Ramiz Əzizbəylinin qızı: "Atam dünyasını dəyişəndə, Rasim Balayev..." - Müsahibə

Cəlalə Əzizbəyli

Cəlalə Əzizbəyli

20 dekabr 2021
# 09:00

Kulis.az “Atamın xatirəsi” layihəsində Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli ilə müsahibəni təqdim edir.

- Cəlalə xanım, Ramiz Əzizbəyli necə ata idi?

- Bütün övladlara öz valideynləri doğmadır. Yəni bu həyatda insana atadan, anadan yaxın adam olmur. Mənim atam bəlkə də bir az sənətkar və hər sahədə kamil insan olduğu üçün mənim idealım idi. Gördüyü hər işdə, bütün davranışlarında o qədər mükəmməl idi ki, mən onu həmişə mükəmməl bir insan, ata kimi xatırlayıram. O, tərbiyə üsulunda da heç vaxt bizi sıxmamışdı. Həmişə bizimlə mülayim, mehriban davranıb, bizi incitməyib. Amma evdə elə ab-hava yaradıb ki, biz çərçivələrimizi təyin edə bilirdik. Yəni bizi döymədən, söymədən evimizdə ideal rejim yaratmışdı. Atam bizim başımızı da sığallıyırdı, alnımızdan da öpürdü, amma aramızda pərdə də vardı. İnanın ki, bizim atamıza bir sözümüz olanda bacım da, mən də anamıza deyirdik.

- Sizə qarşı qadağaları olurdu?

- Vardı, amma müəyyən yaşa qədər bu olub. Yeniyetməlik yaşını ötənə qədər bizə deyirdi ki, böyüyün, sonra yaxşı olacaq. İndi düşünürəm ki, o, gözləyirdi ki, biz tam böyüyək, formalaşaq sonra nələrisə bizim öhdəmizə buraxsın. Amma ona qədər məktəblərdə keçirilən şənliklərə bizi buraxmazdı. Dar şalvar, qısa yubka geyinməyə icazə verməzdi. Hətta makiyaja belə etiraz edərdi. Bacım çox ağ qız idi. Hərdən yanaqları qızarırdı, onda atam ondan soruşurdu ki, üzünə “rumyana” çəkmisən? Yəni bu kimi məsələlərdə qadağaları vardı. Amma böyüyəndən sonra bizi sıxmadı, əksinə bizə güvəndi, inandı.

- Ünsiyyətdə olduğum bir çox aktyorların övladları atalarının onların aktyor olmalarına qarşı çıxdıqlarını deyiblər. Sizdə vəziyyət necə idi?

- Bizdə də elə olub. Atam heç vaxt bizim aktrisa olmağımızı istəməyib. Baxmayaraq ki, mənim də, bacımın da yaxşı musiqi duyumumuz olub. Atam özü bizi İncəsənət Gimnaziyasına qoymuşdu. Mən xor, bacım isə aktyorluq şöbəsində təhsil alırdı. O, bizə deyirdi ki, bu sənətlə, məşğul olun, öyrənin, amma çox dərinə getməyin. Sadəcə hər şeydən məlumatlı olmaq üçün oxuyun, öyrənin. Bir dəfə də anam ona dedi ki, Ramiz, bilirsən, qızların yaxşı səsi var, oxumaq, müğənni olmaq istəyirlər. Çox sərt reaksiya verdi. Dedi, qəti şəkildə olmaz. Sonra mənimlə maşında oturub söhbət etdi. Dedi ki, qızım, eşitdim müğənni olmaq istəyirsən. Əgər bu işi ən yüksək formada bacaracaqsansa, ardınca get, bacarmayacaqsansa, yox. Mən də oturdum düşündüm, anladım ki, məndən böyük xanəndə çıxmayacaq. Atamın gözündən düşməkdən qorxdum, ona görə də bu fikirdən vaz keçdim. Həm də qorxdum ki, onun arzuladığı kimi övlad ola bilmərəm.

- Deyib, gülən, məclis adamı olub...

- Çox. İnanırsınız ki, bizim evin get-gəli, məclisi həmişə olub. Biz də o, atmosferə öyrəşmişdik ki, evimizdə həmişə qonaq olsun.

- Ən çox kimlər gəlirdi?

- Sənət dostları da gəlirdi. Amma ən çox qohumlarımız və atamın dostları gəlirdilər. Atam sənət yoldaşları arasında müəyyən insanlarla ailəvi dostluq edirdi. Ən yaxın dostu Rasim Balayev olub. Rasim əmigillə biz ailəvi dost olmuşuq. Arif Quliyev, İlham Namiq Kamal, Yaşar Nuri ilə də yaxın olub. Yəni bu adlarını çəkdiyim insanlar bizə gəlirdilər. Cavan nəsillə o qədər də yaxınlığı yox idi. Amma sizi inandırım ki, onun o qədər dostları vardı ki, biz onların hamısına öyrəşmişdik.

- İçki içirdi?

- Dostları ilə məclislərdə içirdi. Amma daha çox həvəsə içirdi. Onun qəribə bir xüsusiyyəti vardı ki, içki onu tutmurdu. Belə deyək də sərxoş olmurdu. Anam deyir, hələ cavanlıqda Ramiz dostları ilə yeyib-içirdi, onların hamısı sərxoş olurdu, amma Ramiz yox. Sonra atam bir-bir onların hamısını aparıb evlərinə qoyub gecə saat ikidə, üçdə qayıdırmış.

- Bayaq Rasim Balayevin adını çəkdiniz. Bildiyimə görə atanız ömrünün son günlərində onunla küsülü idi. Hətta demişdi ki, onunla heç vaxt barışmayacağı barədə açıqlama vermişdi.

- Rasim əmi ilə atam çox yaxın dost olublar. Amma atamın ömrünün sonlarında da onlar barışmadılar. Atam bu bərədə çox danışmayıb deyə, mən də çox danışmaq istəmərəm. Sadəcə mənə belə gəlir ki, onların arasında anlaşılmazlıq oldu. Çünki nə mənim bacımın, nə bizim Rasim əmigillə heç bir problemi yox idi, onların da bizimlə. Atam Rasim əminin timsalında həm də sanki bir qardaşını itirmişdi. Özü də çox ağzıbütöv adam olduğundan bizimlə bu barədə heç nə danışmırdı. Hətta anam bir dəfə soruşmuşdu ki, Ramiz, Rasim sənə zəng vurdu? Onda o, hirslənib demişdi ki, öz sözünüzü danışın. Yəni kişi xarakteri vardı. Atam bir azca onların biganəliyindən şikayətçi idi. Deyirdi ki, gərək onlar gələydi, mənim halımı soruşaydı. Çünki biz bir evin içi olmuşuq. Yəni o, incik düşdü. Onlar da nədən incidilər mən dəqiq bilmirəm.

- Rasim müəllim atanız xəstə yatanda da, rəhmətə gedəndə də gəlmədi?

- Yox. Nə xəstə yatanda, nə də atam dünyasını dəyişəndə gəlmədi. Baxmayaraq ki, yenə deyirəm, biz bir evli kimi olmuşuq. Onlar biz də qalıblar, biz onlar da gecələmişik. Amma sonradan soyuqluq yarandı. Görünür onların da incidikləri məqamlar var. Amma Rasim əminin uşaqları atamı çox istəyirdilər, atam da onları əzizləyirdi. Çünki, onun əlində böyümüşdülər. O, xəstə yatanda oğlanları bir neçə dəfə zəng vurmuşdu. Atam rəhmətə gedəndə də zəng vurub baş sağlığı vermişdilər.

- Bacınızın ailə həyatındakı uğursuzluq ona yəqin çox pis təsir etmişdi?

- Bəli. O, çox həssas, emosional adam idi. Bacımın ailəsinin alınmamasını çox pis keçirdi, ürəyinə saldı. Hətta bunu özünə o qədər dərd elədi ki, axırda xəstəlik də tapdı. Yəni bacımdan sonra xəstələnmədi atam. Amma hər şey üst-üstə yığıldı və nəticədə də o, yatağa düşdü. Olduqca kövrək, dostcanlı insan idi. Yataqda yatsa belə kimsə onu çağırırdısa, durub gedərdi. Canına qıyardı. Atam insult olandan sonra qardaşı Rafiq əmim rəhmətə getdi. Atam bu xəbəri xəstə yatağında eşitdi. Qardaşına görə ağladı, mən onun göz yaşlarını gördüm. Amma sonra üz-gözünü silib dedi: “Həyatdı, biz hamımız gedəcəyik”. Vəsslam. Bundan sonra mən onu ağlayan görmədim. Gizlində ağlayırdı, amma bizim fikir etməməyimiz üçün bunu büruzə verməzdi. O, heç vaxt imkan verməzdi ki, biz fikir edək, dərd çəkək. Belə mövzular olanda mütləq söhbəti dəyişirdi, gülürdü. Mən bilirdim ki, o, ürəyində çəkdiyini çəkir. Həm kövrək, həm də möhkəm adam idi.

- Əminizin ölümündən başqa atanızın nə zamansa ağladığını görmüsünüz?

- Mən onu həmişə dəmir adam kimi xatırlamışam. Yaşlaşandan sonra ağladığını görmüşəm, amma ondan sonra yox.

- Niyə ağlayırdı?

- Hər şeyə. Anasından danışardı gözləri dolardı, kiminsə şəhid olma xəbərini eşidirdi ağlayırdı. Anam deyirdi, ay Ramiz, xəstəsən, ağlama. Deyirdi, biz qocalar qaldıq, cavanlar getdi qara torpağın altına. Bir də atamın möhkəmdən ağladığını bir dəfə görmüşəm. Əmimin 25 yaşlı oğlu avtomobil qəzasına düşüb rəhmətə getdi. Onda atam çox sarsılmışdı. Amma sonralar böyüdükcə mən elə bilirdim ki, dünyada nə baş verir versin, əgər atam bizim yanımızdadırsa, deməli hər şey yaxşı olacaq.

- Sizi qoruyurdu?

- Əlbəttə, çox qoruyurdu. Əmimin oğlu rəhmətə gedəndə Novruz bayramı ərəfəsi idi. Onda atam hüzrdən çıxıb evə gəldi, anama dedi ki, xonça qur, şam da yandır. Anam etiraz etdi, dedi, nə danışırsan, qardaşının oğlu rəhmətə gedib, yaslıyıq hamımız. Atam dedi, yox, xonça qur, uşaqlar fikir etməsinlər. O, bizi qoymurdu ki, biz dərd çəkək. Nənəm, babam rəhmətə gedəndə belə bizi hüzr yerindən uzaqlaşdırıb.

- Ananızla bir-birlərini sevib ailə qurublar...

- Hə, onlar “patok” yoldaşı olublar. Atam anamı gənclik illərində çox qısqanıb. Anam deyir, konsertə gedəndə, kimsə zalda biz tərəfə baxırdısa, atanın acığına gedirdi. Deyirdi, o, adam kimdirsə sənə baxdı. Amma biz doğulandan sonra atam rahat olub.

- İki qız olmusunuz, qardaşınız olmayıb. Atanız oğul xiffəti çəkib?

- Bəlkə də ürəyində çəkib, amma bizə heç nə deməyib. Həmişə deyirdi ki, mənim iki qızım var, elə bilirəm ki, elə iki oğlum var. O, çox ruzili, qazanclı kişi olub. Bizi milyoner balası kimi böyütməyib, amma bütün arzularımızı yerinə yetirməyə çalışıb. Heç nədən korluq çəkməyə qoymayıb. Nə anam, nə də biz heç vaxt bazar, dükan tanımamışıq. İcazə verməyib, hamısını özü edib. İndi hərdən mən onu, özümüzü qınayıram ki, o, hər şeyi özü edə-edə canına əldən saldı. İnandırım sizi ki, çörəyi almaq üçün də bizə imkan vermirdi aşağı düşək. İşdən zəng vururdu, bilirdi ki, evdə çörək yoxdu, işdən maşınına oturub gəlirdi, çörəyi alıb evə verib gedirdi.

- Sizcə rejissorluq onun üçün rahat idi, ya aktyorluq?

- Məncə rejissorluq. Rejissorluğu sevirdi. Həmişə deyirdi ki, rejissor düşünən tərəfdi. İnanılmaz dərəcədə mütaliə edirdi. Bizə də həmişə mütaliəni təlqin edirdi. Evimizdə çox böyük kitabxanası vardı. Daha çox kino haqqında kitabları oxuyurdu. Özünün də yaxşı qələmi vardı, Yazıçılar Birliyinin üzvü idi. Amma özü haqqında cızma-qara edirəm deyirdi. Mən indi darıxanda onun şeirlər kitabını oxuyuram. Əvvəllər canlı söhbətlər edirdik. Amma ondan sonra ünsiyyəti onun kitablarında tapmağa çalışıram.

- Gənc aktyorlardan kimləri bəyənirdi?

- Hamını. Hətta indiki seriallara baxanda, mən gənc aktyorlara irad tuturdum, deyirdi, elə demə, düzələcəklər, püxtələşəcəklər. O, gəncləri qoruyurdu. Çünki kinoya məhəbbəti vardı. Bəzən biz hansısa Azərbaycan filmi haqında ağızucu danışanda, pis olurdu. Deyirdi öz aranızda belə olsa filmlərimizdən pis danışmayın, ürəyinizə nifrət düşməsin. Millətinizi, teatrınızı, filmlərinizi sevin. Anam ona deyirdi ki, kino sənin məndən sonra ikinci məhəbbətindir.

- Cəlalə xanım, atanızın xəstəliyi necə başlandı?

- 65 yaşı tamam olanda atam artıq yüngül işemiya keçirmişdi, sağ qolu işləmirdi. O vaxtı çox yüklənmişdi. Həm universitetdə işləyirdi, həm də teatra gedirdi. Onda bir ayağını da çəkirdi. Hətta o vəziyyətdə məişət işlərinə də can atırdı. Bir dəfə mən dərsə gedəndə, anam mənə zibil verdi ki, atım, atam çox əsəbləşdi. Anama dedi, sənə deməmişəm, qızların əlinə zibil vermə. Yəni hər şeyin yükünü və məsuliyyətini öz üzərinə götürmüşdü. Həm mənən, həm də fiziki əziyyətlər çəkirdi. Bacımın ailəsi uğursuzluqla nəticələnmişdi, uşaqları ilə bizdə yaşayırdılar. Bütün bunları atam görürdü və pis olurdu. Sonra bacısı rəhmətə getdi. Yəni hər şey üst-üstə yığıldı.

- Bayaq dediniz ki, eviniz çox get-gəlli olub. Atanızın ölümündən sonra vəziyyət necə oldu. İndi gəlib gedənlər var?

- Yox, indi heç kim yoxdur. Hərdən anam deyir ki, heç kim gəlmir. Deyirəm, mama, adamlar onun üzünə gəlirdilər, indi o, yoxdur. Yəni mən bir övlad kimi incimirəm.

- Özü olsa, inciyərdi?

- Yox. Məncə özü də inciməzdi. Beş ay, bir il onu axtarmayan dostuna qəfildən özü zəng vurub deyirdi ki, niyə bizə gəlmirsən, gəl də yanıma. Nə isə böyük bir hadisə olmalı idi ki, o, kimdənsə incisin. Mənim məyusluğum bircə məsələdə oldu.

- Hansı məsələdə?

- Atamı yerdən götürəndə, sənət dostlarından, yoldaşlıq elədiyi adamlardan heç kim yox idi, gəlməmişdilər. Pandemiya şəraitinə görə adamları başa düşürəm. Amma buna baxmayaraq onun tək sənət dostlarının yox, şəxsi dostlarının da dəfndə olmaması mənə pis təsir etdi. Çünki Azərbaycanın yarısı onun dostu idi. Sonradan zəng vurdular. Amma mən son günündə onların olmasını istərdim.

- Hansı xüsusiyyətinizlə ona daha çox oxşayırsınız?

- Bacım möhkəm qızdır. O, daha çox möhkəmlikdə ona oxşayır. Amma mən də atam kimi təzadlı xasiyyətə malikəm. Onunla mənim dünyaya baxışımız eyni idi.

- Cəlalə Xanım, atanız nə zaman yatağa düşdü?

- 2014-cü ildə. Ona qədər illərdi şəkər xəstəliyindən əziyyət çəkirdi. Amma dərmanlarla qarşısını almağa çalışırdı. İşeymiyadan sonra sonra geriyə getdi. Həkim də ona demişdi ki, sənə sakitlik lazımdı. Bir neçə ay ona işləmək də olmazdı. Atam tələbələrindən və universitetdəki işlərinin ləngiməsindən ehtiyat edirdi. Ona görə də həkimin sözünə qulaq asmadı, dincəlib, istirahət etmədi. Həkim də ona dedi ki, əgər özünüzə istirahət verməsəniz, bu xəstəlik sizi yatağa yıxacaq. Dinləmədi, tərs adam idi. Bilirsiniz, o qədər hərəkətdə olan adam idi ki, hövsələsi çatmrıdı oturaq həyata. Son günlər gözünə mirvari suyu da gəlmişdi, yaxşı görmürdü. Amma o cür vəziyyətdə oturub şeir, publisistik yazılar yazırdı. Anam deyirdi, Ramiz, özünü yorma. Cavab verirdi ki, yox, vaxtım azdı. Yəni biz ömrü boyu atamı elə işləyən, çalışan gördük.

- Ölümü ağlına, dilinə gətirirdi?

- Hə. Tez-tez ölüm haqqında danışırdı. Amma gənclikdən elə idi. Həmişə bizə deyirdi ki, hansı addımı atırsınızsa, mütləq o dünyanızı, ölümü fikirləşin. Onun xətrinə dəyən adamlara da yaxşı olurdu. Deyirdi, mən özümə cənnəti qazanıram.

- Birdən-birə o cür enerjili adamın yatağa düşməsi, illərlə yataq xəstəsi olması onu darıxdırardı...

- Darıxırdı. Amma nikbinliyini heç vaxt itirmirdi. Atam təzə-təzə xəstələnəndə anam dedi ki, Ramiz dəli olacaq. Ramiz qalmaz. 2014-cü ildən 2021-ci ilə kimi o, yataq xəstəsi oldu. Arada evdən çıxırdı, harasa gedirdi, barmaqları amputasiya olandan sonra ümumiyyətlə yataq otağından kənara çıxmadı. Düzdür, yenə də dostları ilə danışırdı, gülürdü, onları nərdə dəvət edirdi. Yəni özünü xəstə kimi aparmır, ağlayıb sızlamırdı. Son günlərinə qədər elə oldu. Son günlər onun yanına dostu Rauf İlyasoğlu gəlib gedirdi. Demək olar ki, hər gün gəlirdi, çıxaracaqları kitabın müzakirəsini edirdilər.

- Son dəfə atanızı nə vaxt gördünüz?

- Xəstəxanaya aparılmazdan əvvəl idi. On gün evdə baxdıq. Sonra gördük ki, vəziyyəti düzəlmir. Həkimlər dedilər, xəstəxanaya aparmaqdan başqa çarə yoxdur. Atam xəstəxanaya getmək istəmirdi. Həmişə deyirdi ki, öləndə də evimdə ölüm. Xəstəxanaya gedən gün ona dedim ki, səni ora aparmağa məcburuq, görürsən ki, nə ediriksə, toparlana bilmirsən. Bu sözləri deyəndə, mən ağladım. O, mənə dedi ki, qızım gedirəm, amma sən arxamca göz yaşı tökmə. Dedim, yox, ağlamayacam, get. Vəssalam.

- Amma ağladınız...

Hə. Hər gün (ağlayır). Nə qədər ki, xəstəxanada oldu, o qədər də mən ağladım. Vəziyyəti ağır olsa da, həkimlər hər gün özünüzü hər şeyə hazır hiss edin desələr də, biz inanırdıq ki, o, qayıdacaq. Baxmayaraq ki, həkimlər əllərindən gələni edirdi. Heydər Əliyev fonduna da təşəkkür edirik ki, atama çox diqqət yetirdilər. Amma o, qayıtmadı.

- Xəbəri necə eşitdiniz?

- Bacım qızınn ad günü idi. Qeyd etmirdik. Evdə oturub xəbər gözləyirdik. Yoldaşım gəldi, dedi ki, vəziyyəti ağırdı. Sonra bildik ki, dünyasını dəyişib. Mən inanmadım onun sözlərinə. Bilirdim, atam vəfat edib, amma inanmırdım. İnanrsınız, indi də elə bilirəm ki, atam harasa gedib qayıdacaq. Məzarı üstə gedirəm, gözümdən yaş axır, amma kimin üçün ağladığımı bilmirəm. Sadəcə onun üçün darıxıram, yoxluğunu hiss edirəm. Amma bu dünyada olmadığını dərk edə bilmirəm. Bəlkə zamanla buna öyrəşdim. Nə bilim.

- Atanıza indi ekrandan tamaşa edə bilirsiniz?

- Yox. Sonuncu dəfə elə dəfn olunan gün haqqında hazırlanan xəbərdə gördüm. Bacım baxır, amma mən atamın səsini eşidəndə qulaqlarımı tuturam. Bəlkə də eqoistlik edirəm, amma onun üçün darıxsam da, onu şüşə arxasından görməyə hazır deyiləm.

Fotolar: İlkin Nəbiyev

# 35794 dəfə oxunub

Oxşar xəbərlər

# # #