsinizi, bəstə və oxularınızı hər zaman unudulmaz ahənglər sırasında xatırlayıram. Yaşın hansı məqamındasa eşidilən melodiya ömrün sonunacan dinləyicinin yol yoldaşına çevrilir, ondan ayrılmır. Sizcə bunun sirri nədədir?

O azca düşünüb dilləndi:

- Bu suala cavab vermək məndən ötrü çətindir. Əslində bu, cavabı özündə olan bir sualdır. Hər halda çalışacağam ki, sənət yolunun bəzı məqamlarına nəzər yetirim, zəruri mənbəri göstərim.

Bilmirəm niyəsə, nəğmələrimin yaranması təkcə tamaşaçı, dinləyici üçün yox, mənim özüm üçün də hadisədir. Yaratdıqlarımın bir dəyəri varsa, mən buna görə atama, anama, təbiətə, Allaha və bir də erkən yaşlarından tanış olduğum musiqi təcrübələrinə borcluyam.

İnsanların hamısının səsi var, o səsi cismimizin cəmi ikicə teli və içimizdən gələn hava yaradır. Düzdür, hamı danışa bilir, amma oxuma qabiliyyəti hər adamda olmur. Görünür oxuyanlar seçilmiş adamlardır. İçimizdən gələn nəfəs, canımızdakı o iki telin titrəyişi, səsin ruhdan, ürəkdən və beyindən süzülərək bənzərsiz harmoniya yaratması, ifanın fəlsəfi, estetik mənayla yüklənməsi musiqi elminin əsasını təşkil edir və xüsusi məktəblərdə, konservatoriyalarda dərs kimi keçilir. Mənim belə konservatoriyam olmayıb. Mənim dərsim, mənim məktəbim Bülbülün, Rəşid Behbudovun və dünya klassiklərinin – Koruzonun, Cilinin, Qobinin lent yazıları olub. Atam dünya klassik musiqisinə tez-tez qulaq asardı. Vaxtaşırı opera teatrına gedərdim, tamaşalara baxardım. Rusların bir sözü var – orta səviyyəli sənətçidən də nəsə öyrənmək olar. Biz bütün ifalara qulaq asırdıq, hamının qabında nə olduğunu bilməyə can atırdıq. 60-cı illərin sonunda mən səhnəyə gələndə Mark Bernes, Leonid Utesov, Lyudmila Zıkina kimi müğənnilər çox populyar idilər və mən onlarla bir səhnədə çıxış edirdim. Yəni bu böyük ustalarla təmas da bir məktəbdir. Opera sənətində şübhəsiz ki, sənətçi mütləq peşəkar məktəb keçməlidir. Təcrübə göstərir ki, estradada - istedad varsa, zəhmətsevərlik, öyrənmək həvəsi varsa, xüsusi məktəb keçmədən də müəyyən məqamlara yetişmək mümkündür. Bilirsiniz ki, vaxtilə Bülbülün səs yazılarını bərpa etmisəm. Bülbül oxuduğu vaxtlarda texnika, səsyazma aparatları çox zəif olub. Biz Moskvada Şalyapinin lentləri bərpa olunan xüsusi laboratoriya – studiyada işləyirdik. Bəzən bir mahniya, bir nota, bir musiqi parçasına otuz-qirx dəfə qulaq asmalı olurdum. Orada belə bir prinsip var; əgər musiqiyə təbii səslər düşürsə ona yol verilir, gərək mexaniki səslər olmasın. Bir mahnını bərpa edəndə çətinliklə üzləşdik. Mahnı səslənir, qəflətən zəif bir xışıltı nota qarışır, uzun dinləmələrdən sonra müəyyən etdik ki, bu döşəmədən çıxan səsdir, görünür müğənni oxuyarkən ayağını tərpətmiş və döşəmədən çıxan səs də lentə düşmüşdü. Bu cür gərgin vəziyyətdə Bülbülün 60-dan çox ifasını bərpa etmək üçün həmin laboratoriyada iki il vaxt sərf etdim. Nəticədə Bülbülün plastinka-albomu yarandı...

***

Polad Bülbüloğlunun yaradıcılığı nəinki Azərbaycanı, eləcə də, keçmiş SSRİ- də yaşayan digər xalqların musiqi tarixində ayrıca bir mərhələdir. O, ötən əsrin 60-cı illərindən başlayaraq bir-birindən gözəl bəstələrə imza atmış, dünyanın ən məşhur salonlarında konsertlər vermişdir.

