Sokrat, Xalq və üçüncü - İbrahim Aziz yazır...

Sokrat, Xalq və üçüncü - İbrahim Aziz yazır...
16 may 2023
# 13:35

Kulis.az İbrahim Azizin "Sokrat, Xalq və üçüncü" yazısını təqdim edir.

Xülasə

Fəlsəfə tarixini ikiyə bölən, ilk fikir və təfəkkür şəhidi, seçdiyi yolda çəkinmədən ölümə gedən Sokratın bu yazıda Afina şəhər-dövlətinin iqtidarı ilə yaşadığı münaqişənin, cəmiyyəti inandırmağa çalışdığı fikirlərinin arxa planındakı uyğunsuzluğunu izah etməyə çalışacağam. Hər nə qədər bu zamana kimi tarixdə və yaşadığımız dövrdə onun öldürülməsi düşüncəyə, ifadə azadlığına haqsızlıq kimi qəbul edilsə də, Sokratın fikirlərinin yaratdığı qorxuya, Afina şəhər-dövlətinin və cəmiyyətinin dincliyini pozacağına diqqət yetirəcəyik. Digər tərəfdən də Sokratın öz düşüncələrinə insanları inandırmaq üçün seçdiyi “dayağın” nəyə görə rasional qəbul edilə bilməməsini araşdıracağıq. Bunun üçün əvvəlcə Sokratın həyatına və Afina şəhər-dövlətinin siyasi vəziyyətinə nəzər salmaqda fayda var.
Açar Sözlər: Sokrat , Afina, Xalq, Tanrı, ifadə azadlığı


Sokrat və yaşadığı dövr

Kimilərinə görə yaşayıb-yaşamadığı bəlli olmayan Sokratın özündən sonra geridə heç bir yazılı əsər qoymaması bəzi insanların onu Platonun öz əsərlərini yazmaq üçün uydurduğu bir “personaj” olduğu fikrini oyandırır. Lakin belə olmadığını qəbul etmək üçün yetəri qədər səbəbimiz var. Bu düşüncəni o vaxt ciddiyə almaq olardı ki, Sokrat haqqında yeganə mənbə Platonun dialoqları olardı. Sokrat haqqında bildiklərimizi Platon, Ksenofon, Aristotel, Aristofan və qədim yunan tarixçisi Diogen Laertiosa borcluyuq. Sokrat haqqında sadəcə Ksenofonun yazdıqları dövrümüzə gəlib çıxsa idi, onu filosof kimi yox, bir əxlaq xətibi kimi görərdik, ya da sadəcə Aristofanın “Buludlar” əsərində yaratdığı personaj bizə qalsa idi, sofist bir Sokrat tipi ilə qarşılaşardıq. Platonun uydurduğu bir personaj olduğu düşüncəsində onun əməyi də az deyil. Platonun dialoqları ustalıqla redaktə etməsi onun tarixçiliyini şübhə altına alır. Sokrat sofistlərlə qarışdırılırdı, lakin sofist deyildi. Sokrat ilə Sofistlərin ən böyük fərqi onun maddi yoxsulluğu idi.

Sokratın tragediya və komediyalara mövzu olması Afinada məhşur olduğunu göstərir. Ksenofon Sokratı fəzilət timsalı olaraq qarşımıza qoyur. Eyni şəkildə Ksenofon onun Tanrılarla əlaqəsinin olduğunu deyirdi. Ksenofonun təsvir etdiyi Sokrat bir filosof deyil, bir mütədəyyinə bənzəyir. Buna görə də Qərbdə Paskal və Kyerkeqor kimi filosoflar onu İsa ilə müqayisə edirdi. İslam orta əsrlər dövründə isə bəzi düşüncə adamları Sokratla əlaqəli Ksenofona xas fikirləri nəzərə alaraq onun bir Peyğəmbər ya da mişkatül-nübuvvə olduğunu deyirdi. “Kimisinə görə isə Anaksaqorun tələbəsi idi. İdomeneusun dediyinə görə danışma sənətində usta idi; hətta Ksenefona görə, Otuzlar onun natiqlik sənətini öyrətməsini qadağan etmişdi”(Laertios, D. 2021,s.75).


Günümüzdə həqiqi Sokratın sadəcə Platonun xronolojik (tarixi cəhətdən) üç-dörd hissəyə bölünən dialoqlarının yalnız birinci hissəsində, başqa sözlə, “Sokratik” adlanan ilk dialoqlarda var olduğuna dair konsensus əldə olunub. Platonun Sokratın məhkəməsində şəxsən iştirak etməsi, Ksenefonun isə Sokratın ölümündən iki il əvvəl Afinanı tərk etməsi və məhkəmədə iştirak etməməsi səbəbi ilə Ksenofonun Apologia və digər Sokrat haqqındakı yazılarının böyük ehtimal şayiələrə və ya başqalarının (məsələn Platon) yazılarına əsaslanaraq yazdığı iddia edilir. Eyni zamanda Ksenefon Sokratın fəlsəfi tərəflərinə heç toxunmur. Platon tərəfindən bildiyimiz Sokrat sadəcə təbii səbəblərdən deyil, riyazi və məntiqi səbəblərdən də şübhəyə düşər, ona görə bunlar şeylərin nə üçün var olduğunu və nə üçün yox olduğunu açıqlamaz. Anaksaqorun kitabını oxuduqdan sonra hər şeyin son səbəbinin ağıl olduğunu qəbul edir. Platonun orta dövr dialoqlarına baxanda qarşımıza anamnesis, idealar, ruhun bədəndən-bədənə gəzdiyinə inanan böyük metafizik tezisləri olan bir Sokratla qarşılaşırıq.

Platonun gerçək Sokratı danışdırdığı dialoqlarda dialektik müzakirə müəyyən bir nəticə ilə bitmir, ancaq Platonun Sokrata əlavələr etdiyi dialoqlarda müzakirə mütləq bir nəticə ilə başa çatır. Aristotel isə Sokratı heç görməmişdi və hətta Afinaya onun ölümündən otuz iki il sonra gəlmişdi. Bu səbəbdən Metafizika əsərində Sokrat haqqında yazdıqları oxuyub-eşitdiklərindən ibarətdir. Eyni zamanda Platonun ideya anlayışının təməlini təşkil etdiyini, universal ilə onu yaradan xüsusi obyektlər arasında bir ayırım izlədiyini, lakin Platonun etdiyi kimi onları bir-birindən ayırmadığını qeyd edir. Sokratın bu xüsusidən ümumiyə keçiddə məqsədi sofistlərin relativizmindən yaranan çaşqınlıq, biliyin dəyişkən anlayışına, qısacası intellektual anarşizmə son verməkdir. Gerçəyin təmiz ağıl, əsaslandırma ilə əldə ediləcəyinə inanan Sokrat sofistlərdən fərqli olaraq, anlayışların universal təriflərini özü verməz, yəni ətrafındakı insanları öyrətmək yolu ilə bilikli etməyə çalışmazdı. (M.A.Ağaoğulları, 1989) Sokratınkı “docta ignorantia”dır.

Burada Sokratın bütün fəlsəfəsini başdan sona incələmək məqaləni kontekstdən çıxaracağı üçün Sokratın Elenkhos, Maieutike, İronie sənətləri haqqında yazmayıb, müzakirə mövzusu olmalı olan şeyə köklənməyə çalışacağam.
Sokratın yaşadığı dövrdə (e.ə 470-399) Yunan coğrafiyasında olan şəhər-dövlətlərində çox tanrılı inanc sistemi var idi. Hər nə qədər bu tanrılara inanmaq məcbur edilməsədə, onları ortadan qaldırmaq, yerinə başqa tanrılar gətirməyə çalışmaq və ya onları pisləmək mümkün görünmürdü. Əks halda bunun nə ilə sonlanacağı tarixin ən məhşur misalı ilə bizə göstərilir. Ən yaxşı ehtimal isə sizin orada toplumun təzyiqi ilə yaşama ehtimalınız idi ki, bu da zəif ehtimal idi. Afina şəhər-dövlətinin siyasi tarixinə baxsaq iqtidara kimin gəlməsi üstündə daxili münaqişələrin tez-tez baş verdiyini görərik. İqtidara hansı idarəetmə gəlirsə gəlsin, sonda müxalifətin bunu ya qəbul etməsi, qəbul etməsədə ya şəhəri tərk etməsinə, ya da öldürülməsinə gətirib çıxarırdı.

Təbii ki, Sokratın insanları ilk özünü tanımaqla düşüncənin önəmini anlamağa dəvət etməsi iqtidarın görməzdən gələcəyi bir şey deyildi. Bəzi düşüncə adamları Sokratı “aristokratik hərəkatın dirçəliş nümayəndəsi” kimi, bəziləri “demokratiya düşməni” kimi, bəziləri isə “demokratiya tərəfdarı” kimi qəbul edirdi. Əslində, Sokratın aristokratiya və ya demokratiya tərəfdarı olduğu qənaətinə gələn istənilən qiymətləndirmə problemə yanlış bucaqdan yanaşır. Koplestonun da dediyi kimi “onun problemi ümumi siyasət ilə deyil, lakin əxlaqi normaları və düşüncələri onu siyasətlə maraqlanmağa məcbur edir” (Kopleston s.139).

Üçüncü və problemlər

Sokrat əxlaq filosofu idi. Təbii ki, əxlaq deyiləndə digər kainat, dünya və təbiət haqqında düşünən fikir adamlarından fərqli olaraq bu düşüncələri paylaşan (öyrədən) şəxsin ilk özü tərəfindən mənimsənməsi və onlara uyğun yaşamasıdır. Buna misal olaraq Peloponnes müharibəsi dövründə müxtəlif döyüşlərə qatıldığını və bu döyüşlərdə cəsarət və qəhrəmanlıq göstərdiyini e.ə 432-ci ildə Potideyanın mühasirəsində gənc Alkiviadın (Alkibiades) həyatını xilas etdiyini bilirik. Peloponnes müharibəsinin Afinanın məğlubiyyəti ilə nəticələnməsindən dərhal sonra oliqarxiyanın tərəfdarları iqtidara gəlib, Otuzlar Hökümətini (Otuz Tiran) qurub, bəzi terror aktları törətməyə başladılar. Verdikləri əmrlər arasında Salamisli Leonun oradan gətirilib öldürülməsi də var idi. Bu əmrə Sokratdan başqa dörd nəfər tabe olur, o isə qorxmadan evinə dönür.

Özünün Platonun Sokratın Müdafiəsində qeyd etdiyi kimi, (32 d) əgər Otuzlar Höküməti bu hadisədən qısa müddət sonra dağılmasa idi, bu cəsarətli davranışının əvəzini həyatı ilə ödəyəcəkdi. Sokratla uzun müddət dost olan Khairefon bir gün Delfoiya gedir və orada Apollon məbədinin kahininə insanlar arasında Sokratdan daha müdrik birinin olub-olmadığını soruşur, kahinin cavabı isə “Xeyir” olur. (Platon, 21 a; Ksenofon, 76) Sokrat kahinin və kahinə bu sözləri söylədən Tanrının, yəni Apollonun bununla nə demək istədiyini özünə soruşur və buna görə ətrafda müdrik deyə qəbul edilən insanların həqiqətən müdrik olub-olmadığını, özünün isə nəyə görə onlardan üstün seçildiyini araşdırmağa başlayır.

Dövlət adamları, faciə yazıçıları, şairlər kimi özünü müdrik sayan insanların gerçəkdə heç bir şey bilmədiklərini görür. Bəlkə də buna görə Sokrat “Siyasətdə dürüst insanlar çox yaşamaz” deyirdi. (B.Rassel 2021, s.175) Özünün isə bunlardan tək fərqinin bir şey bilmədiyinin fərqində olduğunu deyirdi. Bütün zamanını iş yerlərində, küçədə və agorada insanlara suallar verərək onların biliksiz olduğunu qarşılıqlı dialoq yolu ilə üzə çıxarırdı.

Sokrata görə fəzilətlə əxlaq özündə ayrı şeylər deyildi. Əxlaqlı olmaq bilikli olmaqla əlaqəli idi. Heç kim istəyərək pis insan olmaz, pislik biliksiz olmaqdan irəli gəlir. Sokrat bəzi şeylərin, xüsusilə, biz insanların həyatında dəyişiklik yaradacaq anlayışların hamı üçün dəyişilməz, eyni qarşılığı olduğunu iddia edirdi. Təbii ki, insanları bu şəkildə özünü sorğulmağa çağıran düşüncə təqdirəlayiqdir. Lakin bunun başında problem olduğunu düşünürəm. Tanrı Apollon və ya kahin dedi deyəmi insan özünü sorğulamalıdır? Mütləq şəkildə avtoritar qüvvə araya girməsə, insan fəzilət, əxlaq sahibi ola bilməzmi? Və ya ateistlərin, məncə, haqlı olaraq verdiyi “Apollon yaxud da kahin sənə bir şeylər deyirsə, bizə niyə demir, mən nəyə görə sənə inanmalıyam” sualına sağlam cavab tapmaq zənnimcə mümkün deyil.

İkinci problem isə Sokratın bir tərəfdən qanunlara sonuna qədər sadiq olması, digər tərəfdən isə qanunların qoruduğu cəmiyyətin düşüncələrini sarsıtması özündə paradoks yaradır. Sokrat edama məhkum edilməsinə rəğmən bundan xilas olmaq, qaçmaq ehtimalı olsa da, qismətinə razı olması həm cəsarətini, həm də dövlətin qanunlarına etimadını göstərirdi. Burada hər nə qədər Sokrata haqsızlıq kimi qəbul edilsə də, bu tarixi məsələdə, o həqiqətən də mühakimə edilməli idi, çünkü, burada bir itaətsizlik var idi. Lakin Sokratın istədiyi qətiyyən bir xaos mühiti deyildi, əksinə o dövləti bütün fərdlərdən üstün tuturdu, heç vaxt parçanı bütündən yüksəkdə görmürdü.

O, sorğulamanın insanı doğruya, gerçəyə, həqiqətə çatdırdığına inanırdı. İnsanlar yalnız sorğulama yolu ilə fəzilətli ola bilər. Fəzilətli olmaq xoşbəxtliyə gedən yolun ən böyük açarıdır. Cəmiyyətin birlikdə yaşaya bilməsi üçün ən vacib olan şey insanların bir-birinə olan güvənidir. Güvənmək ən təməl insani ehtiyaclardan biridir. Güvən və inanc oxşar və bir-birilə əlaqəli sözlərdir. İnanc dərin mövzudur və məncə, hərkəs üçün müxtəlifdir. Ortaq qərara gələ biləcəyimiz yeganə nöqtə inanclarımıza hörmətlə yanaşmaqdır. İnancımız başqa birisinin həyatına toxunduğu an təhlükəyə çevrilir. Tarixdə bunun xeyli dini və ideoloji nümunələri vardır.

Cəmiyyəti inandırmaq, tək-tək fərdləri inandırmaqdan daha asandır. İki nəfərin birbirinə inanması üçün nə lazımdır? Hətta Sokrat kimi dahi, tarixi bir şəxsiyyət belə insanların ona inanması üçün “üçüncü” şeydən istifadə edir. Üçüncü nədir? Bir Tanrı? Bir avtoritar güc? Mənə elə gəlir ki, üçüncü bunların heç biri deyil. Əgər üçüncü bir şey varsa, bu sadəcə adına sevgi, hörmət , səmimiyyət dediyimiz şeylər ola bilər. Bu sadaladığım anlayışlar yaradacaqsa, iki insan arasında güvən yarada bilər. Sokrata görə bütün yaradılışın arxasında daim bir cavab, bir məqsəd olmalı idi. Buna görə o, Anaksaqorun təbiət fəlsəfəsini qeyri-kafi görürdü.

Həqiqətin arxasında məqsədin olmadığını düşünəndə yuxarıda sadaladığım dəyərləri qaneedici şəkildə anlamaq və açıqlamaq mümkün olmur. Ancaq, dəyərlərin də məqsədsiz mümkün olduğunu düşünən nəzəriyyəçilər vardır. Bunların başında Marks, Durkhaym ve Freyd gəlir. (A.Arslan 2021, s.105) İnsan nəyə görə üçüncü bir şeyə ehtiyac duyur? Bax, məndən əlavə məndən daha güclü bir varlıq da bunu iddia edir, sən də mənə inan. Yoxsa tək-tək inandırmaq üçün ən yaxşısı, bilinməyən bir şeyəmi söykənməkdir? Bəlkə də özünü xarici təhlükələrə qarşı güvən içində hiss etməkdir.

Qədim Yunan deyiləndə çoxtanrılı inanc sistemi ağıllara gəlir. Sokratın Tanrı və ya tanrılara inandığını bilirik, lakin bu inanc onu məhkəməyə verənlərin inandığı düşüncə tərziylə bir deyil. Sokratın tanrısı yaşadığımız, gözlə görülən dünyanı anlayacağımız eynilə insan ağlı tərzində bir varlıqdır. Hər bir şeyə forma verəndir. Sokrat təbiəti öyrənən, araşdıran filosoflardan fərqli olaraq insanı izah etmək üçün təbiət qanunları ilə hərəkət etmir, əksinə, təbiəti izah etmək üçün insana və onu yaradan insan bənzəri tanrıya doğru hərəkət edirdi. Bunlara rəğmən ona əxlaqi olaraq yol göstərdiyini iddia etdiyi, şəxsiləşdirdiyi tanrısı mənim üçün, eləcə də hərkəs üçün eyni ola biləcək bir şey deyil. Bu isə yaşadığımız dövrdə hər insanın asanlıqla anlayacağı, qəbul edəcəyi bir şey deyil. Sokratın irad bildirdiyim Tanrı inancına belə bir müdafiə ilə cavab vermək olar ki, o da Sofistlər kimi hümanist idi. Yəni əxlaqi dəyərlərin mənbəyi Tanrılar və ya Tanrı(Daimon) deyil, insanın insan olması baxımından quruluşu və mahiyyətidir. (A.Arslan ,2021, s.121) Bu da o deməkdir ki, cəmiyyəti və ya fərd olaraq insanları inandırmaq üçün Sokratın fəlsəfəsində Tanrı yalnızca vasitədir. Amma digər idealogiyalar və ya dinlərdə olduğu kimi yeri gələndə cəzalandıran hakim rolunda deyil.

İnsanın özünə dönməsi, mahiyyətini anlaması, ruhuna baxması kimi qəbul edilə bilər. Fəlsəfə tarixində qeyri-maddi olanı ilk dəfə ortaya qoyan Platonun bu düşüncələrə yiyələnməsində Sokratın rolu danılmazdır. Sokratın bədənə nisbətdə ruha daha çox dəyər verdiyini anlamaq olur. Lakin Sokrat hedonizmi bütündən rədd etmirdi. Sokratın kəşfi, gerçək mənliyin bədən deyil, ruh olduğu idi. Ruh dedikdə, yaxşını pisdən ayıra bilən və yanılmadan yaxşını seçə bilən qavrayış qabiliyyətinin məskənini nəzərdə tuturdu. Əsl mənlik təkcə intuisiya deyil, həm də iradə gücüdür; yəni həzz və zahiri xoşbəxtlik üçün hər hansı bir istəkdən üstün ola biləcək iradə. (F.M.Kornford, 2019)

Sokrat Platonun "Euthyphron" dialoqunda tanrılara qurban verməyin mənasız olduğunu, onların bizlərə bəxş etdiklərinin qarşısında bizim verəcəklərimizin müqayisə edilə bilməyəcəyini deyirdi. Burdan o qənaətə gəlmək olur ki, Sokrat hədiyyələr və ya qurbanlar yolu ilə tanrılara sədaqətimizi göstərməyi doğru hesab etmirdi. Bu isə Antik Yunan insanının qəbul edəcəyi düşüncə deyildi.

Cəmiyyəti inandırmağın (aldatmaq) tək-tək insanları inandırmaqdan daha asan olması yalnız siyasətdəki demaqoqların xeyrinə idi. Bu manipulyator şəxslər xalqa demokratiya sayəsində yalan vədlər verib onların biliksizliyindən istifadə edərək, Sokratın deyimi ilə “Gəminin kapitanına” çevrilirdilər. Sokrat insanın ruh anlayışını iki yerə ayırırdı; İrrasional və rasional tərəf. Sokratik intellektualizm adlanan doktrinaya görə heç kim bilərəkdən pis olmazdı. Yəni siyasətdə insanların bu cür asan yoldan çıxarılması insanın ruhunun irrasional tərəfindən yayına bilməməsinin səbəbi idi. Bilmək, bilikli olmağın dəyərini burada anlamağa başlayırıq. Cəhalət içində üzən insanların gətirdiyi demokratiya, çoxluğun diktatorluğundan başqa bir şey olmurdu. Sokrat demokratiyanın deyil, biliksiz insanların yaradacağı sistemlərin əleyhinə idi. Demokratiyanın ən yaxşı və ən doğru sistem olub-olmadığı müzakirə mövzusudur.

Lakin bunu müzakirə edə bilmək üçün əvvəlcə düşünən, sorğulayan və ən əsası, bu mövzuda yetəri qədər biliyə malik olan insan olmaq lazımdır. Sokratın və tələbəsi Platonun apardığı mübarizə bu əsasda idi. Sokratın arzuladığı demokratiyanın qüsurlarını aşkar etmək idi. Sokrata görə səs vermək qabiliyyət olmalı idi, anadangəlmə haqq yox. İnsanlar bu qabiliyyəti necə qazanmalıdır?
Bunun üçün hər bir vətəndaşın təhsil alması, inanclarını və doğru bildiklərini kənara qoyub üzərinə bütün cəmiyyətin taleyini bəlirləyəcək mövzularda dərindən düşünməsi, bununla yetinməyib daim yenilikçi, daha yaxşı sistem üçün araşdırması lazımdır.

Nəticə

Professor İoanna Kuçuradi “dünyanın ən çətin işi insan münasibətləridir” deyəndə zənnimcə yanılmırdı. Sokrat insan həyatının qısalığını diqqətə alaraq insanlar üçün bu tip, yəni daha tez inandırma yolunu seçmişdi. Sokrat gələcək nəsillərə doğru bildiyin yolda irəliləmək adına cəsarət obrazı kimi də qəbul edilə bilər. Sokratın bu düşüncələri, fikirləri “ələkdən” keçirmə üsulu olmasa idi, hazırda bildiyimiz elm bu səviyyəyə gələrdimi, əmin deyiləm. Bilmək avtomatik azadlığı gətirməsə də biliksiz olmaq bir tərəfdən insanı bütün məsuliyyətlərdən xilas edirmiş kimi göstərir. Bu günə qədər demokratiyanı tənqid edənlərin əksəriyyəti daha yaxşı və ya daha ədalətli sistem üçün yox, faşizmi, diktatorluğu və ya teokratiyanı gətirə bilmək üçün demokratiyanı tənqid edirdi. Sokrat demokratiyanı intellektual sistem olaraq görürdü. Tarix boyu seçim yolu ilə başa gələn demaqoqların hamsının demokratiyası gec-tez bir növ diktatorluğa çevirdiyini və o diktatorluğun da sonda dağıldığını yaxşı bilirik.

# 1431 dəfə oxunub

Oxşar xəbərlər

Puqaçovadan haqlarında çıxan iddialara cavab

Puqaçovadan haqlarında çıxan iddialara cavab

10:21 30 oktyabr 2024
20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

09:49 30 oktyabr 2024
"Füzuli muğam dünyası" konserti keçirildi

"Füzuli muğam dünyası" konserti keçirildi

09:26 30 oktyabr 2024
Məşhur reper sui-qəsddə ittiham olunur

Məşhur reper sui-qəsddə ittiham olunur

09:23 30 oktyabr 2024
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

16:46 29 oktyabr 2024
Rasim Balayevin ailəsində ağır itki

Rasim Balayevin ailəsində ağır itki

16:28 29 oktyabr 2024
# # #