Sevgi harada başlayır? - Tarkovskinin həqiqətini tapan rejissor

Sevgi harada başlayır? - Tarkovskinin həqiqətini tapan rejissor
15 dekabr 2023
# 13:20

Kulis.az Günel Mehrinin “Rejissor versiyası” filmi haqqında yazısını təqdim edir.

Tarkovskisayağı...

Bir neçə həftə öncədir. Səhər. İş otağı. Otaqda gedən müzakirələri qulağım çalır:
- Sən baxdın Elçinin filminə?
- Baxdım.
- Mən də baxdım...
- Mən də...
- Fərqli filmdir. Digər filmlərinə bənzəmir.

“Deyəsən, tək mən baxmamışam axı.”

- Hansı filmi deyirsiz? Maraqlı gəldi.
- Elçin Qasımovun Rasim Ocaqovla bağlı çəkdiyi film. “Rejissor versiyası”...
- Hm. Eşitmişdim ki, təzə film çəkir. Efir vaxtını bilmirdim.
- Fikirlər müxtəlifdir. Bax, görək sən nə düşünürsən?
- İmkan tapan kimi gərək baxım.

Bunu deyib dəhlizə çıxıram. Və elə o andaca Elçinlə qarşılaşırıq:
- Salam, Günel.
- Salam.
- Təzə çəkdiyim filmi izləməmisən?
- Hələ yox. Amma izləyəcəm.
- Mütləq izləyərsən. Düşüncələrin maraqlıdır.
- Bayaq otaqda dedilər, Rasim Ocaqov barədə çəkmisən...
- Məncə, izlə, sonra qərar ver.
- Yaxşı... Baxıb deyəcəm fikirlərimi.

Otaqda filmlə bağlı gedən söhbətin düz ardınca Elçinlə qəfil qarşılaşmağımız nə maraqlı. Demək, heç nə təsadüfən baş vermir. İnsanlar bir-birinin fikirlərini kainata ötürülən enerji vasitəsilə duya bilir. Bax bu da real sübutu...


İmkan tapan kimi linki tapıb açıram: “Baxaq görək, Elçin Qasımovun rejissor versiyası necədir?”

Kadrlar əvəzləndikcə beynimin “Analiz” mexanizmi işə başlayır. Yol. Yolun sonunda körpü var. Yolu başqa bir aləmə döndərən körpü. Gənc qəhrəman körpünü keçib özünü hamıdan izolə etdiyi aləmə atır. Yalnız burada o, azaddır, rahatdır, özüdür. Çünki bura gənc qəhrəmanın- rejissorun iç dünyasıdır. Və görünən o ki, rejissorun iç dünyası retro dalğaya köklənib. Axı burada əşyalar da, geyimlər də retro tərzdədir. Elə bu məkanda filmin rəngləri də 70-lərin ab-havasını xatırladır. Deməli, körpü modern dünyadan keçmiş zamana keçid rolunu oynayır. Axı filmin əvvəlində göstərilən rənglər də, insanlar da müasir idi...


Maraqlıdır. Rejissor bu sirli dünyasına heç kimi – nə iş yoldaşlarını, nə sevdiyi qızı, nə müasir texnologiyanın vasitələrini yaxın buraxmaq istəmir. Xarici dünya ilə əlaqə ancaq sovet dönəmindən qalma rezin şnurlu telefonla mümkün. Bəs səbəb nədir tərki-dünya olmağa? Səbəb isə onun axtarışlarıdır. Film boyu rejissor axtarır. İlk baxışdan elə görünür ki, o, haqqında film çəkəcəyi rejissor Rasim Ocaqov haqqında axtarışlar edir. Əlbət ki, işin içində bu da var. Biz bir dönəm ekranda rəhmətlik Ocaqovun müsahibəsini izləyirik. Bir dönəm Rasim müəllimlə çiyin-çiyinə çalışmış sənət yoldaşları ilə – Rüstəm İbrahimbəyov, Fəxrəddin Manafov və Ramiz Fətəliyevlə filmdəki qəhrəman-rejissor arasında gedən ayrı-ayrı söhbətlərin şahidi oluruq. Qəhrəman-rejissor isə Rasim Ocaqovla bağlı söhbətləri tamaşaçı ilə paralel izləyə-izləyə başqa bir etapa adlayır. Çünki filmin yeganə qəhrəmanı Rasim Ocaqov deyil. Növbəti etapda qəhrəman-rejissorun özünüdərk prosesi başlayır. Filmin əsas obyekti olan Rasim Ocaqov bir yerdən sonra ikinci plana keçir və biz onu araşdıran rejissorun filmin əsas qəhrəmanına çevrilməsinin şahidi oluruq. O, özüylə təkbətək dialoqa girir:
-Rejissor kimdir? Bəs sənət nədir? Sevgi harada başlayır, harada sonlanır?


Bir az da diqqət kəsilirəm monitora. Monitordan boylanan simvolikalara, şüuraltına işləyən kadrlara. Rejissor Tarkovskinin təbiri var burada. Onun dəsti-xətti apaydın hiss olunur. Sonra filmin rejissoru Elçin Qasımovun bir dəfə sözarası dediyi fikirlər yadıma düşür:
-Mənim stolüstü kitabım Tarkovskidir. Mənə görə, onun filmlərində əsl rejissor duyumu vardı.


Və bu an mənə rejissorun bilərəkdən və ya təhtəlşüurda cizgiləmək istədiyi bütün tablo səmimiyyəti ilə açılır. Filmdə axtarışda olan rejissorun prototipi elə Elçin özüdür. Səhərdən kadrlarda canlanan gənc rejissor obrazı Elçinin mimikalarını, onun davranış şəklini yansıdır. Bu qədər təsadüf olmaz axı. Deməli, bu, Elçinin rejissor və sənət haqda, həyat və onun gerçəklikləri barəsində mülahizələridir. Birdən yadıma italyan rejissoru Federiko Fellininin “8 yarım” filmi düşür. Hə, əlbəttə, özüdür ki var. Bir rejissorun özünü axtardığı ən parlaq nümunədir Fellininin avtobioqrafik filmi. Orada da rejissor onu real həyatda narahat edən bütün problemləri öz beyin panoramı kimi ortaya qoymuşdu. Elçin Qasımovun bədii-sənədli filmi də o qəbil filmlərdən biridir. Kökündə sənədlilik dursa da, bütün axtarışlar bədii həlldə öz əksini tapıb. Amma məni təəccübləndirən Elçinin filmə rejissor kimi yanaşması deyil, müəllif kimi ortaya qoyduğu fikirlərdir. Çünki bir rejissor kimi Elçini illərdir tanıyıram. İctimai TV-nin efirində neçə mövsümdür uğurla gedən, jurnalist Müsəllim Həsənovun “XX yüzillik” araşdırma layihəsini sanballı şəkildə efirə hazırlamış rejissordan əlbəttə ki, sıradan bir iş gözləmirəm. Üstəlik, bu onun filmoqrafiyasından izlədiyim Allah bilir, neçənci uğurlu filmdir. Məni təəccübləndirən rejissorun verilən tapşırığa çox fərqli prizmadan yanaşma istəyidir. Daha doğrusu, onun film boyu müəllif kimi kadr arxasından səsləndirdiyi fəlsəfi fikirlərdir. Bu fikirlərə gəlib vardığına görə onu ayrıca təbrik etmək istəyirəm:
-Təbriklər, Tarkovski... Birgə çalışdığın komandaya da, sənə də bravo!
-Çox sağ ol. İncə məqamları tutmusan, deyəsən.
-Hə, əlbət ki. Tarkovskisayağı idi. Tapdınmı axtardığın həqiqəti?
-Yox. Tapdığım yerdə dayanmalıyam yəqin. Hələ də axtarışdayam. Və yəqin həmişə belə olacaq.
-Uğurlu axtarışlar...


Öz-özümə düşünürəm ki, bu barədə yazmağa dəyər: “İctimai TV-nin cəsarətlə dəstəklədiyi növbəti maraqlı layihə!” Ən azından izləməyənlər xəbər tutsunlar ki, günü-gündən öləziyən teleməkanda arabir sərin meh kimi gələn fərqli işlər ortaya çıxır...

Epiloq

Filmin finalında yenə yol görünür. Yolun sonunda işıq var. Bir də sıxıntıdan, qaranlıqdan azadlığa, işığa doğru gedən iki nəfər. Bu gəzintidə uzun axtarışlardan, qaçışlardan sonra ortaq məxrəcə gələn rejissorla sevdiyi qadının gülüş sədaları yüksəlir. Düz səmaya doğru... Mənim də xəyalım ənginliklərə yüksəlir. Əslində hamımız yolçuyuq bu dünyada. Yolumuzun üstünə çıxanlar isə bizə yoldaş. Yolu əlimizə alıb, o yoldaşlarla bəzən çiyin-çiyinə, bəzən əl-ələ, bəzən ard-arda gedirik. Gedirik ki, heç olmazsa, yolun sonunda axtardığımız həqiqətə çataq. Həqiqət isə atlıdır, bizlər piyada...

# 648 dəfə oxunub

Oxşar xəbərlər

İlk "Barbi" nümayiş olunacaq - Foto

İlk "Barbi" nümayiş olunacaq - Foto

19:10 1 mart 2024
İranlı müğənniyə həbs cəzası verildi

İranlı müğənniyə həbs cəzası verildi

18:55 1 mart 2024
Tanınmış rejissor münsif kürsüsündə əyləşəcək

Tanınmış rejissor münsif kürsüsündə əyləşəcək

18:40 1 mart 2024
Məşhur filmin ikinci hissəsi çəkilir

Məşhur filmin ikinci hissəsi çəkilir

18:20 1 mart 2024
Şahbuz mədəniyyət şöbəsinin müdiri vəzifəsindən çıxarıldı

Şahbuz mədəniyyət şöbəsinin müdiri vəzifəsindən çıxarıldı

18:00 1 mart 2024
Azərbaycanlı fotoqrafın sərgisi keçiriləcək

Azərbaycanlı fotoqrafın sərgisi keçiriləcək

17:50 1 mart 2024
# # #