Sosial şəbəkələr dövründə ədəbiyyat

Sosial şəbəkələr dövründə ədəbiyyat
27 iyul 2023
# 16:23

Kulis.az Qismət Rüstəmovun "Sosial şəbəkələr dövründə ədəbiyyat" adlı yeni yazısını təqdim edir.

Ölümündən əvvəl görkəmli yazıçı, alim Umberto Eko "İtalyan mədəniyyətini və beynəlxalq mədəniyyət fəzasını zənginləşdirdiyi üçün" Turin Universitetinin rektoru Canmaria Adcanidən "Media kommunikasiyası və mədəniyyəti" sahəsində fəxri ad alarkən sosial media ilə bağlı böyük rezonans doğuran fikirlər səsləndirmişdi. Eko çıxışında sosial media haqqında belə demişdi: "Sosial media əvvəllər ancaq barda bir qədəh içəndən sonra dili açılan idiotlar ordusuna danışmaq fürsəti verdi. Bu tiplər cəmiyyətə zərər vermirdi, barda tezcə susdurulurdu. İndi isə sosial media sayəsində Nobel almış yazıçılar qədər danışırlar".

Böyük alimin bu fikirləri birmənalı qarşılanmamışdı. Belə ki, bir yandan sosial medianın böyük söz və fikir azadlığı fəzası yaratdığını deyənlər ilə hamının hamıya ağıl öyrətdiyi bu fəzanın zərərləri haqqında danışmağı, texnologiyanı tənqidedilməz büt saymamağı yanlış yol sayanlar arasında mübahisələr başladı. Ancaq reallıq odur ki, bu gün ənənəvi media vasitələri yeni media vasitələri, xüsusilə sosial şəbəkələrin operativliyi qarşısında gah geri çəkilir, gah da özünü oradakı - virtual dünyadakı tempə, mövzulara uyğunlaşdırır. Bu gün sosial şəbəkələri nəzərə almadan informasiya vasitələrindən danışmaq qeyri-mümkündür, anaxronizmdir.

Bu gün dünya ədəbiyyatının aparıcı mövzularından biri, bəlkə də birincisi, XXI əsrin ideya istiqamətini indidən müəyyənləşdirən əsas mövzu - insan və texnologiya münasibətləridir, süni intellekt və insandır. Çağdaş mədəni prosesləri ən azı 30-40 il geridən izləyən humanitar fikrimizdə sosial şəbəkələr və ədəbiyyat mövzusuna münasibət daha çox dünyada bu texnologiyaların yeni yarandığı illərə xas refleklərlə özünü göstərir: belə ki, hansısa mətn əvvəl qəzetdə, kitabda çap olunur, sonra da onu sayta yerləşdirirlər. Bu, dünya üçün ötən əsrin 90-cı illərinin sonuna xas davranışdır. Bu gün bu refleks ən geridəqalmış, özünü yeniləyə bilməyə, zamana uyğunlaşa bilməyən köhnə, konvensional, ənənəvi media orqanları üçün xarakterikdir. Yeni media vasitələri və alətləri, oradakı özünüifadə imkanları, qazanc mənbələri həmin məcralar ayrıca, məxsusi kontent yaratma tələb edir.

Dünyaca məşhur sosial media fenomenlərinin, məsələn, yutuberlərinin heç biri əvvəlcə hansısa televiziya kanalında çıxış edib, sonra həmin çıxışı yutub kanalına yükləməklə özünü realizə etməyib. Hamısı birbaşa sırf yeni yaratdıqları kanal üçün ayrıca rubrikalar, şortslar çəkməklə yeni əsrin gerçəkliyinə münasibət bildirir. Burada dil də, ifadə tərzi də avtomatik olaraq dəyişir. Rəsmi televiziyaların sığallı-tumarlı, ütülü, ləngərli, efiri nəzərə alan dilindən, gündəlik həyatın tempinə uyğun, gözlənilməz keçidləri olan, ciddi ilə yumoristik olanın əvvəldən planlaşdırılmamış şəkildə bir-birinə keçdiyi daha çevik ifadə tərzi ön plana keçir. Bu, qaçılmaz şəkildə bədii ədəbiyyata da təsir edir. Vaxtilə türk poeziyası üçün Orxan Vəlinin açdığı yığcamlıq, birbaşalıq, xəfif ironik tonla zəngin ifadə tərzi necə birmənalı qarşılanmamışdısa, indi də həmin polemika ənənəvi media ilə yeni media arasında gedir. Daha dəqiqi, dünyanın aparıcı ölkələrində artıq bu reallıq dərk edilib və vəsait bu yeni məcraya axır. Əgər bir günün içində bütün fərdi kompüterlər, əlimizdən düşməyən smartfonlar yoxa çıxmayacaqsa, zamanın hansı gələcəyə doğru axdığını təxmin etmək elə də çətin olmamalıdır.

Elə bilirəm, bir başqa vacib və əhəmiyyətli tendensiya da bədii ədəbiyyatın, xüsusilə romançılıq sənətinin dünyadakı sözügedən reallıqlara öz münasibətini bildirməsi, yeni əsrin bu gerçəkliklərini öz mövzusuna çevirməsidir. Məsələn, bu sıradan nümunə üçün iki romanın adı çəkə bilərik. Biri Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Kazuo İşiquronun "Klara və günəş", digəri isə ingilis yazıçısı Yan Makyuenin "Mənim kimi robotlar" romanıdır. Hər iki romanın əsas personajların biri artıq süni intellektlə işləyən insan surətli robotlardır. Şübhəsiz ki, bu sıradan olan romanların sayını çoxaltmaq olar, ancaq adı çəkilən əsərlər humanitar fikirdə müzakirə doğurması və simptomatik olması, üstəlik, təkcə texnologiya və insan münasibətləri kontekstində yox, eyni zamanda, yeni əsrin texnogen özülü olan sosial-fəlsəfi cərəyanları kimi geniş vüsət alan post-humanizm, trans-humanizm kimi istiqamətlərlə birbaşa və ya dolaylı əlaqəsi baxımından da diqqətəlayiqdirlər. Bu romanların hər biri haqqında ayrıca yazımız olacaq.

İndi isə 2022-ci Azərbaycan sosial media məkanında ədəbiyyatla bağlı aktivlik göstərmiş, eləcə də yenicə yaranmış bəzi kanalların fəaliyyətinə nəzər salaq.

Ötən ilki məruzələrimizdə də adını çəkdiyimiz, fəaliyyətinə nəzər saldığımız yutubda kitab tanıtımları aktiv məşğu olan Lamiyə Göycəyeva bu dəfəki sorğuya cavabında belə dedi: "Lamiya blue-fox" adlı yutub kanalında bu il 15 video paylaşıb. Ən çox baxış gələn videosu (1286 baxış) "Klassik əsər ted videosu" adlı paylaşımı olub. Paylaşdığım videolarda müasir alternativ ədəbiyyat nümunələri, həmçinin, müxtəlif yerli nəşriyyatların ana dilimizə tərcümə etdiyi əsərlər haqqında danışmışam. Yerli yutub kanallarından, blogerlərdən aşağıdakıları izləyirəm: kanallardan "Canlı kitab", "Kandar", "Menzil 111", "Rəybərəy"; blogerlərdən Sərxan Rüstəmov, Çinarə Əhmədova, Səma Məmmədli, Ceyhun Atayev, Kitablardan danışaq, Aliyə Qasımova, Həmid Babayev, Bad readers".

Bir başqa tanınmış kitab blogeri, aktiv kitab təbliğatçısı Sərxan Rüstəmov sorğumuza cavabında deyib: "2022-ci ildə yutub kanalıma 40 video yükləmişəm. Ən çox izlənən videoma 11 min baxış olub. Bu 40 videoadan 22-si sırf kitab analizi və tövsiyəsidir. Daha çox uşaq kitabları, valideyn olmaz, pedaqogika, biznes və fərdi inkişaf kitablarından bəhs etmişəm. İzlədiyim yutub kanalları və blogerlər: "Rəybərəy", Çinarə Əhmədova, Lamiyə Göycəyeva, Sərdar Kızıloğlu".

Sosial media dünyasının digər tanınmış kitab blogeri Çinarə Əhmədova yutub fəaliyyəti haqqında sorğumuza belə cavab verdi: "2022-ci ildə əvvəlki illər nisbətdə daha az - 18 video hazırlamışam. Birinci Uşaq Kitab Festivalı ilə bağlı hazırladığım vloqum ən çox baxılan video olub. Vloq olduğu üçün bir kitabdan yox, festivalının ümumi ovqatından, aldığım kitablardan bəhs etmişəm. Yerli kanallardan və blogerlərdən izlədiklərim bunlardır: "Kitabı Karandaşla Oxuyanlar", Sərxan Rüstəmov, Həmid Babayev, yenicə "RəybəRəy" kanalı da bu sıraya qoşulub. Xaricdən isə daha çox Merphy Napier, Daniel Greene, Eric Karl Anderson, "Peruse Project" və "Flu TV"nin videolarını izləyirəm".

Yeni yaranmış, daha çox müsahibə formatında verilişlər təqdim edən "Kandar" kanalı haqqında sorğumuza Firidun Həsənov belə cavab verdi: "Kanal doqquz ay öncə yaranıb, ayda bir, yaxud iki geniş həcmli müsahibələr paylaşılır. Qonaqların seçilməyində meyar təkcə fikirləri deyil, bioqrafik olaraq Azərbaycan tarixi və profili ilə səsləşmələridir. Yəni, məsələn, tarixçi Əkbər Nəcəfi çəkiriksə, təkcə onu individ kimi göstərmirik, həmçinin, Elçibəy dövründə Türkiyəyə yollanan, sonra isə Bakıya qayıdaraq burada fəaliyyət göstərən bir personanın yolunu izləyirik. Mövzularımız ictimai-siyasi, incəsənət (meyxana, rep), din və s. ola bilər. Yerli podkast və reportajlardan bir neçəsinə baxmağa çalışıram (Söhbətgah, Əkinçi, Toplum tv və s.), müsahibə kanallarından isə daha çox rus (Eshenepozner, Dud), ingilis və türk kanallarını izləyirəm".

Yazıçı Sahilə İbrahimova Azərbaycanda ənənəsi olmayan bir ilkə, yeniliyə imza atıb. O, elektron formatda, ədəbi-bədii, publisistik məzmunda yazılar əsasında formalaşan, "Karusel" adlı elektron jurnal təsis edib. Özü bu barədə belə deyib: "Jurnalda həm təxəyyül (fiction), həm də ədəbiyyatla əlaqəli publisistik, elmi (non-fiction) yazıları yerləşdirilir. Jurnalın əsas oxucu kütləsi sosial şəbəkələrdən mütəmadi istifadə edən insanlardır. Məqsəd müasir insana ədəbiyyatın rolunu və köməyini anlatmaq, təklif etməkdir. Az qala hər şeyin alınıb-satıldığı kapitalizmdə insanlar yazı oxumağa sərf etdikləri vaxt müqabilində nə isə qazanmaq istəyirlər. Bu zəmində "Karusel" jurnalı az qala hər paylaşımda "biblioterapiyaya, öz hekayəni yazmaq, başqalarının hekayələrini oxumaq"la qazana biləcəklərimizi vurğulayır. Jurnaldakı yazılar bəlli bir söz və işarə limiti ilə müəyyən edilir, dinamik həyat yaşayan müasir insanın vaxtı və oxumaq gücü ilə ayaqlaşmağa, hesablaşmağa çalışır. Jurnalın dizaynı və müəlliflərin yazı tərzi maksimum dərəcədə müasir və eleqant tendensiyalara uyğunlaşdırılır ki, bəzi insanların ədəbiyyat haqqında pessimist, tünd rənglərlə boyanmış təsəvvürləri yoxa çıxsın. Jurnalda daha öncə hansısa mətbuu orqanda çap olunmamış yazılar yerləşdirilir. 2022-ci il ərzində 10-a yaxın müəlliflə əməkdaşlıq etmişik, iki şirkətdən maliyyə dəstəyi almışıq. Bu platforma müasir dünyada məşhur olan "patreon" ianə xidməti vasitəsilə də maliyyələşir. Belə ki, jurnaldakı yazılar öncə patronlarla paylaşılır, daha sonra ictimaiyyətə açılır. 2023-cü ildən müəlliflər az da olsa qonorar da ödənir".

2022-ci fəaliyyətə başlayan ədəbiyyat, mədəniyyətyönümlü yutub kanallarından biri də "RəybəRəy"dir. Dörd nəfərlik komandan ibarət olan kanalın ideya müəllifi bəndəniz Qismət Rüstəmov və tərcüməçi Anar Rəhimovdur; çəkilişləri tanınmış gənc rejissor Mətləb Muxtarov reallaşdırır. Kanalın sosial media meneceri Taleh Rəcəblidir. Kanalın açıqlama hissəsi belə yazılıb: "Ədəbiyyatdan tutmuş yemək, səyahət kültürünə qədər həyatın mədəniyyətlə kəsişdiyi hər sahəylə bağlı rəngəbərəng söhbətlər". "RəybəRəy" kanalı ilə bağlı Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid öz yazısında belə deyib: "Haqqında öncədən yayılan anonslardan Yutubdakı "Rəybərəy" kanalının uğurlu layihə olacağını təxmin etmişdim. Amma bir qədər əvvəl Qismətin həmin kanalda Ceyms Coysla bağlı söhbətini dinlədim və doğrusu, həm təxminimdə yanılmadığım üçün məmnun oldum, həm də kanalda sərgilənən yüksək zövqə, peşəkarlığa görə çox sevindim.

"Rəybərəy" kanalını, orada yayımlanan dəyərli verilişləri son zamanlar bu sahədə baş alıb gedən zövqsüzlüyə qarşı çarələrdən biri kimi görürəm. Belə maraqlı, sanballı və gərəkli layihələr düşük şou meyllərinin, get-gedə kütləviləşən səviyyəsizliyin yaratdığı dərin məyusluqdan çıxış yoludur.

Məncə, ədəbiyyata, sənətə "Rəybərəy"də olduğu kimi ciddi, peşəkar münasibət indi hər zamankından daha vacibdir. Çünki belə münasibət bu sahəyə ötəri əyləncə, asanlıqla məşhurlaşmaq meydanı kimi baxanları, xüsusən də qrafomanları, istedadsız, biliksiz həvəskarları qorxudub çəkindirəcək gücdədir".

iyun-iyul, 2023

Ədəbiyyat qəzeti

# 1615 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #