Sənsiz ürəyimi əzir ayrılıq - Nəriman Həsənzadə

Sənsiz ürəyimi əzir ayrılıq - Nəriman Həsənzadə
25 iyun 2024
# 16:00

Kulis.az Nəriman Həsənzadənin "Qayıt" şeirini təqdim edir.

Tək çəkə bilmirəm can əzabını,
Sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
Bəxtimə çıxıbsan, qarşıma sən çıx!

Tək sənin səsinə həsrətəm evdə,
Susub dinləsəm də dostu, tanışı.
Oğul-qız yanında mən təkəm evdə, -
Başqadır həyatda həyat yoldaşı.

Uşaqlıq yoldaşım, gözümün nuru,
Könlümün həyanı, ülfəti sənsən.
Qalxsam, ailədə ata qürurum,
Yıxılsam, dizimin taqəti sənsən.

Həyat çox sınadı xeyirdə, şərdə,
Mən dara düşəndə ilk həyanımsan.
Sən "Nabat xalanın çörəyi"ndə də
Mənim Fərəh adlı qəhrəmanımsan.

Yayın istisində - sərin günlüyüm,
Qışda od nəfəsin hərarət verir.
Mənim məğrurluğum, ərköyünlüyüm
Ancaq sənə görə, sənə görədir.

Qayıt, adamları təzədən tanıt,
Səhvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın!" -
Bir də təkrar elə bu həqiqəti.

Evimin bəzəyi, qayıt evinə,
Pəncərə, döşəmə eləcə durur, -
Nə qədər silirəm toz basır yenə,
Sənin sildiyintək heç təmiz olmur.

Bəzən qohumların yanır ürəyi,
Deyirlər, gəl çay iç, çörək ye hərdən.
Sənin bişirdiyin dadlı xörəyi
Mən tapa bilmədim o süfrələrdən.

İlhamım, qələmim danışan deyil,
Qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir, ancaq elə bil, -
Özgənin evinə gedirəm sənsiz.

Qoşa hacıleylək yuvası olur,
Heç qaranquşu da tək qoymur həyat.
Bütün canlıların dünyası olur -
Sən mənim dünyamsan, dünyama qayıt

# 1857 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər