"Stand up Baku"nun Alim Cəfəri: “Onu öldürmək istəyirlər” – Müsahibə

Alim Cəfər, standapçı, ssenarist

Alim Cəfər, standapçı, ssenarist

1 dekabr 2021
# 09:00

Kulis.az “Stand Up Baku”nun stendapçıları ilə silsilə müsahibələrə başlayır. Budəfəki qonağımız ssenarist, yumorist Alim Cəfərdir.

- Alim, öz həyat hekayətindən qısaca bəhs etdiyin bir standapın var. Orda deyirsən ki, bir tərəfin dağıstanlı, bir tərəfin qərbi Azərbaycanlı, o biri tərəfin iranlıdır... Burda nə qədər reallıq vardı? Ümumiyyətlə, standapda uydurmaya nə qədər yer verilir?

- Həyat hekayətim dediyim kimidir. Nə varsa, onu demişəm. Hələ az demişəm. Məndə ana tərəf dağıstanlıdır, ata tərəfim Qərbi Azərbaycandandır, özüm Yevlaxda doğulmuşam. Nənəm İçərişəhərdə dünyaya göz açıb, onun da əsli İrandandır. Mən başqa standapçıları deyə bilmərəm. Bilmirəm, onlar öz başlarına gələnləri danışırlar, ya uydururlar. Sırf özümə gələndə isə, danışdıqlarımın 80 faizi yaşadıqlarımdır. Onsuz danışanda tamaşaçı onun yaşanmış olduğunu hiss edir. Ola bilsin, nəsə bəzəyərəm. Standapın bəzəmə sənətidir. Ancaq uydurma deyil.

- Deyəsən, standap deməyin ilkdi. Yəni “Stand up Baku”dan əvvəl olmayıb.

- Yox, olmamışdı. Elə mən çöldən gəlib girdim bu işə.

- Necə oldu bəs “Stand up Baku”ya gəliş tarixçən?

- Mənim əsas işim ssenaridir, ssenaristəm. Standap mənim ikinci kateqoriyalı işimdir. Ssenari yazırdım. Və yazanda da istər-istəməz bir çevrə ilə tanış olursan. Elvin Paşa var, bizim dəyərli dostumuz, ssenarist, şair. Elvin dedi ki, gəl standapa, bax, gör fikir bildir. Mən də əvvəldən baxırdım onsuz da. Getdim ora, işin mətbəxini öyrənmək istəyirdim. Baxdım. Sonra Elvin dedi ki, bəlkə sən də çıxıb standap deyəsən. Dedim, əslində fikrim var standap deməyə, sadəcə bayağı da çıxsa özümü yandırmaqdan qorxurdum. Açığı, hazır deyildim, gərək bu iş üçün hazır olasan. Elvin dedi, sənin Fb-da yazdığın zarafatlar xoşuma gəlir.

- Hətta sənin haqqında bir fikir dolaşırdı: deyirdilər, Alim pulsuz zarafatlar eləyir...

- Hə (gülüşmə). Bu bir az özündən müştəbehlik kimi səslənir, amma uşaqlar deyirdi ki, sən bu zarafatları elə bil çölə tullayırsan. Standapdan əvvəl mən sosial şəbəkədə insanları güldürmüşəm, kütləm orda olub. Elvin də elə bir adamdır ki, istəyir, mən zirvələrdə olum, məni hamıya istedadlı kimi tanıtsın. Dedi layihə rəhbəri ilə danışmışam, dedim, bura bir uşaq gələcək, dağıdacaq buraları. Dedim, a kişi, elə demə də, gedərəm birdən, dağıda bilmərəm, vəziyyət pis olar (gülüşmə).

- Nə qədər vaxt keçdi bu söhbətin üstündən?

- Üç-dörd ay dedi də mənə bunu. Axırı, razılaşdım. Mənə dedi danışacaqlarının mətni var. Mən də dedim ki, nə danışacağımı bilirəm, hazırdır. O şairlərdə olur e, yazdığı xeyli material bir yerdə durur. İstənilən gənc şairi qaldırsan, altından 5-6 şeir kitabı çıxar. Hə, zarafatlarımı danışdım, xoşuna gəldi, dedi, çox yaxşıdır. Məndə də bir xasiyyət var, özündən əmin adam deyiləm. Bu işi bacarmaram mənasında yox. Gördüyüm işin keyfiyyətinin aşağı olmasından qorxuram. Həyatda minimalist adamam. Tutaq ki, maşınım olmasa da, yaşaya bilərəm. Amma yaradıcılıqda ən pik həddə çatmağı istəyirəm. Nə isə, yazdım mətni, oturduq çayçıda, Elvin baxdı, bir az düzəlişlər elədi və hazırlandım çıxışa. Çıxış günü də həyəcan dəhşət çox idi.

- Adi vayn çəkəni daha tez anlamaq olur, lakin standapçının zarafatlarını hər adam anlaya bilmir. Sən də sosial şəbəkədə zarafatlar eləyirdin, oranın da müəyyən kütləsi sənin zarafatlarını tuturdu. Bəs standapda belə bir qorxu yaşamadın ki? Birdən zarafatlarını anlaya bilməzlər...

- Standap beyin məhsuludur. Bir beyin məhsulu hamı tərəfindən sevilə bilməz. Mən də buna görə qorxurdum, əlbəttə. Sosial şəbəkədəki kütləni tanıyırdım, onlar daha modern idilər, zarafatı tez tuturdular. Buna da özümü hazırlamışdım.

- Məndə belə təəssürat var ki, “Stand up Baku” tamaşaçıları daha çox imkanlı şəxslərdir. Və o imkanlı şəxslər üçün aşağı təbəqə, kasıb dünyası bir az komik görünür. Bilmirəm, nə dərəcədə haqlıyam. Sən bunu müşahidə eləmisən?

- Mən səninlə razı deyiləm. Belə bir qanun yoxdur ki, 10 varlı adam gətirib standapa qulaq asdıracağıq və hamısı da güləcək. İmkanlı ola bilərsən, ancaq zövqün standap zövqü olmaya bilər.

- Bunu niyə dedim? Çünki mənə elə gəlir, “Stand up Baku”dakı hər çıxışçının öz obrazı var. Tutaq ki, Elvində bu şair obrazıdır. Səndə işsiz, kasıb obrazı gözə dəyir. Mən ona görə dedim ki, varlılar kasıb dünyasında komik şeylər daha çox tapırlar. Çünki kasıblığın içində komik anlar çoxdur, varlılıqda isə bu azdır.

- Hesab eləmirəm ki, mənim obrazım işsiz, kasıbdır. Kasıblıqdan konkret bir standapda danışmışam. Bu da şüur altına oturur. Mən tarixdən də standaplar eləmişəm. Sonra bu ikisini müqayisə eləmişəm. Məsələn, demişdim ki, Misirdə skelet tapırlar, deyirlər, bu II Ramzesdir. Deyirəm, adicə saçını qırxdırıb evə gedəndə, məni tanımırlar, sən hardan bilirsən bu Ramzesdir. Hətta Ramzesin özü də fikirli qalır ki, görən mən birinciyəm, ya ikinci (gülüşmə). Yəni mənim bu cür, elmi məsələlərə istinad eləyən zarafatlarım da olur. Ona görə də mənim konkret obrazım yoxdur.

- Ümumiyyətlə, standapçı üçün bu xüsusiyyət önəmlidir? Obraz yaratmağı deyirəm...

- Giriş üçün önəmlidir. Ancaq davamlı olmur. Biz yaxşı nümunələr gətirə bilərik. Tutaq ki, Cem Yılmaz. Cem Yılmazın obrazı nədir? İşsiz, təkər, key? O deyil. Cem Yılmazı zarafatlarının çəkisi ilə tanıyırlar. Durub Cem Yılmaza bu sırğalı oğlandı deyə bilməzsən.

- Bizdə standap eləyəndə həmişə gətirib onun qabağına Cem Yılmazı qoyurlar. Məsələn, Fərda standap konserti eləyəndə də bu kimi fikirlər səslənmişdi.

- Mənə də çox olub deyən. Deyiblər, Cem varsa, niyə mən Alimə baxmalıyam? Cemin danışdığı standapdırsa, Alimin danışdığı nədir? Çox təbii qarşılayıram. Çünki insanlar daha yaxşı şeylər görüb sonra ondan zəifini görəndə istər-istəməz bu cür fikirlər səsləndirirlər. Məsələn, mən Real-Liverpul oyununa baxıram, dinamika, surət, ləzzət eləyir. Sonra Dinamo Tiblisi ilə Santredianın oyununa baxanda deyirəm, bu nədi, a kişi? Amma indi İspaniyada Real Madrik klubu var deyə Gürcüstanda futbol olmasın? Bu tənqiddir. Amma tənqiddən o tərəfə bir şey deyil. Tənqid o deyil ki, sən tənqid eləyəsən və o adam o işi eləməyə. Tənqid o deməkdir ki, sən bundan daha yaxşısını elə.

- Ümumiyyətlə, standapda bir yarış varmı? Mən ondan üstün olmalıyam və s.

- Yazılı şəkildə bir yarış yoxdur. Ancaq rəqabət var. Məsələn, Ramiz Rövşən hamıdan üstün şairdir. Onu tənqid edən şairlər belə Ramiz Rövşən kimi yazır, gecələrdə necə Ramiz ola bilərəm haqqında düşünürlər. Bu da işin xeyrinədir əslində. Bizdə də o cürdür. Rəqabət hər yer var, olmalıdır.

- Sənin rəqib kimi gördüyün kimlər var “Stand up Baku”da?

- Rəqib deməyim... Yaxşı standapçılar var orda. Elvin Paşa, məsələn. O məndən əvvəl çıxış eləyir. İstəyirəm ki, yaxşı mənada standapım onun üstünə çıxsın. Yaxud Qalib var. Ülvi ilə yarışmaram, məsələn. Çünki Ülvi aktyordur, bizim istiqamətlərimiz ayrı-ayrıdır. Cəmili çox bəyənirəm. Cəmil bəlkə də hamımızdan güclüdür. Adamın artistizmi var, müğənnidir, səsi ilə də oynaya bilir. Məndə isə bir tondadır səs. Amma Cəmildə parodiya var, vizual cəhətdən çox xoşagələn, komik adamdır.

- Bəs xanımlardan?

- Ülfət Bəşirlə Aytacdır. Onlar da standapçı deyillər. Özləri burda olsa, onlar da təsdiq edərlər. Sadəcə Azərbaycanda da xanım standapçılar var deyə onlara səhnə vermişik. Onların zəif olmaqlarının səbəbi özlərində də deyil.

- Standapda qadın-kişi ayrıseçkiliyi var? Yəni kişi daha yaxşı standap deyir, qadın zəifdir...

- Məncə, bu cür ayrıseçkilik yoxdur. İstedadı olan yaxşı standap eləyər. Məsələn, qadının bizdən çox teması var e... Bəzənməyi-düzənməyi tutaq ki. Bizdə vur-tut 20 dəqiqə çəkir, onlarda nə qədər... Qadın bunları danışsa, hamıdan gülməli olar.

- Bəlkə də qadın müşahidəçi yox, hadisənin iştirakçısı deyə onları sonradan danışa bilmir.

- Ay sağ ol! Amma standapçıdırsa, mütləq müşahidə eləməlidir. Bircə başını qaldırsa, çox gözəl standap eləyə bilər.

- Alim, standaplarda hazır ssenari üzərində gedirsən, yoxsa improvizələr də edirsən?

- Mən bir az təcrübəsiz olduğum üçün hələ ki bunu eləyə bilmirəm. Bəzən olur ki, tamaşaçılardan kimsə zarafatıma gülür, ordan nəsə çıxır. Ancaq bu hər dəfə olmur. Məsələn, Cem Yılmaz tamaşaçıyla oynaya bilər, ancaq Alim hələ oynaya bilməz.

- Amma bir dəfə aparıcıyla zarafat etmişdin deyəsən...

- Hə, Xose Bernardo ilə. O da tutmadı heç. Məni Alim Cəfərov kimi təqdim eləmişdi. Mən də dedim ki, sənə Xose Bernardozadə desəm xoşuna gələr?

- Standap çıxışlarına görə nə qədər qonorar alırsınız?

- Etik deyil onu demək. Kişinin maaşını soruşmazlar.

- Rezidentlərə görə dəyişir?

- Yox, dəyişmir. Hamıda eynidir.

- Bəzən sizin qıcıq yaratdığınızı deyənlər olur.

- Qıcıq yaratmaq nədir? Elə standapçı var ki, onu öldürmək istəyənlər də var. Amma standapçı cinayət eləmir ki. Çıxıb camaatı güldürür də.

- Səndə çıxışlar bir az monoton gedir.

- Elədir. Bayaq da dedim onu. Bu əslində pis bir şeydir. Başqaları bir-iki zarafat eləyib güldürür. Mən hər addımdan bir mina basdıran kimi zarafat basdırmaq məcburiyyətindəyəm.

- Enerji çox xərcləyirsən...

- Mən bəlkə də üç standapın zarafatını bir standapda eləyirəm. Sırf Azərbaycan mühiti üçün deyirəm. Bunu ona görə eləyirəm ki, camaat mənə baxanda bezməsin. Səsi yoxdur, oynamağı bacarmır, heç olmasa zarafatları var, ona baxmaq olur.

- Səhv eləmirəmsə, Yılmaz Erdoğanın fikri idi, deyirdi ki, komediyen, yəni standapçı mütləq güldürmək üçün çıxış eləmir. Yəni zarafat tək məqsəd deyil. Var belə məqsəd səndə? Mütləq güldürməlisən... Əslində situasiya gülməli olmalıdır, boşa zarafatlar demək də sıxıcı ola bilər və tutmaz.

- Mən həmişə başıma gələnləri danışmıram. Çünki bu tamaşaçını iyrəndirə bilər. Deyə bilər ki, yalan danışıram. Çünki gülməli hadisəni uydurmaq asandır. Məsələn, mən danışaram ki, APA Holdingin qabağında qarşıma Alla Puqaçova çıxdı. Alla mənə dedi ki, gedək manatlıq çay içək. Olmuş hadisədi? Yox. Amma atıram və gülməlidir. Bunu uydurmaq asandır, ancaq zarafatı fikirləşib otuzdurmaq çətindir. Standapçının zarafat eləmək qabiliyyəti 50 faizdir. Tutaq ki, Cem Yılmaz o dünya haqda zarafat edəndə deyir ki, neandertallar nə deyəcək orda. Vəssalam, hamı gülür. Qısa və konkret. Bizdə maksimum 10 dəqiqə verirlər. O 10 dəqiqəyə heç yerdə işlənməyən, unikal zarafatlar eləməlisən ki, camaatı güldürə biləsən. 10 dəqiqəyə hansısa hadisəni başdan sona nəql edə bilməzsən. Dastan açmaq olmur. Tamaşaçı nağdıdır, deyir, güldür məni. Sən o 10 dəqiqədə özünü sübut eləməlisən. İndi o səviyyəyə çatmamışam, amma nə vaxtsa solo konsert eləsəm, yavaş-yavaş, aram-aram standap danışa bilərəm. Standapçı mütləq güldürməlidirmi? Bununla tam razı deyiləm. Əvvəl də, standapçı olmadığım vaxtlarda da düşünürdüm ki, standapçı güldürməməlidir, düşündürməlidir, o düşüncə yolunda güldürməlidir.

- Alim, sizin öz aranızda zarafatların keyfiyyəti haqda müzakirəniz olurmu? Bir-birinizi açıq tənqid edə bilirsinizmi?

- Olur, əlbəttə. Bu dəqiqə Ağ Evdə də davadır. Hər yerdə bu cür rəqabət hissi, tənqid var.

- İnciyən olur?

- Hər şey olur, qardaş. İnciyən də, xoşuna gələn də. Məsələn, mənim elə çıxışlarım olub ki, Elvin ya bir başqası deyib, Alim, bu dəfə zarafatların zəif alınmışdı. Elə dostum var ki, kəskin tənqidçidir, deyir, ümumiyyətlə, bu çıxış olmamalıydı, nə gündəsən sən və s. Tənqid acıdır, amma gözəldir. Acıdır, amma obrazlı desək, adama ləzzət eləyir. Dadı yaxşı deyil, ancaq nəticəsi yaxşıdır. Üçüncü çıxışımda o qədər tənqid olundum ki, içimdə nələrsə qırıldı. Sonra evə gedərkən yolda düşündüm. Düşündüm ki, nələri, hansı zarafatları düzgün eləməmişəm. Və bu nəticə mənə müsbət təsir elədi.

- Alim, elə olub ki, standap danışmısan, sonra çıxıb maşına minmisən və yolda danışdığın standapdan daha maraqlı bir hadisə baş verib?

- Olub, hə (gülür). Taksiylə gəlirik, maşını da bir ağsaqqal sürür. Birdən maşının içinə qara tüstü doldu. Tünd qara tüstü özü də. Fərqinə varmayacağın bir şey deyildi. Ay ağsaqqal, bu nədi, nağarırsan sən? O da sakitcə dedi ki, maşın qırılıb, ona görə tüstü dolub içəri. Bir az keçəndən sonra tüstü dağıldı, bizə dedi ki, bacıoğlu, olar bir siqaret yandırım? Dedim, ağsaqqal, sən bizi o qara tüstüdə boğan adamsan, indi mən sənlə bir siqaretin söhbətini eləyəcəm (gülüşmə). Elə bil səni öldürürəm, sonra deyirəm, olar səndən bir çimdik götürüm? Kişi güldü sözümə. Özü də dedi ki, Allah səndən razı olsun, neçə vaxtı gülüş boğazımda ilişib qalmışdı, ha eləyirdim çıxmırdı, bu sözündən sonra çıxdı üzə.

- İşinlə əlaqəli olaraq yəqin ki, hər şeyə mövzu kimi baxırsan.

- Hə, elədi. Məsələn, mən əvvəl ayaqqabı tikən olmuşam. Yəni ayaqqabının sıfırdan istehsalında olmuşam. Onda metroya minəndə hamının ayağına baxırdım. Fikirləşirdim ki, bunun ayaqqabısının tikilişi niyə belədir, niyə bizdə yoxdur bu cür tikiliş və s. Təbii ki, standapda da bu müşahidə məsələsi var. Yumorla məşğulam, çıxıram küçəyə, hər şeyə gülüş obyekti kimi baxıram. Biri metroda, basabasda filankəsə izah eləyir ki, vallah oteldə deyildim, başqa yerdəydim. Əvvəl ayaqqabılara baxırdım, sonra insanlara, onların danışıqlarına baxdım.

- Yaxınlarının, doğmalarının dediyi zarafatı standapda işlətdiyin olubmu?

- Hə. Xalam oğlu var, adı Əşrəfdir. Əsgərlikdən gələndə bununla getmişdik əyin-baş almağa. Bizim də büdcəmiz balaca bir şeydi. Girdik mağazaya, satıcı qabağımıza keçib ki, qardaş, belə bir modelimiz var, belə bir modelimiz var. Xalaoğlu da mənə dedi, bu saat bunu çəkəcəm qırağa ki, bax belə bir pulumuz var, başımıza nə fırlanırsan (gülüşmə). Sonra gəlib bu zarafatı standapda elədim.

- Alim, mən bir müddət rayonda yaşadım. Orda öz işimi insanlara izah etmək çətin idi. Başa sala bilmirdim ki, nə iş görürəm...

- Bildim nəyi deyirsən. Bizdə də olur elə şey. Deyirlər, Zauru görürsən orda, Zaur neynəyir oralarda. Elə bil biz bütün günü Zaurun başına yığışırıq.

- Öz işini necə izah edirsən? Standapçı nədir deyəndə...

- Uyğun formada başa salıram ki, adam çıxır tamaşaçıların qarşısına, sizin bir-birinizdən elədiyiniz zarafatları hamını yanında eləyir. Və bu da bir sənət növüdür, insanları güldürmə sənətidir. Məsələn, Telman Adıgözəlov da, Naibə Allahverdiyeva da, Arif Quliyev də bu sənətlə məşğul olublar. Bu da belə bir şeydir, sadəcə bunun bir az modern formasıdır.

- Deyirlər ki, çıxıb danışmağa nə verirlər?

- (Gülür). Ciddi qəbul etməyənlər də var yəqin, hə. Deyirlər, sən Allah, pul zad verirlər orda danışmağa? Elə bil biz havayla, suyla dolanırıq. Bu da təbiidir. Bizdə standap təzə-təzə populyarlaşır.

Foto: İlkin Nəbiyev

# 3702 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #