Şuşa adı necə yarandı? - Ağalar Qutdan Aydın Talıbzadəyə cavab

Aydın Talıbzadə, Ağalar Qut

Aydın Talıbzadə, Ağalar Qut

22 sentyabr 2022
# 10:40

Kulis.az Ağalar Qutun “Şuşa sözünün etimologiyasına dair” adlı yazısını təqdim edir.

1. Şiş və yaxud dik qaya üzərində yerləşən Şuşanın adının şiş sözündən yaranmış olması ehtimalını yoxlamağa dəyər. Dialektlərimizdə “şişək” sözü mövcuddur. İlk dəfə doğacaq, qarnı şişib dikəlmiş heyvana Qarabağ da daxil bir sıra regionlarımızda “şişək” (tələffüzdə şişəx) adı verilir. Məsələn, belə deyərlər: “Qomralkərə şişəxdi, yetişif, bö:nə-sə:rə doğar”.

2. Sözlərin sonundan “k” və “q” səslərinin düşdüyü hallar dilimizdə çoxdur. Məsələn, “qoşaq” “qoşa” olub, “ayrıq” “ayrı” olub, “gödək” “güdə” olub və s. Eyni qanunauyğunluqla “şişək” sözünün “şişə” sözünə çevrilməsi qətiyyən qeyri-mümkün deyildir.

3. “Şişək” sözünün yaranışı üçün iki ayrı izah irəli sürülə bilər: 1) Belə ki, dilimizdə aidlik, keyfiyyət və mahiyyət bildirən -lıq, -lik, -luq, -lük şəkilçiləri, adətən, -laq, -lək şəklinə düşürlər. Məsələn, “çaylıq” “çaylaq” olub, “dişlik” “dişlək” olub, “otluq” “otlaq” olub və s. Bu mənada şişlik sözünün “şişlək” variantı da mümkündür. Öz növbəsində -laq, -lək sonluğu ilə bitən sözlərdən “l” səsi düşə bilir. Məsələn, “diblik” əvvəlcə “diblək”, ardından “dibək” olub, “yallıq”, əvvəlcə “yallaq”, ardından “yalaq” olub, “dillik” əvvəlcə “dillək”, ardından “dilək” olub və s. Eyni qanunauyğunluqla “şişlik” sözü əvvəlcə “şişlək”, ardından “şişək” olur. 2) Lakin “şişək” sözü şişlikdən yox, birbaşa “şiş” feil kökündən də yarana bilərdi. Necə ki, “qaçmaq” feilindən “qaçaq”, “yatmaq” feilindən “yataq”, “kəsmək” feilindən “kəsək” yarandığı kimi “şişmək”dən də “şişək” yarana bilir.

4. “Şiş” sözünün etimologiyasına gəldikdə, o, çox böyük ehtimalla “dik” sözüylə qohumdur. Dilimizdə d-t-s-ş-k-ç bir-birinə çevrilən səslərdir. Məsələn, “diş” “dik” deməkdir; “döş” də “dik” deməkdir; “şax durmaq” “dik durmaq”dır; “şaxlanmaq” və yaxud “şeşələnmək” “diklənməkdir”, “dikəlməkdir”; “şaşırmaq” “diksinib dik qalxmaqdır”. “Şeşə” sözünü dialektlərdə ”dik” mənasında da işlədirlər, məsələn: “Şeşə buynuz cöngədən yaxşı öküz çıxajax” kimi; “dikbaş” mənasında da, məsələn: “Şeşə adamnan mənim heç aram yoxdu” kimi. Beləliklə, Şuşa adı “şiş” sözünə, “şiş” sözünün özü isə “dik” sözünə gedib çıxır. Belədə, Şuşa – şaxlanan, şeşələnən, şaşırdan, diklik, dik, dikələn, diklənən yer deməkdir.

5. Beləliklə, biz “şiş > şişək > şişə > şuşa” keçidini əldə edirik. Lakin bu keçiddə sual doğuran məqam incə saitli “şiş” (< dik) kökündən törəyən yenə incə saitli “şişək” və yaxud “şişə” sözünün necə olub birdən birə qalın saitlərdən düzələn “şuşa” adına çevrilməsidir. Bunu necə izah etmək olar? Görünür, Şuşa adının yaranmasında ikinci bir söz də iştirak etmişdir. Ola bilsin, vaxtilə “şiş qaya” kimi mürəkkəb bir ad olmuş, sonralar bu sözlər yavaş-yavaş kontominasiyaya uğrayaraq, yəni bir-birinə qovuşaraq “şuşa” adına çevrilmişdir. Necə ki, məsələn, “qaralmaq” sözü “qara olmaq” sözlərinin, “bünövrə” sözü “bina dövrə” sözlərinin kontominasiyasından yaranmışdır. Beləliklə, biz “şuşa” sözünə gedən yolda aşağıdakı ikinci mümkün keçidi əldə etdik; şiş qaya > şişa > şuşa.

6. Şumer dili lüğətlərində bizim “şiş” sözümüzlə həm səslənmə (fonetika), həm də məna (semantika) baxımından tamamilə üst-üstə düşən “uş” sözü var; “uş” boylu qadının şişmiş, şişkinləşmiş, dikəlmiş qarnı deməkdir. Şumercə “uş” sözü bizim “uşaqlıq” (ana bətni), “şiş”, “şişək”, “uc” kimi sözlərimizlə qohum görünür.

7. Şuşa adındakı şişlik doğumla, boylu olmaqla, feminin məhsuldarlıqla əlaqədardır. Şuşanın görünüşü də hamilə qadının göbəyini xatırladır. Min illərdir ki, diklik və yaxud şişkinlik maskulin (ərkək) məhsuldarlığın, əkən kişi gücünün, yəni fallusun rəmzidir. Ancaq daha qədim min illiklərdə eyni diklik və yaxud şişkinlik feminin (dişi) məhsuldarlığın, doğan qadın gücünün, yəni vaginanın rəmzi idi. Biz indi Şuşanın dikliyini kişi duruşumuz kimi qavrayır və bundan ləzzət alırıqsa, qədimdə nənə-babalarımız Şuşanın şişkinliyini analığın, doğumun və əbədiliyin rəmzi kimi qavrayır, ondan həzz alırdılar. Şuşanın sakrallığının mənşəyi budur.



# 7538 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
Milad - Vladimir Nabokovun hekayəsi

Milad - Vladimir Nabokovun hekayəsi

10:00 2 iyul 2026
Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər