Valideynləri sürgün olunan, ölümündən bir ay sonra dəfn edilən dahi azərbaycanlı

Valideynləri sürgün olunan, ölümündən bir ay sonra dəfn edilən dahi azərbaycanlı
7 avqust 2024
# 17:24

Bu gün Xalq rəssamı, dünya şöhrətli sənətkar Toğrul Nərimanbəyovun doğum günüdür.

Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. Onun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator kimi fəaliyyət göstərib.

***

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin gələcəyi naminə istedadlı gəncləri xaricə oxumağa göndərirdi. Əmirbəyin oğlu Fərman (Toğrulun atası) Nərimanbəyov da həmin layihə çərçivəsində Avropaya təhsil almağa gedən qırx nəfərdən biri olub.

***

O, Tuluza Universitetinin mühəndis – elektrik ixtisasına qəbul olunub. Təhsil aldığı müddətdə fransız dilini öyrənib. Fərman Nərimanbəyov İrma Lya Rude alı dərzi-modelyer xanımla ailə həyatı qurub. Gənc ailə xeyli müddət Fransada yaşayıb. Toğrulun böyük qardaşı Vidadi elə Avropada dünyaya gəlib. Sonra onlar Tuluzadan Paris şəhərinə köçüblər.

1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır və tələbə yoldaşı elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir. Toğrul Nərimanbəyov həmin ərəfədə dünyaya gəlir. Babası Əmirbəy kişi isə dünyasını dəyişir.

***

Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.


1941-ci ildə Toğrulun anası Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilir. İrma xanımı Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilə qədər sürgündə yaşayır.

***

Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır.
Toğrul anası ilə tələbəlik illərində Səmərqənddə görüşür.

***

Onun müxtəlif orqanlara etdiyi müraciətləri və gərgin mübarizəsi sayəsində anasına bəraət verirlər və o, Bakıya qayıtmağa müvəffəq olur. Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıda bilir.

Uşaqlıqdan çəkdiyi əziyyətlər, gördüyü ədalətsizliklər Toğrulun əzmkarlığını daha artırır və o, yaradıcılıq yolunda həmkarlarından fərqlənərək daha irəliyə gedə, zirvələrə qalxa bilir. 30 yaşında əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülür.

***

Rəssamın anası İrma Lya Rude və qardaşı Vidadi Nərimanbəyov dünyasını dəyişəndən sonra Bakıda, Yasamal qəbiristanlığında dəfn olunurlar.

***

Toğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun birinci arvadı 1922-ci il doğumlu heykəltəraş Elmira Hüseynova olub. Bu evlilikdən Toğrul Nərimanbəyovun Əsmər adlı bir qızı dünyaya gəlib. Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib.

Görkəmli rəssam sonradan ikinci dəfə musiqiçi Sevil Nəcəfzadə ilə ailə həyatır qurur. Bu evlilikdən rəssamın bir oğlu doğulub: Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirərək rəssamlıqla məşğul olur.

***

Toğrul Nərimanbəyov təkcə rəssam deyildi, həm də opera ifaçısı idi. Onun gözəl bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi. Elə həyat yoldaşı Sevil Nəcəfzadə T. Nərimanbəyovun konsertlərinin əsas təşkilatçısı olub. Bununla yanaşı, Sevil xanım həm də ərinin sərgilərini təşkil edib.

***

Rəssamın tələbəsi Fikrət Məmmədov xatırlayır: “Yoldaşı çox qısqanc idi. Bir-birilərini çox sevirdilər. Hərdən elə olurdu ki, mən belə zəng edəndə, görüşməyə icazə vermirdi. İstəyirdi ki, daha çox onunla vaxt keçirsin. Bəzən onu yaradıcılığına belə qısqanardı. Çünki o, daim yaradıcılıqla məşğul olurdu, hətta son günlərinə qədər. Səttar Bəhlulzadə ilə Toğrul çox yaxın idilər. O vaxt onlar filarmoniya ilə üzbəüz binada qalırdılar. Tez-tez görüşürdük, dərdləşirdik. Səttar Bəhlulzadə Toğrulun əsərlərinə olan heyrətini heç vaxt gizlətmirdi. O deyirdi ki, Toğrulun əsərləri bərəkətli süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir..."

2001-ci ildə Parisdəki qalereya ilə bağladığı müqaviləyə görə, o, ilin yarısını burada, yarısını orada çalışır. Sonra isə birdəfəlik Parisə köçür.

***

Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: "Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, muğam dinləyəndə ağlayıram..."

***

Toğrul Nərimanbəyov Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş "Moskva" mehmanxanasının foyelərini misilsiz sənət inciləri ilə bəzəyib.


2000-ci ilin avqustunda “İstiqlal” ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə təltif edilib.

***

Rəssamın ürəyində ciddi problem olub. Üstəlik, ömrünün son illərində dostlarından ağır zərbələr alıb. Duz-çörək kəsdiyi, dostluq etdiyi sənətkarlar əsərləri haqqında, özü haqqında şayiələr yayıblar.


İki ay qabaq ürəyindən əməliyyat olunsa da, görkəmli rəssam 2 iyun 2013-cü ildə Parisdəki Jorj Pompido adına hospitalda vəfat edir...

***


Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nəcəfzadə ilə qızı Əsmər Nərimanbəyova arasındakı dəfn qalmaqalı məhkəməyə qədər gedib çıxır. Beləcə sənətkarın meyiti 20 gün morqda qalır.
Rəssamın qızı atasının Bakıda dəfn edilməyini arzulasa da, xanımı onun Parisdə dəfn olunmasını tələb edir.
Nəhayət, Fransa məhkəməsi Sevil Nəcəfzadənin leyinə qərar çıxarır.

***

Qərardan narazı qalan Əsmər Nərimanbəyova mətbuata açıqlamasında: "Atamın həyat yoldaşının arzusuna əsasən, Toğrul Nərimanbəyovun meyiti yandırılacaq və külü torpağa tapşırılacaq. O məhkəmədə bildirib ki, atam müsəlman deyil, katolikdir və yandırılaraq, katolik kimi dəfn olunmalıdır. Lakin bu həqiqət deyil, mənim atam müsəlmandır." - deyib.

Beləliklə iyunun 2-də Fransada vəfat edən Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov ölümündən 31 gün sonra, 3 iyul 2013-cü il axşam saat 18.00-da Parisin Passi məzarlığında dəfn edilir.

# 928 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #