“Tələbələrim Xalq artisti oldu, mənə ad vermədilər” – Azad Zamanovla müsahibə

“Tələbələrim Xalq artisti oldu, mənə ad vermədilər” – Azad Zamanovla müsahibə
10 iyul 2024
# 21:00

1980-ci illərdə onun adı gələndə hər kəs radionun, televizorun səsini artırardı, onun məlahətli səsi ilə bəstəkar mahnıları dalğa-dalğa yayılardı. Lakin sonra birdən-birə görünməz oldu. Bu günlərdə, 30 il sonra yenidən səsini eşitdik. Suallar da çoxdur, cavablar da.

Kulis.az müğənni, pedaqoq, polkovnik Azad Zamanovun Lent.az-a müsahibəsini təqdim edir.

- Azad müəllim, bu 30 ildə haralarda idiniz? Niyə biz sizi uzun müddət görmədik?

- İllər öncə müğənnilikdən əl çəkib, peşəmi dəyişməyə qərar verdim. “Qara yanvar” hadisələri, ondan sonra anamın, atamın, qardaşımın 40 gün içində ard-arda itkisi məni ruhdan saldı. Daha oxumaq istəmədim. Qərar verdim ki, ixtisasımı dəyişim. 3 universitet bitirmişəm, dissertant olmuşam. 2 dəfə Moskvaya müdafiəyə getdim, ermənilər imkan vermədilər. Öncə hüquq, sonra beynəlxalq hüquq üzrə təhsil aldım. Uzun illər Türkiyədə yaşadım və işlədim. Daha sonra Astarada Gömrük idarəsinin rəisi kimi fəaliyyət göstərdim. Həccə də getdim. İndi polkovnik kimi istefaya çıxmışam.

- Sizin İncəsənət Universitetində dərs dediyinizi eşitmişdim.

- Bəli, düz eşitmisiniz. Orta məktəbi bitirdikdən sonra yüksək qiymətlərlə İncəsənət İnstitutuna daxil olmuşdum. Yüksək qiymətlə daxil olan tələbələri o zaman televiziyaya çağırmışdılar. Mən də getdim, çıxış etdim. Ondan sonra demək olar ki hər həftə ekrana çıxırdım. Daxil olan ildən institutun ansamblının bədii rəhbəri işləməyə başladım. Oxuya-oxuya toylara da gedirdim. O vaxt hansı tələbə dərsə öz “Qaz 24” maşını ilə gedə bilərdi? Mən gedirdim. Arif Quliyev, Yaqut Abdullayeva ilə qrup yoldaşı olmuşuq. Musiqili Komediya aktyorluğu fakültəsində oxuyurduq. Çox güclü müəllimlərim olub. Ədil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədovdan dərs almışam. Universiteti bitirdikdən sonra isə təklif etdilər qaldım işlədim. Uzun illər İncəsənət İnstitutunda dekan müavini işləmişəm. Mənsum İbrahimov, Alim Qasımov, Brilliant Dadaşova, Qəndab Quliyeva, Manaf Ağayev, Almas Əlsgərovaya dərs demişəm. Tələbələrimin çoxu Xalq artisti, Əməkdar artist adı alıb, mənə isə ad vermədilər. Qiymətəndirmədilər. İnsanın könlündən keçir də qiymət almaq, dəyərinin bilinməsi. Mən bir təklif vermək istərdim. Necə ki, hərbiçilərimizə ölümündən sonra “Milli qəhrəman” adı verilir, ölüb getmiş lakin sağlığında dövlət tərəfindən fəxri adlar almamış böyük sənətkarlarımıza da ölümündən sonra Xalq artisti adının verilməsini istərdim. Qulu Əsgərov, Sabir Mirzəyev kimi sənətkarlar bu adı almayıbsa bu ədalətə sığışarmı? Bir ara dedilər Əməkdar artist adı, istəmədim. Heç bir əməyi, zəhməti, səsi, sənəti olmayanlar da əməkdar artist olsun, mən də? Sözümü deyənəm, qorxan deyiləm.

- Son zamanlar sosial şəbəkələrdə sizin oxuduğunuz “İntizar” mahnısı dəbə düşüb. Tez-tez səsləndirilir. Bu mahnının ilk ifaçısı siz olmusunuz, yoxsa Elmira Rəhimova?

- Mənim əziz bacım Elmira Rəhimova oxumuşdu. Onun ifasında sevmişdim bu mahnını. Mən ilk oxuyan kişi müğənni oldum. O vaxt İslam Rzayevin ansamblı ilə Elmira xanım məşq edirdi. 10-15 gün sonra İslam Rzayevdən xahiş etdim ki, mən də oxuyum. İslam Rzayevin mənim boynumda minnəti çoxdur. Allah o kişiyə rəhmət eləsin. Çox böyük sənətkar, çox da yaxşı insan idi. Qulu Əsgərovun ölümündən öncə televiziya üçün son konsertini də onun israrı ilə yazmışdılar. Xəstə olduğunu bilirdi. O videoyazıdan az sonra Qulu rəhmətə getdi. Şövkət Ələkbərovanın hansı yeni mahnısı çıxırdı onu oxuyurdum. Bir dəfə İslam Rzayevdən soruşdu ki, bu oğlan kimdir, nə qəşəng oxuyur mənim mahnılarımı? O zamanlar bircə dənə səsyazma studiyası var idi. Həftələrlə növbə gözləyirdik. Hərəmizə də 10-15 dəqiqə zaman ayrılırdı. İndiki müğənnilər kimi, səsi süni şəkildə yaradıb, yalandan oxumurduq.

- Bir mahnını bir neçə müğənni təkrar - təkrar oxuyurdu. Bu onlar arasında qısqanclıq , rəqabət yaradırdı?

- Yox. Kim yaxşı oxuyurdu, mahnının möhürünü də o vururdu. Hamı çalışırdı, ən yüksək səviyyədə oxusun.

- İndi Neftçalada yaşadığınızı dediniz. Nə iş görürsünüz orda?

- Neftçalada doğulmuşam mən. Ürəyimdən açıq əməliyyat keçirmişəm. Həkim məsləhət bildi ki, doğulduğun torpağa get, təmiz havada yaşa. Neftçalada Kürün kənarında bir ev tikmişəm. Astarada da evim var. Necə deyərlər, tikdim ki, izim qala. Cənnət kimi bağ- bağça salmışam. Torpaqla, ağaclarla işləməkdən zövq alıram. Bakıya gələndə hava məni narahat edir. Gəlib uşaqlara dəyib qayıdıram.

- Övladlarınızdan səsi olan var?

- Üç qızımın üçünün də gözəl səsi var. Amma kimdi onları oxumağa qoyan? Əsla razı olmaram. Müğənnilik sənət deyil. Əlavə işin olmalıdır, istedadın varsa, səsini təqdim edə bilərsən.

- Axı indi çoxları “pul toydadır” deyib müğənnilik edir...

- Bəyəm hamı qazanır? O dediyiniz qaydada 3-5 nəfər var.

- Yaraşıqlı gəncliyiniz olub. Kinoya dəvət almışdınız?

- O vaxt “Uşaqlığın son gecəsi” filminə dostum Ənvər Həsənovla məni birlikdə dəvət etdilər. Onu seçdilər. Tariyel Qasımovun baş rolda çəkildiyi bir neçə filmə də dəvət aldım. Sonralar iş çoxluğundan gedə bilmədim.

- Sizə sevgi məktubları gəlirdi?

- Olurdu və bu evdə qısqanclıq da yaradırdı bir az.

- Ölümünə ən çox üzüldüyünüz həmkarınız kim olub?

- Rəhmətlik Eyvaz Həsənov. Eyvaz ölən gün biz onunla Gürcüstandan toydan gəlirdik. İki maşına minmişdik, biz qabaqda, o dalda gəlirdi. Dedi Ləkidə dayanın gözləyin məni, gedək anamgilə dəyək. Gözlədik, gəlmədi. Dedim yəqin işi çıxıb. Səhəri gün Filarmoniyada dedilər qəzaya düşüb, ölüb.

- Vəzifəli adamlarla məclisdə oturanda oxuduğunuz olurdu?

- Hə oxuyurdum. Mənim müğənni keçmişimi hamı bilirdi də, sirr deyildi ki.

- İndi toylara gedirsiniz. Bu ehtiyacdandır, yoxsa darıxmaqdan?

- Çox şükür, dolanışığım pis deyil. Amma insan nə qədər ki, yaşayır hərəkət eləməlidir də. Həm darıxıram, insanların da mənə sevgisini hiss edirəm. Gedib qonaq kimi iştirak edib, bir neçə mahnı oxuyub gəlirəm.

Mən əsla “diringi”, ara mahnıları oxumamışam. Mənim sənətkar kimi xoşbəxtliyim onda olub ki, böyük müəllimlərim olub, dahi sənətkarlarla işləmişəm. Allah rəhmət eləsin. Bəstəkar Elza İbrahimovaya. Onun bütün mahnılarının ilk ifaçısı mən idim. İnstitutda o mənim pianoda müşayiətçim idi. Okean boyda ürəyi var idi o qadının. Biz əsri qabaqlayan mahnılar oxumuşuq, keçən əsrdə oxuduğumuz mahnılar indi də sevilir, dinlənilir. Bu gün yazılan mahnılar 2 gün dəbdə olur, sonra unudulur gedir. Çünki bəstəkar əlindən çıxmır.

- İndi kimlərin mahnılarını oxuyursunuz?

- Kamal müəllimin “Səndən nigaranam” mahnısını çox sevirəm. Onu oxumuşam. Bir də şəhidlərimiz barədə mahnılar oxuyuram. Silsilə mahnılar olacaq. Qazilərimizə də şəhidlərimiz qədər hörmətim var. Analarının əllərindən öpürəm (kövrəlir). Bununla bir az borcumdan çıxım istəyirəm. Ölümlü dünyadır, məndən geriyə nəsə qalsın.

# 11888 dəfə oxunub

Oxşar xəbərlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
# # #