Xalq artisti: "Atamın kim olduğunu hamıdan gizlədirdim" - Müsahibə

Ayan Mirqasımova, aktrisa

Ayan Mirqasımova, aktrisa

16 fevral 2022
# 17:12

Kulis.az aktrisa Ayan Mirqasımovanın APA-ya müsahibəsini təqdim edir.

“Gözləməyi bacarmalısan” deyir “Günaydın, mələyim” filmindəki molla. Mollanın məsləhətinə əməl edib filmin qəhrəmanı Ayan xanımın söz verdiyi müsahibəni üç aydır ki, gözləyirdim. Nəhayət, üç aydan sonra müsahibə üçün görüşə bildik.

Mənzilə ayaq basdığın andaca hiss edirsən ki, ev sahibi yaradıcı adamdır. Dörd tərəf şəkillər, tablolar, mükafatlar, rəngarəng dibçəklər... Nailə xanım bizi olduqca mehriban qarşılayır, elə Ayan xanım da.

O, səbirlə müsahibəni hər dəfə təxirə salmasının səbəblərini izah edir. Sonra isə bu mehribanlığa zidd bir qətiyyətlə şərt qoyur ki, müsahibə əsnasında fotolar çəkilməsin. Birinci etiraz etmək istəyirəm, ancaq onun qətiyyətini və sənət adamlarında tez-tez görməyə vərdiş etdiyim kapriz amilini nəzərə alıb məcbur razılaşıram.

– Kaprizli insansınız?

– Yox, kaprizli deyiləm. Ümumiyyətlə, mən heç vaxt ulduz xəstəliyinə tutulmamışam. Yəqin ki, bundan sonra da tutulmaram. Artıq mənim 52 yaşım var. Atam həmişə deyir ki, peşəkar aktrisa kaprizdən uzaq olmalıdır, rejissora inanmalı və onun fikrini tamaşaçıya çatdırmağı bacarmalıdır.

– Aktrisa kimi bildik, bəs insan kimi necə birisiniz? Çox vaxt həm Sizin, həm də Oqtay (Oqtay Mirqasımov-red.) müəllimin kaprizli insan olduğunu deyirlər.

– Mən heç insan kimi də kaprizli deyiləm. Oqtay müəllim bir dəfə dedi ki, aktyor kaprizli olanda onun yaradıcılığı çox qısa olur. Çünki aktyor tək yox, böyük bir kollektivlə işləyir. Əgər çəkiliş meydançasında kaprizlər göstərirsə, daha sonra həmin aktyora təkliflər gəlmir.

Düşünürəm ki, mənim kapriz etməyə haqqım yoxdur. Ola bilər ki, tale üzünə gülsün, kinoya gələsən, bir-iki filmə də çəkiləsən, ancaq xarakterin imkan verməsə, sən bu sahədə qala bilməzsən.

Oqtay müəllimə gəldikdə isə o, kaprizli yox, tələbkardır. İlk növbədə özünə qarşı tələbkardır. O, on beş yaşında atasını itirib. Danışır ki, atamın itkisi mənə çox təsir etdi, o zaman kişiləşdim və başa düşdüm ki, həyatın məsuliyyətini üzərimə götürməliyəm. Bəlkə də bu səbəbdən dolayı atam 22 yaşında ailə qurub, cavan evlənib. Artıq atamın 23 yaşı olanda bacım Rəna, sonra isə mən dünyaya gəlmişəm. O, öz boşluğunu bu cür doldurmuşdu.

– Oqtay müəllim atasını itirəndə dəyişdi. Bəs Siz həyata baxışınızı dəyişəcək belə bir hadisə yaşadınız?

– Mən ana olanda eqoizmlə vidalaşdım, eqoizmə əlvida dedim. Sonra Mədəniyyət və İncəsənət Universitetinin auditoriyasına müəllim kimi daxil olanda, orada oturan gəncləri görəndə, ikinci dəfə bu duyğu ilə vidalaşdım.

Bilirsiniz, bu peşə bir qədər eqoizmlə bağlıdır. Nə vaxt ki, mən müəllim kimi çalışmağa başladım, artıq hər şey dəyişdi. Müəllim donordur, o nəyi bacarırsa, tələbələrinə öyrətməlidir.

– Qızınız rəssamdır, nə əcəb Sizin yolunuzu davam etdirmədi?

– Qızım dedi ki, ölsəm də, aktrisa olmayacağam. O, diqqət mərkəzində olmağı sevmir. Daha çox sevir ki, otursun nəsə işləsin. Oqtay müəllim də dedi ki, ürəyi hansı sahəyə istəyir, ora da getsin. Qızım da rəssam olmağı seçdi.

– Deməli, səhnə həm də eqo istəyir...

– Mən düşünürəm ki, aktyorlar həyatda nə qədər sadədirsə, səhnədə bir o qədər böyükdürlər. O aktyorlar ki, həyatda mənəm-mənəm deyirlər, səhnədə onlardan heç nə alınmır. Müəllimim Aleksey Vladimiroviç Batalov belə adamlara “Aktyor Aktyoroviç” deyirdi.

– Yəqin müəlliminiz haqqında danışmağa çox sözünüz var.

- O, elə peşəkar və ən əsası elə gözəl insandır! Bir müddət əvvəl Azərbaycana gələndə "Üns" Teatrının səhnəsində onun yaradıcılığına həsr olunmuş görüş təşkil edilmişdi. Həmin görüşdə Azərbaycandan olan tələbələri də iştirak edirdi. Heç gözləmədiyimiz halda bizi səhnəyə dəvət edib dedi ki, gəlin qızlar, oğlanlar... Onda artıq bizim qırx yaşımız vardı. Ondan o qədər mehribanlıq görmüşük ki...

(ürəkdən gülümsəyir, üstündən iyirmi il keçməsinə baxmayaraq, hələ də “Yuxu” filminin Baharı kimi gülür Ayan xanım)

– Yadıma “Yuxu” filmində Nəsibə xanımın Sizə dediyi pişikgöz, əyriayaq sözləri düşdü. İncimirdiniz, belə deyəndə?

– Yox, yox (gülür.) Bu sadəcə ssenari idi, mənim şəxsimə deyildi.

– Siz özünüzü “Yuxu” filmində bəyənirsiniz?

– O vaxt mənim 23 yaşım vardı. Mən həmin obrazda səmimiyəm, ancaq orda böyük ustalıq yoxdur.

– Həmin rol üçün Sizi necə seçmişdilər?

– Deməli, mən “Ağ atlı oğlan” filmi üçün kinostudiyaya kastinqə getmişdim. Ancaq həmin kastinq üçün seçilmədim. O film üçün axtarılan xanım əsl müharibəyə gedəcək görkəmdə olmalı idi: boyu hündür, əlində silah tuta biləcək bir xanım. Kastinqdən çıxıb kinostudiyanın dəhlizi ilə gedirdim. Ssenarist Qasım Səfəroğlu məni görüb çağırdı. Mən o vaxt uzunsaçlı, zərif bir qız idim. Gördüm, kimsə qışqırır ki, bir dəqiqə gözləyin. O, mənə yaxınlaşıb dedi ki, Ayan sənsən? Dedim, hə. Dedi ki, biz sənin kimi bir qız axtarırıq. Gəl, səni rejissorla tanış edim. Rejissorla görüşəndən sonra məni kinosınağa dəvət etdilər. Sınaqlardan uğurla keçdim. Belə...

Mən o qədər xoşbəxtəm ki, elə böyük şəxsiyyətlərlə bir filmdə çəkilmişəm, mən böyük bir məktəb keçmişəm. Mənim bəxtim gətirib ki, Nəsibə xanım kimi bir ustadla bir yerdə işləmişəm, Nəsibə xanımla oynamaq mənə qismət olub. Yadımdadır, çəkiliş günlərindən birində Nəsibə xanım çox yorulmuşdu və bizim birgə oynadığımız səhnəni axşama saxlamışdılar. Həmin gün Nəsibə xanım çox yorğun olmasına baxmayaraq, mən çəkilən vaxt gördüm ki, gözləri işıq saçır. Əslində həmin vaxt o kadrda deyildi. Ancaq əlindən gələni edirdi ki, cavan bir aktrisaya dəstək olsun, mən də yaxşı oynayım. Bu, mənim üçün çox önəmli bir jest idi. Bu, əsl ulduz hərəkəti idi.

– Bu jesti başqa hansı aktrisamızdan görmüsünüz?

– Məşhur aktrisamız Şəfiqə Məmmədova cavanların yolunu açır. Mən ona çox hörmətlə yanaşıram.

– Ancaq etiraf edək ki, bütün aktrisalar özündən sonra gələnlərə qarşı mərhəmətli olmur. Xüsusilə də teatrda.

– Əgər səmimi danışırıqsa, teatr elə bir yerdir ki, orda yırtıcı olmaq lazımdır.

(“Bəs sən niyə yırtıcı deyilsən?” - anasının o biri otaqdan səsi eşidilir.)

Mən yırtıcı deyiləm. Mən söyüş söyə bilmirəm, mən hazırcavab deyiləm. Ancaq söhbət rəqabətdən gedirsə, uşaqlıqdan rəqabətin nə olduğunu bilirəm. Mən Xoreoqrafiya Məktəbində oxumuşam və orda bizim rəqs otaqlarımızda dörd divar güzgü idi. Biz hamımız bir-birimizi görürdük. Əgər kimsə kimdənsə ayağını bir balaca yuxarı qaldırırdısa, o biri qızların üzlərində yaranan ifadəni dərhal görürdü, onlar da çalışırdı ki, o qıza baxıb ayaqlarını daha yuxarı qaldırsın. İncəsənətdə sağlam rəqabət olanda sən inkişaf etmək istəyirsən, ancaq digər şeylər... Sadəcə günahdır.

Adamlar var ki, həyata çəhrayı eynəklə baxır, adamlar da var qara. Mən isə şəffaf baxmağa çalışıram. Yəni real. Mən konflikt görəndə qaçıram. Bu xüsusiyyət qadın üçün bəlkə də pis olmaya bilər, ancaq kişilər döyüşkən olmalıdır.

– Yəni savaş adamı deyilsiniz.

– Bəli, mən özümü qoruya bilmirəm. Mən heç kimə pislik edə bilmirəm. Ancaq son dönəmlərdə özümdə bir xüsusiyyət kəşf etmişəm. Mən teatrımıza gələn tələbələrimi qoruyuram. Onların üstündə yırtıcı kimi dayanıb, bir ana kimi onları qoruyuram. Ümumiyyətlə, hər teatrda rəqabət var.

– Teatrdan söz düşmüşkən, teatrda klassikadan yana olduğunuzu deyirsiniz həmişə.

– Mən klassikaya bağlı adamam.

– Klassikaya bağlılığı Azərbaycan teatrının inkişafını ləngidən bir amil kimi də göstərirlər. Siz necə düşünürsünüz?

– Keçmiş daha təmizdir, daha müqəddəsdir. (Düşünür) Bir də ki, müasir əsərlərdə də mən iştirak edirəm. Məsələn, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərini biz teatrda müasirləşdirib “Yuxularımdan çıx” adlı tamaşa kimi təqdim etmişik. Tutaq ki, orda söhbət telefondan gedir, biz mobil telefondan istifadə edirik. Məsələn, oğlum Zaur Moskvaya gedəndə mən ona deyirəm ki, bileti ver, mən onu cırım. O isə deyir ki, bilet onlayndır.

– Ayan xanım, heç hansısa filmdən açıq-saçıq səhnələr olduğu üçün imtina etmisiniz?

- Mən açıq-saçıq səhnələr olduğu üçün bir neçə filmdən imtina etmişəm. Həmçinin bir neçə tamaşada təklif olunan roldan da imtina etmişəm. Mən çox utancaq qadınam. Bu, mənə anamın südü ilə keçib. Mən o qədər də cəsur adam deyiləm. Düşünürəm ki, Azərbaycan kinosu açıq-saçıq səhnələrə hazır deyil.

Məşhur bir rejissorumuz mənə filminə çəkilməyi təklif etmişdi. Mən məhz açıq-saçıq səhnələri çıxaracağı halda çəkiləcəyimi demişdim. O isə çox prinsipial rejissor olduğunu və sözügedən səhnələri çıxarmayacağını demişdi. Həqiqətən də elə etdi. Rejissor Rusiyadan azərbaycanlılara bənzəyən bir aktrisa tapıb onu çəkdi.

(Nə qədər israr etsəm də, Ayan xanım rejissorun adını çəkmir. Ancaq bilirəm ki, kino ilə az-çox əlaqəsi olan hər kəs söhbətin kimdən getdiyini bilir.)

– Kino həyatı göstərirsə, bəs həyatın sözügedən reallığının boşluğu kinoda yarımçıqlıq yaratmır?

– “Ovsunçu” filmində təcavüz səhnəsini görün Oqtay müəllim necə çəkib. Çox ehtiyatlı, açıq-saçıq səhnə olmadan. Amma hər şey tamaşaçıya aydındır. Quşların uçuşu, göstərilən bu simvolika hər şeyi izah edir.

Düzdür, kino reallıqdır, məsələn səhnə şərtilikdir. Və biz kinoda həyatı göstərməliyik. Ancaq bizim xanımlar utancaqdır və bizim ənənələrimiz buna imkan vermir. Yaxşı ki, bizim bu ənənələr var. Yaxşı ki, bu ənənələrlə biz özümüzü qoruyuruq.

– “Günaydın, mələyim” filmində Primadonna obrazı var. Bu obraz səbəbsiz yaranmayıb.

- Bilirsiniz, hər teatrda bir Primadonna var. Filmdəki Primadonnanı isə biz ancaq filmin axırında başa düşürük. Başa düşürük ki, onun da öz həqiqəti var. Bu filmin mesajı ondan ibarətdir ki, hər adamın öz həqiqəti, öz dramı var. Tarazlıq qanunu... Həyatda tarazlıq qanunu saxlamaq lazımdır.

– Sizcə, Primadonna qanunu harada pozmuşdu?

– Məncə, onlar qanunu bütünlüklə özlərini sənətə fəda edərkən pozur və nəyisə itirir. Tarazlıq çox vacibdir.

– Yəqin Siz bu qanunu pozmamaq üçün vaxtında evlənib övlad sahibi olmusunuz.

– O vaxt, düzü, mən bu haqda düşünmürdüm. Bu, qeyri-ixtiyari baş vermişdi. Ana olmaq bizim missiyamızdır. Allah hər kəsə bu hədiyyəni vermir. Elə xanımlar var ki, ana ola bilmirlər, onların da qisməti belədir. Bu xanımlara daha mərhəmətli yanaşmaq lazımdır. Biz çox xeyirxah millətik. Hansısa xanımın övladı olmayanda, ya bacının, ya da qardaşın övladına baxır. Bu, çox təqdirəlayiq məsələdir. Ümumiyyətlə, bizdə ailə dəyərləri, ailə bağları mühüm, çox mühüm əhəmiyyət kəsb edir.

– Hə, ailə bağları həm əhəmiyyət kəsb edir, həm də müəyyən mənada insana kömək olur. Oqtay Mirqasımovun qızı olmaq Sizə bir aktrisa kimi nə qədər kömək olub?

- Deməzdim ki, bu mənim üçün xüsusi imtiyaz olub. Çünki mən də digər aktrisalar kimi kütləvi rollara da oynamışam, peşəmin tələb etdiyi yolları keçmişəm. Hətta sizə bir şey deyim, mən Moskvada oxuyanda atamın kim olduğunu gizlədirdim. Çünki orada oxuyan tək rejissor qızı mən deyildim. Həm də o vaxt aid olduğu nəsillə öyünən adamlara yaxşı baxmırdılar. Yadımdadır, o vaxt atamın “Şeytan göz qabağında” filminə baxandan sonra axırda Mirqasımov soyadını görən tələbə yoldaşım mənə yaxınlaşıb dedi ki, deməli sənin atan məşhur rejissordur. Mən onda çox utanmışdım. Təbii ki, o vaxt gənc idim. Sonralar Oqtay Mirqasımov kimi bir adamın qızı olduğumu başa düşəndə təbii ki, bununla ancaq qürur duya bilərdim.

– Atanızın filmlərində çəkilmisiniz. Rejissor ata olanda işləmək çətin olmur?

– Birinci dəfə atamla biz “Ovsunçu” filmində görüşdük. Ona qədər mən “Özgə vaxt”, “Yuxu”, “Nə gözəldir bu dünya” kimi filmlərdə çəkilmişdim. Gözləyirdim ki, atam məni nə vaxt dəvət edəcək. Mən Əməkdar artist adını, mükafatlar alandan sonra nəhayət, atam mənə inanıb dəvət etdi. İlk çəkiliş günü çox qorxurdum ki, görəsən ata ilə çəkilmək necə olacaq? Çox gözlənilməz bir abu-hava yarandı. Biz ata-qız olduğumuzu unutduq. Mən onda başa düşdüm ki, atam məni çox gözəl tanıyır. Düşünürəm ki, Oqtay müəllimlə işləmək rahatdır.

– “Özgə vaxt” filmində Leyla öz həyatını xəstə atasına fəda edir. Leylanın yerində Siz olsanız, eyni şeyi edərdiniz?

– Əslində Leylanın xarakteri mənə yad deyil. Ancaq filmin ideyası budur ki, heç kimə öz həyatını bağışlamaq olmaz. Çünki sən onda öz həyatını itirirsən. Əgər fikir vermisinizsə, rejissor Hüseyn Mehdiyev finalda saatı göstərir. Saatın yarısı pozulub. Pozulmuş saat itirilən ömrü ifadə edir. Çox ağır dramdır. Bu film kütlə üçün deyil, festival filmidir.

– Sizin çəkildiyiniz əksər filmlər onsuz da kütlə üçün deyil, festival filmləridir. “Ovsunçu” filmində üzük səhnəsi kimi möhtəşəm bir səhnəniz olduğu halda “Yuxu” filmi ilə tanınmağınız Sizi incitmir?

– Bəli, mənim çəkildiyim filmlər əsasən festival filmləridir. Həmin filmləri heç televiziyalarda da çox göstərmirlər. Düşünürəm ki, “Ovsunçu” filmi daha tez-tez göstərilə bilər. Necə ki, “Yeddi oğul istərəm” filmini tez-tez göstərirlər. “Ovsunçu” da o filmlə eyni dövrdən bəhs edir, sadəcə başqa rakursdan.

“Yuxu” filminə gəldikdə isə, razıyam, “Yuxu” məni daha çox tanıtdı.

(Sonra bizə mükafatlarını göstərir: Ən yaxşı gənc aktrisa nominasiyasında "Gümüş Sevilya" mükafatı, Ən yaxşı qadın rolu ifasına görə "Qızıl Zanbaq" mükafatı. Ayan xanım mükafatı Çingiz Aytmatovun ona şəxsən təqdim etdiyini də vurğulayır.)

– “Məkanın melodiyası” filmindəki rolunuzu bir tamaşaçı kimi çox bəyənirəm. Ümumiyyətlə, o, çox maraqlı filmdir, ancaq Ələddin Abbasovun rolunu Yaşar Nurinin səsləndirməsi...

– Yox, sizinlə razı deyiləm. Yaşar Nuri çox gözəl səsləndirir. Sadəcə biz Yaşar Nurinin səsini yaxşı bildiyimiz üçün ona görə bizə bir qədər yad gəlir.

– Mən bunu ona görə demirəm ki, Yaşar Nurinin səsini komediyalarda eşitməyə öyrəşmişəm. Yaşar Nurinin “Qatil” tamaşasındakı rolu komediyalarından daha yaxındır mənə. Ancaq məhz həmin rolda sanki ziddiyyət var. Niyə Ələddin Abbasov özü səsləndirməyib?

– Ələddin müəllim Gəncədə yaşayırdı, gəlib-getmək onun üçün bir qədər problem idi. Çox güman vaxt məhdudiyyətinə görə səsləndirə bilməyib.

– Bu yaxınlarda “Qayınana” filminin Afəti İnarə xanımın bir müsahibəsini oxudum. Sizin artıq onu axtarmadığınızdan şikayət edirdi. İndi əlaqəniz var? Münasibətlər necədir?

– İnarə xanım Azərbaycanda ilk dəfə “1001-ci qastrol” filminə çəkilib. O film üçün Oqtay müəllim Moskvaya gedib İnarə xanımı gətirmişdi. İnarə xanım birinci dəfə onda ekrana çıxmışdı. Ondan sonra Hüseyn Seyidzadə onu “Qayınana” filminə çəkdi. Mən düşünürəm ki, İnarə xanım Azərbaycandan küsməyib. Sadəcə həyat belə gətirib. “Qisas almadan ölmə. Keçmişdən məktublar” filminin Moskvada nümayişi zamanı İnarə xanım öz həyat yoldaşı ilə gəldi, çox gözəl iştirak etdi. Yəni münasibətlər heç də pis deyil.

– Bacınız da xaricdə yaşayır.

– Bəli. Bacım yazıçıdır. Rəna Mirqasımova-Fel Elmar Felin həyat yoldaşıdır. Elmar Oqtay müəllimin bir neçə filminin bəstəkarıdır.

– Ayan xanım, Sizin obrazlarınızın əksəriyyəti dərdlidir. Sanki dərd üzünüzə hopub. Bu sadəcə rollarda kəsişən təsadüfdür, yoxsa şəxsiyyətinizlə bütövləşən bir detal?

– Mənim uşaqlığım çox gözəl keçib. Bu gün isə doğulduğum torpaqda, sevdiyim şəhərdə yaşayıram. Seçdiyim sənətə möhkəm bağlıyam. Valideynlərimdən, övladımdan razıyam. Belə.

Rollardakı kədərə gəldikdə isə mən güclü məktəb keçmişəm. Moskva Kinematoqrafçılar İnstitutunda oxuyanda biz at minməyi, üzməyi, step oynamağı, səhnə danışığını öyrənirdik. Biz aktyor kimi bunları belə bacarmalıydıq.

Bir də ki, mən Stanislavski məktəbini keçmişəm. Stanislavski məktəbinin əsas prinsiplərindən biri başqalaşmadır. Biz aktyorlar səhnədə obraz yaradırıq, yəni başqalaşırıq. Estradada müğənnilər yeganə bir obraz yaradıb bütün ömürləri boyu həmin obraza sadiq qala bilirlər. Məsələn, Zeynəb Xanlarova, yaxud Alla Puqaçova. Heç kim Zeynəb xanımı təkrar edə bilmir. Biz aktyorlar isə plastilin kimiyik.

Mən həm dram, həm də komediya aktrisasıyam. Lakin tamaşaları nəzərə almasaq, komediya filminə çəkilməmişəm. Yalnız “Yuxu” filmi istisnadır. Orda da rolum böyük deyil. Tragikomediya mənim ən sevimli janrımdır.

– Deməli, təhsil bu sahədə mühüm rol oynayır. Bu gün Siz özünüz artıq bir müəllimsiniz. Bizdə verilən təhsildən, tələbələrdən, ümumiyyətlə, bu gün yetişən nəsildən razısınız?

– Artıq on beş ildir ki, mən Mədəniyyət və İncəsənət Universitetində dərs aparıram. Mən öz tələbələrimi tərifləmək üçün demirəm, ancaq istedadlı tələbələr var. Bu gün Rus Dram Teatrında mənim dörd tələbəm çalışır. Onlara mənim ümidim böyükdür.

– Hansı obrazınız Sizin üçün bir başqadır?

– “Günaydın, mələyim” filmində Mədinə obrazına canımdan can vermişəm.

– “Biz qayıdacağıq” filmində ev-eşiyindən didərgin düşən Nərgiz oğluna “müəllimlərinə de, bəlkə bizə də bir ev verərlər” deyirsə, “Günaydın, mələyim”də müharibədə həyat yoldaşını itirən Mədinə evini qorumaq üçün əlindən gələni edir. Hər ikisində müharibə var, ağrı var və müharibənin qadın üzü var. Aktrisa obrazının dərdi ilə doğmalaşır deyirlər. Mədinə burdan şəhid xanımlarına nə deyərdi?

– Biz 44 günlük müharibə zamanı qadınlarımızın fədakarlığını gördük. Onlar müharibədəki qadın faktorunu öz üzərinə götürmüşdü. Mən o qadınların qarşısında baş əyirəm.

Mən Allaha inanıram və heç vaxt tanrının varlığına şübhə etməmişəm. Mən bilirəm ki, şəhidlərimiz cənnətdədir, mən buna inanıram. Bizim bir qohumumuz var. Həyat yoldaşı şəhid olub və o, iki uşaqla tənha qalıb. Mən bu ağrının nə demək olduğunu bilirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bu itkilər olmasaydı, bu qələbə də olmayacaqdı.

(Ayan xanım həmin qohumundan danışıb kövrəlir və mən ancaq indi başa düşürəm ki, o, niyə müsahibənin əvvəlində bizə şəkil çəkməyi qadağan etmişdi. Çünki özünün nə qədər emosional olduğunu bilir.)

Foto: Sabir Məmmədov

# 19567 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
#
#
# # #