Kulis.az APA-nın “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Aşıqlar, Azərbaycanın ortaq mədəniyyət carçıları” məqaləsini təqdim edir.
Ortaq mədəniyyətə sahib olmaq ortaq dil və tarix kimi amillərlə yanaşı, bir insan topluluğunu millət adı altında birləşdirən komponentlərdən biridir. Başqa sözlə desək, hər bir millətin özünəməxsus mədəniyyəti var ki, bu mədəniyyət digər millətlərlə müəyyən ümumi ünsürlərə malik olmaqla yanaşı, həmin milləti özünəməxsus fenomen edən fərqli elementlərə malikdir.
Dəyərlər, inanclar, ənənələr və ümumiyyətlə bir millətin mədəniyyətini təşkil edən elementlər bir gecədə yaranmır və bir millətin bəzi hissələrinin zorla ayrılması ilə, məsələn, müharibələr nəticəsində siyasi sərhədlərin dəyişdirilməsi nəticəsində, bir gecədə də yox olmur. Ortaq mədəniyyət dediyimiz şey əsrlərin, hətta minilliklərin məhsuludur.
1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən, Azərbaycanın tarixi ərazisi iki yerə bölündü. Həmin gündən etibarən Azərbaycanın hər iki hissəsi müxtəlif dövlətlər tərəfindən idarə olunub və hətta hər iki hissə hər birinə hakim olan rejimin mədəni istilasına məruz qalıb. Məsələn, Quzey Azərbaycanda çarlıq və kommunizm, Güney Azərbaycanda isə farsçı Pəhləvi şahlığı və İslam Cümhuriyyəti rejimləri sistemli şəkildə Azərbaycan mədəniyyətini məhv etməyə, öz mədəniyyətlərini Azərbaycan türklərinə sırımağa çalışıblar. Bu rejimlər Azərbaycan türklərinin zəngin mədəniyyətinə ağır zərbə vursalar da, heç biri bu mədəniyyəti məhv etməyə müvəffəq olmayıb.
Aşıq sənəti keçmiş tarixdən bəri Azərbaycan türklərinin mədəni tərkib hissələrindən biridir. Bu sənətin izlərini eramızdan əvvəl minilliklərə aid petroqliflərdə (daş qazıntılarda) eyni halda ən qədim türk dastanlarında görmək olar. Azərbaycan türklərinin “Dədə Qorqud” və “Koroğlu” kimi qədim dastanlarında, qəhrəmanların qılıncla problemi həll edə bilmədiyi yerdə saz ortaya gəlir və qılınc gücüylə həll oluna bilməyən problemləri həll edir.
Aşıqlar Azərbaycan folklor mədəniyyətinin ən mühüm tərkib hissələrindən biri hesab edilməlidir. Onlar tarix boyu Azərbaycan mədəniyyətini təkcə şah saraylarında deyil, xalq arasında da yaşatmışlar. Bəzi saray şairləri və sənətkarlardan fərqli olaraq aşıq şeirləri, dastanlar və havalar mahiyyət etibarı ilə sadə xalqın dilinə daha yaxın olub və bu, onların sadə insanlarla ünsiyyətini asanlaşdırırdı. Bu durum daha sonrakı dönəmlərdə də davam edib və nəticədə aşıqlarla sadə xalq arasındakı ünsiyyət qorundu.
(Güney Azərbaycanın Tikmədaş kəndində Dədə Aşıq Xəstə Qasımın (1684-1760) məzarı)
Qeyd etdiyimiz kimi, aşıq sənəti Azərbaycan türklərinin ortaq dəyəri sayılır. Ancaq yazımızın amacı Güney Azərbaycan türkləri arasında Azərbaycan mədəniyyətinin qorunub saxlanması olduğu üçün burada Azərbaycanımızın güneyindəki aşıq sənətinə yer verəcəyik. Güney Azərbaycan aşıqları türk mədəniyyətinin qorunmasında bənzərsiz rol oynamışlar.
Güney Azərbaycan aşıq yaradıcılığı Güney Azərbaycanda ayrılıq, yaxud hicran ədəbiyyatının böyük və zəngin bir hissəsini təşkil etməkdədir. Ayrılıq, yaxud hicran ədəbiyyatı Türkmənçay müqaviləsinə əsasən, Azərbaycanın ikiyə bölünməsiylə başlayır. Əsas məzmunu, qardaş həsrəti, ayrılıq ağrısı, ayrılığa etiraz və birləşmə həvəsini canlı tutmaq olan bu ədəbiyyat son iki yüz ildə Azərbaycan şair və aşıqlarının yaradıcılıqlarının ortaq mövzusu olub.
Güney Azərbaycan aşıqları söz və saz ifalarıyla bu acını hər zaman canlı saxlamağa çalışmışlar. Onların Azərbaycanın ayrılığı mövzusunda yazdıqları şeirlər, bəstələdikləri və ifa etdikləri mahnılar, bu faciəli hadisə ilə bağlı dilə gətirdikləri dastanlar Güney Azərbaycan türklərinin nəsildən-nəslə bu dəhşətli ağrıya tanış olmasına və taleyin hökmü ilə onlardan ayrı düşmüş bacı-qardaşlarının olduğunu unutmamasına səbəb olmuşdur.
Tarixin saxtalaşdığı və tarixi həqiqətlərin insanlardan gizli saxlandığı bir ölkədə aşıqların bu işləri bənzərsiz əhəmiyyət qazanır. Güney Azərbaycan məktəblərində tələbələrə öyrədilən tarix kitablarında Araz çayının hər iki tayında yerləşən Azərbaycan türklərinin ortaq kimliyi, tarixi, dili və mədəniyyətindən zərrə qədər də bəhs edilmir və bu ölkənin mediası bu çayın hər iki tərəfindəki insanları yad insanlar kimi göstərmək üçün əlindən gələni edir.
Belə bir durumda Güney Azərbaycan aşıqları bir əldən bu xalqın mədəniyyətini yaşatmağa, bir əldən da bir-birindən ayrı düşmüş olan xalqın birlik ruhunu oyaq tutmağa çalışmışlar. Mən, bu sətirlərin müəllifi olaraq, Azərbaycanımızın ikiyə bölünməsini, ayrılığın ürək ağrılarını, Arazın hər iki tayındakı azərbaycanlıların vahid bir ruh kimi birləşmə həvəsində olduqlarını dərslik kitablarından yox, çox kiçik yaşlarımda bir toy əsnasında yaşlı bir aşığın sazından və sözündən öyrənmiş olan biriyəm. O toy gecəsinin üstündən 30-35 il keçsə də, hələ də o yaşlı aşığın “Arazı ayırdılar/ qan ilə doyurdular/ mən səndən ayrılmazdım/ zülm ilə ayırdılar” deyə can yandırıcı ifası hər zamankı kimi xatirimdədir.
Əslində aşıq sənətinin İran dövlətinin təzyiqlərinə baxmayaraq, qorunmasının bir səbəbi də bu sənətin xalq içində olması, xalq dilində danışması və xalq tərəfindən maddi və mənəvi olaraq dəstək görməsidir. Yəni aşıqların əsas gəlir mənbəyi məhz bu sadə insanlar olub. Son vaxtlara qədər Azərbaycanın şəhər və kəndlərində keçirilən əksər toy və şadlıq mərasimlərində söz və saz ifaçılığı aşıqların üzərinə düşürdü. Bu, bir tərəfdən insanları Azərbaycan mədəniyyəti və tarixi ilə tanış edir, digər tərəfdən də aşıqlara gəlir qaynağı sağlayırdı. Məhz bu səbəbdəndir ki, şeir sənəti Güney Azərbaycanda yayılmış digər milli və yerli sənətlərlə müqayisədə İran rejiminin təzyiqlərindən az zərər görmüşdür.
Lakin Azərbaycanın bütün mədəni təzahürləri kimi aşıq sənəti də İranın mərkəzi hökumətinin təzyiqlərindən xilas olmayıb. Nəinki bu sənət İran hökuməti tərəfindən heç vaxt dəstəklənməyib və təşviq edilməyib, əksər hallarda bu sahənin fəalları bir çox sıxıntılarla üzləşiblər. Elə bir şəkildə ki, hökumətin istəkləri fonunda və hökumətin rəsmi təbliğatının carçısı olmaq üçün müəyyən günlərdə radio-televiziyaya dəvət olunan bir neçə aşıqdan başqa, bu sənətin və onun fəallarının rəsmi mətbuatda, hətta rəsmi qurumlarda yeri yoxdur.
(Güney Azərbaycanda aşıq sənətinin simvolu olan Dəmir Aşıq heykəli. Bu heykəl 1975-ci ildə Təbrizdə Şah Gölü parkına qoyulmuşdu. Qısa müddət sonra oradan götürülərək uzun müddət Təbriz bələdiyyəsinin anbarında saxlanıldı. Hazırda yenidən, amma şəhərdən uzaq bir yerdə quraşdırılıb)
İran dövlət rəsmilərinin Azərbaycan aşıq sənətinə qarşı təzyiqlərinin pik nöqtəsi 1998-ci ildə baş verib. 1998-ci ilin noyabrında İran lideri Xameneinin Təbrizdəki nümayəndəsinin əmri ilə Azərbaycan sazı, Amerika bayrağına sarılaraq, oda atıldı. Bu məsələni təkcə mollaların musiqiyə qarşı çıxması nöqteyi-nəzərindən təhlil etmək olmaz. İran İslam İnqilabının ilk dövrlərində (1979-1981) mollalar açıq-aşkar musiqiyə qarşı çıxsalar da, sonrakı illərdə əməlli-başlı dözümlülük göstərildi və hətta İranın rəsmi dövlət radio və televiziyası hər gün musiqi yayımlamağa başladı.
Nəzərə alsaq ki, 1998-ci ildə Güney Azərbaycan türklərinin öz mədəni, sosial, iqtisadi və siyasi haqlarını əldə etmək uğrunda çalışmaları çox genişlənmişdi və onlar öz kimliklərini və mədəniyyətlərini qoruyub yaşatmaq üçün böyük səylər göstərməkdəydilər, başa düşəcəyik ki, Təbrizdə Amerika bayrağı ilə yanaşı, Azərbaycan sazının yandırılmasının dini aspekti yox, siyasi dəlilləri var idi. Bu da özlüyündə Güney Azərbaycan türklərinin kimliyinin, dilinin, tarixinin, mədəniyyətinin qorunub saxlanmasında, yaşadılmasında Azərbaycan aşıqlarının danılmaz rolunu və Azərbaycanın bu saz və söz ustadlarından düşmənlərin qorxmasını göstərir.
Güney Azərbaycan aşıqlarına qarşı təzyiqlər sonrakı illərdə də davam etdi, lakin bu təzyiqlər bu sahədə fəaliyyətlərin davam etdirilməsinə mane ola bilmədi. Güney Azərbaycan türklərinin son otuz ildə fəaliyyət dalğasının genişlənməsi ilə Azərbaycanın bu qədim və əsil sənətini öyrənmək həvəsi gənclər arasında xeyli artıb.
Digər tərəfdən, bu sahənin fəalları öz müstəqilliklərini müəyyən qədər qoruyub saxlaya bilmişlər. Düzdür, toy və müxtəlif şənliklərin keçirilmə tərzində baş verən dəyişikliklər nəticəsində, xüsusən də böyük şəhərlərdə keçmişlə müqayisədə aşıqlar bu mərasimlərdə daha az iştirak edirdilər, lakin media texnologiyalarının və sosial şəbəkələrin inkişafı onlara yeni imkanlar təmin edib. Digər tərəfdən, bütün qadağalara baxmayaraq, Güney Azərbaycan aşıqlarının hələ də vaxtaşırı konsertlər keçirməyə, ümumi mərasim və ya şənliklərə qatılmağa nail olması onların hələ də cəmiyyət kontekstində var olmasını sağlayır.
(Çağdaş Güney Azərbaycan aşıq sənətinin genişlənməsində danılmaz xidmətləri olan aşıq Çəngiz Mehdipur)
Güney Azərbaycan türklərinin aşıq sənəti hələ də müəyyən qədər ənənəvi cəhətini qoruyub saxlasa da, bu sahədə fəal olanların heç olmasa bir qismi zamanı və onun tələbatını düzgün dərk edərək yeni nəsillə sinxronlaşa bilmişlər. Bu yeniləşmə həm musiqi sahəsində, həm də söz sahəsində baş vermişdir.
Güney Azərbaycan türklərinin gənc nəsli və xüsusilə milli hərəkatın fəalları aşıqlardan son bir neçə yüz ilin dastanlarını, musiqi havalarını təkrarlamaq əvəzinə bu sahədə yeniliklərə üz tutmalarını və bugünkü cəmiyyətin ağrılarını dilə gətirmələrini gözləyirlər. Ümumiyyətlə, xalqın dərdlərindən, hüquqlarından bəhs edən ifaların daha çox bəyənildiyini görürük.
Təbii ki, digər sənət sahələri kimi, aşıq sənəti də sadəcə insanın ağrı və iztirabının ifadə etməklə qalmır. Bildiyimiz kimi, epik şeirlər, dastan və havalar bu sənətin mühüm hissəsini təşkil edir. Çağdaş Güney Azərbaycanda bəzi aşıqlar bu sənətin zəngin epik təcrübəsinə arxalanaraq dəyərli əsərlər yarada bilmişlər. Xalqın diqqətini cəlb etməklə yanaşı, həm də mübarizlik və qəhrəmanlıq ruhunun yüksəlməsində böyük rol oynayırlar.
(Güney Azərbaycan türklərinin milli mübarizəsinin uğrunda sazla-sözlə savaşan və gənclərə qəhrəmanlıq ruhu bağışlayan ozan Araz Elsəs)
Ümumi baxışda demək olar ki, Güney Azərbaycanda aşıq sənətin mövcud olmasının özü Azərbaycan türklərinin qədim mədəniyyətinin bu bölgədə hələ də həyat sürməsini ifadə edir. Azərbaycan türklərinin mədəni birliyini və ortaq mədəniyyətə sahib olmalarını göstərən bir çox amillər var, lakin aşıq sənəti demək olar ki, köklü bir ənənə olaraq bu birliyi göstərən ən açıq amildir. Azərbaycan türklərinin bu ölməz sənəti keçmişdə olduğu kimi, bu gün də bütün təzyiqlərə rəğmən canlı və dinamikdir. Azərbaycan aşıq havalarının yaşadığı hər yerdə Azərbaycan mədəniyyəti və Azərbaycan varlığı yaşamaqdadır.