Türkay Cəfərli: "Bizdə aktyoru gözdən salırlar" - Müsahibə

Türkay Cəfərli:  "Bizdə aktyoru gözdən salırlar" - Müsahibə
2 dekabr 2022
# 09:00

Kulis.az Günəş Mərdin aktyor Türkay Cəfərli ilə olan müsahibəsini təqdim edir.

Hazırda harada çalışırsınız?

– Şuşa Dövlət Musiqili Dram Teatrında.

– Neçə ildir?

– Üç ildir.

– Bəs ondan öncə?

– Tələbə vaxtı “Yuğ” teatrında çalışmışam. Daha sonra “Kukla” teatrında sifarişlə tamaşa oynayırdım.

– Neçənci ildə Universiteti bitirmisiniz?

– 2014-cü ildə. Amma 2010-dan fəaliyyətdəyəm.

– Müəllimləriniz kim olub?

– Rəhmətlik Yaşar Nuri, Firəngiz Mütəllibova, Rafiq Əliyev. Amma mənə istiqamət verən əsas adam Vidadi Həsənov olub. Onunla festivallara getmişəm.

– Bəs Yaşar Nuri sizə nə qədər dərs keçib?

– Təəssüf ki, çox az təxmini iki ay. Onun bizimlə apardığı söhbətlər, verdiyi nəsihətlər bəlkə də iki ilə dəyərdi. Çox rahat insan idi. Adama yaxşı dəstək olmağı var idi.

– Kurs rəhbəriniz kim idi?

– Elə Yaşar Nuri. Sonra dünyasını dəyişdi. Ondan sonra Firəngiz xanım ərizə ilə məni öz qrupuna göndərdi. Amma birinci kursdan bütün tamaşalara festivallara hamısına Vidadi müəllim çağırıb.

– Vidadi müəllimlə “Yuğ”dan başladınız?

– Bəli. Təzə tamaşa qururdu. Məni də orada görmək istədi. Qatıldım olduqca uğurlu oldu.

– Yəqin ki, etiraf edərsiniz ki, indiki aktyorlar əvvəlkilər qədər populyar deyil.

– Düzdür. Çünki indi ölkəmizdə aktyora mədəniyyətə dəyər verilmir. Bu sahədə çox problem var. Sən aktyorsansa, qapı-qapı döyüb mənə rol verin deməlisən.

– Ölkəmizdə aktyor olmağın hansı avantajları və dezavantajları var?

– Bizdə aktyor olmaq çox asandır. Bircə telefon hamını aktyor edə bilir. Bloq çəkən belə öz aləmində aktyordur. Çox təəssüf ki, bu adamlar profillərində aktyor sözünü “aktiyor” yazırlar. “T”dən sonra “y” yazacaq savadları da yoxdur. Avantaj sıfıra bərabərdir. Dezavantaj isə saymaqla bitməz. Digər ölkələrdə Qərbdə, Türkiyədə eləcə də İranda aktyorlara hədsiz dəyər verilir. Aktyor bir-iki işi ilə özünü təsdiqləyir. Söhbət təkcə maddi məsələlərdən getmir. Ölkəmizdə aktyor olmaq asandır, amma sonu yoxdur.

– Bəs niyə aktyorluğa davam edirsiniz?

– Çünki çıxıb gedə bilmirəm. İçimdəki spontan enerji məni qoymur.

– Peşmansız?

– Yox. Çünki sevdiyim işi görürəm. Amma sevdiyim işin tam qarşılığını da alsam, daha gözəl olar. Düzdür, bu günə qədər çox işlərdə çalışmışam. Kliplər, festivallar, seriallar və s. Yetərincə fəaliyyətim olub. Amma mədəniyyətimizdə yaxşı mənada çalxalanmanı görmək hər bir aktyorun arzusudur. Aktyor nüfuz deməkdir. Bizdə isə aktyoru nüfuzdan salırlar. Problem budur.

– Gənc aktyorlarımızdan hansını bəyənirsiniz?

– Yaşıdlarımdan çoxunu bəyənirəm. Açıq deyim Tural Əhməd, Əlibəy, Ziya, Corc, xanımlardan Zarina, Səbinə Məmmədovanı.

– Bir-birinizin işlərinə baxırsınız?

– Bəli. Bilirsiniz biz çox azıq. Bir yerə toplasaq, aktyor və aktrisalar heç iyirmi nəfər etməz. Söhbət gənc qaynayan aktyor və aktrisalardan gedir. Sadəcə bizə qarşı diqqətsizlik edirlər. Yetərincə pul ayırmırlar deyə bu dəqiqə ölkədə serial yox səviyyəsindədir. Ancaq hansısa kanallarda dublyajın hesabına türk serialları reytinq yığır.

– Keçmişdə aktyorlar daha fədakar olublar. İndi aktyorlarda bir az o fədailik çatmır. Onlar sənətlə bərabər qazancı da düşünürlər.

– Ovaxtkı iqtisadi vəziyyətlə indiki qətiyyən eyni deyil. İndi mən, eləcə də, mənim kimi digər aktyorlar teatrın verdiyi maaşın ümidinə qalsa, 15 günə ölər. Bu reallıqdır. Belə məqamda sənətdən söz gedə bilməz. Eşq qarın doyurmur fikri burada da keçərlidir. Sənətə olan eşqin də bir hüdudu var .

Bir işə ürəyimi qoyuramsa, mütləq ki, ondan qarşılıq görməliyəm. Amma sənətimdə bunu görümürəm. O dövrdə çoxlu filmlər çəkilirdi. Pulun da dəyəri var idi. Çox şey dəyişib və çoxlu yeni problemlər də yaranıb. İndi hansısa aktyordan bu sahəyə can qoymasını istəmək absurddur. Onsuz da, yetərincə çalışırlar.

– “Köhnə Çamadanlar” filmində erməni rolunda oynamısınız. Bizdə bu obrazın möhürünü Məlik Dadaşov vurub. Kütlədə isə mənfi rollara qarşı həmişə bir aqressiya olub. Məsələn, Məlik Dadaşova küçədə daş belə atırmışlar. Sizin erməni rolunuz da kifayət qədər uğurlu alınıb. Maraqlıdır, o roldan sonra insanların reaksiyası necə oldu?

– Filmlərdə tamaşalarda mənfi rolları çox oynamışam. Özüm bundan zövq alıram. Çünki mənfi obrazın enerjisini ötürə bilmək hər aktyora nəsib olmur. Romantik, dramatik obrazı oynamaq asandır. Düşünün ki, Məlik Dadaşov nə qədər möhtəşəm oynayıb ki, indi də o filmə baxanda heyrətlənirik.

Bizim filmdə isə istədik ki, erməni obrazı standart olmasın. Belə filmlərdə ilk növbədə ermənini güclü göstərməlisən ki, tamaşaçı sənin kimi məğlub etdiyini görsün. Zəif göstərsək, bizə deyərlər ki, düşməniniz bu qədər zəif idisə, niyə bu günə qədər onu məğlub etməmişdiniz? Filmdə bütün obrazlar bir-birini tamamlayıb. Burdakı obrazıma görə camaatın mənə göstərdiyi münasibətdən zövq alıram. Deməli, az da olsa, işimin öhdəsindən gəlmişəm. Onsuz da, uşaq vaxtından bunu görmüşük. Artıq bezmişik.

– Rolları sırf rejissor təyinatı ilə oynayırsız, yoxsa özün də axtarışlar edirsiz?

– Özüm də maraqlanıram. Aktyor bunu etməsə, robotdan fərqi olmaz. Həmişə ssenarilərində fərqli nələrsə, tapdığım seriallarda, filmlərdə rol almağa çalışmışam. Bizdə isə əksər hallarda eyni ssenarilər yazılır.

– Tüklərin çəkdiyi filmlər daha inandırıcı görünür. Aktyor da canlı oynayırlar. Bizdə isə süni görünür. Sizcə, niyə belədir?

– Başlıca səbəb maddiyatdır. Filmin dörd özəyi var: Ssenari, ssenari, ssenari, ssenari. Ssenari möhtəşəm olanda aktyor da yaxşı oynayır. Amma ssenaridə boşluq varsa, film şikəst olur. Bu yaxınlarda ssenarisi yaxşı olmayan bir tamaşada oynadım. Bütün canımı ortaya qoydum ki, uğurlu alınsın. Yəni ssenari pis olanda aktyora da böyük güc düşür.

Yaxşı ssenari üçün də yaxşı pul lazımdır. Biri beynini işlədib ortaya iş qoyursa, ona layiq olduğu dəyər verməlidir ki, stimul alsın. Daha da həvəslənsin.

– Yerli seriallarda rol alırsınız. Bəs özünüz hansılara baxırsız?

– Bizdə serial deyə bir şey yoxdur. Türk seriallarını da dublaj edib efirlərə verirlər. Hansı ki, həmin seriallarda oynayan aktyorlar artıq dünyasını dəyişiblər. Aktyora pul verməməyin dərdindən əl atmadıqları variant qalmayıb. Aktyoru düşünən yoxdur.

– Sizcə, yaxın gələcəkdə bu dəyişəcək?

– Bu gedişlə davam etsək təbii ki, yox. Xəstəxanada xəstə ölərkən monitor necə bir düz xətt göstərirsə, bizim kinonun halı da indi elədir. Standart qalır.

İndiki seriallarda ancaq qışqırıq, döyüşmək, dava-dalaş var. Film mədəniyyətdir. Gələcəyə aparılacaq iki əsas şey var: biri təhsil digəri filmdir. Əgər indi bizdə bunlar bərbaddırsa, deməli gələcəyə əliboş gedirik. Bu uçurumdur.

– Neçə yaşınız var?

– 32.

– Subaysınız?

– Bəli.

– Niyə?

– Çətindir.

– Nə mənada?

– Gördüyüm iş o məni özünə o qədər tabe edir ki, məcburam ancaq iş düşünüm. Həm də gərək münasibət quracağım şəxs məni anlasın. Bir az plansız yaşayan adamam. Mənim üçün bu gün var. Günəşin doğuşundan, hər günümdən zövq almağa çalışıram. Digər tərəfdən qəlb məsələsi var. Gərək o adam səni hiss etsin. Hamıdan çox da sənə inansın. Əgər sən də onu sevirsənsə, qəlbini ancaq ona verməlisən. Mən həmişə demişəm kişi qadına aid olmağı bacarmalıdır. İkili münasibətdə hər iki tərəf bunu bacarmalıdır.

– Aktrisa ilə evlənərsiniz?

– Yox. Münasibətlərdə bir qədər köhnə fikirliyəm. Həyatımda olan qadın mənim şəxsimdir. Onu paylaşa bilmərəm.

– Deyəsən, həyatınızda böyük bir sevgi olmayıb...

– İki il bundan öncə olub. Son sevgim mənə güc verib. Məni sevənlər çox olduğu üçün bir az qarğış sahibiyəm. Həqiqətən, məndən xəbərsiz sevirlər, sonra təxəyyülündə ailə qururlar. Hər sevənə də, bel bağlamaq olmur. Sirrimi kiməsə danışmağı sevmirəm. Amma həyatımda az da olsa, nələrisə bölüşə biləcəyim insan lazımdır.

– Qeyd etdiniz ki, ölkəmizdə aktyorlara lazımınca dəyər verilmir. Niyə xaricə getmirsiniz?

– Bunun üçün böyük imkanlar lazımdır. Əlimə o şans düşsə, sevə-sevə gedərəm.

– Birdəfəlik, yoxsa müvəqqəti?

– Geri dönmək istəyərəm, əlbəttə. Həm ölkəmizdə belə bir hal var: 10 manata bir işdə işləmək istəsən, deyəcəklər bahadır. Amma xaricdən gəlsən, canla başla, hətta daha artığını təklif edib səni qəbul edəcəklər. Çünki biz özümüzdən başqa hamıya dəyər veririk.

– Hansı obrazı oynamaq daha çətindir?

– Tarixi obrazı. Bu həm də ikiqat məsuliyyət tələb edir. Çünki adamlar can qoyub torpaq alıblar. Onu elə canlandırmalısan ki, onların da ruhu inciməsin. Həm özüm də tarixi sevirəm. Ona görə bu obrazı oynamaq çox həyəcan vericidir.

– Bəs romantik filmlərlə aranız necədir?

– Yaxşıdır, amma ssenari yaxşı olsa. Bizim mətnlərin əksəriyyətində sünilik var. Düzdü ssenaristləri də qınamıram. Onların həm maddi imkanları yaxşı deyil, həm də vaxtları azdır.

– Ölkəmizdə keyfiyyətli filmlərə baxan izləyicilərin sayı azdır.

– Kütlənin də problemi var. Kütlə bir az dəyişmək istəsə keyfiyyətli ekran işini görəcək. Dünyanın hər yerində bayağılığı sevən insanlar var. Amma çox istərdim ki, bizdə belə adamların sayı azalsın.

– Kinodan teatra yoxsa, teatrdan kinoya keçmək asandır?

– Kinodan teatra getməkdən çəkinmişəm. Çünki kino yeganə obyektivdir ki, sənlə həmişə baxışır xəyanət etmir. Amma teatrda xəyanət var.

– Rol aldığınız filmlərdə kadr arxasında baş verən hansı maraqlı hadisəni danışa bilərsiniz?

– 6 il öncə bir serialda gizli polis rolunda oynayırdım. Məlumat öyrənmək üçün həbsxanaya girmişdim. Orada növbətçi məni itələyəndə səhv etdi. Qapının üstündə köhnə bir mismar var idi. Kürəyim ona dəydi. Qan axa-axa hiss etdirmədən rolu sona qədər oynadım. Çəkilişdən sonra gördük ki, bütün bədənim qan içindədir.

– Son illərdə çəkilən yerli filmlərdən hansıları bəyənirsiniz? Həm aktyor işi həm də ssenari baxımından.

– “Pərdə”, “Axınla Aşağı”, “Qala”, “Çölçü’ filmləri olduqca yaxşı işlərdir. Bəzilərini bəyənsəm də, boşluqları olduğu üçün deyə bilmirəm. Son illərdə daha çox komediya filmləri çəkilib. Onlardakı göz qabağında...

– Sizcə, uğurlu komediya filmi yoxdur?

– Yox, var. Məsələn, bizim Türkiyədə çəkdiyimiz “Kino-kino” filmi. Orada bir düşüncə var idi.

– Neçənci ildə çəkilib?

– 2019-da.

– Gözlənilən nəticəni verdi?

– Baxanlar əksəriyyəti bəyənib. Polşadan Ukraynadan rəylər gəlib ki, komediya belə olmalıdır. Düşündürməyi bacarmalıdır. İndiki komediyaların əksəriyyəti biabırçılıqdır. Özləri çəkib özləri də baxıb gülürlər. Amma çox sevinirəm ki, elə onların səviyyəsinə uyğun insanlar da onlara baxırlar. Artıq o adamlardan heç nə gözləmək lazım olmadığını bilirik.

– Oynamaq arzusunda olduğunuz hansısa film var?

– Mahsun Kırmızıgülün “Mucize” filmi var. Ona baxanda o qədər pis olmuşdum. Öz-özümə suallar verirdim ki, niyə bizdə belə filmlər çəkilmir, bu cür ssenarilər yazılmır? Əslində, rejissor var onlara imkan yaradılmır. Daha sonra “The Pianist” filmi var. Həmişə heyrətlə baxıram. Aktyor bu filmlərə baxanda daxili enerjini hiss edirsə, demək, özü də belə oynamağı bacarar. Düşünəndə ki, yaxın yüz ildə bizdə belə film olmayacaq məyus oluram.

– Bizdə kino sahəsinə yaxşı maliyyə ayrılır. Bəs niyə ortaya az sayda yaxşı iş çıxır?

– Məsələn dövlət mənə 5 manat ayırırsa, onun bir manatı mənə çatır. Dörd manatı mənimsənilir. Yeganə ölkəyik ki, bizdə texnika aktyordan bahadır. Amma tək dəmir parçası ilə də kino çəkmək olmur. Yeyintilər olduğu üçün sonda arzu olunan nəticə də əldə edilmir. Kimsə kiminsə haqqını yediyi müddətdə bu belə də olacaq. Yeyəndə də haqqına yesinlər heç olmasa. Beş manatın bir manatını yeyib dördünü aktyora versinlər.

– Aktyor olmaq çətindir?

– Bizdə çətindir. Aktyor səhnə çıxanda hansısa problemləri düşünməli deyil.

– Aktyorlardan kimi özünüzə rəqib görürsünüz?

– Elə biri yoxdur. Səhnə döyüş deyil. İncəsənətdə yanaşı addımlamaq daha yaxşıdır.

– Maddiyatla bağlı problemləri?

– Bəli. Maddiyat çox şeydir. Həm dəyərdən, həm də inkişafdan xəbər verir. O, hər şeydən ssenaristdən rejissordan, hətta izləyicinin keyfiyyətindən belə danışır. Aktyorlar rahat yaşayır deyənlər üç gün teatra gəlib bizim yaşadığımızı yaşasınlar ondan sonra çox şeyi biləcəklər.

– Müasir Azərbaycan kinosunun və teatrının problemlərinin həllini nədə görürsünüz?

– Bu sahələri idarə edən adamlar mədəniyyətdən çıxan, kinodan anlayan adamlar olmalıdır. Müasir kinomuzun aktyorların, rejissorların, ssenaristlərin qayğılarını özününkü kimi görən adamlara ehtiyacı var. Bu adamları tapıb həmin vəzifəyə gətirsələr düzələcək. Onsuzda bu sahədə xoşbəxt deyilik. Əziyyətimizin qarşılığını görə bilmirik. Yaxşı olardı ki, insanların çəkdiyi əziyyətinə tam olaraq qarşılıq verilsin. Aktyorlar ora-bura qaçmaq məcburiyyətində qalmasınlar. Ədalət məsələsi də var. Bu yolda özünü fəda edən durmadan çalışan adamları dəyərləndirmək lazımdır. Bununla bağlı da hamıdan ədalət gözləyirəm. Belə olsa, bəlkə nələrisə düzəldə bilərik.

# 3501 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #