Xalq yazıçısı Anardan yeni kitab: "Qatardan qalan adam"

Xalq yazıçısı Anardan yeni kitab: "Qatardan qalan adam"
5 dekabr 2025
# 13:21

Bu günlərdə Xalq yazıçısı Anarın "Qatardan qalan adam" adlı yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitaba yazıçının son illərdə qələmə aldığı əsərlər daxil edilib.

Bir neçə bölümdən ibarət olan kitabda son zamanlarda oxucu kütləsi və ədəbi mühitdə böyük maraqla qarşılanan "Qatardan qalan adam" hekayəsindən başqa, müəllifin ssenari və povestləri, məqalə və çıxışları, şeirləri, tərcümələri, müsahibələri yer alıb. "CBS" nəşriyyatında işıq üzü görən kitabın redaktoru Pərvindir.

"Qatardan qalan adam" kitabı müəllifin müstəqilliyin ilk illərinin problemlərini qələmə aldığı "Əcəl" adlı povesti ilə açılır. 20 Yanvar faciəsini əks etdirən "Şəhərin qış gecələri" pyesi isə elə həmin bəlaların daha konkret olaylarla bağlılığını göstərir. Kitaba daxil edilmiş məqalələrdə və şeirlərdə isə bütün bu dərdlərdən, ağrı və faciələrdən keçmiş xalqın böyük qələbəsi - Qarabağ zəfərindən doğan sevinc, qürur, xoşbəxtlik önə çəkilir. Bu mənada xalq yazıçısının yeni kitabı sadəcə müəllifin yaradıcılıq faktı, fəaliyyətinin davamı deyil, həm də xalqımızın son 30 ildə yaşadıqlarının bədii əksidir!

Yaradıcılığı boyu özünə sadiq olan, milli-mənəvi dəyərlərimizin təbliğatı yolunda böyük işlər görmüş yazıçı bu kitabında da yeni film ssenarisini ortaya qoyur. Böyük dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən "Azad bir quşdum" ssenarisi sadəcə Cabbarlı bioqrafiyasını, fəaliyyətini deyil, bütöv dövrü göstərir. Həmçinin yazıçının kitabda yer alan - Natavan Faiq və Pərvinlə müsahibələrində müəllif bu görülən işləri şərh edir, keçdiyi ömür və yaradıcılıq yoluna nəzər salır; müxtəlif mətnləri azərbaycancaya çevirən müəllif lap erkən gəncliyindən özünü bu tərcümə işində sınamaqla dilimizin imkanlarını daha dərindən mənimsəməyi qarşısına məqsəd qoyubmuş. Bu kitaba da daxil edilmiş tərcümələr yazıçı seçimlərinin, zövqünün göstəricisi olmaqla yanaşı, həm də fərqli mədəniyyət və ədəbiyyatların dilimizdə necə səslənməsini, qavranmasını anlamaq imkanı verir.

Bu kitab son illərdə yazıçıların hədəf olduğu "yeni əsərlər yazılmır" kimi absurd ittihamların cavabı da hesab oluna bilər. Bu mənada, kitabda dövrümüzün sayılıb-seçilən ədəbiyyatşünas-alimlərinin yeni əsərlərlə bağlı rəylərinin, məqalələrinin yer alması qanunauyğundur.

Akademik Rafael Hüseynov "Tükənməz Anar" məqaləsində yazır: "Artıq iki onildən də çoxdur ki, meydan oxuyub ədəbiyyata yeni dalğa gətirəcəklərini deyənlərin çoxusu o sayaq deyinə-deyinə yaşlaşdı, kimisi ha "yazacam, yaradacam" deyə, səs-küy salsa da, axıracan qısır qaldı, kimisinin kimliyini vaxt faş elədi, kimininkini özü, yaza bilənlərə həmlə çəkərək "siz meydanı boşaldın ki, biz yazaq" söyləyənlərin də səsi asta-asta batıb eşidilməz oldu.

Anarsa həminki gedişindədir.

Yenə əvvəlki təzəliyi və cazibəsi ilə heyran etməyi, düşündürməyi, sevindirməyi bacarır, yenə "böyük ədəbiyyatın hələ deyiləsi çox sözü var" həqiqətini çatdırmaqda davam edir.

Növbətisi də 2024-ün iyulunda 86-sında yaranmış bu yazı.

Azərbaycan nə xoşbəxtdir ki, onun Anarı var. Bu, elə aydın həqiqətdir ki, indi deyil, 30-40 il əvvəl də bütün aydınlığı ilə görünürdü, bu gün də görünür və gələcək zamanların ucalığından baxarkən daha aydın və dürüst dərk ediləcək.

Anarın qələmində Azərbaycanın bütöv mənəviyyat xəritəsi yeni bir diriliyini tapıb, onun yaradıcılığından bütün gözəllik irsimiz keçib və çoxrəngli, çoxistiqamətli, genişmiqyaslı yaradıcılığı, təfəkkürü, şəxsiyyəti ilə Anar Azərbaycan maarifçiliyinin, Azərbaycan ziyalılığının, Mirzə Fətəli, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli və digər böyüklərimizin vəhdəti və yekunu, onların yeni, daha müasir davamı deməkdir".

C.Cabbarlı tədqiqatçısı, professor Asif Rüstəmli "Azad bir quşdum" kinossenarisini Cabbarlı haqqında ən dəqiq məxəzlərdən biri kimi dəyərləndirir: "Xalq yazıçısı Anarın "Azad bir quşdum" adlı iki seriyalı kinofilminin ədəbi mətni qüdrətli söz ustası Cəfər Cabbarlının həyat və yaradıcılığının, ictimai fəaliyyətinin az öyrənilən, kölgədə qalan tərəflərinə gur işıq salmaqla yanaşı, böyük dramaturqumuz haqqında yazılmış mükəmməl sənət əsəri, bədii həqiqətlər ssenarisidir".

Akademik Nizami Cəfərov "Əcəl" povesti haqqında yazır: "Anarın böyük bir yazıçı-mütəfəkkir olaraq bütün yaradıcılığı boyu üzərində düşündüyü insan konsepsiyası, ikincisi isə, ümumən ədəbiyyatın, xüsusən, Azərbaycan ədəbiyyatının bütün tarixi boyu apardığı ictimai ideal axtarışlarıdır ki, hər dövrün, zamanın özünəməxsusluqlarını əks etdirir. "Əcəl"in qəhrəmanının bir obraz-konsept olaraq ideya-estetik dəyəri (və müəllifin yaradıcılıq hünəri!) ədəbiyyatın ictimai idealları mövqeyində dayanıb mövcud mənəvi-ruhi kataklizmlərin formalaşdırdığı "insan subyekti"ni, fərdi psixoloji yaşantıları, hərəkət və tərəddüdləri cəsarətlə mühakimə predmetinə çevirməsindədir. Və həmin mühakimələrində getdikcə daha davamlı şəkildə fərdi "kor dalan"a sıxışdırmaqda olan yeni sosial-iqtisadi münasibətləri ittiham etməklə, Anar məhz fərdin (İnsanın!) müdafiəsində dayanır ki, bu, heç şübhəsiz, böyük ədəbiyyatın (və əsl yazıçının) missiyasıdır".

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu yazıçının son illərdə qələmə aldığı hekayələrində özünə və tutduğu yola sədaqətini xüsusi qeyd edir: "Yazıçı Anarın "realistikası"na söz yox; bir zaman qəhrəmanları, bu əhvala "yuxu əhvalı" demək mümkün isə: yuxu və gerçəklər, heçlik və varlıq, iç (ekzistensial) və dış (ictimai) dünyaları arasında vurnuxub-yaşayırkən, indilərdə onları olan-qalan ekzistensiyadan - "sirr"dən də məhrum edir. Yəqin ki, yazıçının son hekayələrində "son" problematikasına diqqət etmisiniz: "son sirr", "son etiraf", "son xahiş" (hələ mətnə səpələnmiş dəfələrlə "son" vurğularını demirəm) - Anar qəhrəmanlarını sonda soyuqcasına ölüm (Əcəl) faktı-faktoru qarşısında qoyur. Bu ki, son hekayələrdə hər şey gerçəklərin (bəlkə elə "ekzistensial yalanlar"ın da) xeyrinədir: "Nə ölümdən qorxmaq ayıb, nə də düşünmək ölümü" ("Əcəl"in epiqrafından)..."

Professor Vilayət Quliyev də "Qatardan qalan adam" hekayəsinə məqaləsində Anarın bəşəri mövzulara özünəməxsus yanaşmasını vurğulayır: "Dünya ədəbiyyatında "lənətə gəlmiş sarı metalın" - pulun insan həyatındakı rolu, doğurduğu fəlakətlər haqqında sayagəlməz dərəcədə çox əsərlər yaranıb. Yəqin ki, bu müstəvidən yanaşdıqda, pul-mənəviyyat-insanlıq üçlüsünün əsas götürüldüyü hadisə və süjetlərlə oxucunu maraqlandırmaq, düşündürmək, onda yanğı, acıma, təəssüf, yaxud heyrət hissi doğurmaq da o qədər asan deyil. Amma Anar hansısa didaktika ünsürlərinə yol vermədən, bəlli sxematik priyomlardan yararlanmadan buna nail ola bilib. Yəqin ki, günümüzün lokal ədəbi hadisəsinə çevrilən hekayəyə böyük maraq da bundan irəli gəlir."

Yazıçı Anarın əsərlərinin ardıcıl araşdırmaçısı Pərvin müəllifin zaman duyumunu və zamanı qabaqlamaq məharətini xüsusi dəyərləndirir və çağın oxucusu üçün bunun önəmini qeyd edir: "Anarın yaradıcılıq yoluna ümumi bir nəzər salanda məhz zamanla ünsiyyət diqqəti çəkir. Yazıçı ədəbiyyata gəldiyi gündən indisini görüb dəqiq qiymətini verir. Yəni sovet dövrünün "olmaz"ları, mülayimləşmə ilə azca aralanmış nəfəslik, qadağalar içərisinə "sızan" azad hava və bu şəraitdə gerçək sənət yaratmağın mümkünlüyü, yolları, üsulları... Hər şeydən öncə, daha əvvəl dediyim boşluqların hiss olunması və doldurulması. Nədən ibarət idi boşluq? Sadə, sıradan oxucu kitab səhifələrində özünü görmək və bütün yaşananlara yazıçının gözü ilə baxmaq istəyirdi. Elə bu dönəmdə Anar məhz sıravi adamları qəhrəmanlarına çevirir, onların zahirən kiçik problemlərinin dərinliyini göstərir, ənənəvi ədəbiyyatşünaslıq təbiri ilə desək, mühitin naqis cəhətlərini, dövrün çatışmazlıqlarını elə bu adidən-adi adamların diliylə ifadə edir. Axı, əslində, hisslərimizi, duyğularımızı, necəliyimizi öyrədən ən böyük elm sənətdir və bizə bənzəyənlərin yaşantıları da, həyatı da özünüdərkimiz üçün vasitədir. Ona görə Anarın Təhminəsi, Əsməri, Həmidəsi, Zauru, Oqtayı, Spartakı, Fuad Salahlısı, Şövqü Şəfizadəsi, Feyzulla Kəbirlinskisi və başqa bu sıradan olan qəhrəmanları oxucuyla qısa bir zamanda doğmalaşır, onun yaxınına, tanışına çevrilir. Eyni zamanda bütün bu qəhrəmanların əsl ədəbiyyat, sənət meyarları içərisində təqdimatı da onların unudulmazlığını təmin edir. Beləliklə, yazıçını təbii şəkildə rahat buraxmayan, düşündürən mövzuların həm də vaxtın diktəsi olması qənaətinə gələ bilərik. Və elə müstəqillik illərində yenə də zamanla dialoqda olan yazıçının yenilənən vaxtı (yaxud zəmanəni!) əsərlərinə gətirməsi təsadüf deyil. Əgər sovet dönəmində iri planda, əslində diqqətdən kənarda qalmış Kəbirlinski idisə, müstəqillik illərində bütöv millət, xalq, onu simvolizə edən qəhrəmanlar və hadisələr önə çıxırdı. Bu mənada, Kərim Əsgəroğlu ("Otel otağı"), Məlik Məmmədli ("Ağ qoç, qara qoç"), həkim Oruc ("Vahimə") zamanın adamları idilər və onların məhz Anarın əsərlərinə ayaq açması o qədər təbiidir ki..."

Beləliklə, həm yazıçının son illərdə qələmə aldığı yeni əsərləri, həm də ədəbi tənqidin bu mətnlərə münasibəti çağdaş ədəbi-mədəni həyatı əks etdirir. Həmçinin oxucuların ayrı-ayrı mətbu orqanlardan mütaliə edib sevdiyi əsərlərin bir kitabda cəmlənməsi də "Qatardan qalan adam"ın üstünlüklərindən biridir.

# 119 dəfə oxunub

Oxşar xəbərlər

İspaniya və Niderland  “Eurovision”dan imtina etdi - İsrailə görə

İspaniya və Niderland “Eurovision”dan imtina etdi - İsrailə görə

12:38 5 dekabr 2025
Məşhur aktyorun həbsində təqsirli bilinən həkim həbs edildi

Məşhur aktyorun həbsində təqsirli bilinən həkim həbs edildi

12:28 5 dekabr 2025
"Azərbaycan Kitab Mükafatının məqsədi yalnız qalibi seçmək deyil..." - Mətanət Vahid

"Azərbaycan Kitab Mükafatının məqsədi yalnız qalibi seçmək deyil..." - Mətanət Vahid

12:10 5 dekabr 2025
Atatürkün qarşısında tamaşa göstərən azərbaycanlıların hekayəsi - Heç yerdə tapılmayan "Hemşehri" qəzetində yazılanlar

Atatürkün qarşısında tamaşa göstərən azərbaycanlıların hekayəsi - Heç yerdə tapılmayan "Hemşehri" qəzetində yazılanlar

12:00 5 dekabr 2025
Kinorejissor Vasif Məmmədzadə:  “Mövzular “sponsor cəlbetmə gücü”nə görə seçilir” - Müsahibə

Kinorejissor Vasif Məmmədzadə: “Mövzular “sponsor cəlbetmə gücü”nə görə seçilir” - Müsahibə

11:37 5 dekabr 2025
"Bir adam gözdən düşəndə ona kömək etmirlər..." - Düma Qafqaz xalqları haqqında nə yazırdı?

"Bir adam gözdən düşəndə ona kömək etmirlər..." - Düma Qafqaz xalqları haqqında nə yazırdı?

11:30 5 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər