Ordubaddan bayram mənzərələri

Ordubaddan bayram mənzərələri
24 mart 2015
# 12:53

“Yeddi ləvin necə keçdi?”

Taksiyə oturar – oturmaz, tanış sürücüyə verdiyim sualı, ilaxır çərşənbə ilə bayramın arası çox çəkdiyinə görə, rayona “ilaxırdan” sonra, bayramdansa əvvəl gələn bütün ordubadlılar verir. Nə vaxtsa, ordubadlılığıma özüm belə şübhə etsəm, bu sualı verməyimi yadıma salmağım bəsdi ki, şübhələrim sona yetsin. Biz “ yeddi ləvin” lə böyümüş, hər bayramın bitimindən həmən sonra, gələn bayramın yolunu gözləmiş nəslin nümayəndələriyik. Bizimçün, rayonumuzun sosial- iqtisadi, hətta siyasi vəziyyəti bu sualın cavabı ilə bəlli olur. “Yeddi” sözü hər kəsə aydın olduğundan, sadəcə “ləvin” in “növ” demək olduğunu, Novruz süfrəsinə düzülən nemətlərin yeddi növdən ibarət olduğunu deyim, keçək söhbətimizin davamına.

“Nə yeddi ləvin, ta yeddi ləvin yoxdu, dəyişmişik adını, lülə bayramı” idi. Rayonun başından yağına lülə bişirilirdi, tüstü şəhəri götürmüşdü. İcra hakimi...”

Yox, burda dayandıraq, icra hakimi nə edib, düz edib, onlarda səhv olmaz. Görək əlahəzrət yaddaş nə deyir:

“Fişəy, mişəy, beyşaçılan, tərəqqa...” Əynimdə məktəb forması var, dərsdən müəllimlərin də yaratdığı şəraitlə qaçmışıq. Hamımız rayon mərkəzindəyik. Xatırladığım sözləri, daşa qazılmış yazı kimi beynimə həkk edən səsi eşidirəm. “Fişəy” elə fişəngdi, həm də hər cüründən. ”Mişey” sadəcə qafiyə üçün deyilmirdi, bu cümlədə yer alan digər üç şeydən başqa hər şeyə verilən ad idi. “Beyşaçılan” sovet hərbi hissələrindəki tut arağına marağı olan zabitlərin hesabına, əldə edilmiş barıtdan düzəldilən xüsusi “çərşənbə silahı” idi. Dəftər varağının dəfələrlə qatlanıb, içinə barıt qoyularaq qarmon kimi bükülməsi hesabına düzəldilirdi. Adı beşaçılan olsa da, ən azı yedi dəfə partlayırdı. “Tərəqqa” da eyni yolla, fərqli üsulla düzəldilib, ancaq bir dəfə partlayan pirotexnik vasitə idi.

Qeyir-ixtiyari paltarıma baxıram: yox, məktəbli deyiləm, taksidə Vətəninə doğru gedən, orta yaşlı insanam, taksi şoferi davam edir: “...İcra hakimi sağ olsun, demişdi ki, kim istəyir, “lülə” alverini eləsin.” Deyirəm də, icra hakimi pis heç zad eləməz axı. Sağolsun.

Kənddə bir neçə gün öncə yandırılan çərşənbə tonqallarının izləri hələ də qalır. Ama keçmişə yox, gələcəyə baxırıq. Sabah Novruzun birinci günüdü. Axşamdan səhər üçün saat danışıb dağılışırıq. Çox gec olmaz, tam saat onun yarısı kənd meydanındayıq. Hamı birdən eyni evə girib darlıq eləməyək deyə, bir neçə hissəyə bölünürük. Neçə ildi bayramı kənddə qarşılamamağım öz “töhfəsini” verir. Əvvəlcə, “tezdən bəlkə xaş yeyək” təklifimə, dostlarım rişxənd etmişdi: “Sora da gedək, ağbirçək, ağsaqqalların əlindən gülab alaq?” İndi də səhər-səhər-“Dayanın, bir beş-on dənə limon alım, hərəmiz birin götürək”- deməyimə əsəbləşirlər: “Gəl, düş qabağımıza!”

İlk girdiyimiz evdə, ev sahibi olan ağbirçək nənənin əlini gülab qabına atıb bir-bir hamımızın ovcuna gülab tökməyi ilə, axşam dostların dedikləri və gəncliyimin “bayram görüşləri” birləşərək xatirimə gəlir. Bayramlaşıb çıxdıqda isə, arxadan yenə də ağbirçəyin səsi gəlir: “A bala, stoldan bir alma götürün, əli boş getmiyin”.

Hər girdiyimiz evdə birimizin əlində olan alma, ya da limonu stolun bir tərəfinə qoyub, çıxanda stoldan başqa bir meyvə götürürük. Kimdəsə çay içirik, kimdəsə “ ağzımızı şirin edirik”, kimdəsə qovurqa yeyirik. Qovurqa demişkən, keçən yazıma söz ardı olaraq deyim ki, çətənə qovurqası da var. Amma... Hə, amması odur ki, çətənə o taydan, Güney Azərbaycandan gətirilir. Sərhəddən keçirməyə isə bir şərtlə icazə verilir; qovrulmuş halda olmalıdı. Yəni, istəsən də əkib nəsə əldə edə bilməzsən.

Bayram görüşlərimizin əsas hissəsi, yəni bayramın ilk günü başa çatır. İndi qaldı rayon mərkəzində keçirilən Novruz şənliklərinə qatılmaq.

Yenə əynimdə məktəbli forması, Ordubadın mərkəzindəyəm. Ortada qurulmuş tonqalın ətrafında kosa, keçəl, atlar, musiqiçilər var. Hər dəqiqə ortaya “beşaçılan”, “tərəqqa” atılır. Partıltı səsindən qulaq tutulur, çox gözəl tədbir keçirilir. Hə, Dədə Qorqud da var, ama məktəbli formamla yadımda qalan tədbirlərdə Xan obrazı yoxdur.

İndi, necə ki, mən məktəbli formasından qurtarmışam, eləcə də ölkəmiz müstəqildi axı. Və, Novruzun əsas atributu “Xan bəzəmə” müstəqillik dövründə yenidən Ordubadda ənənə halını alıb.

Yerlilərimdi deyə tərifləmirəm, amma ordubadlılar hər şeydə səmimiyyət axtarır. Hamını sözdə olduğu kimi, əməldə də düzgün görmək istəyirlər. Sadə bir misal: keçən illərdə Dədə Qorqud rolunu oynayan aktyor “Ocağınız sönməsin...” deyəndə, onu həyatda tanıyanlardan biri yerdən “Bahooo, sən Allah, buna bax e, bir arvada bircə il yiyə durammadı, indi gəlib bizə məsləhət verir” deyib. Sən demə, bizim “Dədə Qorqud” evlənib, heç bir il çəkməmiş boşanıbmış...

Ordubadın iki ayrı- ayrı məhləsində Xan bəzədilmişdi. Biz ilk olaraq məşhur Şəkəri meydanına gedirik. Xan elə həmin xandı. Yerlilərim məni qınamsın, neçə illərdi, hər Novruzda Ordubada üç gün xanlıq edən bu kişinin bir az (bir az yox, əslində xeyli) ağıldan “o məsələ” olduğunu hamı bilir. Amma sən demə, bizimkilərin bu fakta çox tutarlı cavabı varmış: “Biz deyirik yəni, bizim hətta ağıldan səyimiz də xan ola bilər, gör indi ağıllılarımız nədi”. Bax belə....

Əslində Ordubad camaatının xandan elə ciddi gözlənitisi də yoxdu. Sadəcə... Gülməsin! Bəli, bəli. Xan gülməz, xanda təbəssüm olmaz, xan humanist olmaz. Ellilərim buna da izah verir: “Odey, biri humanist oldu, gördük də axırını”. Siyasətə yozmayın. Keçən illərdə gülən xandan gedir söhbət. Ordubadlılar həmin o gülən xanı... Ordubadın tən ortasında suya basıblar! Bə nəə???

Xanların ətrafında isə eyzən xarici mahnılar, “Xatubalar”, “Ankara mahnıları” çalınırdı. Kosa qarşımda durub, üz-gözünü formadan formaya salıb şirinlik istədi. O, Ovcuna sıxışdırdığım beşliyin sevinci ilə tullanıb düşəndə mən “Novruz meydanını” tərk etdim.

Növbəti Novruzda görüşənədək, bayramınız mübarək !

# 1615 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı rejissor vəfat etdi

Amerikalı rejissor vəfat etdi

11:47 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

10:30 27 noyabr 2024
Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq - Aqşin Yenisey

Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq - Aqşin Yenisey

10:15 27 noyabr 2024
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu

Moskvada Beynəlxalq Ədəbiyyat Forumu

09:38 27 noyabr 2024
Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

09:35 27 noyabr 2024
“Sandıq”  Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

17:37 26 noyabr 2024
#
#
# # #