Kulis.az Mehmet Dəniz Öcalın “Başqa dəniz tapmayanlar üçün bir roman” adlı yazısını təqdim edir.
Əbdülrəzaq Qurnanın kitablarını xeyli sərlövhə altında ifadə etmək mümkündür, əksəriyyəti uyğun gələcək. Onun qələmindən siyasi kitablar da çıxıb, dramlar da, yarım-avtobioqrafik əsərlər də. Bunların arasında Qurnanın yazdıqlarına ad vermək xeyli çətinləşir. “Post-kolonial ədəbiyyat” termini Qurnanın adı çəkilən yerlərdə mütləq tələffüz edilir. Şübhəsiz ki, yazıçının gənclik illərini bəyaz qumlarını ingilis mavisindən təmizləyən Tanzaniyada keçirməsi post-kolonializmi onun əsərlərinin mərkəzinə yerləşdirir. Ancaq Qurna əksərən bu zəminin üzərində üfüqi yox, şaquli hərəkət edir və post-kolonializm anlayışı, kölgəsi unudulmaz xarakterlərin başına gələn hekayələrin üzərinə düşən bir çətirə çevrilir.
Belə ki, müstəmləkəçilik altında şəxsən əzilməmiş oxucular belə öz həyatlarında təhkiyəçinin çəkdiyi əzabların izlərini tapa bilirlər. Yazıçının əsas bacarığı inşa etdiyi post-kolonializm çətirində yox, o çətirin altında yaratdığı insan hekayələrində ortaya çıxır. “Çınqıl ürəyin” təhkiyəçisi Səlimin oxucuya sirayət edən həsrət, atılmışlıq və biçarəlik hissi Qurnanın yazdıqlarını post-kolonializm anlayışına müncər etmir, onu “məkan ədəbiyyatı” deyə biləcəyimiz bir səviyyəyə yüksəldir, çünki Qurna fərqli yerlərdə olmaq haqqında yazır.
“Wasafiri” jurnalına yazdığı “Writing and Place” (Yazı və Məkan) məqaləsində özü də bu mövzuya toxunur: Evdən uzaqlaşmaq yazıçıya məsafə və perspektiv qazandırmaqla yanaşı, üslub zənginliyi və azadlıq da qatır. Yazıçının hinterlandı (daxili ərazi) olan yaddaşı gücləndirir. Bu məsafə sayəsində yazıçının öz daxili məni ilə münasibətlərindəki problemlər azalır və fantaziyası zəncirlərdən xilas olur.
Şekspiryen intriqanın iç üzü
Qurna kimi Səlim də öz vətəninə geniş perspektivdən baxa bilmək üçün doğulduğu ölkə ilə öz arasına məsafə qoymaq fürsəti əldə edir. Səlim bura gəlməklə həyatı boyu başına gələn utanc, sirr və yıpranma şəbəkəsindən xilas olmağı umur, ancaq bu şəbəkənin öz qurbanlarını içinə çəkən maqnit sahəsini ağrılı təcrübələrlə kəşf edir. Özünü başqa insanların arasına, başqa küçələrə vuraraq, ailəsinə yazıq kimi baxan gözlərin atəşindən xilas olmağa çalışır, ancaq sirlər onu təqib edir və axırda yolu yenidən Zənzibara düşür. Burada ətrafını bürüyən Şekspiryen intiqanın iç üzünü görməsi onu bir yandan özgürləşdirir, bir yandan doğulduğu torpaqlara bağlayır. Eynilə doğulduğumuz yerdən uzaqlaşmağın bizə etdiyi kimi.
Yenə ölkə, başqa bir dəniz tapa bilməzsən.
Bu şəhər arxandan gələcək.
Sənə yenə eyni küçələrdə gəzəcəksən,
Eyni məhəllədə qocalacaqsan;
Eyni evlərdə ağaracaq saçların.
Hərlənib-fırlanıb bu şəhərə qayıdacaqsan. (Kavafis)
İllər sonra eyni küçələrə qayıdanda yaşanan özgələşmə hissi də Qurnanın əsərlərin tez-tez rastımıza çıxır. “Çınqıl ürək” romanının təhkiyəçisi uşaqlığını keçirdiyi şəhərə qayıdanda onun şəhərin tozlu detallarının fərqinə varmasını və nostalgiya ilə qarışıq hisslərə qapılmasını gözləyirik, amma buna bir paraqraf belə ayırmır, birbaşa baş verənləri nəql etməyə keçir. Bir tərəfdən də İngiltərədəki həyatının nə qədər yüngül olduğunu öyrənirik. Nə ingilis, nə tanzaniyalı olduğunu fərqinə varmaq, Salman Rüşdünün diliylə desək, “tərcümə adam” olmaq teması müəllifin “Sükuta heyranlıq” kitabında da mərkəzi yerə sahibdir.
Üst-başlarındakı müstəmləkəçilik torpağını silkələyən ölkələrdən çıxmış müəlliflərin əksəriyyəti kimi Əbdülrəzaq Qurnanın dili də diqqət çəkir. Mətnlərində bol-bol Kisvahili dilində ifadələrdən istifadə edir. Ölkəsinin mədəni elementlərini “bizim başa düşə biləcəyimiz” səviyyəyə endirmir və məcbur edir ki, biz Zənzibara yaxınlaşaq. Anasına yazdığı məktublarda iki dilin yaxşıca iç-içə keçməsi, iki tərəfə də aid ola bilməmək halını ifadə edir.
Məsumiyyətdən yox, hakimiyyətdən
Post-kolonial müəlliflərin ingilis dilini istifadə etməyindən bəhs edərkən mütləq Çinua Açebenin adını çəkməliyik. Müəlliflərin onların vətəni üzərində hegemonluq qurmuş millətlərin dilinə özlərindən forma verərək simvolik üsyana qalxmasını, balaca hərflə “ingiliscələr” yaratmasını dəstəkləyən Açebenin bu sözlərinin izini Qurnanın əsərlərində də görmək mümkündür: “Bir Afrikalı üçün ingiliscə yazmağın müəyyən çətinlikləri var. Tez-tez özünü ingilis həyat tərzində heç bir qarşılığı olmayan vəziyyətləri və ya düşüncə formalarını ifadə etməyə çalışarkən tapır. Bu halda yazıçının iki seçimi olur: Nəql edəcəklərini ənənəvi ingilis dili qəlibinə sığacaq şəkildə ixtisar edə bilər, ya da öz fikirlərinə yer açmaq dilin sərhədlərini zorlaya bilər… Düşünürəm ki, afrikalı düşüncə modellərinə yer açmaq üçün ingilis dilinin sərhədlərini genişləndirməyə girişən müəlliflər bunu məsumiyyətdən yox, ingilis dilinə hakim olduqları üçün reallaşdırmalıdır.” (Kalu Ogbaa, Understanding Things Fall Apart, 1999)
Redaktoru Aleksandra Prinqla da Qurnanın Açebe qədər vacib müəllif olduğunu deyir. İki yazıçı arasında bir müqayisə aparmaq üçün Qurnanın “Cənnət” kitabına baxmaq olar. Bu romanda yazıçı Cozef Konradın “Qaranlığın ürəyi” novellasının tərsinə çevrilmiş bir versiyasını yazır və Açebenin kəskin şəkildə tənqid edərək Konradı “tamamilə irqçilikdə” ittiham etdiyi bu əsərə daha loyal yanaşır.
“Çınqıl ürək” bütün ömrünü sirr və utanc şəbəkəsindən xilas etməyə çalışaraq keçirən bir gəncin romanıdır. Əbdülrəzaq Qurna ustalığını zərif personajlarında və təsvirlərində olduğu qədər oxucunun diqqətini yönləndirmə bacarığı ilə də göstərir. “Çınqıl ürək” yad bir ölkədə şəhərə yeni gəlmiş bir adamın addımlarını illər boyu ayaqlarından ata bilməyənlərin romanıdır. Qurna evindən uzaqda keçirdiyi illərin və zəhmətinin bəhrəsi kimi bizə “qürbətdə oxunacaq bir roman” təklif edir. Bu romanı qürbətdə tərcümə etmək az adama qismət olub yəqin, ümid edirəm, bəxtimə düşən bu işə görə məmnun olmağımı məzur görərsiniz, xoş mütaliələr.
Tərcümə: Qismət.
/sim-sim.az/