Sevgi Şeirlərinə Yeni Bir Baxış

Sevgi Şeirlərinə Yeni Bir Baxış
17 yanvar 2020
# 16:48

Kulis.az Pərvinin yeni yazısını təqdim edir.

Sevgi bir az da təsəllidi! Dərdlərinin əlacıdı! Daha doğrusu sevdiyindi dərmanın, onun sözü, nəvazişi... sadəcə varlığıdı.

Çıxılmazlıqdasan... Sıxıntı çəkirsən. Şəhərin o başından “Darıxma, yaxşı olacaq!” – deyir, hər şeyi unudursan.

...Ya da dünyanın bütün yükünü çiyninlərinə alıb ağırlıqdan nəfəsinin kəsildiyini hiss edirsən! Planetin o üzündən “Kim incidib mənim sevgilimi?!” – soruşur və o anda qayğısız, dərd-sərsiz uşağa çevrilirsən! Hələ bir naz da edirsən... Elə bil bayaqdan “mühüm siyasi problemləri” həll edən sən deyildin... Hə, belədi sevgi! Uşaqlaşdıran, dərdləri adiləşdirən, ən ağır zərbələrə tab gətirəcək qədər güclü edəndi...

Məhəbbətin, müsbət emosiyaların insan səhhətinə, ovqatına, uzun ömürlüyünə təsiri haqda çox araşdırmalar aparılıb. Bəzən tibbin, elmin müxtəlif sahələrinin cavablandıra bilmədiyi suallar da çıxıb ortaya; Məgər, yatmış gözəlin tək öpüşdən ayılması, yaxud vahiməli məxluqun bir toxunuşdan cavan, yaraşıqlı şahzadəyə çevrilməsi, su pərisinin dənizdən ömürlük imtina edib qadına dönməsi və s. yalnız nağıllardamı olub?! Yox, əlbəttə yox! Həyatda da buna bənzər möcüzələr, eşqin yaratdığı heyrətamiz hadisələr olur və çox vaxt insanlara inanılmaz görünür... Çünki nə elm, nə psixologiya, sosiologiya nə bilim daha hansı araşdırma sahələri bunların səbəbini tapa, izah edə bilmir...

Məsələn, həyatı bir tükdən asılı adamın birdən-birə sevinib gülməsini, xoşbəxt olmasını necə, hansı tərəfdən araşdırasan?! Yaxud dustağın, azadlığı əlindən alınmış özgürlük dəlisinin sözlərindən hürr yağmasının səbəbini nə cür müəyyən edəsən?! Vətənindən min-min kilometr uzaqda zindana atılmış, taleyi, sonrası təhlükədə, yaşaması şübhə altında olan, sadəcə bərkdən danışdığına görə əyninə geyindirilmiş dustaq köynəyindən ruhu, ürəyi sıxılan Xəlil Rza Ulutürkün “Vallah nur içindəyəm, ey mənim gözüm nuru!” deməsini sevgidən başqa nə ilə izah etmək olar?! Heç nə ilə!

90-cı ildə, Moskvada, Lefortovo zindanında yazdığı şeirlərin Xəlil Rza yaradıcılığında xüsusi önəmi, yeri var. Nədənsə bu şeirlər mənə xeyli fərqli görünür. Sanki Vətən, xalq, millət anlayışlarından az da olsa uzaqlaşan şair bir anlıq özünə, həyatına, yaşadıqlarına nəzər salır, xarakteri, taleyi haqda düşünür... Bir növ güzgüyə baxır və Firəngizini görür! Ona görə də bu dövr yaradıcılığında Firəngiz xanıma yazdığı şeirlər xüsusi təsirlidi... Bu əsərlərdə məhz sevginin təsəlli çaları, uzaqdan-uzağa təskinlik verməsi daha qabarıq təsvir olunub. Axı məhəbbətdən başqa, ən əsası sevdiyinin “dustaq xanımı” ağrısını yüngülləşdirmək, unutdurmaq cəhdindən başqa hansı duyğu yazdıra bilərdi bu şeirləri?! Bəli, həmin əsərlərin yazılmasında əsas məqsəd məhz budu. Firəngizinin ağrılarını soyutmaq... ancaq həm də üzrxahlıq. Məlul-müşgül dayanmış, boynu-buruq nərgiztəki zərif xanımdan, amma həm də müstəntiqlərə zəng edən, ərinin azadlığı üçün hər cəfaya dözən gəlindən üzrxahlıq!

Əslində sevginin bir qeyri-adiliyi də sınaqlardan çıxdıqca, çarmıxa çəkildikcə möhkəmlənməsi, şiddətlənməsi, güclənməsidi... Hər dəfə “son” deyə düşündüyün, xilas olmağın mümkünlüyünə inanmadığın böyük ya kiçik böhrandan sonra bir az da çox bağlandığını, daha artıq sevdiyini hiss edirsən və bəzən özün də buna təəccüblənirsən! Amma yəqin sevgi elə bu böhranlarla təzələnir, itirmək qorxuları, ölüm havaları ilə saflaşır! Xəlil Rzanın da bu şeirlərində qəribə saflıq, paklıq var. Sanki həbsxana, dustaq həyatı onun hisslərini yenidən alovlandırıb... Hətta o qədər ki, şair qürurunu bir azca kənara qoyub açıq etiraflar da edir: “Neçə qüsurumun bircəsini də heç yerdə, heç vədə üzə vurmadın...” Və elə bu misralarla azəri qadınının obrazı təsvir olunur. Əslində, başqa millətlərdə necədi, bilmirəm! Amma həmişə bu cür yazılıb, bu cür təsvir olunub azəri, türk qadını... İlahi gəlin, mələk qadın, səhvləri üzə vurmayan, verilən vədə görə sınağa çəkməyən, ərinin arxasında mərdliklə duran dost kimi... Uşaqlarına “Atan kimi ol!” – deyən ana kimi... Məhz bu xanımın sayəsində, onun verdiyi güc sayəsində şair həbsxananı belə işıqlı təsvir edə bilir... Və əminəm ki, birdən bu qadın dünyanın o başından zəng edib “darıxma, düzələcək!” desə, şair ən nikbin əsərini də yarada bilər... Həbsxanada yazar! Azadlıq haqda ən... ən... ən... azad şeirini!

Xəlil Rza Ulutürk: “Məlul-müşgül dayanma, ey könlümün sirdaşı!”

Firəngizim, əzizim, mənim yeganəm, bircəm,
Boynu-buruq nərgizim, qan-yaş tökən gülqönçəm!
Bəlkə öylə bilirsən bambaşqa məkandayam,
Hörümçəkli, ilanlı, qaranlıq zindandayam.
Vallah, nur içindəyəm, ey mənim gözüm nuru!
Burda nə bir əqrəb var, nə də hörümçək toru.
Kameramız kəmişıq, kiçik mənzilə bənzər.
Yorğan-döşək tər-təmiz, balışüzü qət-əcər.
Möhürlü ədyalım var-evdəkindən də yaxşı.
Məlul-müşgül dayanma, ey könlümün sirdaşı!
Düzdür, qapım dəmirdi, pəncərəm də dəmirdən.
Nə qəm, bu da əmr idi, gəldi , keçdi ömürdən.
Mən siyasi dustağam, sən uca tut başını!
Pəncərəni aç bu gün... Əyilsin Günəş öpsün
gözlərinin yaşını.

Xəlil Rza Ulutürk: “Mən sənə vəd etdim ağ gün, səadət...”

Sən mənim bəxtimə göylərdən enmiş
İlahi bir gəlin, mələk bir qadın.
Neçə qüsurumun bircəsini də
Heç yerdə, heç vədə üzə vurmadın.
Nümunə göstərdin övladlarına:
– Atan kibi ol!
Nümunə göstərdin bütün cahana:
– Xəlil kibi ol!

Mən sənə vəd etdim ağ gün, səadət.
Heç vaxt soruşmadın: – Vədin bəs hanı?
Cahanda ən böyük səadət bildin
Birgə udduğumuz təmiz havanı.

İndi zəng edirsən müstəntiqlərə,
Həsrət gözlərinin əriyir odu.
Üçcə kəlmə deyib qoyur dəstəyi
– Du! Du! Du!

Ürəyindən hətta giley də keçmir:
Sənin vəd etdiyin səadət bumu?

Sən mənim bəxtimə göylərdən enmiş
İlahi bir gəlin, mələk bir qadın
Neçə qüsurumun bircəsini də
Heç yerdə, heç vədə üzə vurmadın.

Edam meydanında sıxılma, sönmə,
İlgəyi boynuma salsa öz əlim.
Bəşər qarşısında üzüağam mən,
Bəs sənin qarşında...
Solğun gözəlim?!

Sevgi Şeirlərinə Yeni Bir Baxış

# 9 dəfə oxunub

Oxşar xəbərlər

Çimnaz Sultanova vəfat etdi

Çimnaz Sultanova vəfat etdi

19:52 15 yanvar 2025
Dua - Anar Şamilin hekayəsi

Dua - Anar Şamilin hekayəsi

18:40 15 yanvar 2025
Məşhur serialların çəkilişləri dayandırıldı

Məşhur serialların çəkilişləri dayandırıldı

17:55 15 yanvar 2025
Ermənilər üçün kitab imzalamaq istəyirəm - Tural Turan

Ermənilər üçün kitab imzalamaq istəyirəm - Tural Turan

17:00 15 yanvar 2025
Məşhur yazıçı zorlama ittihamlarına cavab verdi

Məşhur yazıçı zorlama ittihamlarına cavab verdi

16:36 15 yanvar 2025
Rusiyalı aktyor vəfat etdi

Rusiyalı aktyor vəfat etdi

14:44 15 yanvar 2025
# # #