Uşaqlar üçün nə etməliyik? - Ümid Nəccari yazır...

Ümid Nəccari, yazar

Ümid Nəccari, yazar

1 iyun 2023
# 14:09

Kulis.az Ümid Nəccarinin yeni yazısını təqdim edir.

BMT-nin iclasında ABŞ-ın nümayəndəsi Ernesto Çe Qevaraya sual verir:

– Deyirlər ki, siz və sizlərin dostu Tanrıya inanmırsınız. Bu, doğrudurmu? Siz Tanrıya inanmırsınız?

– Mən insana inanıram, mən insan azadlığına inanıram. O zamanadək ki, mənim məmləkətimdə bir uşaq sınıq ayağını müalicə etdirmək üçün xəstəxanaya iki yüz kilometr yol qət etməyə məcbur qalır, mənim Tanrını düşünməyə vaxtım yoxdur.


Görəsən, biz nəyə inanırıq? Tanrıyamı, azadlığamı, uşaqlaramı?

Bizim uşaqlığımız məktəbdə, küçədə dava-dalaşla keçib, üstümüzə çığırmayan, bağırmayan adam qalmayıb. Evdə nənəmiz, məktəbdə müəllim, çöldə dayı, marketdə satıcı, yolda yolçu danlayıb, guya bizə yol göstərmək istəyiblər, guya öyrətmək niyyətində olublar. Biz gözümüzü açıb belə şiddətləri görmüşük. Gəlin, təkcə bu gün deyil, hər gün bütün uşaqların müdafiəçisi olaq, qayğısına qalaq. Uşaqlarla davranmağımızı öyrənək, mən hər gün bunu məşq edirəm.

Heç vaxt yadımdan çıxmaz, təbrizli bir psixoterapevt həkim dostum var idi, adətən həftə sonları bir yerə yığılırdıq, yeyib-içirdik, sonra ədəbiyyatdan, incəsənətdən söhbət edirdik. İllərlə Fransada yaşamışdı, oradakı xatirələrindən, oranın mədəniyyətdən danışardı.

Bir gün dedi, bizlərdən olmur də. Dedim, niyə? Biz uşaqlıq mərhələsini bu qaranlıq ölkənin qarapaltarlıların içində keçirmişik. Nə özümüzlə rəftarımızı bacarırıq, nə cəmiyyət arasında, nə də uşağımızla.
Sonra bir misal çəkdi, dedi, bir İngiltərəlinin uşağı qatarda atasına sual verir ki, ata, hər gün qatar 4 dəqiqədən bir gəlirdi, bəs nədən bu gün 6 dəqiqədir ki, gəlməyib? Ata, uşağın üzünə baxır, xoş bir təbəssümlə deyir, bu gün tətil günüdür, tətil gündə müsafirlər az olur, enerji israfının qarşısını almaq üçün tətil günləri qatar gec gəlir. Uşaq atasına təşəkkür edir.

Şərq dünyasında, ümumiyyətlə, bizim coğrafiyanın insanlarına gələndə... Uşaq atadan sual edir, ata bu gün qatar niyə 1 saatdır ki, gəlmir? Ata da məzələnə-məzələnə deyir ki, darıxma görək, qatarın təkərinə mıx batıb, təkərinin yeli gedib, ona görə gec gəlir.

Bu uşağın sabahından nə gözləyəsən?

Verdiyi heç bir suala doğru-dürüst cavab almayan uşağın necə yetişəcəyini düşünürsünüz?


***


Səhər-səhər evdə uşaqların anası Altunay və Tuqayı yuxudan oyaldır, bayramlarını təbrik edir, öpür, sonra hədiyyə aldığı paltarları geyindiririk. Yenicə aldığımız qol saatını uşaqlar görüb elə sevinir ki, sanki dünyada bunlardan xoşbəxti yoxdur. Onların duru təbəssümü, saf niyyəti və xoşbəxtliyi ilə bizim üzümüz gülür, xoşbəxt oluruq.

Saatı Tuqayın qoluna bağlayıram, sevincdən çığırır, şirin gülüşlərilə üzümə baxır.

– Ata saat adın? Adııın??

– Bəli, oğlum. Aldım, sənə saat aldım. Mənim də qol saatım var, sənin də saatın var.

– Sənin də saatın var? Saat adııın?

Uşaqları təbrik etməkdən doymur yoldaşım. Səhər uşaqları baxçaya aparanda, yolda baxıb, uşaqların boyuna oxşayır, “yaraşıqlı oğullarım, şən oğullarım, sizi belə sərhədsiz görəndə xoşbəxt oluram”. Yoldaşıma baxıram:


– Başa düşdük, bəs mənə nəsə deməyəcəksən?

– Nə deyim sənə?

– Təbrik etməyəcəksən?

– Nəyi təbrik edim?

– Uşaqlar gününü, mən də uşağam da...(gülürəm)

– Hə... Səni də təbrik edirəm, elə üçünüzü də təbrik edirəm, gününüz mübarək olsun.

Qonşu çıxıb qapıda dayanıb, yoldaşımın mənə təbriklərini eşidib, əyri-əyri üzümə baxır. Üzünə ciddi-ciddi baxıram ki, burada nə pis bir şey var ki? Sonra gülürəm.

Mən həmişə deyirəm, qorxun o gündən ki, daha uşaq deyilsiniz, qorxun o gündən ki, özünüzü “böyük” hiss edəsiniz, özünüzü “ağsaqqal”, “ağıllı”, “ciddi” hiss etdiyiniz gün bilin ki, daha bu dünya sizin üçün deyil.

Həyatda ən vacib və ciddi məsələ uşaq olmaqdır, bəhanəsiz dəcəllik etmək, uşaqlar kimi məqsəd uğurunda vuruşub, ürəkdən istəmək, hətta dostlarınızla zarafatınız da uşaqlar kimi olmalıdır. Ümumi desək, içinizdəki yaşayan uşağı qoruyun ki, dünyanı “böyük”lər kimi dərk etməsin.

***

Hər axşam işdən çıxanda uşaqların gülümsəsinə, qoxularına darıxaraq, tələsə-tələsə evə doğru gedirəm, sanki aylardır uşaqlarımı görmürəm. Qapını döyürəm, ekizlərim qaçır qapının ağzına, bir hay qopur, gəl görəsən. Məhəllədə bütün qonşular mənim uşaqlarımın hay-küyü ilə yatıb, dururlar. Birbirinə qoşulub, evi uçurdurlar. Evə girmədən öncə qapının astanasında uşaqlar tez deyir, “Ata gəldin, sən gəldin? Namnaaaaam... Namna adııın? Namnaaaa...”

İndiki həyatımda hər şeydən çox “namnam” almağı düşünürəm. Görürsən bir gün işdə çox gərginlik olub, qapının ağzına çatmışam, ancaq “namnam” almağı unutmuşam. Əli boş evə girə bilmirəm, girmirəm, təzədən qayıdıb nəsə alıb, evə gedirəm.

Sonra küçə-bacada hansısa yoxsul uşağı görəndə, ürəyimdən qəribə bir üşütmə keçir, deyirəm, görəsən, bunlarını nazı ilə oynayan biri varmı, axşam bunlara nəsə aparan varmı? Deyirəm, kaş mənim imkanım o qədər ola ki, qarşıma çıxan uşağa əlimdən gələni edə biləm.

***
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür, düşünürəm ki, belə bir mübarək gündə təkcə öz uşağımızı deyil, qarşımıza çıxan bütün uşaqları təbrik etməliyik. Təbriklərimizlə yanaşı, imkan daxilində kimsəsiz uşaqlar evinə, baxımsız uşaqlara da yardım etməyi unutmamalıyıq.

Hər halda bu vasitə ilə, uşaqları, içindəki uşağı yaşadan bütün insanları, oxucularımı təbrik edirəm. İçinizdə qoruduğunuz uşaq dünyanı daha gözəl, daha səmimi hiss edəcəkdir, qurduğunuz balaca dünyanı, uşaqların balaca əlinə tapşırın. Gününüz mübarək!

# 1362 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #