"Vətəndaş A"nın səs rejissoru: "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir" - Müsahibə

"Vətəndaş A"nın səs rejissoru:  "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir" - Müsahibə
22 noyabr 2024
# 09:00

Kulis.az Turan Etibaroğlunun səs rejissoru Nadir Mahmudovla müsahibəsini təqdim edir.

- Nadir bəy, kino sahəsində yetərincə tanınırsınız. "Nabat", "21 ci möcüzə" kimi fimlərin, "Şeyx Sənan", "Körpü", "Əqrəb mövsümü" və "Vətəndaş A" kimi tanınmış serialların səs rejissoru olmusunuz. İstərdim, söhbətə başlamazdan əvvəl oxucu da sizi tanısın. Tanımadığınız məkanda özünüzü necə təqdim edərdiniz?

- Kino sahəsindən məlumatı olmayan bir insana, sadəcə, səs montajçısıyam deyirəm. Əfsuslar olsun ki, Azərbaycanda əksəriyyət bu peşənin nə olduğunu, səs resjissorunun iş prinsipini və postprodakşndakı rolunun nədən ibarət olduğunu bilmir. Məlumatı olanlara isə səs resjissoru olduğumu deyirəm.

- Dediyiniz kimi, bir çox insan bu peşənin nə olduğunu bilmir. Məlumatı olmayan insanlara öz peşənizi necə izah edərdiniz?

- Film təsvir və səsdən ibarətdir. Səs rejissoru bir filmdə və ya serialda səslərin sinxron düzülməsi, təmizlənməsi, dublyajı, foley səslənməsi, səs dizaynı və balanslaşdırılması ilə məşğul olur. Səs rejissoru səsin keyfiyyətini artırır, atmosfer yaradır və tamaşaçının hisslərini oyadaraq ekran işinin təsirini gücləndirir. Səs görüntü qədər vacib olduğundan onun düzgün işlənməsi filmin və ya serialın uğurunda mühüm rol oynayır.

- Niyə məhz səs rejissorluğunu seçdiniz? Sizi bu sahəyə gətirən səbəb nə idi?

- Bu sahə olduqca çətin və bir o qədər də maraqlı peşədir. Çətin olmasının səbəbi yüksək teorik bilik və praktika tələb etməsidir. Əlavə olaraq da keyfiyyətli səs avadanlıqları, mikrofonlar, səs monitorları, səs kartı, düzgün akustik məkan və s. Bu siyahı çox genişdir. Ona görə də xüsusi maraq lazımdır. Həm də ola bilsin ki, uşaq yaşlarımdan filmlərə olan marağım mənim bu sahədə inkişaf etməyimə səbəb olub.

- Səs rejissoru, səs redaktoru, səs dizayneri… İstərdim, bu 3 peşənin kinodakı rolundan danışaq.

- Səs rejissoru bayaq sadalağım bütün proseslərə cavabdeh olan şəxsdir. Səs redaktorunun işi isə yazılan dialoqların təmizlənməsi, sinxronlaşdırılması və düzgün balansını təmin etməkdir. Səs dizayneri film və ya serialda istifadə ediləcək xüsusi səs effektləri və atmosfer səslərini yaradır. Əlavə olaraq da foley mütəxəsisi film və ya serialda təbii olaraq eşidilməyən, lakin əhəmiyyətli səsləri, məsələn, addımlar, hərəkət səsləri, əşyaların hərəkətini yaratmaq və qeydə almaqla məşğuldur.

- Son illərdə kinoda durğunluq hökm sürür. Bəzi insanlar “kino yoxdu”, - deyir, bəzi insanlar “kinomuz can verir", - deyir. Səs rejissoru kimi siz necə düşünürsünüz?

- Əslində, Azərbaycanda bu sahədə istedadlı insanlar çoxdur. Rejissorlar, operatorlar, bəstəkarlar və s. Sadəcə, kifayət qədər büdcə ayrılmır və bu da işin keyfiyyətinə çox ciddi təsir edir. Bu bizim yaralı yerimizdir. Düşünürəm ki, yaxın gələcəkdə bu sahədə nəzərəçarpan irəliləyişlər olacaq.

- Bəzi filmlərə baxan zaman səsin o qədər də gözəl olmadığını anlayır insan. Səs rejissoru ən əsas nəyə diqqət etməlidir?

- Təsəvvür edin, görüntünü quruluşçu operator defekt çəkib. Kadrlar titrəyir, aktyorun üzü fokusda deyil, rəng balansı düzgün deyil, qrafika gülməli işlənib və s. Eynən səs də belədir. Səsin düzgün yazılması üçün də səs operatoru məsuliyyət daşıyır. Onun yazdığı səs sonda səs rejissoruna gəlir. Daha sonra növbəti mərhələlər… Əsas odur ki, səslər və musiqi bir-birinə qarışmasın. Səs müəyyən bir desibeldən yuxarı qalxmamalıdır. Səs rejissoru üçün hers diapazonunu yaxşı başa düşmək vacibdir, çünki fərqli tezliklər arasındakı balans musiqi, dialoq və səs effektlərinin keyfiyyətini və aydınlığını təyin edir.

- Söhbət zamanı sadalanan işlərdə animasiya, bədii film, seriallar var. Bunlardan ən çətin iş prosesi hansılardı? Bir səs rejissoru özünü daha mükəmməl təqdim edə bilər?

- Hər bir işin özünəməxsus çətinlikləri var. Bu individual məsələdir. Həm də baxır filmin rejissorunun tələblərinə. Əgər mükəmməllikdən danışırıqsa, burada artıq ekran işinin növünün və ya janrının fərqi yoxdur. Film komanda işidir, gərək hər kəs öz öhdəliyinə düşən işi mükəmməl şəkildə yerinə yetirsin ki, ortaya keyfiyyətli bir iş çıxsın.

- Hazırda yayımlanan və hər kəsin maraqla baxdığı “Vətəndaş A” serialının səs rejissorusunuz. İstərdim, biraz da bu haqda danışaq. Məkan olaraq adi seriallardan tam fərqlidir. Kənd həyatı, kənd yolları…

Səs dizaynında daha əvvəl işlədiyiniz digər layihələrlə müqayisədə “Vətəndaş A”da hansı yeniliklər və ya fərqliliklər müşahidə etdiniz?

- “Vətəndaş A” serialı ciddi sosial məsələləri işıqlandıran bir serialdır. Erkən nikah, mentalitet və bəzi incə məqamlara cəsarətlə toxunaraq geniş kütlədə müzakirələrə və tənqidlərə səbəb oldu. Bu serial Azərbaycan cəmiyyətindəki müxtəlif sosial problemləri və insanları narahat edən mövzuları canlandırır. Hətta elə mövzuları ki, son 10 ildə heç kim risk edib yaxın dura bilməzdi. İzləyənlər bilər nələri nəzərdə tuturam. Çıxarılan bəzi səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir. Tamaşaçının izlədiyi serialın ağır senzuradan keçmiş yarımçıq bir versiyasıdır. Yəni demək istədiyim odur ki, bunlara rəğmən, yenə də maraqlı bir iş ərsəyə gəldi və sevildi.

Səs işi də maraqlı və çətin idi. Demək olar ki sadaladığım bütün səs prosedurlarından keçdi. Çalışdım ki səs ilə son toxunuşumu edərək serialı daha da baxımlı edim.

- Texnoloji yeniliklərin səs rejissurasına təsiri necə olub? Yeni avadanlıqlar və proqramlar işinizi necə dəyişib?

- Yaxşı mənada çox böyük təsiri var. Səs proqramları və pluginləri hər il yenilənir, funksionallaşır. Təbii ki, işimizi sürətləndirir. Zaman bizim işimizdə də çox önəmlidir. Yaxın keçmişdə foley səsləri, yəni addım, digər hərəkət səsləri, əşyalar, qapı səsləri və minlərlə fərqli səsi xüsusi studiyalarda canlı yazardılar. İndidə bu tendensiya davam edir. Amma çox zaman aparır. Hazırda bu işləri çox asan, proqramlar vasitəsi ilə az bir vaxta kompüterinizdə dizayn etmək mümkündür.

- Hazırkı fəaliyyətiniz nədən ibarətdir? Nə yenilik var?

- Hazırda Azərbaycanda ilk animasiya serialı olan “Adil və Hudhud” , Məsud Pənahinin rejissorluğu və ARKA-nın maliyyə dəstəyi ilə çəkilən Qarabağ müharibəsi haqqında “Narqız” cizgi filmi və ilk uşaq bədii serialı olan “Mən, Lalə və Şerlok Holms” proyektləri üzərinə işləyirəm.

- Yeni şirkətin yarandığını dediniz...

- Bəli, yeni qurulan şirkət “National Media” adlanır. Direktoru tanınmış quruluşçu rejissor Şahin Qəhrəmandır. Şirkətin fəaliyyəti kino, serial və reklam istehsalından ibarətdir. Şirkətin nəzdində çalışdırdığım "NM studio"da isə Azərbaycanda ilk “Dolby Atmos” sistemi qurulub. Burada immersiv 3D səs işləri, filmlərin dublyajı, səs dizaynı, foley səsləndirilməsi və səs redaktəsi ilə məşğulam.

- Yeni qurulan kino şirkəti Azərbaycan kinosuna nə vəd edir?

- Artıq özümüz nəsə çəkmək istəsək, hər cür imkanımız var. Əvvəl texnikaları və çəkiliş məkanını kirayə götürərdik. Özüm isə kiçik və şəraitsiz bir studiyalarda çalışardım. Bu da xeyli məhdudiyyət yaradırdı. Şirkətin böyük pavilyonları, xromakey otaqları, qrim və geyim otaqları, postprodakşn binası, kamera və işıq avadanlıqları var. Bir sözlə, kino üçün hər şey.

# 1543 dəfə oxunub

Oxşar xəbərlər

“Əsir düşəndə 800 yaşı var idi” - Ruslan Mollayevin filmi

“Əsir düşəndə 800 yaşı var idi” - Ruslan Mollayevin filmi

15:15 10 dekabr 2024
“Nəbi Xəzri - 100”  adlı videoçarx hazırlandı

“Nəbi Xəzri - 100” adlı videoçarx hazırlandı

14:05 10 dekabr 2024
Qorxmaz Şıxalıoğlunun yeni kitabı çap olundu

Qorxmaz Şıxalıoğlunun yeni kitabı çap olundu

12:53 10 dekabr 2024
Markesin romanı əsasında çəkilən serial sabah yayımlanacaq

Markesin romanı əsasında çəkilən serial sabah yayımlanacaq

12:40 10 dekabr 2024
Tiflisdə hoteli olan, qadın məclislərində oxuyan xanəndəmiz - Cəlil Məmmədquluzadə ondan nə kömək istəmişdi?

Tiflisdə hoteli olan, qadın məclislərində oxuyan xanəndəmiz - Cəlil Məmmədquluzadə ondan nə kömək istəmişdi?

12:00 10 dekabr 2024
Ağadadaş Ağayevin qaldırdığı mülki iddia məhkəmə baxışına verildi

Ağadadaş Ağayevin qaldırdığı mülki iddia məhkəmə baxışına verildi

11:42 10 dekabr 2024
# # #