Rəssam Rafael Əsədov: "Məqsədim pul qazanmaq deyildi" - Müsahibə

Rəssam Rafael Əsədov:  "Məqsədim pul qazanmaq deyildi" - Müsahibə
20 aprel 2023
# 10:00

Kulis.az Əməkdar incəsənət xadimi, kino rəssamı Rafael Əsədovun APA-ya müsahibəsini təqdim edir.

“Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qonşu qonşu olsa”, “Nigarançılıq”, “Fatehlərin divanı”, “Ac həriflər”, “Bala başa bəla” və bu kimi daha onlarla televiziya tamaşasında onun da imzasını görürük, amma fikir vermirik. Çünki o nə rejissordur, nə operator, nə də ki, aktyor. O, rəssamdır: kino rəssamı. Adlarını çəkdiyimiz televiziya tamaşaları üçün isə televiziya rəssamı.

Sözün düzü, teatr olsun, kino olsun, lap televiziya... Rəssamın buradakı işi nədən ibarətdir, bilmirəm. Müsahibim Rafael Əsədovla “Kinoda, teatrda, tamaşada rəssamın işi nədən ibarətdir?” sualının ucundan yapışıb gedib çıxdıq ta onun uşaqlığına...

– Mən televiziyaya təsadüfən düşmüşəm.

Bu cümləni deyib duruxur. Bir səsyazana, bir mikrofona, bir də mənə baxıb astadan soruşur:

– Bunlar sizə maraqlıdır ki?

– Əlbəttə, maraqlıdır. Davam edin (gülürəm).

– Hə... Uşaqlıqda bilirsiniz, hamı şəkil çəkir, amma bir az böyüdükdən sonra hərə bir yolla davam edir, istiqamətini müəyyənləşdirir. Müəyyən bir dövrdən sonra artıq hiss edirsən ki, rəsm çəkməsən, olmur, ancaq onunla yaşayırsan. Rəssamlığa həvəs məhz bu cür yaranır. Məndə də belə oldu. O vaxt evlərdə kitab şkafları olurdu, bizdə də vardı. Mən o kitablardakı illüstrasiyalara baxa-baxa həvəsə gəlirdim. O vaxtdan mənə sırf bu sahə maraqlı gəldi, maraq oyandı. Rayon yeri idi deyə, çəkdiklərim mənə çox dahiyanə gəlirdi, elə hiss edirdim ki, Bakıya gəlsəm, burada qədrimi daha yaxşı bilərlər.

– Niyə “Elə bilirdim” deyirsiniz?

– Çünki 7-ci sinifdə Rəssamlıq məktəbinə gəldim, işlərim o qədər zəif idi ki, heç məni məktəbə götürmədilər (gülür). 10-cu sinfi bitirəndən sonra bir də müraciət elədim, bu dəfə məni qəbul elədilər. Sənədlərimi götürdülər, səhəri gün divardakı rəsmlərə baxanda təzədən ruh düşkünlüyü yaşadım.

– Niyə?

– Çünki o işlərə baxanda düşündüm ki, heç vaxt bu cür çəkə bilməyəcəyəm. Sənədlərimi alıb evə zəng vurdum ki, məndə alınmayacaq.

– Nə dedilər?

– Razılaşmadılar. Dedilər, a bala, sən nə danışırsan? Güc-bəla ilə səni tapşırmışıq.

– Tapşırmışıq?

– O mənada yox da. Məşhur bir rəssam var idi, adını demirəm. O demişdi ki, gəlsin məktəbə, inkişaf edəcək.

– Adını niyə demirsiniz ki?

– Deyə bilərəm: Lətif Feyzullayev, rəhmətlik...

Bir az duruxur. Gözləyir. Bu dəm ofisiant podnosla yaxınlaşır, çay süfrəmizi hazırlayır. Rafael müəllim bu fasiləni fürsət bilib bir qədər düşünür.

– ... o demişdi ki, sənədlərini gətirsin, yaxşı olacaq. Hə, buna görə də atam dedi ki, sənədlərini qaytar geriyə, qayıtma. Birinci-ikinci kurslarda bir az çətinlik çəkdim, amma sonradan artıq yavaş-yavaş özümə inamım artdı. Bilirsiniz, müəllimlər öz yerində, amma əsas etibarilə tələbələr bir-birindən öyrənir. Müəllimin dediyini etdikcə elə onu təkrar etmiş olursan. Amma bir-birimizdən öyrənəndə tamam başqa.

– Sizin tələbə yoldaşlarınız arasında indi tanınmışlardan kim var?

– O qədərdir ki... İndi üzdə olan rəssamların çoxu ilə bir oxumuşuq: Fərhad Xəlilov, Ağaəli İbrahimov, Xanlar Əhmədov...

– Nəticə etibarilə, adlarını çəkdiklərinizdən həm siz öyrənmisiniz, həm də onlar sizdən, hə?

– Bilirsiniz, onların məndən nəsə öyrəndiyini deyə bilmərəm, amma mən onlardan öyrənmişəm.

– Niyə özünüzü bu qədər uğursuz formada təqdim edirsiniz?

– Nə bilim?! Üçüncü-dördüncü kursda vəziyyət başqa oldu. Gördüm ki, onlarla bərabərəm. Ümidim artdı, özümə inanmağa başladım.

– Niyə sizdə inamsızlıq bu qədərdir?

– Bilmirəm. Amma bir şeyi xatırlayıram ki, o vaxt rayondan gələn adamları şəhərdə o qədər də xoş qarşılamırdılar. Bir az qəribə münasibət bəslənilirdi. Yəqin, onun da təsiri olub.

– Qəribə münasibət deyəndə nəyi nəzərdə tutursunuz?

– Nə bilim... Bir az fərqli yanaşma var idi. Bütün bunlar hamısı adamda ruh düşkünlüyü yaradır, amma mən özümü yavaş-yavaş təsdiq elədim.

– Oranı bitirdikdən sonra nə etdiniz?

– Məni göndərdilər rayona. Elə bil ki, iki-üç il rəsm müəllimi kimi işləməsən, diplomu vermirdilər. Rayonlarda rəsm dərsləri çox az olurdu, ona görə də iki-üç kənddə eyni vaxtda işləyirdim. Amma zamanla gördüm ki, bu iş mənlik deyil. Nəticədə, təzədən ruh düşkünlüyü yaşadım.

Siz də himə bəndsiniz, nəsə olan kimi ruh düşkünlüyü yaşayırsınız.

– Nə edəydim ki (gülür)... Valideynlərim bunu hiss elədilər və mənə dedilər ki, get.

– Hara?

– Bakıya. Şəhər mühitində nəsə eləyə biləcəyimi düşündülər. Bakıda da o vaxt ev yox, maddi imkan yox, çətin idi. Yaşamaq uğrunda mübarizə (gülür)... Amma yavaş-yavaş öyrəşdim, çertyojçu rəssam kimi işləməyə, etiketlər düzəltməyə başladım. Daha sonra “Ulduz” jurnalında işlədim. Oranın bədii redaktoru var, Ədalət Həsənov. Çox yaxşı insandır, indi də orada işləyir. Mənim əl işlərimi bəyəndi, redaksiyada mənə iş verdi. Nümunə çəkdim, Çingiz Ələkbərzadənin balaca bir əsəri idi, Yusif Səmədoğluna göstərdilər, bəyəndi. Dedilər ki, əməkdaşlıq edək.

– Qonorar verirdilər?

– O əziyyətin müqabilində az idi, amma neyləmək olar? 15-20 rubl civarında bir şey idi. Amma, hər halda, mənim məqsədim pul qazanmaq deyildi, sənətimi inkişaf etdirmək idi.

– Sənətlə qarın doymur axı.

– Düzdür (gülür). Amma neyləmək olar? Ədalət müəllim sağ olsun, o vaxt xeyli kömək oldu. O vaxt AzTV-də “Danışır Bakı” qəzeti var idi. Mənə dedi ki, ora ilə danışım, sən get orada işlə. Aparıb məni təqdim elədi, işlərimə baxdılar, dedilər ki, gəlsin, başlasın. İndi kompüter qrafikası var, bütün bu işlər orada yığılır, amma o vaxt başqa idi. Bütün bu proseslər əllə idarə olunurdu. Bu da çox vaxt alan bir şey idi. Televiziya verilişlərinin başlanğıcı, sonluğu hamısı əllə yığılırdı.

– Hamısını tək siz edirdiniz?

– Yox, böyük bir şöbə idik, 7 şriftçi rəssam var idi. Mən isə onların şöbə müdiri idim.

– Gələn kimi?

– Hə, elə gələn kimi.

– Siz də özünüzə inanmırsınız. O boyda AzTV-yə şöbə müdiri getmisiniz (gülürəm).

– Yox, artıq öyrənmişdim deyə, etibar etdilər. Amma şriftçi rəssamlar quruluşçu rəssamlardan aşağı sayılırdılar. Mən şriftçi rəssam işləyə-işləyə quruluşçu rəssam olmaq istəyirdim. Çünki görürdüm ki, elələri var ki, məndən sonra gəliblər, təcrübələri aşağıdır, amma quruluşçu rəssamdırlar. Amma neyləsəm də, 6-7 il ancaq şrift şöbəsində rəhbər kimi çalışdım. Rauf Kazımovski məni çox bəyənmişdi, onunla ilk televiziya tamaşamızı hazırladıq. Tamaşanın adını unutmuşam, göyərtə effekti yaratdığımız yadımdadır. Həmin tamaşadan sonra Rauf Kazımovski dedi ki, ancaq sənlə işləmək istəyirəm. Mən də həvəsə gəldim. Sonra Lütfi Məmmədbəyovla işlədim, daha sonra isə Ramiz Mirzəyev mənimlə işləmək istədiyini dedi. Alman yazıçısının bir əsəri idi, adını unutmuşam. Onu çəkdik. Bu tamaşalar lentdə qalmırdı, elə tamaşa hazırlanırdı, silinib gedirdi. Ramiz Mirzəyevlə bizim əməkdaşlığımız elə orada başladı və sonra uzun müddət davam elədi. Onun məndən zövq baxımından çox xoşu gəlmişdi. “Ötən ilin son gecəsi”ni də onunla hazırladıq və bu tamaşa mənim vizit kartıma çevrildi. Bundan sonra 70-80 faiz televiziya tamaşalarını Ramiz müəllim mənimlə işlədi. Paralel olaraq, mən həm də nəşriyyatlarla işləyirdim, sifarişlər yığılıb qalmışdı. Mənim əsas işim kitablarla, illüstrasiyalarla bağlıdır axı...

– Onda yavaş-yavaş tanınmağa başladınız, deməli.

– Hə.

– Əla. Burası aydındır. İndi siz mənə deyin, Rafael müəllim, televiziyada quruluşçu rəssamın işi nədən ibarətdir?

– Kino, teatr, balet, həmçinin televiziya... Bunların hər birinin spesifik xüsusiyyəti var və hərəsi rəssamdan bir şey tələb edir. Televiziyada kamera 360 dərəcədən mərkəzə işlədiyi üçün aktyor teatrdakı kimi kameraya dönmür. Kamera özü onu tutur. Rəssamın işi ondan ibarətdir ki, kamera o obrazı hansı istiqamətdən görürsə, orada müəyyən dekorasiya qursun, boş olmasın. Yəni, əslində, televiziya rəssamının işi kifayət qədər çətindir. Hətta ən çətinidir. Bizə qədər AzTV-də ancaq teatr səhnələri çəkirdilər, çünki səhnə imkanı yox idi. Amma bizdən sonra artıq televiziya tamaşaları dəb halını almağa başladı.

– Hansı rejissorla işləmək sizə çətin gəlirdi?

– Ən çətini teatr rejissorları idi. Onlar hansısa teatr tamaşasını gətirib studiyanın içində qururdular. Rəssama tapşırıq verirdilər: məsələn, qapı burada olsun, pəncərə burada və s. Bu baxımdan, çətin olurdu, anlaşmaq olmurdu. Mübahisə eləmək də olmurdu, düzü. Çünki o gələndə artıq beynində o cür qurub. Mən onun dediyini eləməsəm, o çaşıb qalardı. Amma bu, bütün teatr rejissorlarına aid deyil ha. Məsələn, Hüseynağa Atakişiyev elə bil əsl televiziya rejissoru idi. Onunla heç bir problem yaşamırdım.

– Bəs səhnələrin qurulması baxımından rejissorlarla fikir ayrılığı olurdu? Necə razılığa gəlirdiniz?

– Əlbəttə. O qədər olur ki. Mən ən çox Ramiz Mirzəyevlə işləmişəm, o da çox tələbkar rejissor idi. Mən deyirdim ki, bu səhnəni belə görürəm, belə olmalıdır. Amma o gəlirdi ki, yox, belə deyil, bu cür olmalıdır. İstənilən halda, son söz rejissorundur. Bir şey də var ki, rejissor bəri başdan işlədiyi komandanı bilir, o qədər də kəskin fikir ayrılıqları olmur. Çünki zövq məsələsi üst-üstə düşür.

– Tamaşalar zamanı dekor üçün maliyyə baxımından çatışmazlıqlar olurdu?

– Sözsüz. Tamaşa çox olurdu, televiziyanın “mətbəxi” bu sıxlığı aradan qaldırmağa imkan vermirdi. Ona görə də müəyyən çatışmayan şeylər var idi. Getdikcə quruluşçu rəssamlar çoxaldı.

– Siz yenə rəhbər oldunuz?

– Hə (gülür). Rəhbər oldum.

– Rafael müəllim, heç kinoda olmaq istəmisiniz?

– Əslində... (bir qədər düşünür) Bilirsiniz, olmadı...

– Nə olmadı?

– Adətən, rəssamı rejissor dəvət edir.

– Axı siz kifayət qədər uğurlu idiniz. Getdiyiniz yerdə də rəhbər olurdunuz (gülürəm).

– Mən televiziyada uğurlu idim. Rejissor haradan bilsin ki, televiziyada belə bir rəssam var?

– Axı o vaxt bu televiziya tamaşalarına hamı baxırdı. Rejissorlar baxmırdı?

– Nə bilim?! Onlar televiziya tamaşalarına çox da baxmırlar. Ümumiyyətlə, kino rejissorları televiziya tamaşalarına həmişə yuxarıdan aşağı baxırlar.

– Kəsəsi, kinoda olmaq istəyərdiniz.

– Əlbəttə, istəyərdim. Məmnuniyyətlə.

– Gec deyil.

– Yox, gecdir. Bir ara kinostudiyaya dəvət etmişdilər. Oqtay Mirqasımovun filmi idi, amma filmin çəkilişləri davam etmədi. Haradasa, 5 ilin söhbətidir. Amma mən orada gördüm ki, məndə kino alınmayacaq. Serialda özümü yoxladım: “Tək olanda qorxma”. Amma o da maliyyə baxımından zəif idi, ssenarisi də zəif idi. Bu dəqiqə yaxşı televiziya tamaşası olsun, mən hazıram. Amma çəkilmir.

– Müəllim, bu qədər televiziya tamaşalarınız olub, amma hazırda çəkilmir. Bəs bu aclığı nə ilə doldurursunuz? Nə işlə məşğulsunuz?

– O qədər işim var ki... Akvarel işlərim daha çoxdur. O işdən çox böyük ləzzət alıram.

– Bu, televiziyadakı quruluşçu rəssam işinin boşluğunu doldurur?

– Mən hətta peşmanam ki, niyə bu qədər vaxtımı televiziyada itirmişəm. Yəni televiziya işi artıq mənə hobbi kimi gəlir. Akvarel tamam başqadır, çox dərindir. Mən öz işlərimi heç vaxt satmıram, satmaram da. Ən adi bir illüstrasiyanı belə hələ də saxlayıram. Bu saat ona 1000 manat da versələr, satmaram, vermərəm.

Bu vaxt Rafael müəllim portfelini eşələyib əl işlərini bizə göstərir. Göstərə-göstərə tez-tez təkrarlayır: mənim əsas işim budur, sevdiyim iş budur.

– Bəs sifarişlə çəkirsiniz?

– Hə, muzeylər üçün də çəkirəm. Vaqif Səmədoğlunun, Ərtoğrulun portretini çəkmişəm. Özü də yaxşı pul verirlər.

– Nə qədər verirlər?

– Ən son 3 il bundan əvvəl Vaqif Səmədoğlunun portretini sifariş vermişdilər. Ondan pul aldım: 3000 manat. Əslində, 4000 idi, vergi-filan tutuldu, 3000 qaldı özümə.

– Nə qədər müddətə çəkdiniz?

– Haradasa bir ay.

– Əziyyətin müqabilində o pul bəs edir?

– Edir.

– Bəs belə fərdi şəxslər sifariş verir?

– Bilirsiniz, elə adamlar verir ki, bəzən istəmirəm.

– Niyə?

– Çox az pul verirlər. Amma onlardan da imtina edə bilmirəm. Nəyə gücü çatırsa, verir deyə, düşünürəm. Bəzən də tanışlıqla gəlirlər, ona görə də endirim edirəm.

– Rafael müəllim, gənclərdən necə, gözünüz alanı var?

– İncəsənət sahəsi ilə bağlı məktəblərə indiki qəbul prinsipi çox bərbaddır. Adam sənədlərini verir, balı istədiyi yerə çatmır, məcbur gəlib rəssamlıq oxuyur. Soruşursan, görürsən ki, bu adam heç karandaş yona bilmir. Amma talantlı uşaqlar da var. Bütövlükdə isə, bu günün gənclərindən ləzzət ala bilirəm.

Bir məsələni də deyim. Bizə əvvəllər sənət Avropadan Rusiya vasitəsilə gəlib çıxırdı, indi o yavaş-yavaş kəsilmək üzrədir. Bu reallıqdır ki, rəngkarlıq anlayışı Rusiya vasitəsilə bizə gəlib çıxıb. Bizim indi meyilləndiyimiz tərəfdən sənət baxımından nəsə götürməyimiz mümkünsüzdür. Əvvəllər Azərbaycan rəssamları gedib Moskvada sərgilər edirdilər. Digər respublikalardan qonaqlar gəlirdi, əlaqələr genişlənirdi. Amma indi elə deyil. Biz onda o əlaqələrə görə, bir-birimizi müqayisə edirdik. Amma indi? Elə deyil. Adicə Bakını götürək. Bakı şəhərini kim salıb? Avropalılar. İndi Bakıya baxın, görün nə günə qalıb. Bakı Bakılılığını tamamilə itirib. O vaxt dərs verən müəllimlər də həmin o Avropa düşüncəsini görmüş adamlar idi: Toğrul Nərimanbəyov, Tahir Salahov... İndi isə təkcə rəssamlıqda deyil, teatr olsun, kino olsun, universitetlərdə uğursuz müəllimlər də var. Düzdür, hazırda keyfiyyətli müəllimlərimiz də var, mən şahidəm, özüm də bu işin içindəyəm, amma, dediyim kimi, zəif olanlar da var. Müəllimlik sənəti ən məsuliyyətli sənətdir. Bunun məsuliyyətini hiss eləmirsənsə, heç nə.

– Rafael müəllim, gəncləri bayaq tərif etdiniz. Konkret ad çəkə bilərsiniz?

– Əlbəttə. Emil Mirzəyev var, indi AzTV-də işləyir. Mənim tələbəm olub. Çox talantlıdır. Məni incidən bir məqam da yaşlı nəslin gəncləri qısqanmasıdır. Mən özüm heç vaxt bunun paxıllığını çəkməmişəm.

– Adətən, nə vaxt işləyirsiniz?

– Axşamlar. Sakitliyi xoşlayıram. Çəkdiklərimi də “Facebook”da paylaşıram. 50 nəfər əsl sənəti bilən adam onu görürsə, ürəyinə yatırsa, bu mənə xoş təsir edir.

– Müəllim, siz ailəlikcə hamınız rəssamsınız.

Rafael müəllim qəribə təəccüblə soruşur: bunu haradan bilirsiniz? Amma cavab gözləmədən özü davam edir.

– Hə, elədir. Tale elə gətirib.

– Həyat yoldaşınız, siz, oğlunuz və qızınız. Başqa?

Hələ ki elə bunlar (gülür). Evlənsinlər, yəqin, davamçıları yenə olar (gülür).

Evdə bir-birinizə kömək edirsiniz?

– Bilirsiniz, biz ailəlikcə eyni sənət üzrə müxtəlif sahələrlə məşğuluq. Ona görə də bir-birimizin işinə müdaxilə etmirik. Amma bütövlükdə götürəndə, bir az o baxımdan eqoist adamam. Öz bildiyimi edirəm mən. Qızım işləyəndə qapını bağlayır, tam səssizlikdə işləyir. O da öz bildiyini edir. İndi YUĞ teatrında çalışır. Həm də dərs deyir. Oğlum isə dizayner işi ilə məşğuldur. Yoldaşım xalçaçı rəssamdır. Yəni, dediyiniz kimi, ailəlikcə hamımız eyni mənsəbə qulluq edirik. Bu, taleyin işidir...

Rafael müəllimlə söhbət edə-edə “Elmlər Akademiyası” metro stansiyasına tərəf gedirik. Bu dəm fotoqrafımız Orxan məni çağırır. Rafael müəllim adımı eşidən kimi “Bayaqdan baxıram, demək istəyirəm, amma özümü saxlayıram” deyir. Soruşuram ki, nəyi? Deyir ki, mən səni tanıyıram “Facebook”da yazılarını oxuyuram: Nihat... Bir qədər düşünür. Nihat... Nihat Gur?..

Foto: Orxan Kərimov

# 2947 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
#
#
# # #