Səncə, fədakarsan? - Sadəcə, istifadə olunursan!

Səncə, fədakarsan? - Sadəcə, istifadə olunursan!
15 may 2025
# 18:00

Kulis.az Simran Qədimin "Eqoizm, yoxsa altruizm?" yazısını təqdim edir.

Eqoizm və altruizm davranışlarımızı, seçimlərimizi, qərarlarımızı yönləndirən əks anlayışlardır. Eqoizm “mənə nə faydası var?”a söykənirsə, altruizm “başqaları üçün nə edə bilərəm?”ə əsaslanır.

Əslində, eqoizmin təməlində özünü qorumaq və özünü reallaşdırmaq instinkti dayanır. Sağ qalmaq və irəli getmək üçün bunun çox böyük əhəmiyyəti var. Amma eqoizm ifrat hal alanda insani və ictimai dəyərlər sarsılır, cəmiyyətdə harmoniya pozulur. Yalnız özümüzü qabağa çəkib başqalarını heçə saysaq, nüfuzdan düşərik, heç kəs bizə hörmət etməz.

Altruizm isə sosial həyatın əsas sütunlarındandır, insani və ictimai dəyərləri möhkəmləndirir. Biz digərlərini düşündükcə digərləri də bizi düşünməyə başlayır, özümüzə hörmət qazanırıq. Amma altruizm də normadan artıq olanda problem yaranır. Özümüzü qoyub daim başqalarını düşünəndə bəzən hüquqlarımız tapdanır, istismar olunuruq.

Bir çox hallarda altruizm adından eqoist məqsədlər həyata keçirilir. Məsələn, ətrafda hörmət, sosial status qazanmaq üçün “yardım”lar edilir. Bəzən də ilk baxışda eqoizm kimi görünən davranışlar uzaq perspektivdə insanlara böyük faydalar verir. Məsələn, əvvəlcə yalnız öz hədəflərini düşünən biri nəticədə müəyyən mənsəbə çatır, cəmiyyətə daha çox xeyir gətirir.

Hər kəsin içində eqoizm də var, altruizm də. Bəs onları necə tarazlaşdıraq? Davranışlarımızı, seçimlərimizi, qərarlarımızı eqoizmə, yoxsa altruizmə əsasən tənzimləyək? Məsələ də məhz bundadır: fərdiyyətçi cəmiyyətlər eqoizmi önə çəkirsə, kollektivçi cəmiyyətlər altruizmi qabardır. Bəzən rəqabət təbliğ olunur, bəzənsə əməkdaşlıq təşviq edilir. Bizə həm “özünü düşün, uğurlu ol” deyilir, həm də “fədakarlıq elə, paylaş”.

Kapitalist dəyərlərin hökm sürdüyü, hər növ istehlakın, alış-verişin xoşbəxtlik kimi qələmə verildiyi indiki dövrdə get-gedə eqoistləşdiyimizi özümüz də hiss edirik. Dövrümüzdə virus kimi yayılan eqosentrizm və narsisizm bizi yalnız öz maraqlarını güdən, başqalarının duyğu və ehtiyaclarını gözardı edən fərdlərə çevirib. Özünəvurğunluq fərdiyyətçi mədəniyyətin güclənməsindən, sosial medianın təsiri ilə daha çox diqqət mərkəzində olmaq arzusundan qaynaqlanır.

Fərdiyyətçiliyi tərifləyib kollektiv harmoniya tələb ediləndə isə çaşbaş qalır, necə davranacağımızı bilmirik. İnsan “mən” və “biz” arasında bir varlıqdır. Altruist olmasaq da, eqoizmimizi cilovlamalıyıq.

Dünyadakı milyardlarla insandan biri kimi hər kəs öz-özünə belə bir sual versin: niyə məhz mən hamıdan üstünəm? Özümü misir fironları, roma sezarları kimi aparmaq haqqını kim mənə verib axı?!

Demək olar, bütün dinlərdə və fəlsəfi-etik sistemlərdə belə bir fundamental prinsip qızıl xətlə keçir: özünü tanı!... Özümüzü tanısaq, başqalarını anlayarıq. Başqalarını anlasaq, özümüzü tamamlayarıq.

# 630 dəfə oxunub

Oxşar xəbərlər

"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

13:00 1 iyul 2025
Lady Qaqa milyarderdən 6 milyon dollar tələb edib?

Lady Qaqa milyarderdən 6 milyon dollar tələb edib?

12:40 1 iyul 2025
"Onsuz da imtahan vermirik ki, özüm əleyhinə danışaram"- Samir Mirzə

"Onsuz da imtahan vermirik ki, özüm əleyhinə danışaram"- Samir Mirzə

12:33 1 iyul 2025
Yeni “Möcüzə Qadın”  gəlir...

Yeni “Möcüzə Qadın” gəlir...

12:00 1 iyul 2025
Rusiya və ruslar bizdən nə istəyir? - Baş verənlərin pərdəarxası

Rusiya və ruslar bizdən nə istəyir? - Baş verənlərin pərdəarxası

12:00 1 iyul 2025
Rusiyadan necə xilas ola bilərik? - Yalçın İslamzadə

Rusiyadan necə xilas ola bilərik? - Yalçın İslamzadə

11:30 1 iyul 2025
# # #