Yeri gəlmişkən, XX əsrin ikinci yarısı, ta 1990-cı ilə qədər milli mədəniyyətimiz sanki bir intibah dövrü yaşamışdır. Xüsusən musiqi və teatr sahəsində həmin əsrin əvvəlində yaradılmış möhkəm bədii-estetik zəmin, başqa sözlə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Bülbül, Müslüm Maqomayev, Niyazi, Qara Qarayev və digərlərinin Şərqlə Qərbin musiqi harmoniyasını ustalıqla birləşdirən yaradıcılıq örnəkləri, digər tərəfdən Cabbar Qaryağdıoğlunun təmiz türk-azərbaycan muğam yaradıcılığındakı fenomenal səyləri 60-cı illərdə səhnəyə gələn gənclik üçün arxa, dayaq rolunu oynayırdı.

Polad müəllim yazılarında, müsahibələrində səhnə fəaliyyətini 60-cı illərin sonu ilə əlaqələndirir. Lakin mən görkəmli dövlət xadimi Kamran Hüseynovun həyatından və dövründən bəhs edən sənədli roman üzərində işləyərkən Kamran müəllimin qələmə aldığı salnamədə maraqlı bir fakta rast gəldim və o hadisəni əsərə daxil eləməyi vacib saydım. Orada deyilir:

Kamran Hüseynov harda, hansı vəzifələrdə işləyibsə, yaradıcı insanların əhatəsində olub, onunla fəxr edib, onlarla nəfəs alıb. İncəsənət adamları Mingəçevirə də çox gəlirdilər. Bir dəfə böyük müğənni Bülbül gəlmişdi. Dedi ki, səhnə təşkil elə, konsert verim. Kamran güldü:

- Ay qardaş, - dedi, - bu çölün irəməsində hardan tapım səhnəni?

Gördü ki, Bülbül küsən kimi olur. Dərhal sözünün ardını gətirdi:

- Sən darıxma, axşama səhnə məndən.

Adamı tökdü Kürün qırağında boş bir düzəngaha. Taxta, balta, mişar.

Axşamüstü bir orkestrin yerləşəcəyi səhnə hazır idi. Səhnənin önündə kubik daşların üstünə uzun-uzun taxtalar atıldı. Bu da tamaşa salonu.

... Beləcə səhnə düzələndən sonra bir köhnə piano tapıb səhnəyə çıxardılar. Polad Bülbüloğlunun o vaxt 5-6 yaşı olardı. Atasıyla o da gəlmişdi. Kamran Hüseynov balaca Poladı özü qucağına alıb səhnəyə çıxardı. Polad piano çaldı. Bülbül də oxudu.

Bu əhvalat 1951-ci ildə baş verib. Belə çıxır ki, Polad Bülbüloğlu 6 yaşından səhnə fəaliyyətinə başlayıb. Özü də korifey bir sənətkarın, atasının xeyir-duası, alqısıyla.

***

Üzeyir bəy, Cabbar Qaryağdıoğlu kimi Bülbül də milli musiqimizin iftixarıdır. Ötən sərin 30-cu illərində İtaliyada dörd illik musiqi təhsil olan Bülbül yalnız müğənni deyil, milli musiqimizi qoruyan, yaşadan, dünyaya çıxaran dahi bir sənətkardır. 1897-ci ildə gözəl Şuşanın Xanbağı məhləsində doğulan Bülbülün atası Məşədi Rza dindar olsa da, yaxşı səsi varmış. Özü oxumasa da, şübhəsiz, səsindəki şirinlik, kolorit ruhun yaddaşıyla oğluna və nəvəsinə ötürülmüşdü.

Üzeyir bəydən sonra Bülbül milli musiqi dünyamızda həqiqətən də sehr, möcüzə yaratdı. O, “Arşın malalan”da, “Aşıq Qərib”də, “Əsli və Kərəm”də oynadı, milli operanın Koroğlu zirvəsinə yüksəldi.

Bülbülün xatirə muzeyində avtoqrafla, olduqca dəyərli bir kitab saxlanılır. Həmin kitab musiqi aləminə qədəm basanların, musiqisini öyrənib dərk etmək istəyənlərin ana kitabıdır. “Azərbaycan musiqisinin əsasları” adlanır. Yaradanı Üzeyir Hacıbəylidir. Müəllif 1945-ci ildə belə bir avtoqrafla kitabını professor Bülbülə bağışlayıb “Bu əsərin yaranmasının təşəbbüskarı və misilsiz Koroğlu, SSRİ Xalq artisti Bülbülə”

Bu avtoqraf yazılan il Polad Bülbüloğlu anadan olub. O, Şuşa musiqi mühitini əsasən Bakıda duyub, çünki nəinki Qarabağdan olan, ümumiyyətlə dövrünün bütün görkəmli, istedadlı musiqiçiləri, bununla bərabər yazıçı və şairlər, rəssamlar, səhnə xadimləri onların evinə, böyük Bülbülün ziyarətinə gəliblər.

Sonralar özünün dediyi kimi Qarayev sinfinin yetirməsi Polad Bülbüloğlu ata ocağından əxz etdiyi ilahi enerji ilə, 60-cı illər Bakısının yeni sənət çağırışlarının təsiri altında bir-birindən gözəl əsərlər, ifalar yaradacaq. Lakin hərdən adam elə gəlir ki, Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısı müasir dövrdə milli mahnı janrının zirvələrindən biridir. Bu mahnının sözləri o qədər aydın, fəzası o qədər genişdir ki, dinləyici dünyanın əbədiyyətinə inanır. Yenə də Polad müəllimlə söhbətimizi xatırlayıram.

Mən soruşuram:

- Polad müəllim, Sizin yeni ifanız – “Gəl, ey səhər” mahnısı əsasında hazırladığınız klip həm gənclər, həm orta yaşlılar arasında böyük maraq doğurub. Sanki mahnı insanlar arşındakı yaş fərqini yoxa çıxarıb, kimsə bir az böyüyüb, kimsə bir az cavanlaşıb. Bax, bu fikrə münasibətinizi bilmək istərdim.

- Mən onu ifa etdim. O nə təsir bağışlayır, bunu demək mənə görə çox çətindir. Duyduqlarımı, hiss etdiklərimi dilə gətirmişəm, şübhəsiz ki, beş il öncə belə oxuya bilməzdim və yəqin ki, beş il bundan sonra da belə oxuya bilmərəm.

- Klip nə zaman lentə alınıb?

- 1998-ci ilin avqust ayında.

- Nə zamandan susurdunuz...

- Bəli, oxumurdum.

- Və nəhayət pərəstişkarlarınıza mərhəmət göstərərək bütün çətinliklərin ötüb keçəcəyini, dünyanın üzünə açılan sabahların daha ümidli, daha bəxtiyar olacağını dilə gətirdiniz. Bəlkə demək istəyirsiniz ki,bizi ən böyük çətinliklərdən nikbinlik və ümid adladacaq?

- Uzun müddət oxumamağımla çox maraqlanırlar. Hətta təəccüblənirlər, necə yəni səhnə üçün darıxmırsınız? Özüm də bilmirəm niyə? 1998-ci ildən bu yana oxumurdum. Köhnə səhnə dostlarım gəlirdi, gedirdi, məsələn, Sofiya Rotaru, başqaları... Düzü, hərdən ürəyimdən oxumaq keçirdi. Çünki mən bütün həyatımı musiqi içində yaşamışdım. 70-dən çox ölkəyə qastrol səfərinə çıxmışdım. Keçmiş SSRİ-nin ən böyük salonlarında, zallarında, hətta stadionlarda oxumuşdum. Hamısı da gur, haylı-küylü... Amma elə bil içimdə nəsə qırılmışdı. Sonra bir qədər inzibati iş başımı qatdı. Filarmoniyaya direktor gələndən özümü oda-közə vururdum. Elə sanırdım ki, müğənni kimi karyeram bitib. Özümü həqiqətən də Azərbaycan mədəniyyətinin dirçəlişinə həsr etmək qərarına gəlmişdim. Filarmoniyanın direktorluğunu qəbul edəndə, onun hesabında 20 qəpik vardı, borcu isə 220 min rubl idi. Üç-dörd aydan sonra borclarımızı ödədik, gəlir yarandı, hətta işçilərə mükafat verdik. Sonra mədəniyyət naziri oldum. Yaradıcılıq ikinci plana keçmişdi. Bu mənim daxili vəziyyətim idi.

- “Gəl, ey səhər” mahnısının tarixçəsi barədə nə deyərdiniz?

- 1968-ci ildə Arif Babayev “Uşaqlığın son gecəsi” filmini çəkirdi, o filmə musiqi yazdım. Həmin mahnı da o filmin son kadrlarında ifa olunur. Onu yazanda 23 yaşım var idi.

Böyük sənətkar, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı Bülbül dünyasını dəyişəndə Poladın 16 yaşı vardı. Əlbəttə, itki xalqın itkisi idi. Azərbaycan səhnəmizin bir də heç zaman doğulmayacaq Koroğlusundan ayrılmışdı. (1957-ci ildən 61-ci ilə qədər Bülbül bu rolda 400 dəfə səhnəyə çıxmışdı) “Sənsiz”, “Sevgili canan”, “Nalədəndir” (hər üç romansın bəstəkarı Ü. Hacıbəylidir) professional musiqiləri, “Xumar oldum”, “Kəklik”, “Mehribanım”, “Süsən sünbül”, “Gülə-gülə”, “Əlimi bıçaq kəsibdi” kimi xalq mahnılarının bənzərsiz ifaçısı balaca Poladın xoşbəxt dünyasını uçurub əbədi olaraq susurdu...

***

Lakin Bülbülün nəğmələri susmadı, yaşadı xalqın sinəsində, Azərbaycan torpağında boy atıb ucaldı. Onun əsərlərindən biri də çağdaş musiqimizin gənclik simvolu Polad Bülbüloğludur.

Polad Bülbüloğlunun bənzərsiz səsi, qaynar, səmimi nəfəsi, şirin ləhcəsi nə az- nə çox 50 ildən çoxdur ki, Azərbaycanın dərin, müdrik göy üzündə, nəhayətsiz səmasında qanad çalır.

Unudulmaz Bülbüldən yadigar qalan ən qiymətli musiqi inciləri, xalq nəğmələri Polad Bülbüloğlunun ifasında yenidən doğulur, yeni bir həyat başlayır.

Polad Bülbüloğlu bir az əvvəl etiraf edirdi ki, o, müğənniliyə sözün professional mənasında vokal məktəbdən gəlməyib. Oxuduğuna görə valideynlərinə, təbiətə, Allaha və bir də erkən yaşlarından aurasında böyüdüyü musiqi təcrübələrinə minnətdardır.

Əlbəttə, sadalananların hamısını bir yerdə götürəndə, bu, mükəmməl bir məktəbdir və onların qovşağında qüdrətli bir sənətkar kimi yetişmək tamamilə təbiidir. Lakin burda ən əsas məqam odur ki, başlıca şərt Allah vergisidir, fitri istedaddır.

55 illik (bəlkə bundan da artıq) səhnə həyatında Polad Bülbüloğlunun arxalandığı əsas özül şübhəsiz ki, fitri istedadadır. O, bu əsas özül üzərində ustad zirvəsinə yüksəlmiş nadir musiqiçilərimizdən biridir.

Bu zirvəyə yüksəlmək üçün isə musiqiyə sonsuz sevgi, ecazkar səslər, melodiyalar dünyasını yorulmadan, bezmədən kəşf etmək, öyrənmək ehtirası gərəkdir.

Polad Bülbüloğlu ötən yüzillikdə Azərbaycan musiqisini dünya vokal sənətinin ən bəşəri, ən ortaq çalarları ilə qovuşduran ilk ifaçılardan biridir.

Polad səhnəyə gələn illərdə Azərbaycanın kütləvi tamaşaçısı hədsiz dərəcədə konservativ idi, mühafizəkar idi. O, muğam etalonundan iynənin ucu boyda kənarlaşmanı bağışlamırdı.

Lakin Polad Bülbüloğlunun cəsarətli, heç kimə bənzəməyən ifasındakı Şərq və Qərb harmoniyasını, bu qoşalaşmanı dinləyici tam bir səmimiyyətlə, sevərək qəbul edir.

Polad Bülbüloğlunun ifaları – oxuduğu bəstəkar və xalq mahnıları, bəstəsi özünə aid nəğmələr olduqca doğma və əzizdir. Bu mahnılarda xalqımızın xeyirxahlığı, nikbinliyi, əyilməzliyi, təmannasızlığı, bəxtiyarlığı var!

Polad Bülbüloğlu oxuyanda ən kədərli insanın belə içində qeyri-adi bir hadisə baş verir; ürək gülür, ürək sevinir, damardakı qan durulur... Estetik təsir vasitəsi – konkret halda, musiqi sanki fiziki bir təsir imkanı qazanır. Bax bu sənət möcüzəsidir. Bax bu, möcüzənin müəllifi Polad Bülbüloğludur.

Mən bu yığcam qeydlərlə Azərbaycanın qüdrətli sənətkarı, dünya şöhrətli bəstəkarı və müğənnisi Polad Bülbüloğlunun sənətkarlığını təhlil etmək fikrindən uzağam.

Bu bir istək yazısıdır.

Bu cümlələri qələmə almaqla istəyirəm ki, Polad müəllimi anadan olmasının 70 illiyi münasibətilə təbrik eləyim. Əslində mən Polad müəllimin 50, 60 yaşına inanmadığım kimi onun 70 yaşa dolduğuna da inanmıram. İllər ondan heç nə qopara bilməyib.

Polad müəllimin nəğmələri yenə də şüşə kimi cingildəyir, Qobustan qayalarındakı yazılar kimi davamlı, dözümlüdür. Polad Bülbüloğlu saçlarına dən düşsə də səhnə üçün yenilməz və şux qamətini qoruyub saxlayıb.

Vaqif Bəhmənli

# 5520 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #