Üstünə ilan atdılar, dostunun qəbrini göstərib aldatdılar, kinoya çəkilməyə qoymadılar – “Qaraca qız” filminin Xədicəsinə atası nəyi qadağan etmişdi?

ktrisa Leyla Axundova

ktrisa Leyla Axundova

13 yanvar 2023
# 12:34

Kulis.az aktrisa Leyla Axundova haqqında maraqlı faktları təqdim edir.

Leyli İsmət qızı Axundova 1959-cu ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. Gəlişi ilə bir ailənin 9 illik övlad həsrətinə son qoyan Leyli ata-anasının sevimlisinə çevrilir, hər cür qayğı və sevgi ilə əhatələnir.

***

Atası İsmət Axundov tanınmış rəssam, anası Ləman xanım isə kimyaçı olub. Ləman xanım ixtisası üzrə çalışmayıb, evdar xanım olub.

Leyla Bakıdakı 134 saylı məktəbdə orta təhsil aldıqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun fortepiano sinfinə daxil olub. Daha sonra Moskvada Xalq İncəsənət Universitetinin Rəssamlıq fakültəsini bitirib. Uzun illər paytaxtdakı 23 nömrəli musiqi məktəbində dərs deyib.

***

1966-cı ildə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılan “Qaraca qız” filmində Xədicə rolunu canlandırıb. Həmin vaxt onun yeddi yaşı varmış. Leyli xanım deyir ki, filmdə çəkilməsi təsadüfən baş verib:

“Günlərin bir günü, dərsdən sonra valideynlərimlə birlikdə “Sahil bağı”nda istirahət edirdik. Bir nəfər atama yaxınlaşıb dedi ki, bu uşaq bəy qızına oxşayır. Gəlin sınaq çəkilişinə, bu uşağı filmə çəkək”. Sonradan bildim ki, bu şəxs “Qaraca qız” filminin quruluşçu rejissoru Şamil Mahmudbəyovun köməkçisi Rəşid müəllim imiş. Həmin vaxt yanımızda qələm, vərəq yox idi. Rəşid müəllim cibindən çıxardığı kibrit qutusunun üstünə ev nömrəmizi yazsa da, sonradan nömrəni itirib. Aradan bir neçə gün keçdi. Təsadüfdən televizoru açanda diktorlar Roza xanım və Natəvan xanımdan belə bir elan eşitdik: “Qaraca qız” filmində Xədicə roluna çəkilmək üçün seçilmiş qızın ev telefonu yazılan kağız itdiyi üçün valideynlərindən kinostudiyaya gəlməsini xahiş edirik”. O vaxt kinostudiya Hökumət evinin yaxınlığında yerləşirdi. Atam bu elanı eşitsə də, əhəmiyyət vermədi, çünki, mənim filmə çəkilməyim qətiyyən ürəyincə deyildi. Yay fəsli olduğundan biz ailəliklə istirahət üçün Kislovodskiyə getdik…”.

Ancaq bir neçə gündən sonra Xədicənin dayısı Ramiz Xədicənin atasına teleqram göndərir. İsrarla xahiş edir ki, o, Leylini də götürüb Bakıya gəlsin. Çünki Mədəniyyət Nazirliyi adından Leylinin atasına göndərilən məktub artıq filmin çəkilişlərinə başlanıldığı bildirilir. Təkidlə Leyli də çəkilişlərə çağırılır. Sən demə, rejissor köməkçisi telefon nömrəsini itirsə də, Leylinin atasının rəssam olması əlaqə qurmaqda kömək edir.

***

Beləliklə, ailə istirahətini yarımçıq qoyub Bakıya qayıtmalı olur. Atası Leylini kinostudiyaya aparır. Şamil müəllim onları görəndə, çox sevinir. Leyli Şamil müəllimi görəndə ondan soruşur: Mən indi şeir də deməliyəm? Şamil müəllim isə cavabında deyir: “Yox, sən əsl bəy qızı Xədicəsən, əlavə heç nəyə ehtiyac yoxdur”

“Qaraca qız”da sanki öz həyatını oynadığını söyləyən aktrisa bu filmdən sonra Moskvanın, Ukraynanın bir çox kinostudiyalarından saysız-hesabsız təkliflər alsa da, atası razılıq vermədiyindən bu, onun kinoda ilk və son işi olur.

***

Leyli xanım deyir ki, filmin çəkilişləri 1966-cı ilin avqust ayının sonunda başlayıb və növbəti ilin mayında tamamlanıb. Özü də bu filmə görə “Ağca xanım” “Tutu”dan çox qonorar alıb. Buna səbəb Tutu rolunu iki qızın oynaması olub:

***

Qəribə olsa da, Şamil Mahmudbəyov filmə son kadrı çəkməklə start verir. Rejissor bəlkə bununla əsas yükü azaltmış olduğunu hesab edir. Lakin 8 yaşlı Leyli məhz bu kadrın çəkilişi zamanı aldığı xəbərdən böyük stress keçirir.

***

Leyli Axundova xatirələrində deyir:

“Həmin vaxt 2-ci sinifdə oxuyurdum. Məktəblə bir yerdə filmə çəkilmək çox çətin idi. Çox yorulurdum. Elə vaxt olurdu ki, çəkilişlər axşam saat 11-də bitirdi. İnanın, mən “lunatik” kimi gəzirdim. Məsələ burasındadır ki, filmi axırıncı kadrdan çəkməyə başladılar. Mən Sevillə - “Qaraca qız”la birlikdə rəqs etməyə gedəcəkdim. Amma nədənsə 3-4 gün Sevili görmədim. Onun xəstə olduğunu dedilər. Daha sonra məni təpədəki qəbrin yanına gətirdilər. Piri baba da orda idi. Qəbri göstərib “Sevil (Tutu) ölüb” dedilər. Bu xəbərə o qədər ağladım ki, məni sakitləşdirə bilmirdilər. Hətta bütün qrup ağlayırdı. Birdən mənə dedilər ki, bunlar film üçündür. Demək, mənə ”Sevil ölüb” deyəndən çəkilişlərə start verilibmiş. İnanın, bu xəbər 8 yaşında uşağa çox böyük zərbə idi. Anam xasiyyətimə bələd olduğundan, ərköyünlüyüm və şıltaqlığım nəticəsində məni elə-belə ağlatmaq mümkün olmayacağını deyəndə, belə bir fənd düşünmüşdülər. Həmin kadr çəkildikdən sonra Tutunu ortaya çıxartdılar və filmin təbii alınması üçün belə etdiklərini dedilər. Bu aldatmadan bərk incidim, hətta küsdüm, bir neçə gün çəkilişə getmədim. Mənim barışmağım üçün çox dilə tutdular. Axırda hər şeyin film üçün olduğuna inandıqdan sonra biz barışdıq”.

Leyla xanım çəkildiyi daha bir səhnəni xatırlayır:

“Bir də ən çox qorxduğum səhnə ilanla bağlı olan idi. Məsələ burasındadır ki, donumun ətəyinə həqiqi ilan atmışdılar. Özü də anamı aldadıb məni çəkilişə apardılar. Baxmayaraq ki, mənə ilanın zəhərli olmadığını, dişləməyəcəyini demişdilər, amma mən çox qorxurdum, dəhşətli dərəcədə. Atam deyirdi ki, Nailəni öldürəcəm. Çəkiliş bitəndən sonra Şamil müəllim dedi ki, kadrlar səmimi alınmayıb. Təkrar iki dubl da çəkildi, o, yenə xoşlamadı, ancaq mən dedim ki, Şamil dayı, mən çəkilməyəcəm bir də. Qorxuram. O, ilanlar da ağzı bağlı vedrələrin içərisindən harasa yoxa çıxmışdılar. Buna görə yaradıcı heyət cərimələndi. Filmin nümayişi başa çatandan sonra məndən əvvəlki sırada əyləşən bir uşaq ekran əsərindəki “Ağca qız”ı - Xədicəni nəzərdə tutaraq dedi ki, “o ifritəyə görə “Qaraca qız” öldü”. Özümü anamın qucağına ataraq ağlamağa başladım. “Axı, mən pis deyiləm” dedim. Anam məni sakitləşdirərək dedi ki, “o səni demir, kinodakı Xədicəni deyir”.

***

Hazırda Bakı Xoreoqrafiya Akademiyasında fortepiano müəllimidir. İki övladı, iki nəvəsi var.

# 3514 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
#
#
# # #