Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
31 may 2024
# 15:00

Kulis.az Alov İnannanın "Beynin cinsiyyəti varmı?" adlı essesini təqdim edir.

Nevrologiyanın irqçi və patriarxal başlanğıcı

Min illər boyunca insanlar ürəklərində fikirləşdiklərinə, ağlın və düşünmə mərkəzinin ürək olduğuna inanmışlar. Bu təsəvvür tibbin and yeri Hippokratın zamanına qədər davam etmişdir. Bununla yanaşı, təxminən 4 minə yaxın yaşı olan artefaktlar, əlyazmalar isə göstərir ki, qədim insanların sinir sistemi, beyin zədələnməsi haqqında müəyyən bilikləri olmuş, hətta onlar başın arxasında deşik açmaqla primitiv beyin əməliyyatları da etmişlər.

Sinir sistemi haqqında elm olan nevrologiyada ciddi beyin araşdırmaları ancaq XX əsrin əvvəllərindən başlanır. Həmin dövrdə Avropada nevrologların fəaliyyəti irqçiliyi isbatlamağa, leqallaşdırmağa, beləliklə də köləliyə, koloniyaçılığa, hətta primitiv sayılan xalqların soyqırımına haq qazandırmağa yönəlmişdi. Onlar müxtəlif xalqlardan olan insanların kəllə ölçüsünə, formasına görə ağıl haqqında mülahizələr irəli sürür və ictimai fikrə təsir edirdilər. İş o yerə gəlib çıxmışdı ki, zəncilərin ari irq, yəni Hind-Avropa dil ailəsinə mənsub olanlar qədər zəkalı olmamasını sübut etmək üçün eksperimentlər aparılırdı: Yüz illərlə qul halına salınmış, təhsildən, normal həyat şəraitindən məhrum edilmiş, nəticədə özünəinamsız və özünü dəyərsiz görən bir qrupla, zəkasını inkişaf etdirmə imkanı olan, daha yaxşı həyat şərtlərinə malik, özünü az qala fövqəlinsan hesab edən qrup – avropalılar müqayisə edilirdi. Bu dövrdə təkcə ari olmayanların arilərdən deyil, həmçinin qadınların da kişilərdən daha zəif ağla sahib olmaları ilə bağlı elmi fikirlər irəli sürülürdü. Hətta nevrologiyada məşhur sima olan fransız nevroloqu Paul Broka qadın ağlını kişi ağlı bir yana dursun, meymun ağlı ilə müqayisə edirdi! Bu gün də ari irqin ali irq olması və qadın ağlının kişi ağlından əksikliyi illüziyası və propaqandası açıq və gizli şəkildə qorunmaqda davam edir. Problem xalqlar və ya cinslər arasındakı olduqca normal olan fərqlərdə deyildir. Problem bu fərqləri iyerarxiq (yuxarı-aşağı), etik (pis-yaxşı,) ölçülərlə, döyüş meydanı (güclü-gücsüz) müstəvisində müzakirə etmək və dəyərləndirmək kimi irqçi-maskulin yanaşmadadır.

Bu yazıda bu suallara cavab axtarılır: ayrıca qadın və ayrıca kişi beyni varmı, əgər varsa bu fərqliliklər nədən irəli gəlir: Onların bioloji quruluşundan? Cəmiyyətdə onların üzərinə qoyulan məsulliyyət və vəzifələrdən? Onların öz qabiliyyət və bacarıqlarına aid inanışlardan, habelə qadın və kişi rollarına uyğun tərbiyə edilmələrindən? Nevrologiyanın gələcəyi bizi hara apara bilər?

Qadın və kişi beyni haqqında araşdırmalar

Qadın və kişi cinsi arasındakı fərqlər onların beynində də mövcuddurmu? Əgər belə fərqlər varsa, o özünü qadınların və kişilərin hissetmə, düşünmə, davranışlarında necə göstərir?

Bu suallarla bağlı üç yanaşma var.

1. Qadın beyni ilə və kişi beyni bir-birindən fərqlidir və kişi beyni üstündür. (Nevroseksizm).

2. Cinslərin beynindən deyil, beynin cinsiyyətindən danışılmalıdır. Qadında kişi, kişidə qadın beyni ola bilər.

3. Qadın və kişi beyni arasında fərq yoxdur, hər beyin fərqlidir.

Əvvəlcə qadın və kişi beyni arasındakı fərqləri qəbul edən və etdirməyə çalışan nevroloqların arqumentlərini göstərək.

Birinci yanaşma: Qadın beyni ilə kişi beyni bir-birindən fərqlidir. Nevroseksizm.

Fərqçilik tərəfdarları sol beynin yarımkürəsini kişilərə, sağ beyin yarımkürəsini isə qadınlara şamil edirlər. Bəs sağ və sol beyin kürələri nələrə məsuldur?

Sol beynin xüsusiyyətləri: (Məntiqçilik)

- Məntiqi, riyazi və analitik düşünür

- Səbəb-nəticə əlaqəsini yaxşı qurur

- Praqmatik nəticələri düşünür

- Sözlər, saylarla maraqlanır

- Elmi mövzularla maraqlanır.

- Bədənin sağ tərəfindəki orqanlarını yönəldir.

Sağ beynin xüsusiyyətləri: (Duyğuçuluq)

- Görmə, eşitmə, dad bilmə, qoxu duyğularını aktivləşdirir

- Yaradıcı düşünür

- Sənət bacarıqları, xəyal gücü yüksəkdir

- Sezgisi güclüdür

- Nəticəni deyil, niyyəti hədəf alır

- Şəfqət, empatiya, mərhəmət duyğularını yönəldir

- Bədənin sol tərəfindəki orqanlarını yönəldir.

İndi isə bu yanaşmanın, yəni sağ beynin qadına, sol beynin kişiyə aid edilməsinin və bunun qadınların əleyhinə necə istifadə edilməsi haqqında tənqidi mülahizələrimi deyim.

XX əsrin əvvəllərində beyin yarımkürələrində Broka sahəsi deyilən hissəni, yəni beyində sol frontal yarımkürəni ortaya çıxaran Paul Broka, qadın beyninin kişilərlə müqayisədə az çəkili olmasını onların az ağıllı olması kimi əsaslandırmğa çalışırdı və bu məqamda kişilərin bədən ölçüsünün də böyük olduğunu nəzərə almırdı. Bu nəzəriyyə çox tez qüvvədən düşdü, çünki sonralar bilindi ki, beynin böyüklüyünün, kiçikliyinin, qıvrımlarının, neyronlarının sayının zəka ilə heç bir əlaqəsi yoxdur. Əsas məsələ bu neyronlar arasında bağ qurmaq bacarığıdır. Üstəlik bəzi araşdırmalar insan beyninin get-gedə kiçildiyini göstərir.

Söhbət sağ və sol beyin yarımkürələrinə cinsiyyət mənası verməkdən çox, həmin mənalandırmaların qadınlara qarşı istifadə edilməsindən gedir. Məsələn, qadınların maşın park edərkən rastlaşdıqları çətinliklər, onların pis sürücü olmaları və onlarda sağ beynin məsul olduğu konsentrasiya zəifliyi ilə əlaqələndirilir. Ancaq kişilərin ətrafı qadınlar qədər geniş spektrdə görə bilməmələri, həyəcan anında tez qərar vermə və təmkinli ola bilməmə səbəbindən daha çox yol qəzasına uğramalarından, onların qadınlarla müqayisədə daha çox yol qəzasında həyatlarını itirmələrindən heç danışılmır. Bəli, qadın maşın sürərkən pis park edə bilər, ancaq kişi maşın sürərkən ölür və öldürür. Yeri gəlmişkən, bu faktı yazarkən Almaniyada qadın və kişi sürücülər arasındakı yol qəzaları ilə bağlı statistikalardan istifadə etdim.

Digər məsələ isə, sağ və sol beyin yarımkürələrinin qabiliyyətlərindən çıxış edərək, məntiqi və analitik düşünmə tələb edən akademik və elmi sahələrin məhz kişilərə, xəyal və yaradıcılıq gücü tələb edən sənət və estetika ilə bağlı sahələrin məhz qadınlara aid edilməsidir. Bu məqamda kişilərin xeyrinə eninə-uzununa alim, filosof, mühəndis adı çəkməklə bu tezisin isbatına çalışılır. Sual yaranır: Əgər bu bölgü həqiqidirsə, o zaman necə ola bilir ki, qadına aid sağ beynin gücü ilə sənətin müxtəlif sahələrində yaradıcılıqla məşğul olmuş və olan saysız-hesabsız kişilər var? Niyə bütün rəssamlar, şairlər, yazıçılar, heykəltəraşlar, musiqiçilər və s. qadın cinsində deyil? Necə ola bilir, beynin maskulinləşdirilmiş sol tərəfini istifadə edən riyaziyyatçı, mühəndis, filosof qadınlar “kişi sahəsinə” girdiklərinə görə ciddiyə alınmır, ancaq beynin femininləşdirilmiş sağ tərəfiylə sənət aləmində meydan sulayan kişilərə bu “sərhəd pozma” məqbul sayılır. Üzdə və sözdə maskulin və feminin beyin yarımkürələrindən danışılsa da, özlüyündə “kişilər hər iki tərəfi idarə etməkdə ustadırlar, qadınlar isə heç bir tərəfdə işə yaramırlar” ideyası hakimdir. Bəzən də “sərhəddi pozan”, ya da “həddini aşan” qadınlar iqnor edilməklə görməməzliyə vurulurlar. Məsələn, dünyada komputer proqramlarını yaradan ilk şəxs, riyaziyyatçı Ada Lovelace adlı bir qadındır və onun adı heç harda çəkilmir.

Bundan başqa sənət və estetika sahələrində olan kişilərə qadın işləri ilə məşğul olan biri kimi baxılmadığı halda, məntiqi və analitik düşüncə tələb edən sahələrdə olan qadınların “kişivari” olması təsəvvürü də mövcuddur. Hələ qadın idarəçiliyindən heç söhbət belə gedə bilməz, baxmayaraq ki, qadınların şəbəkəli düşüncə və sezgi qabiliyyəti gekspertlərin fikrincə, onlara sosial təsisatlara, böyük sənaye şirkətlərinə daha yaxşı rəhbərlik etmə imkanı verir.

İkinci yanaşma: Qadın və kişi beyni deyil, dişi beyin, erkək beyin var. Cinsiyyətdəki beyin yox, beynin cinsiyyəti ifadəsi doğrudur.

Bu mövqeyin tərəfdarlarına görə biloloji cinsiyyətdən asılı olmayaraq beynin öz cinsiyyəti var. Yəni, bioloji olaraq kişi olan birisində qadın beyni, qadın cinsinə aid olan birisində də kişi beyni ola bilir. Beləliklə: İki tip bioloji cinsiyyət və dörd tip beyin cinsiyyəti var:

1. Erkək beyinli kişilər

2. Erkək beyinli qadınlar

3. Dişi beyinli kişilər

4. Dişi beyinli qadınlar

Bu necə baş verir? Ana bətnində bütün bütün insanlar təxminən 2-3 aya kimi qadın cinsində olur. Daha sonra X lərdən biri Y-ə çevrilərək testesteron hormonu törətməyə başlayır və gələcək kişinin təməli qoyulur. Fetusun məruz qaldığı testesteron miqdarı onun beyninin də cinsiyyətini təyin edir. Testesteron artıqlığı sol beyin yarım kürəsinin inkişafını yavaşladır. Hamiləlik stressli keçdikdə anada testesteron hormonu yüksəlir; beləliklə o qız fetusunda erkək beyni, oğlan fetusunda isə dişi beyni meydana gəlir.

Əlavə olaraq 18-21 yaşa qədərki stressli mühit də beynin cinsiyyətinə təsir edə bilir.

Bu yanaşma haqqında sadəcə bunları demək olar: Beynin cinsiyyəti hardasa xarakter məsələsinə bənzəyir. Məsələn, dominantlıq kişiyə aid cəhət kimi qəbul edilməsinə baxmayaraq, dominant qadınlar da az deyil. Yaxud mülayimlik, ürəyiyumşaqlıq feminin xüsusiyyət sayılsa da, dünyada kifayət qədər mülayim, ürəyiyumşaq kişilər var. Davranışların, xarakterlərin, xasiyyətlərin ancaq iki tipdə olması dünyanı rəngsizləşdirərdi.

Üçüncü yanaşma: Qadın və kişi beyni arasında fərq yoxdur, hər beyin fərqlidir.

Bu yaxınlarda Nature və New Scientist kimi ciddi elmi jurnallarda kiçik anatomik fərqlər nəzərə alınmaqla qadın və kişi beyninin eyni olması haqqında məqalələr çap olundu. Müəliflərdən biri olan Lise Eliotun məqaləsinin adı bütün araşdırmanın məğzini ortaya qoyur : “Nevroseksizm: Kişilərin və qadınların fərqli beyinlərə sahib olması haqqında mif.”

Wisconsin universitetində qadın və kişi aralarındakı mental fərqləri araşdıran psixoloq Shiblez Hyde də eyni nəticəyə gələrək, cinslər arasındakı kəskin fərqlərə qarşı çıxır. Buraya riyazi bacarıqlar, impulsivlik, idarəetmə gücü, ləyaqət duyğusu, nitq bacarıqları da daxildir.

“Qadınlar Venera planetindən, kişilər isə Mars planetindən gəliblər; Ona görə də onların fərqli beyinləri var.” Bu ironik fikirləri isə Daphna Coel, “Beynin cinsiyyəti yoxdur” kitabında yazır. Onun qənaətincə bəzən kişilərin beyni qadın modelində, bəzi qadınların beyni isə kişi modelində işləyir. O beynin bu xüsusiyyətini interseksuallıqla müqayisə edir və hesab edir ki, beyinlərin əksəriyyəti nə erkək, nə də dişidir – interseksualdır. İnterseksual iki fərqli cinsin arasında olmaq deməkdir; hermofrodit – əgər bioloji baxımdan həm kişi, həm qadındırsa, interseksual özünü həm kişi, həm də qadın kimi hiss etməyə deyilir.

İsrail alimlərinin araşadırmaları da göstərdi ki, qadın və kişilərin sahib olduqları fərqli beyin quruluşları üzərində düşünmək yerinə, beynimizi dəyişkənlikləri, maskulin və feminin xüsusiyyətləri olan bir mozaika kimi düşünməliyik. Çünki hər iki beyin yarımkürəsi hər iki cinsdə aktiv ola bilər, yəni, xalis erkək beyin, xalis dişi beyin yoxdur.

Digər araşdırmalar da başımızın içindəki kütlənin nə dişi, nə də erkək olduğuni deyir. Əksər beyinlər hər iki tərəfin aktiv olduğu heterogen bir sistemdir.

İnigiltərəli nevroloq Simon Baron-Choen qadın və kişi beyni üçün empatiya və sistemləşdirmə araşdırmalarında qadınlardan daha çox empatiya qabiliyyəti olan kişilərin, kişilərdən daha çox sistemləşdirmə bacarığı olan qadınların olduğunu ortaya çıxartdı. Beləliklə gəlinən nəticə budur: Fərqlilik qadın və kişi beynində deyil, ümumiyyətlə hər beyin fəqlidir.

İndi isə üçüncü yanaşmanı qəbul edib bu suala cavab verək: Əgər qadınlar və kişilər arasında beyin fərqlilikləri yoxdursa, onda qadın və kişi davranışlarındakı fərqlər nədən irəli gəlir? Kişilərin qadınlardan daha ağıllı və cəsarətli sayılması stereotipi özünü onların davranışında neçə göstərir?

Bu suala belə cavab verərdim:

Ehtiyat ağıl əlamətidir

İnsanda iki təməl duyğu var; sevgi və qorxu. Əgər sevgidən güvən, şəfqət, mərhəmət, etibar, rahatlıq, sevinc, fərəh və s. kimi pozitiv duyğular doğulursa, qorxudan acıq, nifrət, paxıllıq, kin, qisas, kədər və s. kimi neqativ duyğular yaranır. Demək olar ki, bütün duyğular bu iki ana duyğunun törəmələri və kombinasıyalarıdır.

Qorxu təhlükə düşüncəsinin oyandırdığı reaksiyadır və hər bir canlının həyatda qalmasına xidmət edən təməl duyğudur.

Beyində qorxu mərkəzi olan amiqdala kişilərdə daha çox inkişaf edib və onlar qorxularına daha ciddi yanaşırlar. Qorxu məqamında adətən ağlın fəaliyyət göstərdiyi yer, prefrontal hissə dayanır, primitiv hissə – amiqdala fəaliyyətə keçir. Beynə təhlükə siqnalı verildikdə amiqdala ya qaçış əmri verir, ya da döyüş. Qaçana qorxaq, döyüşənə cəsarətli demək nevroloji baxımdan yanlışdır, çünki hər iki davranışı hərəkətə keçirən qüvvə qorxudur. Qorxu duyğusu əsasən kişi hormonu kimi tanınan testestoran hormonu ilə birbaşa əlaqəlidir. (Qadınlarda testesteron səviyyəsi kişilərdəkinin yüzdə 5-i qədərdir.) Testestoron hormonu kişilərdə təkcə nəsil artırmağa cavabdeh deyil, eyni zamanda aqressivliyə və zorakılığa meyli çoxaltmaqla insanı həm müdafiəyə, həm də hücuma hazırlayır. Kişilərin davaya, müharibəyə, konfliktə, meylliliyi, qorxu və aksion filmlərini daha çox sevməsi, problemin həlli üçün gərəkən müstəvini ya rinqə, ya da döyüş meydanına çevirməsi bununla bağlıdır. Bundan başqa qərar vermə mexanizmlərinə görə qadınlardan fərqlənən kişilər testesteronun təsiri ilə anidən, düşünmədən, asanlıqla qərar verə və riskə girə bilirlər. Belə məqamlərda risk də, cəsarət də qorxudan meydana gəlir. Görünür el məsəlimiz olan “Ehtiyat igidin yaraşığıdır” ifadəsi düşüncəsiz cəsarətə qarşı bir xəbərdarlıq kimi deyilib. Təhlükə ilə üzləşərkən qorxu hissi kişilərdə və digər erkək canlılarda daha çox cəsarət və risk kimi, qadınlarda və digər dişi canlılarda daha çox ehtiyatlılıq kimi təzahür edir. Qadınlarda amiqdalanın kiçik olması onların kişilərdən fərqli davranmasına gətirib çıxardır. Qədim homosapiens nənələrimiz bu səbəbdən hədsiz ayıq olmalı imişlər. Ehtimal ki, onların fiziki gücü az olduğuna görə, balalarını və özlərini qorumaq üçün daha tez duyuq düşmə, ehtiyatlı olma qabiliyyəti daha yüksək olub. Ana ən azı balaları üçün özünü qorumalıdır. Görünür elə buna görə tələyə düşən heyvanların böyük əksəriyyəti erkək cinsində olur. Erkəyin belə bir məsuliyyətinin olmaması da onu daha az ehtiyatlı edir. Qadınlarda sevgi hormonu kimi də tanınan oksitosin daha yüksək səviyyədədir. Oksitosin hormonu təhlükə siqnalının yaratdığı həyəcanı və qorxunu azalda, hətta susdura bilir, qorxu susanda ağıl fəaliyyətə keçir. Oksitosin hormonu insanda təhlükəsizlik, güvən, etibar hissi yaradır və problemi sevgi yoluyla həll etməyə yönəldir.

İnsan on min illərdir təbiətdəki bütün düşmənlərinə qalib gəlib, artıq demək olar ki, onun döyüşəcəyi heç nə qalmayıb. Ancaq kollektiv şüurdan gələn düşmən arxetipləri indiyə kimi şüuraltında yaşayır. Müharibələrin mövcudluğu o deməkdir ki, insanlar hələ də qorxu mərkəzlərinə uyğun hərəkət edirlər. Ağıl bu işdə amiqdalanın xidmətində duraraq silah, döyüş texnikaları, siyasi planlar yaratmağa həsr olunur. Elə təkcə silah sənayesinə qoyulan milyardlarla sərmayəyə nəzər salmaq yetərlidir. Qorxu instinktinə uyub bir-birlərini qıran kişiləri elə bu səbəbə görə ağıllı yox, qorxaq saymaq olardı.

Beynin funksionallığında qəliblərin, kodlamaların və özünəinamın rolu

Nevroloqların fikrincə insan beyni təkamül etdikcə ictimai cinsiyyət rollarından ciddi ölçüdə təsirlənir. Beyin plastik bir orqan olduğuna görə, özünü dəyişdirə, həyat şərtlərinə uyğun hal və vəziyyət ala bilir. İctimai cinsiyyət rolları qadın və kişilərə müxtəlif vəzifələr tapşırır. Məsələn, kişilərin daha az ağlaması onların göz yaşı ehtiyatının azlığından, ya da ümumiyyətlə daşürəkli olmalarından irəli gəlmir. Səbəb artıq fiziki olaraq genetikləşmiş və sosial olaraq kodlaşmış “kişilər ağlamaz” qəlibidir. “Güclü kişi” rolu oynayan kişi ağlamır, çünki onun üçün yazılmış “ssenaridə” bu yoxdur. Öz növbəsində qadınlar üçün də təyin edilən rollar var; məsələn, qadın “əlinin xəmiriylə kişi işlərinə qarışmamalıdır”, gedib mətbəxdə “bozbaşını bişirməlidir”. Burada qadının “iş yeri” olan mətbəxə qarşı, “kişi işlərinin” məkanı kimi idarəetmə sisteminin hazırlandığı kabinetlər, elmi-akademik araşdırmaların aparıldığı laboratoriyalar və s. təsəvvür edilə bilər.

Qadın və kişilərə təqdim edilən qəliblər onların özünəinamında və özünüdərkində ciddi əhəmiyyətə malikdir. Bununla bağlı bir qrup Avstraliya alimi maraqlı qənaətə gəlib; Zəka testlərinə görə qadın və kişi zəkası arasında demək olar ki, fərq yoxdur. Fərq qadın və kişilərin öz zəkalarına verdikləri qiymətdədir. Kişilər öz intellektlərini həddindən artıq yüksək dəyərləndirməyə, qadınlar isə tam əksinə, əksik hesab etməyə meyllidirlər. Bu yanlış qiymətləndirmələr onların ailələrindən gəlir; valideynlər oğlanlarını qızlarından daha intellektli sayırlar, uşaqlar isə atalarını analarından daha ağıllı hesab edirlər.

Almaniyada təbiət elmləri üzrə PISA tədqiqatlarına görə qızların öz riyazi qabiliyyətləri ilə bağlı neqativ düşüncə və qənaətləri varsa, onlar riyaziyyat testindən çətin keçirlər. Belə kodlamalar olmayanda isə onların göstəriciləri oğlanlarınkından fərqlənmir. Araşdırmalar həmçinin göstərir ki, qızlarda təbiət elmlərinə, xüsusilə riyaziyyata maraq azdır. Bunun səbəbini öyrənmək üçün Böyük Britaniyada Warwick Universitetində Victor Lavy-nin rəhbərlik etdiyi tədqiqatçılar bir qrup şagird üzərində sınaq aparırlar. Sınağın şərtlərinə görə, həmin şagirdələr təbiət elmlərinin birindən mətn yazmalıdırlar. Həmin mətni həm öz müəllimləri, həm də onları tanımayan kənar müəllimlər qiymətləndirməlidir. Öz müəllimlərinin qiymətləndirmələrində oğlanların göstəriciləri yaxşı olur. Mətnlərin kim tərəfindən yazıldığını bilməyən kənar müəllimlər isə əksinə, qızlara daha yüksək qiymət verirlər. Sorğu nəticəsində məlum oldu ki, belə stereotiplər və ədalətsizliklər qızları təbiət elmlərinə qarşı soyudur. Tədqiqatın nəticələri bir daha göstərir ki, qızlara və oğlanlara, onların bacarıq və qabiliyyətlərinə bəslənən inam onların həm özlərinə inamında, həm də əqli bacarıqlarının ortaya çıxmasında ciddi rol oynayır.

İmposter Syndrome yaxud saxtakarlıq sindromu

Qız uşaqlarının əqli bacarıqlarına inamsızlıq əslində o qədər ciddi məsələdir ki, onlar gələcəkdə müəyyən uğur qazansalar belə, uşaqlıqda yaşadıqları dəyərsizlik duyğusu sonralar onlarda hətta psixoloji problemlər yarada bilər. 1978-ci ildə Amerikada Pauline R. Clance və Suzanne İmes adlı iki psixoloq Georgiya Dövlət Universitetində uğur qazanmış qadınlarla bağlı bir proyektə başladılar. Müsahibə əsnasında bu qadınlar qazandıqları uğuru təsadüfə, bəxtə, başqalarının köməyinə bağlayır, bunu öz istedadlarının deyil, sadəcə zəhmətlərinin, bəlkə də manipulyasiya bacarıqlarının hesabına əldə etdiklərini deyirdilər. Bu qadınlar iddia edirdilər ki, əslində onlar heç də başqalarının düşündüyü kimi bacarıqlı, ağıllı və intellektli deyillər. Hətta araşdırma zamanı bir professor qadın özünü bu mərtəbəyə əsla layiq görmədiyini, bu fakultəyə uyğun olmadığını deyir, professor kimi seçilməsində bir yanlışlıq ola biləcəyini düşünürdü. Beləliklə, elmi adı “imposter syndrome”, yəni saxtakarlıq sindromu olan, daha çox qadınlarda müşahidə edilən bu kognitiv qavrayış problemi, psixoloji fenomen kimi, elə iki qadın psixoloq tərəfindən kəşf edilir. Bu sindromdan əziyyət çəkənlər nə zamansa “sirrin” üstünün açılacağı, üzlərinə taxdıqları “zəkalı qadın” maskasının yırtılacağı qorxusuyla daimi yük və stress altında olurlar. Əksik özünüqiymətləndirmə, dəyərsizlik, gözüqıpıqlıq, depressiya, Burnout – tükənmişlik, yetərsizlik bu sindromun tipik əlamətləridir.

Sonrakı araşdırmalarda məlum oldu ki, impostor sindromu təkcə peşə fəaliyyətində deyil, həmçinin ailədə, məktəbdə, qadın-kişi münasibətlərində və s. də mövcuddur.

Clance və İmens bu sindromun yaranmasında iki səbəb görürlər:

1. Uşaqlara qarşı hədsiz tələbkarlıq, onlardan daim mükəmməllik gözləmək.

2. Ailə içində kiçik qızlara duyğulu davranma rolunu vermək, intellektual davranmağı isə oğlanlardan gözləmək.

Saxtakarlıq sindromu qadınlar qədər olmasa da, kişilərdə də görülür. Bu sindrom qadınlarda ehtiyatlılıq, gözüqıpıqlıq, ürkəklik, daim müdafiə mövqeyində dayanma, özünüqoruma kimi davranışlarla müşayiət olunursa, kişilərdə təlaşlı akivlik, öz bacarıqlarını daim sübut etmə cəhdi, gözəgirənlik kimi özünü göstərir.

Yeni dövrə keçid; beyin vasitəsiylə beynin yenidən qurulması

Son illərdə nevrologiya və epigenetika sahələrində yeni araşdırmalar psixoloji problemlərin köklərini ailə çərçivəsindən daha dərinlərə aparıb çıxarır. Məsələn, artıq travmaların da miras kimi nəsildən-nəsilə ötürülməsindən, başqa sözlə nəsil travmalarından söhbət gedir. Bu o deməkdir ki, əcdadların təkcə fizioloji xüsusiyyətləri deyil, eyni zamanda onların öz zamanında yaşadıqları mənəvi sıxıntılar, qorxular, habelə, özünəinamsızlıqlar və dəyərsizlik duyğuları da gen yaddaşında qorunub saxlana və daha sonrakı nəslə keçə bilər. Başqa tərəfdən də minillərlə yaşı olan neqativ kodlardan qurtulmaq, şüuraltının öyrənilməsi, təmizlənməsi istiqamətində yeni cığırlar açmaq imkanları böyüyür. Bu günkü nevrologiyada qadın-kişi beyni bölgüsü yoxdur, beyni necə yenidən proqramlaşdırmaq, onun gücünü necə öyrənmək və istifadə etmək və s. kimi suallara cavab axtarışı var. Beynin dil, düşüncə və bədənlə əlaqəsinin qurulması, şüurun və şüuraltının yenidən proqramlaşdırılması, zehin modellənməsi nəinki böyük uğurlar qazanmaqda, hətta ən sağalmaz xəstəliklərin belə müalicəsində ciddi təsiredici gücə malikdir. Nevrolingvistik proqramlaşdırmalar baxımından bacarıqlı-bacarıqsız insan yoxdur, bacaracağına inanan və inanmayan insan var. Çünki insan bildiklərinə deyil, inandıqlarına uyğun davranır və yaşayır.



Alov İnanna



# 1956 dəfə oxunub

Oxşar xəbərlər

O, Tupak Şakurun ölümü üçün 1 milyon dollar alıb

O, Tupak Şakurun ölümü üçün 1 milyon dollar alıb

16:00 26 iyul 2024
Tualet müasir insanın məşğuliyyət otağıdır - Vüsal Bağırlı

Tualet müasir insanın məşğuliyyət otağıdır - Vüsal Bağırlı

15:30 26 iyul 2024
Anasını, nənəsini istismar edənlər - Belə yaşayış olar?

Anasını, nənəsini istismar edənlər - Belə yaşayış olar?

14:00 26 iyul 2024
Məşhur aktrisa:  "40 ildir evli olsaq da, ayrı yataqda yatırıq"

Məşhur aktrisa: "40 ildir evli olsaq da, ayrı yataqda yatırıq"

13:41 26 iyul 2024
Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6

Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6

12:08 26 iyul 2024
Unudulmağa üz tutmuş tarix... - Bakının ən hündür kəndindən reportaj

Unudulmağa üz tutmuş tarix... - Bakının ən hündür kəndindən reportaj

12:00 26 iyul 2024
# # #