Kulis.az Ulucay Akifin "Şəhid anası" yazısını təqdim edir.
Artıq elə bir günümüz yoxdur ki, ölkədə iyrənc nəsə gündəmə çevrilməsin. Dişimizi-dişimizə sıxıb birtəhər ömrü yola verməklə məşğuluq bu məmləkətdə. Çün gözəl heç nəyə ümid yeri qoymur bu adamlar...
Dünən də qarşıma bir video çıxdı: şəhid anası bir cılız, əyin-başından, duruşundan yetim-yesirlik yağan bir kişini diz üstə çökdürdüb şillələyirdi, bu işdə əlbir olanlar da kənardan bu iyrənc mənzərənin videosunu çəkirdilər.
Deyilənə görə, kişi gecə içkili vəziyyətdə şəhid plakatının olduğu yerdə təbii ehtiyacını ödəyibmiş. Düzdür, xoş şey deyil, düzgün deyil. Nəinki şəhid plakatı olan yerdə, guya başqa yerdə bunu etmək düzgündür? Amma indi bir hadisədir, olub. Adam içkili imiş. İçkili olmaq anlaqsız vəziyyətdə olmaq deməkdir. Təxminən, ruhi xəstə, dəli olmaq kimi bir şeydir. Axı sən içkili adamla nəyin davasını edirsən?
Məni incidən, məni iyrəndirən isə bir şəhid anasının belə davranmağıdır. Axı sən şəhid anasısan. Səbri, anlayışı, mərhəməti səndən öyrənməlidir məhəlləndəki adamlar, məmləkətindəki adamlar. Sən isə bir yesir adamı diz üstə çökdürüb şillələyirsən, söyürsən, hələ fəxrlə bunu videoya çəkdirib paylaşdırırsan da.
Səncə, oğlunun ruhu bu hərəkətinlə şad olur?
Kimə nəyi sübut etdin bu addımınla?
Kim səndən nə örnək götürəcək?
Yoxsa ibrət dərsi vermək istəyirsən?
Sırf bu hadisə üzərindən gedib mövzunu çürütmək istəmirəm.
Ölkədə hamı lotudur. Hamı biri-birinə barmaq silkələyir, hədələyir, təhqir edir, alçaldır. Hamı kimisə əzmək, alçaltmaq üçün fürsət axtarır. Niyə?
Şəhidin yeddinci göbəkdən qohumu da şəhidin adıyla lotuluq edir, qazi də lotuluq edir, müəllim də, şagird də, psixoloq da, aparıcı da...
Onsuz da bütün adları hörmətdən salmışıq. Müəllim, yazıçı, aktyor, akademik, professor, həkim, məktəb direktoru... Yıxılanda tuta biləcəyimiz bütün budaqları kəsmişik, budamışıq, tutmağa bir salamat yerimiz qalmayıb. Cəmiyyət olaraq əlil qaziyə çevrilmişik, şikəst qalmışıq. Heç olmasa, "şəhid" adının, "şəhid anası", "şəhid ailəsi", "qazi" adlarının hörmətini qoruyaq. Bu adlar da gözümüzdən düşməsin. Bu hörməti saxlamaq da hər iki tərəfin öhdəsinə düşür.
O kişinin etdiyi səhv idi. Bəs şəhidin anasının etdiyi doğru oldumu?
Bir adamı diz üstə çökdürüb təhqir eləmək, şillələmək, videoya çəkib paylaşmaq hansı məqamda doğru ola bilər ki?
Bilmirəm.
Ölkədə hamı lotudur. Hamı! Məktəb direktoru da çəmkirir camaatın üstünə, efirə çıxan psixoloq da, aktyor da... Hamı lotu olub. Hamı! Bəlkə, köynəklərini çıxarsalar, çiyinlərində, kürəklərində səkkizgüşəli ulduz “nakolka”sı da görərik.
Ay anam, ay bacım, ay qardaşım... Sən şəhid ailəsisən? Şəhid anasısan? Şəhid qardaşı, şəhid bacısısan? Nə gözəl! Başımızın üstündə yeriniz var.
Sizin o doğmalarınız biz bu ölkədə rahat yaşayaq deyə canlarından keçdilər, amma sağ olasınız, siz də biz bu ölkədə rahat yaşamayaq deyə əlinizdən gələni edirsiniz, canımızı boğaza yığırsınız.
Ölkədə hər yerdə titrəyə-titrəyə gəzirik ki, birdən bir qaziylə toqquşarıq, bir şəhid ailəsi üzvü sıramızı pozar, çaşıb dillənərik...
Xahiş edirəm, artıq dərəcədə xahiş edirəm, yığışdırın bu “şəhid ailəsiyəm”, “qaziyəm” minnətini də, töhmətini də dilinizdən. Müharibə bir ölüm lotereyası idi. Kim şəhid olacaqdı, kim qazi, bunu heç birimiz bilmirdik. Kimin “bəxtinə” şəhidlik, qazilik çıxdısa, hamımızı bağışlasın, haqqını halal eləsin.
Biz sizi sevirik, pis də oluruq sizin itkinizə görə, amma siz də bizi sevin. Doğmalarınızın uğrunda öldüyü torpağın üstündə hamımız sevgiylə, rahat yaşayaq.