İsa Muğannadan kimlər pul istədi?

İsa Muğannadan kimlər pul istədi?
2 noyabr 2016
# 16:06

Vasif Ayan

Təxminən 2007-2008-ci illər idi. Space Tv-də "Hər Səhər" verilişində prodüser vəzifəsində çalışırdım. Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan, böyük yazıçımız, İsa Muğannanın doğum gününü qeyd edirdik. Sözün düzü o illər İsa Muğanna bir qədər diqqətdən kənar qalmışdı. Mətbuatda onun haqqında informasiya həddindən artıq az idi. Bilinmirdi bu yazıçı hardadı, necə yaşayır, səhhəti necədir, demək olar ki, heç bir məlumatımız yox idi.

O, illər internet imkanları bu günümüzdəki kimi genişlənməmişdi. Verilişimizin rəhbərləri İsa müəllimlə əlaqə yaratmağa müvəffəq ola bildilər. Olduqca maraqlı bir doğum günü proqramı təşkil edildi. İsa Muğannanı görməyə bir çox sənətçilər, ədəbiyyat nümayəndələri qatılmışdılar. İsa müəllimin çöhrəsində sevinc var idi. Çox xoşbəxt görünürdü. Bu diqqətdən məmnun olduğu simasından bəs-bəlli sezilirdi. Bir neçə saat ərzində davam edən tədbir yekunlaşdı.

İsa Muğannanın səhhətində problemlər olduğu üçün, olduqca zəif görünürdü. Bir qoluna İsa Muğannanın həyat yoldaşı Firuzə xanım, digər qoluna mən daxil olub, onu pilləkənlərlə yuxarı doğru çıxardıq. Sonra çıxış qapısına doğru yaxınlaşdıq. Daha sonra aşıq Fəzail Miskinli də İsa müəllimə köməklik göstərmək üçün Firuzə xanımla yerlərini dəyişdilər. Biz Space televiziyasının qapısının kandarında dayandıq. Aşıq Fəzail onun ünvanına xoş sözlər söylədi. Biz bacardığımız qədər onu əzizləməyə çalışırdıq.

Bayaq qeyd etdiyim kimi, o, həqiqətən bu gün çox xoşbəxt görünürdü. Elə bu an, heç gözləmədiyimiz halda, ətrafdan bir neçə qadın, kişi, uşaq, İsa Muğannaya doğru səs-küylü halda qaçmağa başladılar. Nə olduğunu dərk etməyə çalışırdıq. Bir anda, İsa müəllimin çöhrəsinə təbəssüm qondu. Hər halda düşündü ki, bu onu sevənlərdi, onun müəllifi olduğu əsərləri oxuyan insanlardır. Yazıçı, sanki 10 il cavanlaşdı, ruhunda o, cür bir dirçəlmə hiss elədim.

Kənardan belə bir təəssürat yaranmışdı ki, bu insanlar onun sevənləridir və onlar bu canlı korifeyi görmək üçün tələsirlər. Çox böyük təəssüf ki, hər şey əksinə oldu. Bu qadın və kişilər İsa Muğannaya yaxınlaşan kimi, dərhal, onun əlindən-qolundan yapışaraq, "Müəllim, nə olar bizə pul ver! Nə olar pul ver də!"deyə yüksək səslə eyni sözü dəfələrlə təkrar etməyə başladılar. Hamımız çaşqın halda qalmışdıq. Aşıq Fəzail Miskinli ilə mən, bu adamları ordan uzaqlaşdırmağa çalışdıq. Hətta Aşıq onlara dedi ki, "burdan dağılışın, mən özüm şəxsən sizə pul verəcəm. Ayıbdı, çəkilin kənara."

Onlar zəli kimi yazıçıya yapışmışdılar. Biz güc-bəla ilə İsa müəllimin pencəyindən onları "qopara" bildik. Elə bu an yazıçının simasına baxdım, bayaq gördüyüm vüqarlı təbəssümünü, ümüdsizlik cizgiləri örtmüşdü. O, çox pərişan və kədərli görünürdü. Bu arzulanmaz vəziyyətlə heç bir zaman rastlaşmaq istəməzdi. Həyat yoldaşı Firuzə xanım da bir o qədər üzüntülü idi. İsa Muğanna susdu. Kədərləndi. Bu şəxsiyyətin, bu insanlara deyəcək heç bir sözü yox idi. Halbuki, onun istədiyi oxucu sevgisi idi. Bu insanlar əllərində qırmızı çiçəklərlə gəlsəydilər onun xoşbəxt olması üçün səbəb yaratmış olacaqdılar.

Elə bu an Rəmiş dadımıza çatdı. O, dəfələrlə öz maşını ilə yaşlı sənətkarları evlərinə qədər yola salmışdı. Biz İsa Muğannanı Rəmişin maşınına əyləşdirib, tez oradan uzaqlaşdırdıq.

Sadə yazıçısını müğənni bilən bədbəxt kütlə, heç bir zaman anlamayacaqlar ki, hər il, ən azı, on dəfə efirdə izlədikləri "Nəsimi" filminin ssenari müəllifliyi bu insana, İsa Muğannaya məxsusdur.

# 1064 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #