Bu gün Xalq artisti Gülağa Məmmədovun anım günüdür. Kulis.az bu münasibətlə müğənni haqqında maraqlı faktları təqdim edir.
Gülağa Allahverdi Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar məhəlləsində olduqca kasıb ailədə anadan olub. Onun atası pinəçi, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb. Bir müddət sonra isə ailə Bakıya köçüb.
***
Uşaqlıqdan Musiqiyə böyük marağı olan 12 yaşlı Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyur. Günlərin birində təsadüfən onların küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidib ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və Gülağa ilə tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.
***
Gülağa Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun “Səni gördüm, aşiq oldum” ariyası böyük alqışlarla qarşılanır.
Üzeyir Hacıbəyov onun ailəsi, yaşam tərzi haqqında bütün məlumatları da öyrənir. Moskvadan gümüş medal və fəxri fərmanla qayıtdığını eşidəndə isə Gülağanı anasıyla birgə yanına çağırır və tapşırır ki, ev seçmək üçün xoşlarına gələn ünvanı göstərsinlər. Mirzəağa Əliyev küçəsində yerləşən ikiotaqlı həyət evi onların xoşuna gəlir. Üzeyir Hacıbəyovun dəstəyi ilə Gülağa Məmmədovun ailəsinə ikiotaqlı mənzil və aya 250 manat təqaüd ayrılır.
***
Gülağa 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir. Sonra Konservatoriyada təhsil alır. O 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. “Arşın mal alan”, “Beşmanatlıq gəlin” və digər tamaşalarda baş rolları oynayır. Lakin bir neçə ildən sonra teatrdan ayrılır. Konservatoriyada oxuduğu illərdə Gülağa vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənmişdi. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus olurdu. Çünki, Səid Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazırdı. Tofiq Quliyevin də, Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirən Gülağa Məmmədov olub.
“Şərifli çorək” filmində “Quba meydanı” adlı bazarda kartof oğurlayan uşaq isə SSRİ xalq artisti Gülağa Məmmədovun qardaşı olub.
***
“Nəsimi” filmində Nəsimin səhrada dərvişlərin əhatəsində gəzərkən oxunan “İstəmə” qəzəlini də Gülağa Məmmədov ifa edib.
***
Həm məktəbdə oxuyan, həm də işləyən bu yeniyetmə oğlan bir həyətdə böyüdüyü Aliyə adlı qonşu qıza meylini salır. Amma qızın valideynləri onların evlənməyinə razı olmur. Deyirlər ki, Gülağa hələ ali savad alsın, sonra evlənsin. Uşaqlıqdan çox zirək, həm də inadkar olan Gülağa arzusuna çatmağın yollarını axtarır.
Böyük Vətən müharibəsi başlayır. Gülağa Məmmədov Şövkət Ələkbərova ilə birgə döyüşçülərin qarşısında konsert proqramlarıyla çıxış edir. Başlarına od-alov yağa-yağa oxuyurlar. Müharibə qurtarandan sonra Gülağa evlənmək qərarına gəlir. Amma gənclərin sevdasından duyuq düşən Aliyənin dayısı onlara göz verib, işıq vermir. Çarəsiz qalan Gülağa hiyləyə əl atır. Bir gün sevdiyi qızdan pasportunu istəyir. Deyir ki, "bütün qonşuların pasportlarını yığıram. Evlər idarəsinin müdiri tapşırıb. Sən də öz pasportunu mənə ver". Vaxt keçir və Aliyə öz pasportunu geri alanda heyrətdən donub qalır. Görür ki, pasportuna evlənmələri barədə möhür vurulub. Sən demə, Aliyənin hərisini ala bilməyən Gülağa köhnə məhəllələrinə gedir. Oradan Aliyəyə oxşayan bir qızla danışıb razılığını alır. Onun başına yaylıq da bağlayır ki, nikah mərasimində heç kim şübhələnməsin. Nikah qeydiyyatından keçib, Aliyə ilə onun özündən xəbərsiz ailə qurur. Möhür vurduqdan sonra pasportu geri qaytarır.
***
Evlənirlər. Gülağa Məmmədovla Aliyə xanım uzun illər övlad həsrəti çəkiblər. Hətta həkimlər onlara Aliyənin uşaq dünyaya gətirə bilməyəcəyini deyiblər. 1956-cı ildə - evləndikləri vaxtdan on il keçəndən sonra taleləri üzlərinə gülüb. Onların yeganə övladları - Gülarə dünyaya gəlir. Olduqca qısqanc olan Gülağa həyat yoldaşının Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almasını istəmir.
Gülarə xanım atasıyla bağlı xatirələrini danışarkən belə deyir: "Atam sürpriz etməyi xoşlayırdı. Onun bu ailədə ən böyük sürprizi, anama ən böyük, ən qəribə, gözlənilməz hədiyyəsi, söz yox ki, pasportuna vurdurduğu evlənmələri barədə möhür olmuşdu. Sonralar da anama həmişə sürprizlər edib. Heç nə demədən evdən anamın şəklini, pasportunu aparıb, bir müddət sonra "Hazırlaş, xaricə gedirik" - deyə aldığı putyovkanı ona uzadıb. Onlar birlikdə, demək olar, dünyanın az qala yarısını gəziblər. Anam özü deyərdi ki, Ərəbistan, İtaliya, Almaniya, hətta Afrikayadək gedib çıxıblar. Müğənnilik sənəti atama dostlar qazandırdı. Şövkət Ələkbərovayla çox yaxın idilər. Onlar səhnəyə bir gündə gəliblər”.
***
Gülağa Məmmədov şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrlərlə birgə çıxışlar edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.
Gülağanın həmçinin, yaxşı muğamat oxumağı olub. Ancaq efirdə muğam oxumayıb. Bu barədə ona sual verəndə "oxuyacağam" - deyə cavab verərmiş. Tez-tez qastrollarda olan sənətçi nədənsə, Gürcüstan və İrəvanda daha çox sevilir. Hətta İrəvanda konsert verən zaman qalmaqal da əskik olmurdu. Belə ki, bütün biletlər satıldığından onun səsini eşitmək istəyən camaat biletsiz içəri daxil olur, ya da konsert salonunun qabağına toplaşırdı. Milislər onları uzaqlaşdırmağa çalışanda isə böyük səs-küy qopurdu.
***
Xanəndənin bir xasiyyəti də var imiş - haqsızlığa, ədalətsizliyə dözən olmayıb. Hansısa işi irəli getsin deyə, kiməsə yalvarmaq, minnətçi düşmək istəməyib. Düzgünlüyü sevib. 1942-ci ildən radionun Bədii Şurasının üzvü olub. Şit, bayağı mahnı olanda öz fikrini qəti şəkildə bildirərmiş: "Efirə buraxmaq olmaz!" Şuranın digər üzvləri də "baş üstə" deyib onun fikrilə razılaşırdılar. Lakin bir az keçəndən sonra həmin mahnını eşidirdi. Bu cür hallar tez-tez təkrarlandığından o, bu vəzifədən imtina edir.
***
Şair Rəfiq Zəkanın sözlərinə yazdığı "Ana Kürüm" mahnısı lentə alınan vaxt unudulmaz bəstəkar Cahangir Cahangirov kövrəlir. Və Gülağaya tərəf baxıb deyir: "Ay Gülağa, sən avazınla, şirin səsinlə məcrasına sığmayan dəli Kür çayını ovsuna saldın". Həmin mahnı məşhur "Dəli Kür" bədii filmində səslənir.
1989-cu ildə Gülağa Məmmədov Almaniyada olarkən orada əslən Cənubi Azərbaycandan olan vokalist və müğənni Yaqub Zurufçu ilə görüşür. Gülağa Məmmədov onun "Ayrılıq” mahnısına çəkdiyi klipi görüb heyrətə gəlir. Azərbaycanın Cənubi və Şimali Azərbaycana bölünməsinə həsr edilən klip Gülağa Məmmədovun səyi ilə Azərbaycanda yayımlanır. Azərbaycan Milli Azadlıq Hərəkatı zamanında "Ayrılıq” mahnısı milli-mənəvi dirçəlişə təkan verir.
***
Gülağa Məmmədovun həyat yoldaşı Aliyə xanım xatirələrində deyir: "Bir dəfə xalam qızının dəvəti ilə Almaniyaya getmişdik. Yaqub Zurufçu orda olduğumuzu eşidib yanımıza gəldi. Yaqub Gülağadan xahiş etdi ki, Bakıya qayıdanda onun üçün dəvətnamə göndərsin. Biz onun kasetini gətirdik. O vaxta qədər Zurufçunu heç kim tanımırdı. O vaxt televiziyada "Ayrılıq" verilişi gedirdi. Gülağa da kaseti apardı ki, mahnı verilişdə səslənsin. Mahnı lap yerinə düşdü. Bu mahnıdan sonra çox adamlar bizə zəng vurub onunla maraqlanırdı. Gülağa Yaquba verdiyi sözü yerinə yetirib ona dəvətnamə göndərdi. Yaqub Zurufçu ailəsi ilə Bakıya gəlib bir ay burda qaldı. Bu müddətdə Gülağa ona xeyli köməklik göstərdi, öz mahnılarını öyrətdi. Şövkət, Gülağa və Yaqub Zurufçu birlikdə sarayda konsert verdilər. Ona görə də Yaqub Zurufçu hər yerdə deyir ki, məni Azərbaycana tanıdan Gülağa olub”.
Sənətinə layiqli qiymət verilməməsi, laqeydlik ona çox toxunur. Ən böyük ədalətsizliklərdən biri isə 60 illik yubileyi ərəfəsində olur. Yubileyinin qeyd olunması üçün xüsusi komissiya yaradılır. Afişalar asılır, dəvətnamələr paylanır. Oktyabrın 24-də Filarmoniyada keçiriləcək yubiley tədbirinə digər respublikalardan da qonaqlar gələcəkdi. Lakin son anda Mərkəzi Komitədən xəbər gəlir ki, tədbir keçirilməsin. O zaman bunun səbəbini Gülağa Məmmədovun Filarmoniyanın işçisi olmaması ilə əlaqələndirirlər. Sonra qərara gəlirlər ki, tədbiri Aktyorlar evində keçirsinlər. Oranın da pərdələri cırıq, oturacaqları sınıq idi. Gülağa buna razı olmur. Deyir, əgər məni Filarmoniyaya layiq bilmirlərsə, qoy, ümumiyyətlə, tədbir keçirilməsin. "Məgər mən ölmüşəm? Ölənləri Aktyorlar evindən götürürlər".
Bu haqsızlıq ona çox pis təsir edir. Deyir, mən Filarmoniyada o qədər zəhmət çəkmişəm. Bircə gün mənə vaxt sərf oluna bilməz? O, əsəbiləşib gecə ilə bütün afişaları çıxarır. O biri respublikalara da teleqram vurur ki, qonaqlar gəlməsin.”
***
Aliyə xanım həyat yoldaşı barədə deyir:
"Sağlığında bircə dəfə də yubileyi keçirilmədi. Öləndən sonra isə bir dəfə Muğam Teatrında xatirə gecəsini təşkil ediblər. Gördüyü diqqətsizlik Gülağa üçün ağır zərbə oldu. O, bu haqsızlıqlara dözə bilməyib şəkər xəstəliyinə tutuldu. Xəstəliyinə baxmayaraq, son günə qədər yeni mahnılar üzərində çalışırdı. Rəhmətə gedən günə qədər orkestrlə mahnı yazdırmağa gedirdi.
1994-cü il iyunun 7-də səhər yeməyini yedikdən sonra Gülağa Məmmədovun halı pisləşir. Ailəsinin təkidinə baxmayaraq o, işə gedir. Həyətə təzəcə düşən kimi isə halı daha da pisləşir. Qızı Gülarə xanım o anı belə xatırlayır: "Atamı çətinliklə pilləkənlərdən qaldıraraq evə aparıblar. "Təcili yardım" gəlib, ona infarkt diaqnozu qoyulub. Həkimlər anamla oğlum Ramizi palatadan çıxarıblar. Deyiblər ki, siz bizə mane olursunuz. Palatada çoxlu həkim, tibb bacısı olduğundan anam görüb ki, doğrudan da onlara maneçilik törədə bilərlər. Ramizlə birgə qapıdan çıxmaq istəyəndə atam onu səsləyib: "Aliyə getmə, sən yanımda qal". Amma həkimlər etiraz ediblər. Anam otaqdan çıxa-çıxa onu arxayın edib: "Heç yerə getmirəm. Buradayam, qapının ağzında gözləyirəm". Xeyli vaxt keçəndən sonra anam içəridən çıxan tibb bacısından atamın vəziyyətini soruşub. Tibb bacısı da qəfildən - anamı bu acı xəbərə hazırlamadan - "o vəfat etdi", deyib.